“Başqasını ittiham etmək əxlaqsızlıqdır” - Gənc şairlə müsahibə

“Başqasını ittiham etmək əxlaqsızlıqdır”   - Gənc şairlə müsahibə

17 İyun 2022 09:30 419


YeniYaz.Az "Gənclik kürsüsü" layihəsindən gənc şair Əlibala Əhmədovla müsahibəni təqdim edir.

- Əlibala, kütlə prinsipi ilə yazılanları bir gənc yazar olaraq necə qarşılayırsan?

- Əslində bu cür yazıları normal qarşılayıram. Təəccüblənəsi, səs-küy salası bir şey yoxdur. Bu məqsədlə hər zaman mətnlər yaradılıb. Sənətin bütün növlərində ciddi və bayağı məqsədlərlə yaradılan əsərlər olub və olacaq. Bu mənada mənim üçün də bu cür işlər qətiyyən təəccüblü deyil və məni narahat etmir.

- Hazırda mühitdə sırf kütlə prinsipi ilə yazılanların sonunu necə görürsən?

- Bu cür mətnlər olmalı olduğu yerdə olacaq. Qeyri-ciddi mətnlər yalnız müəyyən bir kəsimdə, kütlədə, hansısa dairələrdə hörmət, sevgi qazana bilər. Lakin həqiqi sənət, ədəbiyyat meyarlarını özü üçün əsas götürən adamların var olduğu yerlərdə, onların düşüncəsində bu cür mətnlərin yeri heç vaxt ədəbiyyat olmayacaq. Həqiqi ədəbiyyatın qapısından içəri heç bir fırıldaqla keçmək mümkün deyil. Bunun üçün sən həqiqi sənətkar olmalısan.

- Əlibala üçün şeir iddiası özündə nələri birləşdirir?

- Həqiqi poeziya dolayı olaraq - öz yeniliyi ilə köhnəni xatırlatmalı, amma həm də ona bənzəməməli, onunla arasında olan bənzərsizliyi öz üstünlüyü kimi təsbit etməyi bacarmalıdır.
Mənim üçün yeni şeirin və şairin iddiası məhz bu olmalıdır və o bu məqsədlə çalışmalıdır.

- Ən çox hansı mövzularda yazmağı mənasız hesab edirsən?

- Açığı, elə bir mövzu ağlıma gəlmir ki, onu yazmağın mənasız olduğunu düşünüm. Mənasız, köhnəlmiş yazı tərzləri, köhnəlmiş yanaşmalar var daha çox, nəinki mənasız mövzu. "Necə yazmaq" - bax bu formul həqiqi sənətkarların nəhəngliyini onların mətnlərində duymağımıza yardımçı olur. Bir çox şedevr əsərlərin adını çəkə bilərik ki, olduqca bəsit, sadə mövzuya sahibdir, fəqət yazılma tərzi onu mükəmməlliyə çevirib.



- Olubmu ki, gənclərin şeirini oxumusan və "mən bundan daha yaxşı mətnlərin müəllifiyəm" demisən?

- Bəli, olub. İnsan hər zaman iddialı olmalıdır, amma bu iddia özünü çeşidli əxlaqsızlıqlarda, xarakter çatışmazlıqlarında deyil, əsas yerdə - mətndə göstərməlidir. Ədəbiyyat üçün hər şeyin əvvəlində də, ortasında da, axırında da mətn gəlir. Digər yollarla edilənlər - başqalarını ittiham etmək, onlara ilişmək və bu kimi əməllərin yaratdığı iddia isə əxlaqsızlıqdan başqa bir şey deyil.

- Səncə, gənc dostlarının əsas məqsədi laykdır, yoxsa ciddi şəkildə ədəbiyyatla məşğul olmaq?

- Hər iki qrupa aid adamlar var, fikrimcə. Amma ciddi şəkildə ədəbiyyat məqsədi olanlar təbii ki, həmişə azdır.

- Meyxana abı-havasında yazılmış şeirləri ədəbi nümunə hesab edirsənmi?

- Söhbət köhnəlmiş vəznlərdə yazılan mətnlərdən gedirsə, onların arasında bəzən doğrudan da yaxşıları olur. Təbii ki, ifadə forması köhnəldiyinə görə bu cür mətnlər heç bir halda çağdaş ədəbi nümunə olmaz.

Amma əgər meyxana abı-havası deyərkən, bayağılığı nəzərdə tutursansa, bayağılıq hansı abı-havada olur olsun, qəbuledilməzdir. Yeri gəlmişkən, meyxana mənim üçün lokal, daha çox sözgüləşdirmə bacarığı sayılan, bir-iki istisnalar olmaqla ciddi mahiyyətdən məhrum və zərərli bir şeydir. Fikrimcə bunu demədən sualına tam cavab vermək alınmazdı.

- Gənclərdən beş nəfər ciddi mətn anlayışı olanlardan kimlərin adını çəkə bilərsən?

- Söhbət sırf yaşca özümüzə yaxın olanlardan gedirsə, Rauf Ranın, Ülvi Bahadırın,
Nizami Bayramlının adını çəkərəm... Əminəm ki, ciddi mətni duyub qavramağı, təhlil etməyi bacaran başqa gənclər də var, amma mən hər halda yadıma düşənlərin adını çəkdim. Digər dostlarımıza da uğurlar arzulayıram.

Nizami Bayramlı