Erotik parça: Z ilə olmaq

Erotik parça:   Z ilə olmaq

13 Fevral 2023 15:35 1666


YeniYaz.Az yazıçı Şamxal Həsənovun “Səs və ya Qırmızı” romanından bir hissəni təqdim edir.

“Həyatımın ən xoşbəxt anı imiş, bilmirdim”
Orhan Pamuk

Həftəsonları buranı, sözün həqiqi mənasında, bazara çevirirlər. Hər həftəsonu vaxt tapıb gələ bildiklərinə sevinən məşğul yaxın-doğma-dost insanlar, nadir hallarda da olsa, özlərinə insanlıq borcu bilib baş çəkməyi unutmayan uzaq qohumlar və ya köhnə tanışlar, fərqli yağ qoxuları koridorlarda bir-birinə qarışıb buxarlanan isti yeməkləri və mer-meyvələri gətirmək üçün evdən könülsüz, narazı göndərilənlər (Oğlumu daxil etməyək!), buraya gəlişlərini dözülməz vaxt itkisi hesab edənlər və həyətdəki taxta skamyalarda, küncdə-bucaqda, koridorlarda sifətini turşudub, birlikdə gəldiyi valideynləri gözləyən səbirsiz gənclər daxil, özlərini “arabir bizi də yoluxmaq” məcburiyyətində hiss edən düşüncəli hər kəs səhər saat doqquzdan qarışqa kimi klinikaya daraşır. Belə olduqda, mən qoxulardan, bayağı laqqırtılardan, çığır-bağırtılardan qurtula bilim deyə bir sıra önəmli tədbirlər görmək məcburiyyətində qalıram.

Əvvəlcə, aşağı iki ətrafı ruhsuz qalmış çanaq sümüyümü qol və qarın əzələlərim sayəsində çətinliklə də olsa sağ böyrüm üstə dikəldə bilirəm. Dizlərim bir-birinə qovuşarkən, sol ayağım bütün ağırlığı ilə (indi bu ağırlığı hiss etməməyim önəmli deyil) sağ ayağımın üzərinə dırmaşır, amma orada çox qalmaq istəmədiyindən, bükülərək üzü aşağı sürüşməyə başlayır. Hətta deyəsən fikrini dəyişir – çünki, tamamilə bükülüb sürüşməkdən də imtina edir və sakit tərəddüdlə yavaşlayaraq, əvvəlcə sağ ayağımın üstündən yataq örtüyünə boylanım deyir. Buraxıram, doyunca boylansın. Çünki mən indi sadəcə bir neçə dəqiqə vaxtımı və bir neçə kalori enerjimi aparan ilkin formallığı uğurla başa çatdıra və ağlımdakı pozisiyanı ala bildiyimə məmnunam.

Bəzən özümü ideal simmetrik bədən quruluşuna malik, öz bədəniylə necə düzgün rəftar etməli olduğunu bilən, tələb olunan bütün fiziki göstəricilərə, cəsarətə və fərqli üz ifadələri sərgiləmək qabiliyyətinə malik, rəssam, heykəltəraş və ya fotoqraf üçün poza verən yarımçılpaq model kimi görürəm. Düzü, onlardan (ayaq üstə, oturulu, yarı əyilmiş vəziyyətdə asanlıqla dura bilənləri çıxsaq) heç də geridə qalmadığımı hesab edirəm.

İndi daha qəliz hesab etdiyim növbəti mərhələyə – kənar səsləri boğub susdurmaqla, başımda yaradacağım süni səssizlik içərisində öz səslərimə qulaq vermə mərhələsinə keçə bilərəm deyə həvəslə düşünürəm. Lakin bunun üçün bir qədər “məhdud” elastikliyə malik mükəmməl bədən modelimə bir sıra son düzəlişləri etmək məcburiyyətindəyəm.

Hər şeyin heç də hər kəsin düşündüyü qədər asan olmadığını bildirməyə ehtiyac varmı? Yenə də söyləyim: hər şey heç də düşünüldüyü qədər asan deyil! Əlavə edim: heç vaxt asan deyil!

