Ədəbi mühitdə nələr baş verir?- Nizami Bayramlı

Ədəbi mühitdə nələr baş verir? - Nizami Bayramlı

07 Oktyabr 2022 13:30 487


Nzami Bayramlı

Əsəd Cahangirin sədr olmaq arzusu


Hazırda Azərbaycan ədəbi prosesində Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin istefaya getməsi haqqında sosial şəbəkədə gənclər bəyanat imzalayıblar. Onlar Azərbaycan Yazıçılar Birliyinin hazırki sədri Anar Rzayevin 30 ildir ki, AYB sədri olmağına qarşı mülayim şəkildə narazılıqlarını bildirib, onun artıq dincəlməli, istirahət etməli olduğunu diqqətə çatdırıblar. Əslində, belə bir bəyanatın imzalanması həm Anar müəllimin, eyni zamanda da gənclərin xeyrinə ola bilər. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, bəs gənclər sədrlik postuna kimi namizəd bilirlər? Onlar AYB-nin yeni sədrlik postuna Əsəd Cahangiri layiq görürlər. Bəyanatda bildirilir:

“Artıq Anar müəllim dincəlməli və sədrlik postunu gənc, perspektivli və enerjili tənqidçi Əsəd Cahangirə təhvil verməlidir”.

Bu məqalənin oxucularının nəzərinə bir şeyi çatdırmaq istəyirəm. Niyə gənclər birdən-birə belə bir qənaətə gəldilər. Bəlkə elə Əsəd Cahangir AYB-nin sədri hörmətli Anar müəllimi devirib, yerinə özü həmin posta gəlmək qənaətinə gəlib? Maraqlıdır, Əsəd Cahangir belə olduğu halda, eyni zamanda, şübhəni aradan qaldırmaq üçün gənc yazar Vüqar Babazadənin sosial şəbəkədəki paylaşımına bildirdiyi reaksiya ilə iz azdırırmı? Əsəd müəllim, axı belə bir oyun kimə və nəyə gərəkdir? Tənqidçi Əsəd Cahangirin Vüqar Babazadənin paylaşımına bildirdiyi rəyi sizlərə təqdim edirəm:



“Mənə göstərdiyiniz etimada görə sağ olun! Amma mən sədr olmadan da gənc yazarlara kömək eləmişəm və bundan sonra da edərəm. Bunun üçün sədr olmaq vacib deyil. Qurultayda Anar müəllimə səs verəcəm və sizi də buna çağırıram. Bu sözlər, əlbəttə, AYB üzvlərinə aiddir. AYB üzvü olmayanların isə bu məsələlərə qatılmaq imkanı yoxdur. Sədr seçkisi AYB üzvlərinin təşkialtdaxili məsələsidir.”

Daha bir maraqlı məqamı diqqətinizə çatdırmaq istəyirəm. İndiyə qədər belə bir halla qarşılaşılmayıb ki, kimsə Əsəd Cahangirin sədr olmasını istəsin. Nəinki real həyatda, adam yatsa, yuxusuna girməz ki, Əsəd Cahangiri həmin posta layiq bilsinlər. Çox güman ki, Əsəd bəyin hansısa bir reaksiya verməməsi isə məsələdən guya ki, xəbəri yoxmuş kimi görünsün deyədir. Bir də soruşuram, necə ola bilər? Hansı bir gənc indiyə kimi qalxıb, deyib ki, biz Əsəd Cahangirin sədr olmağını istəyirik? AYB-nin digər katiblərinin sədr seçilməyi üçün can atan, xeyri üçün danışan gənc ola bilər, amma yenə də Əsəd Cahangirin bu postu tutmağı ağıla gəlməyəcək təsəvvürdür.

Belə düşünürəm ki, ya Əsəd Cahangir məsələ ilə bağlı ortaya çıxıb reaksiya versin, günah ondadırsa, boynuna alsın, ya da onda deyilsə, biz gənclər də işimizi bilək.

Qeyd edək ki, bəyanata imza atanların sırasında gənc yazarlar Vüqar Babazadə, Mehdi Dostəlizadə, Nİhat Pir, Ələsgər Əhməd və Orxan Saffarinin adı qeyd olunub.