Şairin qəzəbi - Qısa hekayə

Şairin qəzəbi   - Qısa hekayə

06 Sentyabr 2022 11:43 270


Alpay Azər

“Fraqmentlər” silsiləsindən

Şair məni görən kimi boynumu bərk-bərk qucaqlayıb, marçamarç təpəmdən öpəndə bildim ki, içib. “Qadan alaram,” – dedi, kəskin araq iysi burnuma vurdu. Əliylə dövlət binasını göstərib, orada idarə rəisinin müavini işləyən şairın dalınca yağlı bir söyüş söydü. Şairin qəzəbinin səbəbini təxmin etdim, budəfəki gedişində pul əldə edəmməmişdi. Ehtiyatla sual verdim: “İçəri buraxmadılar, yoxsa?” – “Ağızları nədi buraxmasınlar. Analarını ağladaram. Hamı da bilir ki, dediyimi eliyənəm”. Gop edirdi, çox güman, polis bunu heç binaya buraxmamışdı.

Onu deyim, BDU-nun filologiyasını qurtarsam da, kargüzarlıq şirkətində satış meneceri işləyirəm. Vaxtilə yazdığım şeirlərdən dördünü bir neçə tanınmış tənqidçiyə verib demişdim ki, nə düşünürsüz, onu deyərsiz, nə cür tənqid etsəz, qəbuldu, xətrimə dəyməyəcək. Onlar da sağ olsunlar, düşündüklərini demişdilər. “Belə də, öz hisslərini yazmısan, amma poeziya hissləri necə gəldi vermək deyil”, “Yazdıqların ən yaxşı halda ortabab şeirlərdi”, “İncimə, şeir sənlik deyil”. İnciməmişdim, şeir yazmağa son qoymuşdum, amma o vaxtdan bəri poeziyaya olan sevgimdən saytlarda, qəzet-jurnallarda çıxan şeirləri davamlı oxuyuram, arada bir neçə şair dostumla çayxanalarda, dönərxanalarda görüşüb ədəbiyyat söhbətləri, qeybətləri edirik.

Ürəyini, qəzəbini boşaldan şairsə bir neçə lirik, irfani şeiriylə sənətdə öz sözünü demiş adam idi. Ramiz Rövşən, Vaqif Bayatlı, Vaqif Səmədoğlu zirvəsinə gəlib çatmasa da, ədəbi camedə ustad kimi tanınırdı, vaxtilə tənqidçilər ondan məqalələr yazmışdı, cavan şairlər hərdən feysbukda onun şeirlərini paylaşırdı. Hardasa bir ay əvvəl Araz kafesində bu şair daxil, bir neçə yazarla oturub çay içə-içə “Ədəbi proses ölüb, yoxsa sağdı?”, “Yaxşı mətn necə olur?” mövzuları barədə xeyli söhbət etmişdik. Söhbət əsnasında ustad şair bilmişdi ki, mən də nə vaxtsa şeir yazmışam, e-mailini salfetə yazıb xahiş etmişdi, ona göndərim. Gülə-gülə demişdim ki, ustad, siz mənim şeirlərimi ömründə bəyənməzsiz. “Yox, göndər oxuyum, bəlkə mən bəyənərəm”. – “Yaxşı, baxaram,” – deyib ona heç nə göndərməmişdim.

