Gənc şairin tənqidi - Nizami Bayramlı

Gənc şairin tənqidi  - Nizami Bayramlı

29 Avqust 2022 12:58 1102


İdeologiya məsələsi hazırda poeziyada üsyana çevrilmiş hərəkat rolunu oynayır. Fikrimi belə əsaslandırım ki, mətnin fəlsəfəyə doğru meyllənməsi birbaşa olaraq ideoloji səciyyə daşıyır və onu özündən asılı vəziyyətdə saxlamaq cəhdləri ilə məşğuldur. Şübhəsiz ki, bunun bir adı var: dünya şeirinə ənənəvi xarakter vermək.

Əslində, bu, şeir üçün bəyənilən göstəricidir, sadəcə ənənədəki ənənəviliyi sıradan çıxartmaqla. Başa düşürük ki, poeziya yaratmaq uzun və keşməkeşli bir yoldur, ona başqa bir rəng qatmaq bu yolun məsafəsini bir qədər də uzadır. Poeziyaya rəng qatan ən yaxşı göstərici isə süjet yaratmaqdır.

"Səltənətə doğru" şeiri bu xətt üzərində cərəyan edən ədəbi nümunələrdən biridir. Şeirin müasir yazı qaydası, müasirlik ab-havası, o cümlədən, müasir texnikası var. Əvvəlcə bir vacib faktoru nəzərə çatdırım, bütün sərbəst şeir adı altında yazılan mətnlərə birmənalı olaraq postmodernist adı vermək olmaz. Çünki mətnin sərbəst və qafiyəsiz olması hələ onun müasir şeir olması anlamına gəlmir.

Buna görə də öncə nəyə diqqət eləməliyik, mətn postmodernizm ədəbi cərəyanının qoyduğu standartlara cavab verirmi? Başqa sözlə, hansı cəhətləri dövrün ədəbiyyatı ilə səsləşir? Başlıca arqumentlər bunlardır. Göstərilənlərin heç biri yoxdursa, ona "müasir şeir" damğasını vurmaq qətiyyən yolverilməzdir.

Eynən haqqında danışdığımız şeirin də postmodern nümunə olması absurddur. Gənc şair Əlibala Əhmədovun yazdığı şeir daha çox modernizmin tələblərini ödəyir. Düzünü desəm, şeir həddindən artıq ağır dillə yazılıb, müəllifin daha çox sözdən istifadə etməsi modernistlərin yazı tərzi ilə uyğunluq daşıyır.

Üstünə qırmızı tut yaxılmış, paslanmış çəllək
(kürəyimi ona söykədim)
qaraciyərimin qoxusunu andırır, sanki...
Həm də peşmanlığımın...
Bu ağacın altından cod tüklü it qaçırdı, bir vaxtlar...
Və sakit idi ömür - quyu içində xumarlanan
köhnə sular kimi...

Əslində, müəllifin mətni bu qədər poetikaya kökləməsi yaxşı bir haldır, çünki yazı tərzinin digər müəlliflərdən seçilməsinə doğru addım atır. Amma bu, nəfəsdir, üslub deyil. Ona görə ki, bu qaydada yazılan şeirlər artıq az da olsa, özünü müəyyən mənada büruzə verir. Amma Əlibalanın fərqli yanaşması var. Yəni həmkarlarından imzasının seçilməsi məsələsi.

Şeirə (müşahidə xarakteri daşıyan) "üstünə qırmızı tut yaxılmış, paslanmış çəllək" misrası ilə giriş verməsi kənardan oxucuya sadə görünsə də, kürəyini ona söykəmək və hamıdan uzaqlaşaraq kənarda qayğısız qalan bir əşya ilə baş verənləri seyr etmək peşman olmağın, deyərdim ki, ən yaxşı təsviridir.

"Bu ağacın altından cod tüklü it qaçırdı, bir vaxtlar" misrası ağacın unudulduğuna, heç kəs tərəfindən xatırlanmadığına işarə edən real və uğurlu görüntüdür. Sadəcə Əlibalanın mətnə seçdiyi bənzətmə (ömrün sakitliyini quyu içində xumarlanan suya bənzətmək) müəyyən qədər süjetdən kənarlaşdığını göstərir. Əgər bu keçid daha fərqli bir təşbeh və ya digər bədii təsvir vasitələri ilə ifadə olunsaydı, mətni postmodern nümunə hesab etmək olardı.

Bir vaxtlar səni unudurdum - xəyallar qururdum,
tərəvəzli qadın maskası kimi
xəyallarımla yox edirdim kimliyini...

Sonrakı hissədə olan bənzətmə - "tərəvəzli qadın maskası" mətn gedişatını növbəli ardıcıllıqla tamamlayan nəzəriyyəyə istinad edən ən yaxşı hissədir.

“And olsun, insanı biz yaratdıq və nəfsinin ona nə vəsvəsələr verdiyini bilirik. Biz ona şah damarından daha yaxınıq”

Yuxarıda gördüyünüz hissə "Qurani-Kərim"in "Kaf" surəsinin on altıncı ayəsidir.

Amma vaxtdır artıq - artıq yaxın olmalısan mənə.
Damarlarımdan daha yaxın

Şeirin bu misraları isə tam olaraq yuxarıda göstərilən həmin ayəni ifadə edir. Məsələnin maraqlı tərəfi odur ki, müəllifin mətnindəki həmin misralar birbaşa təmtəraqsız şəkildə "Qurani-Kərim"ə söykənsə də, yanaşma müxtəlifdir. Ayədə yazılan mənanı bu dünyada olan hadisələri görüntü şəklində nizamlasa da, şeirdəki poetik ifadələr "ölüm"ü Tanrıya olan sevgi kimi simvolizə edir. Eynən aşağıdakı misralar kimi:

Və mənə yetişmək üçün
bir gün dəlib deşəcəksən onları
bədəndən azad olmuş ruh
yüksəlib sənə qovuşacaq...

"Cismin axtarışında olan Tanrı - Tanrının axtarışında olan ruh" və yaxud cismin çox aşağı olması - Tanrının daha yüksəkdə olması prizması. "Bədəndən azad olmuş ruh" ifadəsi həm də ölümdən azad olmuş anlamını verir (fanidən-əbədiyyətə).

Açıq etiraf edim ki, şeirin sonuna çatdıqda bir anlıq gənc Əlibalanın "Tanrı-Din" məsələsində hansı fikirlərdə olduğunu dərindən analiz elədim. Həmin mətləblər haqqında ətraflı şəkildə qeyd etməsək də, bu nüansları oxucuların nəzərinə çatdırmaq istədim. İnsan bədənindəki kapilyar damarlar və şah damar-yarpağı tən yarıdan bölən xətlə həmin xətdən kənarlara doğru çəkilən cızıqlar müşahidəsinin gözəlliyi diqqət çəkir:

Və bədənimi hazırlayıram, sənin üçün...

(yarpaq üstündə cızıq -
hər şey sakitcə bitəcək...)