Bədəniniz - sitayişin ünvanına çevrilib- Əlibaladan yeni şeirlər

Bədəniniz - sitayişin ünvanına çevrilib - Əlibaladan yeni şeirlər

18 Oktyabr 2022 11:12 379



YeniYaz.az gənc şair Əlibala Əhmədovun şeirlərini təqdim edir.

LƏPİRÇİNİN GÖRDÜKLƏRİ

İsti idi..
izlərin ardıyca gedirdim.
Səhranın görünməz əlləri boğurdu, nəfəsimizi..
Tikanlar və biz - necə yaşamışdıq, bu torpaq
üzərində...

Necə bacarmışdıq, bu əzab üzərində boy atmağı..
Diqqətlə addımlayır, düşünürdüm...

Yanımda gəzənlərin niyyətini eşidirdim.
Və düşünürdüm - bu qəribə peşəni haradan seçmişəm..

"Ləpirçi" dedim, pıçıldadım, sakitcə...
"Ləpirçi, bu yol mağaraya aparır..
Budur, görünür qarşımızda.."
"Sevinə bilərsiniz, ey Məkkənin böyükləri..
Demək, Məhəmmədi yaxaladınız.."

....Mağaranın ağzına çatanadək
onların tamahı tövşüyürdü..

Yumruqları bərkiyir
ruhları amansız olurdu..

Lakin oyuğa çatanda hamısının ümidi qırıldı..
Mağaranın ağzı - büsbütün hörümçək toru..
"Ey Məkkə böyükləri, adam keçsə burada tor qalmazdı..
"Ləpirçi, Məhəmməd yenə də qurtuldu.."

Məhəmməd qayıtdı

(Günəşli bir gündə təəccüblə seyr etdim onu)

Məhəmməd dinində böyüdü, təqiblərdən qurtuldu.
Məhəmməd ağ paltarlı adamların qılıncında güc oldu.
Məhəmməd Mədinədə toxum, Məkkədə bəhər oldu.
Məhəmməd and yerini dağıtdı, Məkkənin keçmişinin..

Və rəhmsiz oldu, azğınlıqlara qarşı..

Lakin mən heçzaman tək Allaha iman etmədim,
Sitayiş etdim Hübələ və Hübəllə də öldüm..

***

İndi qolumda qandallar
(və başımda toppuzlar)
çağınızı izləyirəm.
Çağınız qaynayır, qanlı tikələr kimi..
Ətin və yağın qoxusu sizləri dəli edib.

Ruhunuz ağırlıq edib, bütün bədəninizə..
Bədəniniz - sitayişin ünvanına çevrilib.
Alçaqlıq üçün sətir - sətir sənədlər yazmısınız.
Və güvələri qırmısınız, bu sənədlərdən ötrü...
Qovulmuş mənəviyyatınız - əzilmiş xurma kimi...
Və ağıllı adamlar - donuz tövlələlərinə sahib...

...Heç zaman iman etmədim, nə onda nə də sonra..
Bir ərəbin oğluydum və peşəm də ləpirçi..
Hübəllə yaşadım və Hübəllə də öldüm..
Cəhənnəmdə dirildim və bir daha ölməyəcəm..

Lakin indi - çağınızı izləyirəm...
Düşünürəm, əgər sizinlə yaxın olsaydım
Gəzsəydim adamlarınızın içində
baxa bilsəydim, azğın gözlərinizə
Əgər dirilsəydim, yenidən çağınızda -
Allahın yolunu gedən tək adam mən sayılardım..
Və fəxrlə danışardım, Məhəmmədin izləri barədə...

QANALMA

"Bir çağda ki, irəliləyir - dayanmadan geriyə doğru..."
T.S Eliot
I

Ağla - qaranın arasındakı çalarlar kəşf edildi, sonra..
Və biz - həvəsli tələbələr
onların içinə daldıq..
Əvvəldə bu yaxşıydı - geniş düşüncə, fərqli yanaşma idi,
dərinlik və empatiya...

Sirləri bitməyən dünya, bitməyən danışıqlar..
Və fərqləri kəşf etməyin verdiyi tükənməz zövq..

Lakin zaman uzandıqca
uzandı
o qədər çox uzandı ki
sonda
ağ ilə qaranın özünü unutduq
biz..
Çalarlar çalxalandı, beynimizdə..

Evlərimizi unutduq..

Əyləncəni bitirdik
Çoxlu şirələr içdik
(ərik, şaftalı, üzüm)
lakin sonda həqiqi suyu itirməli olduq..

Yağışlı palmaların arasında

heçkəs dönməli

olduğu yeri xatırlamadı....

II

Mehrab.
"Təməlləri qırmayın və şərhləri çoxaltmayın min bir alçaqlıq haqqında
ehtirasların bəraəti üçün
məntiqlər yaratmayın...
Yaxşı və pis şeylər yalnız susqunluqla dərk edilir.
Şüurun lallığında..
Və əgər yaxşı üçün qovluq - qovluq dəlillər düzəldilirsə
demək o məğlub olub bu fani yer üzündə.."

III

Etiraf.

"..Dünya sözlərlə dolmuşdu
hər biri bir ünvana xidmət edən
dünya gülüşlərlə dolmuşdu
hər biri bir ünvana xidmət edən
dünya rənglərlə dolmuşdu
hər biri bir ünvana xidmət edən

Hər biri bir ünvana xidmət edir, dünyadakı məntiqlərin..
Ayrı - ayrı ünvanlara...

Təməlləri uçurub, çeşidləri tikirik, biz..
Bunu heçvaxt unutma.."

IV

"Qusmağı və iyrənməyi unutmayın"

"İyrənmək bacarığınız heç zaman kütəlməsin"

Bunu mənə dünyanın ən qoca keşişimi demişdi?
Yoxsa tənha hücrəsində
tərəvəz yeyən abid?
Yoxsa yaşlı bağban -
mənim üçün ərik dərəndə?

"Təməlləri uçurtmayın."
Xatırlamadım
lakin onda -

yağış altında hamımız islananda

boğazımıza apardıq, əllərimizi
və qaytardıq, içimizdən
nə vardısa hər şeyi...

Sonra şüurumuz geri gəldi
sonra evlərimizi
tədricən, bir - bir
xatırlamağa başladıq...