Mina, Ağdam, Allahverdi - Sərdar Amin

Mina, Ağdam, Allahverdi   - Sərdar Amin

29 Noyabr 2023 16:38 100


1946-cı ilin 22 aprelində ucaboylu, alagöz ahıl bir qadın Ağdamda daş pilləkənlərdən düşüb dizlərini yerə atır. Torpağı öpə-öpə, daşları yalaya-yalaya darvazaya qədər sürünür. Balaca qız nəvəsi ondan təəccüblə soruşur?

- Nənə, neyləyirsən?

- Qurumuş çöllər də göyərərmiş. Zümrüdün oğlu oldu!

Hamını Allah verir, ancaq bəzi insanların adı Allahverdi olur. Allahverdi Bağırov belə doğulur...

Haqqında film çəksəydim, mən də elə edərdim, yəni Allahın etdiklərini təkrar lentə alardım, 77 il bundan əvvəl baş verən bu hadisəni çəkərdim, filmim belə başlayardı...

***

Bir ay qabaq saytlarda xəbər çıxdı: “Ağdamda zəlzələ oldu”.

Zəlzələ Ağdama neyləyə bilər?

Uzaqbaşı dağılan divarların üstündən daha bir neçə daş düşəcək. Yaxud, yalnız iki divarı qalan bir xarabalığın daha bir divarı aşacaq. Və ya hansısa nəhəng bir pəncərə boşluğunun boş şüşə yeri “cingildəyəcək”.

Xocalıların öz əzizlərini tapmaq üçün yox, tapmamaq üçün gəldikləri Ağdam məscidinin dua edən iki qol kimi göyə uzanan minarələri 31 ildən sonra, nəhayət, tərpənəcək.

Bir-birinə çox oxşayan iki minarə, Xocalı şəhidi və Xocalı şahidi kimi.

Zəlzələ gecə olmuşdu.

Vahimələndim.

Təsəvvür edin, ucsuz-bucaqsız bir xarabalıqda hər yer bir daha silkələnir, hardasa bir Səlimağacın budağından bayquş uçur, sonra bir divar yıxılır illərdir parçalayacağı canı gözləyən minanın üstünə. Mina partlayır, daha bir lay divarı yerlə-bir edir.

Başqa bir mina partlayır...

Ağdam təkrar “bombardman” olur, bu dəfə içindən çölünə!

Və heç kəsin bundan xəbəri olmur!

Zaman-zaman “Ağdam!” deyəndə ağlımıza müxtəlif adlar gəlib. Vaxt olub, Ağdam deyiləndə insanlar ilk olaraq şərab haqda düşünüb.

Vaxt olub Ağdam deyiləndə Xudu Məmmədov düşünülüb.

Vaxt olub, başqa onlarla adam...

Sonra da o! Allahverdi Bağırov!

Hamı Ağdama bir az oxşayır, Allahverdi Bağırov isə iki dəfə oxşayır.

31 ildən sonra təkrar Ağdama oxşayır – kim deyərdi ki, bu qədər illərdən sonra Ağdam deyəndə ağıla gələn sözlərdən biri də mina olacaq. O, 31 il əvvəl minaya düşərək şəhid olmuşdu.

Mina, Ağdam, Allahverdi...

“Ağdamda zəlzələ oldu” deyəndə göz önünə gələn səhnələrdən biri də Allahverdi Bağırovun məzarıdır. Sanki Ağdamda hər şey ölüdür, bircə Allahverdi Bağırovun qəbri bu memorial xarabazarın keşiyini çəkir. Heç vaxt Ağdam torpağından ayrılmayan adamın sümükləri həmin zəlzələ vaxtı sevdiyi torpaqda sanballanır.

Zəlzələnin son təkanıyla Ağdamın dəfinəsi - torpağın altındakı minlərlə müqəddəs sümük torpağa bir az da ismarlanır. Bir buğda qədər!

“Ağdam adam”, lap az qaldı, tezliklə xarabazarın yox, gülüstanın keşiyində olacaqsan.

Sənin şəhadətindən sonra “Qarabağ” Ağdamda futbol oyunu keçirərkən şimşək xatirəniz bir dəqiqəlik sükutla yad edilirmiş, tam sükut yarananda stadionun düz yanına erməni qradı düşür.

Bir futbolçunun tükü tərpənmir.

***

Sükut bitən kimi futbolçulardan biri yıxılır. Görürük ki, onun bədəni qəlpələrlə doludur, ancaq Allahverdi Bağırov onu Allah verdiyindən bir dəqiqə artıq yaşadıb.
Haqqınızdakı filmim belə də bitir, Allahın etdiyinə cüzi əlavə ilə…

“Qafqazinfo”