“Qanun”da nəşr olunan kitab AMEA-da təqdim edildi - Fotolar

“Qanun”da nəşr olunan kitab AMEA-da təqdim edildi  - Fotolar

04 Fevral 2023 20:55 358

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında yazıçı-publisist Rüstəm Dastanoğlunun “Düşüncələrimin kölgəsi” kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə müəllif özü açıb və tədbiri aparmaq üçün yazıçı Orxan Fikrətoğlunu qonaqlara təqdim edib.

İlk çıxış edən tənqidçi Əsəd Cahangir Rüstəm Dastanoğlu yaradıcılığının özəlliyindən danışıb, onun canlı xalq dilində, milli ruhda qələmə alınan əsərlərini yüksək qiymətləndirib.

Daha sonra çıxış edənlər – yazıçı Yaşar Əliyev, ədəbiyyatşünas-alim Fəxrəddin Salimi, sosioloq Əhməd Qəşəmoğlu, həkim Abbas Bağırov, yazıçı Şərif Ağayar, yazıçı İlhamə Nasir, yazısı-publisist Akif Bəkirli, rejissor Rüfət Əsədov, yazıçı esseist Çingiz Abdullayev və başqaları kitabın uğurlu tərəflərindən söz açıb, konkret mətnlər üzərində fikirlərini bildiriblər.

Çıxışların sonunda müəllif tədbirə yekun vuraraq qonaqlara minnətdarlığını bildirib və kitablarını onlar üçün imzalayıb.

Təqdimat mərasimi xatirə şəkli çəkdirməklə yekunlaşıb.

Xatırladaq ki, Göyçə mahalının Daşkənd kəndində doğulan Rüstəm Dastanoğlunun “Qanun” Nəşrlər evində işıq üzü görən kitabına hekayələr, esselər, analitik publisistik yazılar, səfər qeydləri və müsahibələri daxildir. Kitabın ön söz müəllifi yazıçı Orxan Fikrətoğlu, redaktoru Araz Yaquboğludur.