Sağ qulağım yumşaq ətli çiynimdə itaətkarcasına yerləşdi. Hava axınının və xəstə yaxınlarının səslərinə qarşı gələ bilsin deyə yerini yaxşıca bərkidirəm. Eyni zamanda, sol qolumun dirsəkdən çiyinəqədərki tüksüz iç hissəsi yuxarıdakı qulağımın boşluğunu doldurmaqla məşğuldur. Bir qədər fərqli poza da alına bilər, etiraf edirəm. Hətta, ola bilsin, indi başımın üzərində biləklərimdən bağlı vəziyyətdə qollarımdan asılmış, yaxud başım bir məngənədə sıxılmış kimi görünürəm. Hələlik məni bu qaba və bayağı şeyləri düşünməyə məcbur edən, mütləq dincliyimi pozmağa çalışan insan səslərini susdurmağın başqa yolunu bilmirəm.

Qətiyyən əsəbiləşmək istəmirəm. Əksinə, məncə, bahalı qırmızı-bənövşəyi-qəhvəyi və məxməri divanlarda, eləcə də yaş və isti şezlonq üzərində qarnı üstə uzanıb sinələrini qabardan, ayaqlarını yellədə-yellədə alınlarının ortasına qaldırdıqları rəngbərəng eynəklərin altından moda jurnalları və ya kitablar oxuyurmuş kimi görünən modellər mənim bu ilhamverici pozamdan nələrisə öyrənə bilərlər.

İndi isə, isinmiş sol qolumu (niyəsə, sağ çiynim həmişə daha gec isinib narahat edir məni) qısa müddətə sıx tüklü və ağır yastığım əvəz edir. Mənsə başımın üzərində sıxılmış qolumun istiliyindən və keyləşməsindən bayaq nə qədər təşvişə düşürdümsə, çox keçməmiş, yastığın altında havasız qalıb boğulmaqdan və yaxud başımın olduqca ağır bir yük altında əziləcəyindən də bir növ təlaşa qapılıram.

Bəs, belə olanda nə edirəm? Yastığımı bircə həmləylə başımın üstündən götürüb əvvəlki işıqlı vəziyyətimə geri dönürəm. Bütün narahatlığın əsl səbəbini həmişə olduğu kimi, yenə çarəsiz bədənimdə axtarır, belə bir çətin işdə vücudumun mənə mane olan, işləməyən üzvləri barədə “görəsən işləsəydilər necə yardım edərdilər?” deyə tələsmədən tək-tək götür-qoy etməyə başlayıram. Və ən azından bir müddət fikrimi yayındıracaq məşğuliyyət tapa bildiyimə sevinirəm.

Bununla belə, çox vaxt tədbirli və diqqətli hesab etdiyim beynimi (Səmanın laylaları kimi) altdan-altdan uyuşdurmaq niyyəti güdən bu düşmən qonaq səsləri hal-hazırda arxa fona itələndiyindən, sanki, daha çox güc yığacaqlar, nəticədə bir azdan, məsələn, qollarım yorulan zaman, mən hər şeyə nifrətlə söyüşlər yağdırıb təslim olanda dərin bir quyunun dibindən daha təhlükəli səslənəcəklərmiş kimi məni qorxutmaq istəyirlər. Qorxmamalı, təmkinli olmalı olduğumu bilirəm.

Mən ya bu səslərə qalib gələrək onları susdurmalıyam, ya da onlar mənim ölmüş olduğuma inanıb geri çəkilənədək qımıldanmadan uzanmağa davam etməliyəm. Bu gərgin zaman intervalındasa güc-bəla eşidilən öz iç səslərimin əksəriyyəti, təəssüf ki, gələn qonaqlar üçün çox ürəkaçan deyil: “Lənətə gəlmiş qonaqlar. İnsanı klinikada da rahat buraxmazlar”.

Amma bilirəm. Yaxınlaşdığını da görə bilirəm. Bir qədər sonra mən özüm yox, məndən və eləcə də lənətə gəlmiş bütün bu qonaqlardan və hər şeydən güclü öz səslərim qalib gələcək. Hətta qalib gəlmək üzrədir deyə, mən məmnun halda xatırlamağa başlayıram.

– Çıxartsana bunu ağzından. Sosu deyil ki sənə, pis öyrəşirsən sonra! – bapbalaca başı Səmanın sağ qolu üzərində, yuxuda yeyib hallanan, altıncı ayının içində olan İdrisin süd içməkdən ətlənmiş yanaqlarının dodaqlarına yaxın künclərini qıdıqlayır Səma.

