Onlar hardan biləydi - Günün şeiri...

Onlar hardan biləydi   - Günün şeiri...

20 Yanvar 2023 12:39 1368


Səhər Əhməd

Aclıq edən adamlar ölüm ayağındaydı,
Toxluq edən adamlar müttəhim kürsüsündə.
Ortadakı adamlar arada qalmışdılar,
Yarsı toxun adamı, yarsı acın adamı.
Ehtiyatın adamı, ehtiyacın adamı.

20 yanvar idi,
Deyəsən, ilk dəfəydi,
Bakıda qar yağmırdı bu tarixin üstünə.
Nə bir ana dərdinə, nə bir şəhid büstünə...
Yenə də şəkillərdən o qara saç, qara bığ,
Gözlərindən od yağan o pəhləvan oğullar
Bizlərə baxırdılar.
Ümudləri üzülmüş, gözünün nuru sönmüş üzlərə baxırdılar.

Onlar hardan biləydi,
O tankın qabağında dayanan oğlanları
Necə sındırdı həyat?!
O güllə qabağından qurtulan oğlanları
Necə öldürdü həyat?!
Aclıq edən adamlar ölüm ayağındaydı,
Toxluq edən adamlar müttəhim kürsüsündə...