Qatilə "məni öldür" məktubu – Yeni şeirlər

Qatilə "məni öldür" məktubu   – Yeni şeirlər

07 Martt 2022 09:51 934


YeniYaz.Az gənc şair Ələsgər Əhmədin şeirlərini təqdim edir.

Səhər mesajı

Önündəkinin kini,
itirilmiş zamanın, cibindəkindən artıq
müzakirə məsrəfi
Mübahisəni canlandıran zümrənin şərəfi,
boş olsa da

Seminar vaxtı,
fəlsəfi mühazirə oxuyan müəllimlərin
qalstukunun vicdan sıxan tərəfi boşalsa da

Bunların hamısı,
bir cümlədə - dünyanın elektron variantıdır

Həkim yazısıyla desək;
kaktus dibçəyinə
bağlanmış şarı
"içində nəfəs var" yalanına inandıran yara bandıdı

Onsuz da çökürdü
dalanında uşaq yatan küçədə səhərləyən
Külək yetər, uçulmağına

Anla.
yuxunu zəhərləyən xoruz banı,
şükrdü - səhərin açılmağına

İsti quma sevdalananların dabanı,
kölgələdən asılanlarla yanaşı sıfırlanır

Qanadsız quşun,
sınmış budaqdan keçmişə uça bilməmək surəti
ovuc boyda qar topunun,
dağdan böyüyərək yuvarlanma sürəti

görünsə də sürəsi

Yer kürəsi
bayquşun başı ətrafında fırlanır.

Xətkeşlə
düz xətti əyri çəkən hər kəs, dəqiq deyil
içi mən qarışıq -

Divar çatı arasından gördüyüm işıq,
Üstümə gələn qatarın həyəcanı da olar
Sonuncu ümid də.

Bir anlıq açıqlanır,
vurulanda.

Saraylar on bir pillədən qurulanda,
insanlıq palçıqlanır onuncu kirəmitdə.

Qızıl mədənlərinin üstünə
neft töküb, pambıqla alışdırdılar

Bir zərgər kül oldu:

Nizami metrosu istiqamətində,
Zərgərpalan küçəsi, heykəlinin qarşısında

"kamil bir palançı olsa da insan"

misrasını xatırlayıb bəlkə ən yaxşısını da,
bacaracağı
hər hansısa çətində - özünü yoxlamaqdan çəkinərkən

gözlədikdə düşündüm:

Nənəm və babam
50 yaşdan sonra
yatağı ikiyə ayıranda anladım ki;
Sevgi bitəndə ayrıl daha erkən.

Gecə köklər çilə kəsir,
tumurcuq axtarırsız sübhə siz
Şübhəsiz,
doğum günü adamları 00:00-a
digərinin gəlməməsi üçün tələsir.

Ya Liman,
pis insan yoxdu
yaxşı ola biləcəyini dərk edə bilməyənlər çoxdu.

İtici romantika

Mən səni
Anasından yem gözləyən,
yuvasında bütün varlıqları əzizləyən quşların yoxluğu qədər istədim

Uşaqlığımdakı evin yeməyi olmasa da,
Getməyən anamın toxluğu qədər istədim.
Günəş gözünü,
heykəllərə qırpırdı
Sakit külək özünü,
dəstəksiz qapılara, mənzərəsiz pəncərələrə çırpırdı.

Gəldin.
Həyəcanlı ikən titrəyən əllərimi gizlətdim,
saçların üsyankar dalğa idi küləkdə
Gözlətdim,
həyatımdakı qaranlıqlardan qaçırdım, ağ köynəkdə

Bəlkə görə bilmək,
aşiq ola bilməkdi
Aşiq olmaq -
ona dünyanın genişliyini göstərmək üçün,
yanından çəkilməkdi

Mən səni
Yaralı əsgərin ölmək,
korun eşitdiyini görmək,
Lalın həqiqətləri danışmaq istəyi qədər

Beynini kələklərdən,
əynini küləklərdən qoruduğum sənə,
alışmaq istəyi qədər sevdim.

1619

Limon, liman, Ləman
bilmirəm hansı qafiyəylə yazılsın
"On"lamı, "an"lamı?
İndi o yoxdursa, bu qafiyəpərvərliyin nə anlamı?