Amma bir nəticə vermir. Sonra, sol döşünün giləsini İdrisin ağzından dartıb çıxartmaq üçün döşünü bir neçə dəfə aşağı-yuxarı tərpədib asta-asta özünə tərəf çəkməyə başlayır. Sanki, Səma belə etməzdən öncə, iri döşünü balaca ovcuna yerləşdirməkdə çətinlik çəkir. Nəticədə, gözəl və çıxıntılı boynu İdrisə doğru əyilmiş vəziyyətdə oturan Səmanın xırda barmaqlarından dolub-daşan, marmelad kimi titrəyib dalğalanan iri və yumşaq bir döş (bayramlarda, ad günlərində doldurduğumuz rəngbərəng şarları əyləncə və şıltaqlıq naminə dişlərimiz arasında dartıb uzadarkən olduğu kimi) əvvəlcə bir limon, sonrasa sulu, dəymiş bir armud formasını alır.

İndi halsız gülümsəyərək və İdrisin diksinib oyanmamağı üçün ehtiyatlı olmağa çalışaraq:

– İncidir axı, cücəm, çıxart, yat daha, – deyə pıçıldayır.

Səmanın artıq üç aydır həm İdrislə danışmasına, həm də İdrisin dilindən özüylə danışmasına vərdiş etməyimə rəğmən, yazı stolumun arxasından yenə də hər ikisinə gülümsəyirəm. Bir neçə ardıcıl ehtiyatlı həmlədən sonra, nəhayət, yola gəlib döşü kiçik ağzından buraxmalı olan İdris narazılıq, əsəbilik əlaməti kimi, dişsizlikdən aşağı-yuxarı büzüşüb dalğalanan dodaqlarını yarıyuxulu qımıldadıb gücənməyə başlayır. Sonra gərnəşməkçün əvvəlcə koppuş ayaqlarını, sonra qısa qollarını yuxarı qaldırıb, yerində bir neçə dəfə çapalayır. Dərhal rahatlanıb iki saatlıq dərin yuxuya gedir.

– Bircə kakaş eləmə. İndi dəyişdirmişəm altını. Sən də gəl bura! – Səma başını qaldırmadan bu dəfə əlini mənə doğru uzadır.
– Mən? Niyə gəlim ki? – gözlərimi döyə-döyə Səmaya baxıram, oxuduğum kitabın üzərindən. Fikrimi daha çox yayındırmağa başqa yeni bir səbəb görmürəm.
– Gəl deyirəm sənə. Dur, gəl məni arxadan qucaqla! – deyir Səma həmişəki sakit, amma təkidedici səs tonuyla.

Ayağa qalxmalı olduğumu anlayıram. Yaxınlaşıb, sağ dizimlə yatağımıza dırmaşarkən, bütün fikirlərim və planlarım bir anda əriyir. İndi Səmanı – gözəl, anlayışlı, qayğıkeş həyat yoldaşımı canı könüldən qucaqlayıram. Özünü qısa vaxtda doğru yolda görüb, düzgün qərar verdiyinə inanan təcrübəsiz bir gəncin, əziyyətinin və uzunmüddətli səyinin bəhrəsini görən çalışqan birisinin qayğısız və geniş dinclik hissi bürüyür içimi. Bir-birimizlə həmişə belə qalacağımızı, bir-birimizi və İdrisimizi həmişə çox sevəcəyimizi, qarşımızda gözəl və dinc bir həyatın olduğunu deməyi də unutmuruq. Əlbəttə, cinayətdən cəmisi səksən gün keçdiyindən, Z ilə hardasa bir aya yaxın vaxtdır dəfələrlə görüşüb öpüşsək də, onunla “rahat” ola biləcəyimiz ev məsələsini hələ də qaydasına qoya bilmədiyimdən, bu dediklərimizə inanmağım erkən idi.

Səma mənə çevrilib:

– Bu gün səhər İdrisi dayıngilə aparmışdım, – deyir və İdrisə sevgiylə baxmağa davam edir. – Qalxmadım evlərinə. Həyətdə oynatdılar xeyli. Əvvəlcə dayın gəlmişdi. Sonra bibin gəldi. Sonra qayıtdıq.
– Lap yaxşı, – deyirəm, Səma hallanmış, ağzının bir küncündən daşan südlə daha sevimli görünən İdrisi qucaqlayarkən, mən yorğun Səmanı arxadan qucaqlayıram.

