Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək - Foto

Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək  - Foto

06 Sentyabr 2022 11:46 157


Sentyabrın 23-dən 30-dək Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizdə XVII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək.

Nazirlikdən YeniYaz.Az-a bildirilib ki, builki festivala 14 ölkədən onlarla tanınmış və istedadlı caz ifaçıları dəvət alıb.

Bakı Beynəlxalq Caz Festivalı öz zəngin proqramı və qonaqları ilə bu il də tamaşaçıların zövqünü oxşayacaq. Belə ki, İtaliya, Fransa, Türkiyə, Lüksemburq, Macarıstan, İsveçrə, Norveç, İsrail, Belçika, Niderland Krallığı, Almaniya, Braziliya, Argentina və Azərbaycandan olan tanınmış ifaçılar Bakıda bir Caz bayramı vəd edir.

Festival çərçivəsində Bakı sakinləri və şəhərimizin qonaqları ödənişsiz konsertləri də izləyə biləcəklər. Belə ki, sentyabrın 23-də Heydər Əliyev Mərkəzinin parkında keçiriləcək festivalın açılışı, QGallery-də art sərgi, YARAT Yaradıcılıq Mərkəzində caz filmin nümayişi bu qəbildən olan tədbirlərdəndir. İzləyicilər, həmçinin canlı musiqi ilə City Jazz Tour avtobusu ilə paytaxtı seyr edə biləcəklər.

Caz Festivalının proqramına hər il "I am Jazzman!" caz ifaçılarının müsabiqəsi daxildir və bu müsabiqənin məqsədi gənc istedadları üzə çıxarmaqdır. Bu il müsabiqənin peşəkar münsiflər heyətinə Türkiyə, Fransa və Azərbaycandan olan musiqiçilər daxil olacaqlar.

Bakı Caz Festivalı haqqında ətraflı məlumatları festivalın saytından www.bakujazzfestival.com əldə etmək mümkündür.