QARAVƏLLİ NƏDİR, BƏS BİZ NƏYƏ ETİRAZ EDİRİK?
Bir neçə gündür ki, müxtəlif sosial şəbəkələrdə “Qanun” nəşriyyatının “Nağıllar və qaravəllilər” kitabı ətrafında yaranan müzakirələri izləyirəm və bir neçə məqama aydınlıq gətirmək istəyirəm.
Əvvəla, qınayanlardan və ağına-bozuna baxmadan onlara qoşulanlardan soruşuram: QARAVƏLLİ NƏDİR? Bunu bilmək üçün sosial şəbəkələrdə kiminsə yazdığına deyil, folklorşünaslığımıza müraciət etmək lazımdır.
Tahir Orucovun 2009-cu ildə nəşr olunmuş “Qaravəlli janrının poetikası” adlı geniş monoqrafiyası məhz bu mövzuya həsr edilib. Müəllif qaravəllini Azərbaycan şifahi xalq ədəbiyyatının müstəqil janrı kimi araşdırır, onun nağıl və lətifələrlə oxşar və fərqli cəhətlərini izah edir, nümunələrlə göstərir.
Monoqrafiyada qaravəllilər belə səciyyələndirilir: “Qaravəllilər satirik və yumoristik səciyyəli, novellavari olub, hökmən gözlənilməz sonluqla bitir” (sitat). Bu, folklorşünaslıqda verilən elmi izahdır.
Vurğulamaq istəyirəm: QARAVƏLLİ UŞAĞA YATMAZDAN ƏVVƏL DANIŞILAN NAĞIL DEYİL!!! Onun özünəməxsus quruluşu, ifadə tərzi, yumoru, satirası və məişət həyatı ilə bağlı (bəzən hətta çox açıq-saçıq tərzdə ifadə edilən) mövzuları var.
T.Orucov monoqrafiyasında qaravəllilərdə “ictimai həyatda və məişətdəki çatışmazlıqlar”ın yumor və satira vasitəsilə tənqid edildiyi məsələsinə toxunur. Deməli, bu janrın məqsədlərindən biri də insanları güldürmək, güldürərək düşündürmək, düşündürərək cəmiyyətdəki nöqsanları göstərməkdir, habelə duzlu-məzəli ifadələrlə (burada müəyyən etikadan kənar sözlərin olması istisna deyil), baməzə dildə sadəlövh, avam, cahil adamları da ayıtlmaqdır.
Şifahi xalq ədəbiyyatına dərindən bələd olanlar bilirlər ki, xalqın yaratdığı şifahi ədəbiyyat nümunələrində həyatın yalnız xoş, tərbiyəvi və hamının rahat qəbul etdiyi tərəfləri tərənnüm olunmur. Orada müəyyən personajlar vasitəsilə insan münasibətləri, xarakterlər, məişət həyatı, cəmiyyətdəki nöqsanlar göstərilir, bu nümunələrdə gülünc vəziyyətlər, eyiblər, çılpaq dillə ifadə olunan məqamlar, bəzən də kobudluq və ədəbsizliyə rast gəlinə bilər.
Folklorşünasın işi həmin nümunələri müasir sosial şəbəkə istifadəçilərinin, “oxuya” bilməyən oxucuların zövqünə uyğun süzgəcdən keçirmək deyil, onların nə ifadə etdiyini və xalq mədəniyyətində hansı yeri tutduğunu araşdırmaqdır.
İNDİ GƏLƏK “LOTU”, “OYNAŞ” VƏ BAŞQA SÖZLƏRƏ!
Bu sözlərin insanlara xoş gəlməməsi mümkündür. Ancaq sözün xoşagəlməz hesab edilməsi onun folklor mətnində işlənməsini bilavasitə qəbuledilməz etmir.
“Lotu” sözünü görən kimi kitabı bağlamaq, “oynaş” sözünə rast gələn kimi nəşriyyatı ittiham etmək nə elmi yanaşmadır, nə də mədəni irsə münasibətdə obyektivlik. Kor-koranə odun üstünə yağ tökmək isə lap betərdir.
Mövcud olan hər bir sözün mənası, işlənmə məqamı və bədii mətn daxilində öz təkrarolunmaz funksiyası var. Sözü həmin kontekstdən çıxarıb ona yalnız bugünkü emosional reaksiyamızla qiymət vermək düzgün deyil.