Ürəyimdə ondan üzr istəyir, onu da çox sevdiyimi düşünürəm. Z-ni və Səmanı, hər ikisini fərqli sevməyimin xəyalını quraraq, özümü həm xoşbəxt ailəsi, həm də ehtiraslı sevgilisi olan bütün azərbaycanlı kişilər kimi xoşbəxt hiss edirəm.

Hafizəmin içində buna çox yaxın zamana – 1996-cı il, mart ayının üçünə aid digər səsləri eşələyib üzə çıxarmaq üzrəyəm. Budur, indi bir divarı qırmızı divar kağızıyla örtülmüş natəmiz kirayə otaqda, beş qırmızı kasalı, tozlu lüsturun altında, qəribə şəkildə pis qoxan ikinəfərlik yataqda paltarlarımızı tələsmədən, öpüşə-öpüşə, bir-bir çıxardarkən gözlərimin içinə baxıb:

– Nə istəsən edə bilərsən mənlə. Can... Canım... Bu gün mənimsən. Bilirsən ki, ölürəm sənin üçün? Doğrudan. Səni sevirəm! – deyir Z.
– Çox istisən yenə. Yanırsan, – cavab verirəm.

Qıvraq dilini ağzıma soxduqdan sonra, üst dodağımı qatı, yumşaq dondurma kimi diliylə ağzının içinə sorub buraxır. İndi gülümsəyə-gülümsəyə dilini bir neçə saniyə dişlərimin üzərində gəzdirir. Bir müddət fərqli templərdə və fərqli formalarda öpüşürük. Dillərimiz altı il öncə tanış olduqlarından, bir-birinə yaxşı bələddir. Sanki hər şeyi biz deyil, özləri edirlər yenə. Sevgi pıçıldaşmaları və iniltiləri içərisində Z ilə ilk dəfə olub növbəylə arzumuza çatdıqdan sonra təngnəfəs, tərli bədənlərimiz bir-birinə yapışmış vəziyyətdə uzanıb sakitləşirik.

– Nə fikirləşirsən, Ramiz? Demirsən mənə heç vaxt. Sən məni çox istəmirsən, danışmırsan mənimlə.
– İstəyirəm, – deyirəm, saçları yanaqlarına səpələnmiş başını sol qolumla özümə tərəf çəkib, boğazımın üstünə yerləşdirirəm. – Sadəcə narahatam niyəsə. Əslində, burada olmağıma peşman deyiləm, amma niyəsə narahatam, – deyə davam edirəm, “niyəsə”-nin özünü və niyəsini bildiyimi özümdən gizlətməyə çalışaraq və Z ilə qeyri-səmimi olmağın çətinliyini dərk edərək.
– Niyə narahatsan? Hə, başa düşdüm. Birinci dəfədir? Darıxma, əzizim, müvəqqətidir. Keçəcək. Gələn dəfə belə hiss etməyəcəksən.
– Keçəcək doğrudan? – boşboğazlıq etdiyimə peşman olub, Z-ni yenidən qucaqlayıram.
– İstəyirsən sabah heç görüşməyək. Doğrudan deyirəm. Vicdan əzabıdır. İstəsən elə indi də gedə bilərəm, – deyib sonra çaşqınlıq içərisində, – amma qorxma, hər şey yaxşı olacaq, hər şeyim mənim, – deyə tamamlayır.

Sinəmdən öpür. Sonuncu dediyinə, sanki, özü də inanmadan və bizə aid etmədən gülümsəyir:
– Əlbəttə, keçəcək. Hamıda belə olur, bilirəm.
– Hardan bilirsən? – deyə gülümsəyirəm və məni inandırmağını gözləyirəm.

Bu sualımla söhbət həm də başqa səmtə yönəlsin, istəyirəm. Mümkün vicdan əzabını, vicdansızlığımı, Səmanı və İdrisimi mənə xatırladacaq heç nəyə indi uzandığımız çirkli yatağımızda, havası ağırlaşmış və ehtirasımızın bəhrəsi qoxan otağımızda yer yoxdur – bunu anlayıram.

