Milli Kitab Sərgisinin açılış tarixi bəlli oldu - Foto

Milli Kitab Sərgisinin açılış tarixi bəlli oldu    - Foto

19 Sentyabr 2022 11:57 264


Sentyabrın 27-si, saat 13-də Bakı İdman Sarayında 4-cü Milli Kitab Sərgisinin açılış mərasimi olacaq.

Tədbirdə tanınmış qələm adamları, sənətkarlar, ziyalılar, media mənsubları iştirak edəcək.

27 sentyabr - 1 oktyabr tarixlərində keçiriləcək tədbirə nəşriyyatlarla yanaşı satış və yayım müəssisələri, yaradıcı təşkilatlar, müstəqil yazarlar, eyni zamanda əl işləri ilə məşğul olan sənətkarlar və əlilliyi olan şəxslər qatılacaq.

Sərgi üçün zəngin tədbirlər planı nəzərdə tutulub. Beş gün ərzində oxucu və tamaşaçılar sənət adamları ilə müxtəlif görüşlərin, oxu saatlarının, imza günlərinin, şeir gecələrinin, musiqili proqramların iştirakçısı ola biləcəklər. Eyni zamanda, ədəbiyyat, yazıçılıq, kitab nəşri, tərcümə və redaktə işi ilə bağlı qızğın müzakirə panelləri təşkil olunacaq.

Burada dərc olunma tarixindən, janrından və ünvanlandığı oxucu kateqoriyasından asılı olmayaraq istənilən kitabı tapıb əldə etmək mümkün olacaq.

Tədbirin proqramı ilə bağlı əlavə məlumat veriləcəkdir.