Bizə verdiyi zülmə görə - gənc şairi həmkarları tənqid edir...

Bizə verdiyi zülmə görə  - gənc şairi həmkarları tənqid edir...

28 Oktyabr 2022 13:23 507


YeniYaz.az "Dördün-biri" layihəsindən gənc şair Ələsgər Əhmədin "Bədbəxt tısbağa" şeirinin müzakirəsini təqdim edir. Layihədə gənc yazarlardan dörd nəfər bir şeiri və ya hekayəni qiymətləndirirlər.


Əlibala Əhmədov


Ələsgərin istedadını danmaq olmaz, məncə bu aydındır. Ən azından onun yaxşı şeir yazmaq, seçilmək iddiası var. Məsələn bu şeirdəki ikinci hissə "..Ətindən süfrə açdığımız.." gözəl, orijinal nümunədir.

Mən poeziyada mürəkkəblik və qəlizliyi sevirəm. Lakin müəllif öz əsərində bu çətinliyin həllini verə bilməli, onu dünyəviləşdirməli, lüzumunu sübut edə bilməlidir. Ələsgərin şeirlərində isə bu yoxdur. Yaxşı şeirdə ecaz, sirr, fərqlilik nümunəsi kimi önə çıxmalı olan qəlizlik onun şeirlərində bu sərhədləri mənfi mənada aşır, məzmunsuzluq və baş ağrısına çevrilir.
Həmçinin terminologiya və xüsusi adlar həddindən çox, yerli - yersiz istifadə edilir. Şeirin mürəkkəbliyi təbii yox, qondarma görünür, sanki müəllif diqqət çəkmək naminə onu zorla bu hala salıb.
Məncə o, bu incə sərhədlərin qaydalarına əməl etməyi öyrənməlidir.
Uğurlar arzulayıram.


Səddam Laçın

Ələsgərin kifayət qədər şeirini oxumuşam və əvvəlcədən deyim ki, qələmini bəyənirəm. Lakin mənə elə gəlir ki, bəzi şeirlərində çox uzunçuluq edir. Bu da bir oxucu olaraq adamı yorur. Müzakirəyə çıxarılan nəzmlə yazılmış nəsr əsəri də həddindən artıq uzundur. Birnəfəsə oxuyub bitirə bilmədim, yoruldum, sıxıldım, ürəyim çəkildi.
Mən və Nizami Bayramlı bizə verdiyi zülmə görə Ələsgər Əhmədi utanmağından ölməyə dəvət edirik.


