Şərif Ağayarın “Rəng mühəndisi” əsərini oxuyub bitirdim. Əvvəl Rəsul Rzanın rənglər silsiləsinin aurasına düşdüm, sonra o sel məni ən yeni tarixin tozlu burulğanına saldı. Bəzən kortəbii püskürən vulkanın palçıq qaragüruhu ilə istiqamətini dəyişdiyini, bəzən çılğınlaşıb qızaran ehtirasların narıncı rəngə boylandığını gördüm, bəzən fürsət gözləyən bozların yumruq altda maviləşdiyini müşahidə etdim. Kortəbii axına qoşulanlar isə bildiyi yeganə mahnının notlarının hansı rəngə uyğunlaşdıracağının çaşqınlığı ilə ortada sovruldu. Mif donu geydirilmiş, səhnələşdirilmiş idarəçiliyin elastikləşdirdiyi cəmiyyət…
Və ən çox da olmazları olmuş kimi göstərən Olmaz Olmaz Respublikasının adı insanı iliyinə qədər sarsıdır. Arada yazıçının təhkiyəyə daxil olub: «Mən də demədim, nəyimə lazım”, – deməsi, yaxud Məhərrəmlə birgə Cabiri məzardan çıxarmaqçün dilə tutması, müəllifin Məhərrəmin faciəsini içində yaşadığını və beyninin qırmızı filterindən keçirərək qəhramanına laqeyd olmadığını göstərir.
Bəs Məhərrəmin faciəsi nədir?
Kökündən qopmaqmı?
Şar kimi üfrülmüş yeni şəxsiyyət qəlbinin içinə salınmaqmı, tənhalığından qaçıb sığındığı ailəsinin maddi və mənəvi təminatına görə susmaqmı?
Haradan gəlib, haraya getdiyini bilməməkmi?
Əsəri oxuyarkən özümə bu sualları çox verdim. Məhərrəm təkcə bir fərddirmi, yoxsa cilov gəmirən ruhdurmu?
Məncə yeni «geyimi “əyninə dar gələndə özünü qorumaq üçün yeganə fizioloji silahını – asqırağını qumbaraya çevirən ruh. Müxtəlif vəziyyətlərdə özünü və özgələri silkələyən yeganə vasitədən belə istifadə edir…
Bu yalanın qaldırdığı toza insan instiktinin şüuraltı etirazıdır.
Yaşıl gözlü pepel qıza oxunan mahnı… Genetikaya qatılan yad qanlar: El arasında sümüyümüzə canlanan nələrsə, – deyimi.
Bunu bəlkə də Məhərrəm özü etməyib, lakin hansı ata, hansı baba edib. Məhərrəmin yaddaşı onu ortaya çıxarmaq iqtidarında deyil.
Pepellər ölkədən gedib, ancaq kül rəngli kölgələri hələ də ortada sürünür. Məşum gecədə məchul qüvvələrin qurban etdiyi qıpqırmızı güllər qəhramanın beynində həyəcan siqnalının qırmızı düyməsinə çevrilib.
Realda gördüyü qırmızı, məlum mavi ilə birləşib bənövşəyi zənginliyi əks etdirəndə Bəhlul obrazının sarı, yandırıcı günəşi doğur. Sabun köpüyü «səadəti» yandırıb boz külün Olmaz Olmaz Respublikasının “xoşbəxt” sakinlərinə göstərir.
Meşşanlaşmış süni “gördü”lər girdabına düşmüş insan gül yağışında nə qədər yuyulsa da, bozluğundan arına bilmir. Çünki yaşadığı ölkə artıq arxitekturasına “əlvida” deyib. Məzardan tutmuş evlərə, xiyabanlara qədər dünyalarına “tamed” daşları döşənib.
Zığ əhalisi gülləri yuyur, təmizləyir, özü isə göydən enəcək bir damla şehə möhtacdır.
Məşhur prospektdə dilənən Murad kimi…
Daş-gül kontrastına bir də musiqi əlavə olunub. Güman edirəm ki, köhnə nəsillə yeni nəslin ziddiyyət və harmoniyasını əks etdirmək, onları vəhdətə gətirmək üçün yazıçı bu fəndə əl atıb. Çünki müəllifin rastıma çıxan paylaşımlarından birində muğamın janr kimi onu cəlb etmədiyini oxumuşdum. Əsərdə isə musiqinin rəngindən, səsin rəngindən danışır. Görünür yazı prosesində genetik kodlar muğamın təkcə şöbələrdən deyil, rənglərdən də ibarət olduğu diktəsini edib və yazıçı onun ahənginə uyub. “Ağaların” sifariş etdiyi “Heyvagülü” havasına qeyri-şüuru sümüyü oynayan kütlə zamanın arxında axıb kol-kosa ilişib qalır, zurna çalanlar isə libasını dəyişib ayrı şövqlə çalır.
Və burda ən çox şəxsən özümü incidən bir məqam var: niyə tərəqqinin yaxşı tərəflərinə deyil, qaranlıq tərəflərinə can atırıq.
Bu “vergi“ bizə kim tərəfindən verilib?
Roman çoxşaxəlidir. Bir oxucu kimi çox zövq aldım. Bir səhifənin üstündə günlərlə dayandığım oldu. Son illərdə yerli müəlliflərin içərisində oxuduğum və eynən Dostoyevskinin əsərlərini mütaliə edərkən söylədiyim kimi dayanıb: “Bax, bu adamı mən tanıyıram”, – dedim. Çünki obrazlar bizə çox tanışdır. Onlarla yanaşı yaşayırıq. Məhz yazıçının hərdən Məhərrəmə çiyindaşlıq etməsi də buradan irəli gəlir.
Sonda Firəngizin səssiz ölümü mənə “Anamın kitabını”, Məhərrəmlə Cabirin çarəsizliyi “Nadir şah” faciəsini xatırlatdı. İyirminci əsrin ortalarında Boz dağın qoynunda şəhər salan Sarvanla, Məhərrəmin gah yaxın qohumluğu, gah da min ağac uzaqlığı nəzərimdən qaçmadı. İyirmi birinci əsrin elmi-texniki tərəqqi dövründə yaşayan Məhərrəmin daha cahil olması təəssüf doğurur. Dəli-dolu, ancaq çanağından kənara çıxa bilməyən cəhalət…
Başqa zövq aldığım məqam: müəllif NLP (Neyro Linqvistik Sinirdili) prinsiplərindən çox ustalıqla istifadə edib. Şüuraltına enmələr, ən idarəolunmaz anda dəyərlərin, kritik faktorların oyanması…
Dəftərində xəyanət olmayan Məhərrəmin fəhlə yoldaşlarına rəhbərlik edərkən çəkdiyi ağrılar canlı əks olunub.