Qızılsaç,
şəkildən kənara çıxmayan bədənlər
şəxsiyyətə,
ya şəxsiyyət sözünə itaət edənlər? Sual işarəsi
Ənaniyyət fəna niyyətin həsrət yuvarlağındakı qamçıların zərbəsində vüsal idarəsi.

Aç,
aç ki, mərhəmət qapısından məsləhət almasınlar
Məni dəfn etdiyin gündüzdən
gecən sənə qalsın
Pəncərədən bu üzdən küçən qaralsın
Səssiz addımlayan “janqlyor” qatarlar
Mənim sənə
arzumdan tez çatarlar
Gözüm bağlananda gözü açıqlar
əlləri qapında qalmasınlar
Həyati tapşırıqlar bir gülüşündə dəyişər
Kafka olsam,
sevməsən, obraz böcəyə çevrilişində döyüşər

Sən azadsan,
səni qandallamaq istəyən məhbəslərlə tanışmalıyam
Əlində qələm əvəzi silah tutmaq istəyən,
xəyal tumurcuğunda
şəhid olmaq istəyi bəsləyən
uşaqlara "həyat bilgisi"ndə olmayanları danışmalıyam

Narahat idim
Sənə yalanlar danışırdı həqiqətə varmayanlar
Diqqətsizlikdən dırnağımı yedim

Bu dəfə silsiləvi qatillərə
"məni öldür" məktubu göndərirdi intihar etməyi bacarmayanlar

Səni gözlədiyim soyuqdan harasa qaçmaram
Yarasa tərsliyində gözüm yumular
Dumanda itən qumrular,
daşlığıma düşmən
Qaçılacaq yerdən daha istidi
bir az da gecikməyin
Pıçıldayan səs, sənin səsindi, koram mən?

Demək istədiyim hər şeydə məni qabaqladın
Sükutlar təsadüflərlə üstələndi
Elə ağladın,
yanağında üzən köpək balığı da xəstələndi

Əlifba sözündən də
Ə-yə aşiq olmağı bacarıb, ömür doğrayır L hərfi
Sürətli gedən hər şey qəzaya uğrayır
sağ qalma ehtimalı - eşqin tərifi

Bir-iki qədəh içdik
keçmişə qaytardıq daşı, sapandı
Qaranlıq müddətini gətirdi,
gecə 12-nin
Musiqinin "sən" notunda məkanlar qapandı

Parıltına bütün ulduzlar fəda, işıq
içi mən qarışıq.

Kimiyəm

Bu nə sevdadı ki, göydən yerə enmiş kimiyəm
Məğlubiyyət sözünün zəhmini yenmiş kimiyəm

Səni görcək həyəcanlanma elə müdhişdir
Elə bil ki, sinən altında döyünmüş kimiyəm

Bu səbəbdən nəyi hiss eyləsən, hiss eyləyirəm
Sanasan, qəlbini əynimdə geyinmiş kimiyəm

Eşqə bax, közlə sənin gündüzün üçün yanıram
Sənə göz yumduran axşamlara sönmüş kimiyəm

Tutaraq əllərini gəlsəm əgər hardansa
Sərxoş halımda divarla evə dönmüş kimiyəm

Ləpirin dəydiyi yer, qəlbin ibadətgahıdır
Təzim etdikcə bu qəddimlə sevinmiş kimiyəm

Bir Limandır ki, Ələsgər sonu sən, əvvəli sən
Səninəm, səndəyəm, ay qız, elə sənmiş kimiyəm

Sübh

Bir vəfa səmtinə üz tutdum, üzün gizlətdi
Büküb eşqin qanadında nə özün gizlətdi

Məni dünyaya gətirdi ana bətnindən özü
İşığın möcüzə sehrində qızın gizlətdi

Onu aram ilə eşqimdə ibadət saydım
Qəlbimin sərdiyi səccadə dizin gizlətdi

Məni məndən daha əntiq başa düşmüş biri var
Hey danışdım, o da ağzında sözün gizlətdi

Elə sevdim ki, mən insan gözü görməz səni, sən
Soyunarkən görən allah da gözün gizlətdi

Ey, Ələsgər, nəsə qorxurdu boğulmağından
Bu Liman, öylə limandır, dənizin gizlətdi