Səttar Timuçin

Biri var başa düşülməsi çətin olan misralar, biri də var başa düşülməsi qeyri-mümkün olan misralar. Elə misralar var ki, şair onu açmağa məcburdur və ya bu qeyri-müəyyənlik hansısa bir bilinən hadisəyə, mifologiyaya söykənməlidir. Qeyri-müəyyənliyin cazibəsi, estetikası müəyyən müddətə qədər oxucuda ehtiras yarada, onu illüziyaya sala bilər. Yaxşı şair olan Ələsgər Əhmədin də bu şeiri özlüyündə yaxşı misraları olan, maraqlı fikirləri olan qeyri-müəyyənlikdir. Belə hal 4-5 bəndlik və ya misralıq olanda normal həzm etmək olsa da, bu boyda şeirin sona qədər belə davam etməsi absurddur. Bəllidir ki, şeir bir əhval ilə yazılıb. Məsələ burasındadır ki, şeirin ortalarından bu əhval sərt dəyişib və bu şeirdə çox bariz hiss etdirilib. Bu qeyri-müəyyənlikdə həmin hal stabil olaraq oxucuya ötürülə bilməyib. Mənə görə bu "evrika" deyə qışqıran şairin özünü məcbur etməsinin göstəricisidir.
Keçək uğurlu və uğursuz hesab etdiyim bir-neçə hissəyə:
Qeyd edim ki, şəxsən şeirdə məntiqi olaraq doğru hesab etmədiyim hissələr var.
"Nəfəs və qəfəs həmrəng
dadına baxmasan, bilməzsən hansı duz,
hansı şəkərdi
türfə qonaqpərvər olsa, bir süfrə çəkərdi" hissəsində "bir süfrə çəkərdi" ifadəsi mənə doğru gəlmədi. Belə ki, buradı "çəkərdi" sözü qafiyələnsə də dili pozur deyə düşünürəm. Çünki çəkilən süfrə yox yemək olur, süfrə sərilir, açılır.
Fikrimcə burada "bir yemək çəkərdi", "bir süfrə açardı" demək daha məqsədəuyğundur.
"Kütlə çəki vahidi olduğu
müstəsnada
İntiqamın parçalanan tikəsiylə
hirsi hikkəsiylə tarazlaşdığı əsnada" hissəsini isə mən zəif qafiyə hesab edirəm. Niyə? "Müstəsna" sözü ərəb sözüdür və "haldan kənara çıxma" kimi bir məna verir. "Əsna" sözü isə "hal", "vaxt" mənasını verir. Bir növ əks mənalı sözlərdir ki, kökü eynidir. Mən şəxsən bunu qafiyə hesab etmirəm. Bu minval ilə biz xoş-naxoş, demokratiya-anti-demokratiya kimi sözlərini də qafiyə hesab etməliyik. Mənə görə isə bu hal şeirə yaddır. (Xüsusi qeyd: Mən yanıla da bilərəm).
Məni ən çox qeyri-müəyyənliyə salan misralardan biri isə "Öz adını qoyduğun şalbanın işarəsindəki mişar"dır. Mən anlamıram, bu nə deməkdir? Axı, bu heç anlaşılan deyil.
Məni ən çox" cırmaqlayan"  isə "balaca dilənçi yaxınlaşdı, gördüm qəpik istəyəndi" hissəsidir.
Balaca dilənçi yaxınlaşdı, gördüm qəpik istəyəndir?
Onda çörəkçi çörək bişirəndir, müğənni mahnı oxuyandır, şair şeir yazandır. Təbii ki, elədir, qardaş. Şeirdə bir sözün leksik mənasını (mənasından kənər-bənzətmə, metafora etmədiyi təqdirədə) nəyə gərəkdir? Bəlkə də bu hissəni nacizanə belə düzəltmək olar ki, (şairin əfvinə sığınaraq) bir uşaq yaxınlaşdı, gördüm qəpik istəyəndir (və ya dilənçidir).
Bir hissəni də xüsusi olaraq bəyənmədim. "Ovcu qəpik səsləri ilə qaçaraq,
ala bilmədiyi daraq bahalığında saçlarını açdı
dedi; təbiətin ən nəfəsli heykəli ağacdır". Düşünürəm ki, ağacla heykəlin bənzədilməsi ovçunun lazımsız "filosofluğudur". Ən əsası isə ovçu qaçdığı yerdə niyə belə bir qənaətə gəlib heç cür anlamadım. Nir sözlə həm bənzətmə uğursuzdur həm də bənzətmənin zamanlaması.
Şeirdə belə bəyənmədiyim hissələr olsa da ürəyimə və beynimə yol tapan bir-çox misra da var və ən sevdiyimi sonda yazacağam. "Yungun personası həqiqətindən dilədi;
"qovun, kölgəsini"
Ovçu görməzdən əvvəl
təkəbbüründə güllələdi ovun kölgəsini " uğurlu misradır və məna olaraq da yüklüdür.
" Uğur qazanmazdan qabaq
uğur qazanmaq haqqını qazanmaqla məşğuldu istedadın dilçəyi
atəş, uğultu təlaşıyla yerindən tərpədir
Buğur ədatın gücündə kiçiltdiyin,
uzanmaqla keçirtdiyin cəsurluğu - 40 illik körpədir". Bu hissə isə qəlizliyin içində o qədər başadüşülən aydınlığa malikdir ki, zövq almadan ötmək olmur. Mən belə misralara "başadüşülən qəlizlik" deyirəm.
Şübhəsiz ki, şeirdə ən sevdiyim hissə "Belüstü çabalayanda
qarnımın üstündən keçən kərgədan yolu
Təbiətin pafosu
əsəbiyyətin həcmində tumurcuqlanan egey pifosu
Qorunurdu, batdıqca Qaratikan kolu" oldu. "Kərgədan yolu" isə şeirin ən yaxşı tapıntısıdır.
Ələsgər Əhməd yaxşı şairdir. Uğurlar.


Rəvan Cavid

Ələsgərin şeiri dörd kompenent üzərində qurulub: Təbiət, maşınlar erası, doğum və ölüm. Fəlsəfi, elmi cəfəngiyyatlarla bərabər insan və onun faniliyi fonunda qarışıq, kollaj dolu hadisələr yaradıb. Oxucunu tez-tez bipolyarlığa salsa da, müəllifin əruzdan gələn ağırləngərliyi sona qədər şeirin ritmini dəyişir. Bu da oxucunu yormamağa hesablanıb. Şeirin uzun, minipoema olmasına baxmayaraq, Ələsgər bu böyük mətn müstəvisini doldurub.Yeni qafiyə sistemi, yeni sözlər, ümumiyyətlə, novatorluğa hesabladığı hər şey uğurla alınıb. Ümid edirəm, şair bu qədər böyük mətni iki-üç cümlə ilə də ifadə edə biləcək. Bütün hallarda şairə uğurlar arzulayıram.