Hər şeyin yalnız Z-dən ibarət olmalı olduğunu düşünürəm və Z-nin alışıb-yanan, qızarmış yanağını üç dəfə öpürəm. Mənə gülümsəyərkən gözləri bayğınlıqdan çox, sanki ifadə edə bilmədiyi sevgidən axır. Bu anda ən çox mənə belə parıldayan gözlərlə baxmasını, ən çox da bu səbəbdən hər şeyi gözə aldığımı düşünürəm və bu düşüncəmdən qorxuram.

– Belə olur, canım. Həyatında yenilik, nəsə bir dəyişiklik istəyir insan, – hələ də gülümsəməyə davam edən gözlərilə qarşılıq verir, ancaq mən bu dediklərinə də özünün inandığına əmin olmuram.

Dodaqlarım, sən demə, sadəcə bir neçə dəqiqə ərzində necə də quruyub darıxıbmış – fərqinə varmamışam. Z-nin dodaqlarının hər yerini yeni canlı öpüşlərlə bəzəyərkən, ağzını dilimlə açmağa zorlayarkən, gözəl sevgilim son sözlərini hələ bitirməmişdi.

Sevgimin, ehtirasımın və alışmadığım həyatın içindəki bütün varlığımın döyünən çıxıntısı indi bizi bir vücudda qovuşdurmalı olacaq eşq körpüsü rolunu yenidən üzərinə götürəcək qədər sərtdir. Bizi indi bir daha birləşdirən sevgi körpümüz, sanki, özünün hərarətində deyil, o biri tayın yaxınlaşmaqda olan alovunda alışıb yanacaq, ikimizi də yandıracaqdı. Hər tərəfimizdə dalğalanmaqda olan alovların bizi tərlədən, hədələyən təhlükəsində hər ikimiz ikinci dəfə arzumuza çatdıq.

İndi gözəlim tüksüz qarnımın üstünə qalxıb çənəsini sinəmə dayayıb, incə işarət və orta barmaqlarıyla çiynimi sığallayır. Unutmasın deyə öz-özünə dəfələrlə təkrarladığı bir tapşırıq kimi, məni sevdiyini dəfələrlə söyləyir. Bir neçə saniyə fikrə getdikdən sonra nazik adyalın özünə aid hissəsini çəkərək belini və dolğun arxasını örtür. “Üşümürsən?” deyə soruşub adyalın mənə qalan hissəsini də çevik əl hərəkətilə üstümüzə çəkir. Qarnımla bütün bədən üzvlərini hiss etdiyim Z-ni uzun müddət izləyirəm.

– İndi nə düşünürsən, bəs? Bilmək istəyirəm. Nə olar, de! – sağ qoluma girdi, çiynimdən, boynumdan bir neçə dəfə öpdü. – Xahiş edirəm, de!
Ağlımda xəyanət, utanc və günah hissləri dolaşdığı halda, dincliyimizi pozacaq heç nə söyləməməli olduğumu sezirəm. Z-ni ürküdə biləcək və sabah, o birigün və növbəti günlər yenə birlikdə olmağımıza mane olacaq hansısa bir söz heç bir vəchlə ağzımdan çıxmamalıdır.
– Doğrudan heç nə fikirləşmirəm. Hər şeydən bir az gəlir ağlıma. Bilmirəm. Mənasız şeylər. Hamıda olur. Məsələn, iş. İşim... İşimi sevmədiyimi bilirsən! Atamın şirkətində işləməyimə, hamının mənə həsədlə və gizli nifrətlə baxmasına bəzən dözə bilmirəm. Nə əmr vermək istəyirəm, nə də əmr almaq.

– Düşünmə heç nəyi. İşi də düşünmə. Hər şey yaxşı olacaq. Ailənlə bir həftəlik harasa gedərsən. Novruz bayramı yaxınlaşır. İdrisi də götürün. Sən dincələndən sonra hər şey yaxşı olacaq. Tezliklə yazmaq istədiyin romana da başlasan, özünü daha yaxşı hiss edərsən. İnan mənə...
Bir daha doyunca öpüşüb dayandıqdan sonra, sevincli səslə:
– Söz vermisən ki, harda olsam, tapıb mənə göndərəcəksən kitabını! – dedi.