“Gah-gah dağında üç xiyara aşiq olasan” kimi başlığın qəribəliyi və ya kiməsə gülünc görünməsi onu bugünkü zövq və təsəvvürlərə əsaslanaraq qiymətləndirməyə əsas vermir. “Xiyar” sözünü kontektdən çıxarıb hədyan danışmaq və ya yazmaq hünər deyil, çoxbilmişlik də deyil; bu, zehnin, düşüncənin çirkliliyindən xəbər verir. Faydalı bir nemətin adını biədəb kontekstlərdə işlətmək, ona məhz bu cür məna yükləmək insanın öz düşüncə tərzini ortaya qoyur. Qaldı ki, nağıla və qaravəlliyə, sözləri məhz onların işləndiyi mətnin və janrın xüsusiyyətlərini nəzərə alaraq qiymətləndirmək lazımdır.
Bir məqama da diqqət edək: folklor yalnız qəhrəmanlıq dastanlarından, müdrik kəlamlardan, gözəl bayatılardan və nəsihətamiz nağıllardan ibarət deyil. Xalqın yumoru, zarafatı, məişət dili və bəzən açıq-saçıq ifadələri də həmin irsin ayrılmaz bir hissəsidir və bundan imtina edilmir. Biz folkloru yalnız bu gün özümüzə məqbul gördüyümüz nümunələrdən ibarət hesab etsək, onun canlılığını, rəngarəngliyini və gerçək həyatla əlaqəsini inkar etmiş olarıq. Heç kim “lotu”, “oynaş” sözlərini oxuyub, əxlaqsızlaşmır, pozğun olmur.
Əgər nəşrin tərtibatına, yaş göstəricisinə və ya təqdimatına iradımız varsa, bunu konkret şəkildə bildirək. FOLKLOR NÜMUNƏLƏRİNİN ÇAPINA GÖRƏ NƏŞRİYYATI TƏHQİR ETMƏK İSƏ YOLVERİLMƏZDİR. İradı olan varsa, AMEA Folklor İnstitutuna yazıb narazılığını bildirə bilər. Hərçənd inanmıram ki, institut əməkdaşları qaravəllinin nə olduğunu bilməyənlərə bunu izah etməyə həvəsli olsun.
Üstəlik, sosial şəbəkələrdə hər gün qarşımıza çıxan statuslarda, rəylərdə təhqirlər, alçaldıcı ifadələr, söyüşlər və insanların bir-birinə yönəltdiyi aqressiya folklor kitabındakı “lotu”, “oynaş” kimi sözlərlə müqayisədə daha ciddi narahatlıq doğurur. Nədənsə həmin leksikonla qarşılaşanda hamı eyni həssaslığı göstərmir, rəylərdə kişi söyüşü söyən qadınlar, qadınlara aid sözlərin uşaq-böyük, cavan-qoca kişilərdən eşidilməsi heç kəsi narahat etmir, son iki onillikdə çəkilən yerli “komik” televiziya şouları və filmlərdə işlədilən leksikona qəhqəhə ilə gülənlər gözə görünmür, amma kitabın üz qabığında və ya mətnində xoşuna gəlməyən bir söz görəndə dərhal hay-küy qoparırlar.
Məncə, burada əsas sual “Bu sözü niyə çap ediblər?” deyil, “Biz oxuduğumuz mətnə hansı bilik və anlayışla yanaşırıq?” olmalıdır.
FOLKLORŞÜNASLIĞIMIZIN TƏDQİQ ETDİYİ, NƏSİLDƏN-NƏSLƏ ÖTÜRÜLMÜŞ ŞİFAHİ XALQ YARADICILIĞI NÜMUNƏLƏRİNƏ MÜNASİBƏTDƏ BİR AZ MƏLUMATLI, BİR AZ SƏBİRLİ, BİR AZ DA OBYEKTİV OLMAQ LAZIMDIR.
Mədəni irsi qorumaq onu öz zövqümüzə uyğunlaşdırmaq deyil. Onu tanımaq, öyrənmək, kontekstində anlamaq və gələcək nəsillərə çatdırmaqdır.
Qaravəllini də əvvəlcə tanıyaq, sonra mühakimə edək. Bəlkə onda bilməyənlər bilənlərə cahil görünməz.