Dünyanın ən varlı şairi: Vaqif Bayatlı Odər haqqında

Dünyanın ən varlı şairi:  Vaqif Bayatlı Odər haqqında

19 Oktyabr 2022 13:17 317


Fərid Hüseyn

Telefonuma zəng gəlir, ekrana yazılan adı oxuyuram: "Tamam Bayatlı". Zəngə cavab verirəm:

- Alo...
- Atamın ad gününə gələcəksən?
Telefonun o başından Vaqif Bayatlı Odərin 6 yaşlı oğlu Odər Bayatlının şən-şaqraq səsi duyulur.
- Gözləyəcəm səni, gəl!

Sözüm ağzımda qalır. Odər əfəndi düz-əməlli sağollaşmamış telefonu söndürür. Vaqif müəllimin oğlu da özü kimi çılğın, dəli-dolu və son dərəcədə də həssasdır. Ruhi duyumu elədir ki, indidən onu "insan sərrafı" da adlandırmaq olar. Xüsusən də, Vaqif Bayatlı Odəri ürəkdən sevənləri bəs qədər tanıyır...

Yeri gəlmişkən, qeyd edim ki, oktyabr ayının 1-də görkəmli şair Vaqif Bayatlı Odərin 74 yaşı tamam oldu.

Bu mübarək doğum gününə tale dostum, gözəl şair Şəhriyar del Gerani də dəvətli idi. Onunla Hüseyn Cavid parkının qarşısında görüşüb böyük şairin təvəllüd tapma gününü qeyd etməyə yollandıq. Maşına əyləşib hal-əhval tutandan dərhal sonra Şəhriyarın ilk sualı bu oldu?

- Ora nə alıb aparaq?

Şairin ani sualı məni bir az da çaş-baş saldı, axı mən də o sualı həmin gün özümə azı yüz dəfə vermişəm. Hər dəfəsində də cavab tapa bilməmişəm. Hətta həmin gün Əl Oyunları Sarayında keçirilən IV Milli Kitab Sərgisində bir neçə həmkarla, dostla, satıcıyla 74 yaşlı şairə nə ala biləcəyim barədə məsləhətləşəndə edilən təkliflərin heç biri ürəyimə tam yatmadı. Vaqif Bayatlı Odərə nə almaq olar, görəsən? Məsələn, könlümdən ona dəri üzlüklü şeir dəftəri almaq keçəndə xatırlayıram ki, axı o şeirlərini dəftərlərə yox, adi, orası-burası cırıq, yarımçıq vərəqlərə yazır. Bu yay ərzində şairin evində onun haqqında iki cilddə kitab hazırlayarkən, əlyazmalarını oxuduqca şahid olmuşam ki, şeirləri adi vərəqlərə yazır... Bir şeirin onlarca variantını da elə vərəqlərdə qaralayır.

Bəlkə, Vaqif müəllimə nəsə paltar alaq? Düzü, Vaqif müəllimə əksər paltarı yaraşdırmaq olmur, sanki o paltarları geyinmir, əynindən asır. Səhhəti də elədir ki, əvvəlki qədər kitab da oxumur, ovqatı yaxşı olanda da sevdiyi müəlliflərə yenidən qayıdır. Ona ətir almağa da adamın əli gəlmir. Vaqif müəllim cismini sanki ruhuna geyinib, belə adam necə ətir vursun axı?!

Ağlımıza gələn əksər hədiyyə ehtimallarını saya-saya, sonra onları çıxdaş edə-edə fərqinə varırıq ki, bu dünyada, deyəsən, Vaqif Bayatlı Odərə, heç nə lazım deyil.

Adətən, hədiyyəni o adama alırlar ki, ona nəsə gərək olur. Kor-kor, gör-gör, Vaqif müəllimə heç nə lazım deyil. Elə bil onun üçün gərəkli ehtiyaclar yoxdur, zəruri ehtiyaclar var. Məsələn, dərmanları...