On-on beş dəqiqə sakit və mehriban iki uşaq kimi uzanırıq. Az əvvəl öpüşəndə hərəkətlər etməyi sevən dizlərimiz biz fərqinə varmadan bizi çarpayının aşağı küncünə yaxınlaşdırıbmış. Sərin meh balkonun tül pərdəsiylə həvəslə itələşərkən, çarpayının uzandığımız küncündə çiyinlərimiz ürpəşir. Başımızı çevirib, bəyaz pərdənin dalğalanmasını külək geri çəkilənədək izləyirik.

– Burdan çıxandan iki saat sonra səndən ötrü darıxacağam, – dedim sağ yanağını ovcuma yerləşdirərkən. – Bəlkə də, daha tez. Nə vaxtsa məni buraxsan, bu gün niyə hər saniyə səni öpmədim deyə peşman ola bilərəm, – davam etdim, amma söylədiklərimi haradansa oxuyurammış kimi yersiz bir sünilik hissinə qapıldım.

Üzünü sinəmin üstünə qoyub möhkəm qucaqlayır. Ayaqlarımız ağzını açıb bir-birini öz içinə alır. Zərif, ehtiyatlı bədən və ayaq hərəkətlərimiz arzumuzun hələ sönmədiyini sevinərək və bir az da çəkinərək etiraf edir. Bu, Z-nin qarnının aşağı sağ küncünə, arabir barmağımla toxunduğum batıq göbəyinə yaxın yerlərə sürtünə-sürtünə özünü oyatmaq istəyən acgöz alətimin də gözündən yayınmır. İndi sonuncu dəfə arzusuna çatacağına inandığından, özünə güvənib sinəsini arsız-arsız qabağa verir, qarşısındakından son nəvaziş, isti və yumşaq yuvasında son qayğı tələb edir.

– Yuxarı dırmaş, – deyə qulağıma fısıldayır həyatımın işığı, həyəcanlı ruhumun mayesini son damcısınadək canına çəkməyə hazır sevgilim.

Dilini arxasında buraxdığı saysız öpüşlərlə birlikdə boğazımda və sinəmdə gəzdirib qarnımı qıdıqladıqdan, göbəyimi iki dəfə doldurduqdan sonra, uşaqtək sevinib həyəcanlanan ədəbsiz orqanıma doğru enməyə başlayır. İndisə mənə baxır gözəlim və nə istədiyimi baxışıyla bildirsə də, məndən nə istədiyimi bildirməyi istəyir.

– Səni istəyirəm! – deyirəm, qeyri-səmimi olmaqdan utanmadan.

Bu an Z mənə heç inanmadığını nümayiş etdirən amiranə tərzdə, amma səsinə mənim üçün bir qədər cəsarətləndirici ton da qataraq: “Nə istədiyini de mənə!” deyə təkrarlayır.

– Aşağı enməyini istəyirəm, canım... – utancverici sözlər ağzımdan çıxdımı, yoxsa bu sözləri baxışlarımla söylədimmi, həmin an buna əmin olmaq istəmirəm.

Ürəyimin döyüntüsünü ağzımın içində, damağımda və gicgahlarımda duyuram. Z, iriliyini və mənalı baxışlarını sevdiyim gözlərilə mənə baxır.

– Saçlarımı tut, özün apar, – deyir.

Həyatımın hər nöqtəsinə yayılan uzun, seyrək saçlarını tuturam, iki əlimlə başının arxasında yığıram. Bir tərəfdən ehtiraslı gözlərinin içinə eşqlə gülümsəyib, sevgilimi aşağıya qədər ötürərkən, sanki, ədəbsizcəsinə gözlərimi də doyurmaq istəyirəm. Həyatımın ən həqiqi, ən canlı ləzzətini duyuram növbəti dəfə və varlığımın ən bariz tərəfiylə bunun fərqinə varıb sevinirəm.

İndi bayırdan, aralı qalmış balkon qapısından gələn quşların və həyətdə qaçışan uşaqların səsini ikimiz də eyni anda eşidə bildiyimiz üçün Z ilə bir bütövlük təşkil etdiyimizi və onu həyatımın sonuna qədər sevəcəyimi düşünürəm. Məni heç vaxt tərk etməsin deyə xahiş edimmi, görəsən?

