Çingiz Abdullayev özünü biabır etdi - Rəvan Cavid yazır...

Çingiz Abdullayev özünü biabır etdi   - Rəvan Cavid yazır...

27 Oktyabr 2022 09:13 338


Əslində, Çingiz Abdullayev ildə bir dəfə özünü belə biabır etməyi bacarır, o heç. O, dilini bilmədiyi xalqın "Xalq yazıçısı"dır. Bu dəfə isə o nəinki dilimizi, həm də mətbuatımızı təhqir etdi. Jurnalistə "Bu sualı mənə verməyə utanmırsan?" cavabı isə savadsızlıqdır. Jurnalist sual verməlidir də, Çingiz müəllim. Nə gözləyirdiniz? Gözləyirsiniz ki, sizi tərifləsin? Hərçənd sizi tərifləsə də, başa düşməyəcəksiniz.

Çingiz Abdullayev imzasının Azərbaycan ədəbiyyatına yaxından-uzaqdan dəxli yoxdur. O, rus təfəkkürünün Azərbaycanda kök salmış ideoloqlarından biridir. Azərbaycanlı oxucunun onu oxuması (ortada normal bir əsər də yoxdur), sevməsi (oxucu onu yox, tərcüməçini sevir) ictimai şüurun inkişaf etməməsi, milliləşməməsi deməkdir. Azərbaycan dilində oxumağı, yazmağı bilməyən bir yazıçı heç vaxt millətinin mənafeyi uğrunda səmimi nələrsə deyə bilməz. Demək dursun qırağa, düşünə bilməz.

Ədəbiyyatımızın "Dronqo"sunun kitabları dünyada satılır fikri də cəfəngdir. Sifarişli nəşriyyatlarda kitabların çapı və satışı dünya ədəbiyyatı demək deyil. Ciddi bir mükafata, ciddi bir uğura imza atmayan Dronqonun bütün adları, mükafatları siyasi çərçivənin içindədir.
Oxucularla görüşdə şirin-şirin xatirə danışmaq, duzsuz zarafatlar eləmək, haqq-ədalətdən danışmaq deyil bu, Çingiz müəllim. Jurnalist sizdən xərclənən pulların hesabatını istədi. Siz də yenə Azərbaycan dilində cavab verə bilmədiniz. "Arenda pulu, axrana pulu".

Çingiz Abdullayevin bu rəzilliyini müdafiə edənlərin əla bir cavabı var: "Azərbaycan dilini bilib, Azərbaycan dilində yazan yazıçıların hansı Biləcəridən o yana keçib? Amma Çingiz müəllimi dünya tanıyır..."

Bəli, ana dilində yazan yazıçı dünyada tanınmır. Bunun günahkarı kimdi? Azərbaycan dilində yazmağı bacaranların kitabları tərcümə olunmur. Kimdi günahkar?

Azərbaycan dilini yaxşı bilən, yaxşı yazan yazıçılar 600-700 manata "fəhləlik"lə məşğuldursa, günün əsas hissəsi işdə keçirsə, evinə zorla çörək alıb apara bilirsə, bunun günahkarı kimdir?
Dünyada heç kim Çingiz Abdullayevin yazdıqlarını ədəbiyyat hesab etmir, bu öz yerində. Amma onu dünyaya çıxaran və ya hələ də təbliği ilə məşğul olanlar Azərbaycan ədəbiyyatının inkişafına yardım göstərsə idi, indi Biləcəridən o yanda çox yazıçımız tanınırdı.