Çox güman, Azərbaycanda ikinci belə bir şair tapmaq çətindir ki, ona çox zaman maddi mənada heç nə lazım olmasın. Ədəbi mühitimizdə elə şairlər var ki, hər gün maşınla getdiyi yolu bir gün avtobusla getsə, ürəyi partlayar, yaxud tədbirdə 2-3-cü sırada oturmaq onlar üçün faciəyə bərabərdir, kimdən sonrasa onlara söz verilməsindən ölüm yaxşıdır, amma belələri gecə-gündüz şeirlərində yalan-palandan püfləyir ki, guya onun nəzərində cahan fanidir, ölüm baqidir, onun üçün dünya malı bir heçdir... Fəqət Vaqif Bayatlı Odərin, həqiqətən, dünya malında zərrəcə gözü yoxdur. Və bu nəfsitoxluq, əslində, bir şeirinə münasibətdə mümkünsüzü mümkün edib. Uzun illər öncə qələmə aldığı məşhur şeirlərindən birində yazıb ki: "Dünyanın ən varlı adamı ola da bilmərəm, olmaq da istəmirəm". Nə olsun ki, Vaqif Bayatlı Odər dünyanın ən varlı adamı ola bilmədi, əvəzində bir sıra həmkarları ilə müqayisədə dövrünün "ən zəngin" şairi oldu. Onun ən böyük var-dövləti isə təmənnasızlığı, ehtiyacsızlığı və paklığıdır.

Vaqif müəllim evdə sayğacın yerini belə bilmir, illərdir dükan-bazara getmir, bəzən sənələrcə əlinə pul dəymir. Ailənin bütün qayğıları şairin vəfalısı Tamam xanımın zərif çiyinlərinə düşüb. Tamam xanım Vaqif Bayatlı Odər ilə maddi dünya arasında Tanrının çəkdiyi "Çin səddi"dir. Vaqif müəllimin şeirləri ona görə həm də bunca təmiz, pakdır ki, həmin poetik nümunələrin pəncərəsindən maddi dünya, alış-veriş gerçəkliyi, umacaqlılıq, məqsədlilik, "bu gün var, sabah yox" amalları qətiyyən görünmür. Vaqif müəllim bəzən maddi dünyanı görür, ancaq Tamam xanımın cəfakeşliyi sayəsində o dünyaya heç zaman ayaq basmır. Belə olduğuna görə də onun şeirlərində maddi dünyanın tələblərindən olan maraqlar toqquşmur, mənəvi dünyanın mənaları culğaşır.

Xatirimdədir, bir dəfə söhbət əsnasında Tamam xanımdan soruşdum ki, siz olmasaydınız Vaqif müəllim bunca bütöv qala bilərdimi? Cavabında söylədi ki, bəli. Sonra fikrini belə izah elədi ki, o, sadəcə su ilə, yavan çörək ilə dolanar, ölənəcən darısqal mənzildə, şəraitsiz yaşayar, ancaq yenə də heç kimə əyilməzdi, əlbəttə, ona indikindən çətin olardı yaşamaq, bəlkə də, heç bu qədər yaşamazdı, ancaq əminəm ki, heç zaman heç kimə əyilməzdi.

***

Qayıdaq hədiyyə məsələsinə. Bu fani dünyada heç nəyində gözü olmayan Vaqif Bayatlı Odərin ad gününə ən böyük hədiyyə o gözəl yığıncağa əliboş getmək idi. Amma üzündə pak sevinclə, qəlbində sonsuz məhəbbətlə getmək. Aşağıdakı şeiri yazan və qələmə aldıqlarını mümkün dürüstlüklə taleyində də yaşayan şairə axı nə alıb aparasan?

Mənə ən böyük dünya varı
qapı, pəncərəsi açıq
üzü-gözü gülən bir alaçıq!

Biz bu şeirin diktə etdiyi mənanı dərindən anladığımıza görə şairin doğum gününə əliboş getdik. Ona görə də əliboş getdik ki, şairi qucaqlamağımıza heç nə mane olmasın. Boş əllərimizi açıb Vaqif Bayatlı Odəri daha rahat, daha möhkəm, ürəkdən qucaqlayaq, sinəmizə sıxaq...

Sonra isə bizi doğum gününə dəvət edən cəngavərə - şairin oğlu Odərə aldığımız kiçik hədiyyələrimizi verdik. Necə deyərlər, çörəyi ver çörəkçiyə, birini də üstəlik!

Yüz yaşa, böyük şair, təkrarsız Vaqif Bayatlı Odər!

"Ədəbiyyat qəzeti"