“...Bax, burda sənə deyirəm, mən onun başına oyun açmasam, dünyanın ən alçaq adamı deyərsən mənə. Mən əyər onun (söyüş), atamın oğlu deyiləm”. Şairin söydüyü məmur şair illər öncə dar günümdə mənə, tək mənə yox, başqalarına da yaxşılıqlar etmişdi. Qarşımdakı şair çox içmişdi, bilirdim ki, nə desəm, başına girməyəcək, ona görə ancaq qulaq asmaqla, dinməməklə, hətta razılıq əlaməti olaraq başımı tərpətməməklə bunu yola verirdim. Üstəlik, on dəqiqə sonra ofisə çatmalıydım deyə, səbirsizliklə söhbətin tez bitməsini gözləyirdim. Şairinsə ürəyi doluydu, dayanmadan döşəyirdi. “Məni yandıran bilirsən nədi? Qulağıma çatıb ki, poeziyadan söz düşəndə, mənim şeirlərimdən də söz salır, halbuki...” Susdu, yəqin fikirləşdi, dediklərini aparıb çatdıra bilərəm. “Halbuki nə?” – işə gecikmək yadımdan çıxdı, nədənsə, qəfil bunu qızışdırmaq həvəsinə düşdüm. Cəsarətləndi: “Halbuki mən onu heç vaxt şair saymamışam,” – şəhadət barmağını göyə qaldırdı. “Axı peşəkar ədəbiyyat adamları onu yaxşı şair sayır,” – dedim və bilmədim, məmur şairı müdafiə etmək istəyim qeyri-iradi baş verdi, yoxsa içdən gəldi. Amma çayxanadakı ədəbiyyat söhbətlərinin birində məmur şairin bir neçə şeirinin ciddi mətnlər olduğunu iki tənqidçidən özüm eşitmişdim. “Kim deyir?” – qəzəblə soruşdu. – “Var də elələri”. Bildi ki, ad çəkməyəcəm, lap özündən çıxdı: “Başlarını daşa döyürlər. Hamısı vəzifəsinə, puluna görə ona yaltaqlanır. Yazdığı bütün misralar saxtadı, terminləri doldurub kitaba, elə bilir şeir yazıb. Zırt. O peşəkarlar, əslində, peşkalar gəlib üzümə desinlər ki, o, şeir yaza bilir. Deyə bilərlər? G....-ləri çatmaz. Off, bir görəsən, bu liliputun qabağında necə ikiqat əyilirlər”. Bir West yandırdı, dərin qullabdan yaranan qalın tüstü, yaşarmış gözlərindəki kədər, qırış dolu arıq sifəti “Bəxtsiz şair” portreti çəkmək istəyən rəssamçün hazır material idi. Qəfil gülümsəyib dilləndi: “Sənə maraqlı bir şey danışacam, istəsən, bunu nə vaxtsa gündəliyində yazarsan, – səsindəki öncəki qəzəbdən, vurub-kəsməkdən əsər-əlamət yox idi. – Bir dəfə bu adam AYB-də xalq şairlərinin şəkillərinin qabağında dayanmışdı. Yaxınlaşdım buna, soruşdu ki, təzə nə yazmısan. Təzəlikcə iki şeir yazmışdım, sən deyirsən e peşəkarlar, bax, onlara oxumuşdum, hamısı demişdi, əla şeirlərdi. O adamların məndən umacaqları nəsə yoxdu ki, yalandan tərifləsinlər məni. Nə isə, bu, sual verəndə ki, təzə nə yazmısan, sifətimə kədər maskası taxıb dedim, məllim, iki ildi ilham pərisi məni tərk eliyib. Ora-bura baxdı, cibindən bir əllilik çıxardıb cibimə basdı. Dedim, məllim, Allah artıq eləsin. Ordan-burdan söhbət elədik, bir-iki şeirini təriflədim, basıb bağladım, dedim, məllim, Azərbaycanda Nobelə layiq iki şair varsa, biri sizsiz. Gördüm kefi kökdü, başqa fəndə əl atdım. O biri divardakı şəkilləri, alimlərin şəklini göstərib dedim, yəqin bilirsiz, orda da şəkliniz var. Altdan yuxarı mənə baxdı, baxdı, bic-bic gülüb dedi, a tülkü, sən Mirzə Cəlilin “Quzu” hekayəsindəki kəndlidən qat-qat fərasətliymişsən, onun üç ayda elədiyini sən üç dəyqəyə bacardın. Yenə ora-bura baxdı, gördü heç kim yoxdu, poçt qutuma – əliylə şalvarının cibini göstərdi, – bir əllilik də saldı”.

Hər ikimiz xeyli güldük. Şair ağzındakı adda-budda çürüməkdə olan dişləriylə, gülən sifətiylə elə xoşbəxt görünürdü, sanki iki əlliliyi indicə qazanmışdı. Bu söhbətdə mənə maraqlı və gülməli gələn balacaboy məmur şairın ondan xeyli hündür olan şairin poçt qutusuna pulu rahatca salması səhnəsiydi. Əksinə olsaydı, məmur bəlkə də ikinci dəfə dizlərini büküb qalxmamaqçün o biri əlliliyi şairin cibinə salmazdı. İstənilən halda, məmur şair haqlıydı, bu obraz “Quzu”dakı kəblə Məhəmmədhəsəni ötüb keçmişdi.

Sağollaşana yaxın qəzəbi soyumuş şair dedi: “Qardaşoğlu, bəs mənə demişdin, şeirlərindən göndərəcəksən”, – “Göndərəcəm, mütləq göndərəcəm,” – deyib sürətli addımlarla ondan uzaqlaşdım.

26 iyun – 22 iyul, 2022
Bakı – Zaqatala – Bakı