Hər ikimiz tərli, yapışqan və xoşbəxt uzanmışıq. Arxadan qucaqlayıram Z-ni. Üstünə dörd-beş uzun-qısa saç teli düşən sərt qulağına baxıram. Üç qulaq deşiyi var, açıq-yaşıl və tünd-yaşıl iki kiçik yumru sırğası və bir brilyant sırğası...

– Köhnə şeyə oxşayır bu. Elədir? – deyə barmağımla toxunub, xəfif tüklü qulaq ətini hər üç sırğayla birlikdə ağzıma salıram. Başını mənə doğru çevirib gülümsəyir. Yanağını yanağıma dayayır.

O məqamda mənə həddindən artıq kobud görünən sağ əlimi uzun incə əlləriylə sinəsində sıxıb barmaqlarımı öpə-öpə:

– Can... Canım mənim... – deyir ən dəyərli və ən içdən gələn səs tonuyla.

Bir müddət qəribə səssizlik çökür otağa. Əmin olduğuna inanan və inandırmaq istəyən baxışla Z:

– İnsan eyni anda iki nəfəri sevə bilər! – deyib mənə gülümsəyir.

Nəsə mızıldayaraq qarşılıq verirəm. Bu, onu heç vaxt tərk etməyim deyəmi deyilmişdi? Hər necə olsa da, Z-yə inanmaq istəyirəm arxadan qucaqlayarkən.

– Amma birinin olur ancaq, – Z könülsüz fikrini tamamlayır və evli olduğumu xatırlayıb bunu heç cür qəbul etmək istəmədiyi çətin anlarda olduğu kimi, büzüşüb qabaran çənəsi titrəyir.

Yenə də dözməyib:
– Sən mənim hər şeyimsən! – deyir.
Ağlamasına imkan vermirəm. Sakitləşsin deyə öpürəm. Bu dəfə ikimizin də məqsədimizə çoxdan çatdığımızı simvolik ifadə edən yüngül öpüşlərlə dodaqlarımızı bir-birinə toxundururuq. Bir an, sanki, uzun müddətlik fiziki həsrət, əlçatmazlıq bitdi, deyə düşünmüş kimi olub özümə əsəbiləşirəm. Həm də, istəmədən Səmayla İdrisi xatırlayıb utanıram. Az qala, yersiz yerə, son bir neçə saatdan təəssüflənmək üzrəyəm ki, həyatımın işığı, uzun və zərif qollu, incə biləkli gözəlim iki əliylə qolumdan tutur, ayağa qaldırıb arxasınca vanna otağına aparır.

Qucaqlaşa-öpüşə-gülüşə təqribən on beş dəqiqə tərli bədənimizi, boğazımızı, qollarımızı və budlarımızı bir neçə dəfə sabunlayıb, saçlarımızı islatmadan bir-birimizi uşaq kimi çimizdiririk. Dəsmalla əvvəlcə bir yerdə, sonra ayrılıqda qurulanıb, aynanın qarşısında tərtəmiz nəm bədənimizi yenidən qovuşdururuq. Əvvəlcə məmnun baxışlarıyla, sonrasa dodaqlarıyla məni çox sevdiyini deyib, geyinmək üçün yataq otağına qaçır.

Əvvəlcə Z çıxmalı olur evdən. İncə dabanının gələrkən palçıqlı suya girməsindən gileyləndiyi dəri ayaqqabılarını sevdiyini söyləyib onları tələsmədən geyinərkən, yüngül paltosunu, kiçik qara əl çantasını mən deyil, həyəcanlı əllərim bir-bir ona ötürərkən, qopmaq istəmədiyim sağ əliylə qapının paslı cəftəsini axtararkən, Z-ni öpməkdən özümü saxlaya bilmirəm.

Sonuncu çarəsiz, təlaşlı hərəkətlərimdən məndən daha çox zövq aldığını, hətta bu anı mənimlə birgə uzatmaq istədiyini üzündən anladığımçün, bir-birimizdən qopmamızı çətinləşdirən həmin şəfqətli coşqunluğumuz sakitləşsin, istəmirəm. Ancaq Z “Görüşərik!” deyib, qəflətən qapıya tərəf gedir. Mənə çox ağıllı görünən cəldliklə qapının dəstəyini endirib, blokun sərin qaranlığına çıxır və pilləkəni düşməyə başlayır.

