İndi bir şəhidlik oyanar Vətən - Günün şeiri

İndi bir şəhidlik oyanar Vətən   - Günün şeiri

14 Sentyabr 2022 15:07 124


Şəhid

Onsuz da yaralı doğulur adam
Elə öz içinə tökülür qanı.
Bu bədən sarğıymış - örtür, bağlayır
Səninlə doğulan yaşıd yaranı…

İndi simurq quşu - bir güllə qonar,
Qonar ya köksünə, ya kürəyinə.
Torpaq inildəyər - qəbirlər doğar,
İşıq qəbirləri igidlərinə.

İndi bir şəhidlik oyanar bu yurd,
İndi bir şəhidlik isinər Vətən.
Ağrıkəsən imiş şəhid canları -
Daha ağrıların kəsilər, Vətən !

...Hərə Ölümündən dirilir bir az -
Yəni axan qanın yerdə qalmayır.
Hərə Ölümündən pay alır bir az -
Sənə ölümündən heç nə qalmayır.

Səfər Rzasoylu
13.09.2022