Bayırda, sanki, vaxtından öncə soyumuş yad və qəribə həyatı, həyətin ağır qaranlığını və kölgələrini, qulaqlarıma dolan çılğın Bakı küləyinin uğultusunu, əvvəllər sıxıcı və yorucu hesab etdiyim, indi daha canlı və aydın səslənən bütün digər səsləri, hər səsi, yenidən kəşf edirəmmiş kimi, bir növ saf ürəklə və sadəlövhcəsinə sevməyə hazıram.

Z-ni sonuncu öpüşümdən on beş dəqiqə sonra evi tərk etmişdim. “Hələlik” qapının bir açarı olmadığından (sahibəmiz çox istərdi, amma qapı kilidi dəyişdirilməlidir deyə mənə qiymətdə endirim edə “bilməzdi”), orta yaşlı, şən və “ehtiyatlı” ev sahibəsinin qısa qolunun mənə yönəltdiyi ucunda məzəli şəkildə sallanan kiçik işarət barmağıyla mənə dönə-dönə tapşırdığı kimi, çıxarkən qapını arxamca möhkəm örtmüşdüm.

Məhəccərə toxunmadan pillələri həyəcanla əvvəlcə bir-bir, sonra iki-iki enərkən, qaranlıq, natəmiz, səliqə-sahmansızlığı qədər, yiyəsizlik təəssüratı da oyadan məhəllənin həmin anda anlamadığım səbəbdən mənə həddindən çox görünən ağaclarının altıyla yeriyərkən, skamyada oturan iki qoca pensiyaçının sevimli göründüyünü düşünərkən, yağış dolmuş, dərin-dayaz bütün növ çökəkliklərindən hoppana-sıçraya yayınarkən, hər şeyi xəyalımda yenidən canlandırmağa çalışarkən özümü xoşbəxt hiss etdiyimin fərqindəydim. Sanki xoşbəxtliyimin fərqinə varmaq və bütün varlığımla bundan əmin olmaq duyğusu məni ikiqat sevindirirdi.

Uşaq kimi tələsə-tələsə yeriyir, sağ çiynimin üzərindən və yaş asfaltdan ötüb gözdən itən maşınların hər birində sevinclə taksi sözünü axtarıram. Bu vaxt Zaman prospektində qarşıma çıxan hər şey – qapanmış mağazaların çirkli kəpəngləri üstündəki qeyri-müəyyən yazılar, solğun, qəmgin, sarımtıl küçə lampaları, solumdan ötən piyadaların üzündəki ciddi və qətiyyətli ifadələr, işıqları hələ yanan bir ərzaq dükanının qapısının ağzında karton kəsiyi üstündə mürgüləyən kök bir pişik – mənə gah cəlbedici və diqqətəlayiq bir mənzərənin, gah da diqqətdən kənarda qalmış bir rəsm əsərinin ən gizli, ən incə detalları kimi görünür.

İyirmi iki dəqiqə sonra Səma qucağına getdikcə daha çətinliklə yerləşdirdiyi, artıq yeddinci ayına yaxınlaşan İdrislə birlikdə qapını açdı. Qapının sağ tərəfindəki koridor güzgüsündə boğazıma, dodağımın altına, çənəmə sürətlə göz atıb ayaqqabılarımı tez-tələsik soyunuram. Qucağıma verilən gözəl İdrisin koppuş yanaqlarından və kiçik buxağından öpüb doyunca iyləyirəm.

Səmayla göz-gözə gəlmədən bir müddət İdrislə koridorda o tərəf-bu tərəfə gəzirəm. Sonra İdrisi qaytarıb, vanna otağına keçirəm. Aynanın qarşısında özümə baxarkən həyatımda bundan sonra həmişə xoşbəxt olacağıma uşaqtək inanmaq istəyirəm.

İşə bir baxın! Səs-küy az deyilmiş kimi, içəri milçək də giribmiş. Lənətə gəlmiş qonaqlar və milçəklər.

P.S. Romanı "Qanun" Nəşrlər Evinin 21 fevralacan keçiriləcək sərgisindən 30 faiz endirimlə əldə edə bilərsiniz.