Şəhid məzarından başlanan yol

Şəhid məzarından başlanan yol

03 Noyabr 2022 09:22 601


Balay Əyyub

Elşən yeni göndərildiyi iş yerinə gəldiyi günün səhəri rayon rəhbərinin müavini ilə görüşdü. Görüş çox səmimi keçdi. Görüşün səmimi keçmə səbəbinin onunla bələdçi kimi gələn şəhid atası Eyvaz kişiyə görə olmasını Elşən anındaca hiss etdi. Sağollaşıb ayrılmaq istəyərkən müavin üzünü Eyvaz kişiyə tutub:

- Müəllim gəldiyini bilsə, görüşmədən getdiyinə görə inciyər. İstəyirsən, gəldiyinizi bildirim, - dedi və cavab gözləmədən İcra başçısının otağının qapısını döydü.

Müavinin otağa girib çıxması beş dəqiqə çəkdi. Xoş bir təbəssümlə müavin onları içəri dəvət etdi. Rəhbər kreslodan qalxaraq onlara tərəf gəldi, salamlaşıb onları kreslosu olmayan digər masanın ətrafında əyləşməyə dəvət etdi. Elşən buna inanmaq istəməsə də, bu oldu. Sevindiyindən səbəbkarı az qala unudacaqdı ki, rəhbərin üzünü şəhid atası Eyvaz kişiyə tutaraq, "adaşımın əmanəti!" deməsi unutqanlığa mane oldu. Eyvaz kişi Elşənin göndərildiyi şöbənin işçisi idi.

Binaya daxil olarkən Eyvaz kişidən boyca bir az hündür, vəzifəcə bir pillə yuxarı olduğunu düşünən Elşən binadan çıxanda Eyvaz kişinin hansı hündürlükdə, necə əlçatmaz pillədə qərar tutduğunu anladı və bunu gec anladığına təəssüfləndi. Düşündü ki, görəsən, niyə əvvəllər işlədiyi rayonlarda müqəddəs yüksəkliyi bu qədər hiss etdirən olmayıb?..

İnsafən, işlədiyi filiala gələn şəhid atasını sonacan dinləyib, əsəblərinin sakitləşdiyini görüb, maşınına qədər yola salmasına təsadüfən şahid olan filial direktoru Elşənə vəzifəsinin öhdəsindən layiqincə gəldiyi üçün təşəkkür bildirmiş, səhəri onu bu qəsəbəyə göndərməyə qərar vermişdi.

Qəsəbəyə gələndən bir neçə gün sonra anım mərasimlərinə qatılmaq üçün Şəhidlər Xiyabanında tez-tez olurdu. Nəfis tərtibatla salınmış bir parkdır Şəhidlər Xiyabanı. Sırayla eyni ölçüdə düzülən məzar daşlarının arxasında ucaldılmış yaşıl təpəcik, xüsusi qayğı görmüş müxtəlif növ ağaclar, rəngbərəng güllər, həmişəyaşıl kollar, böyük əraziyə döşənmiş metlax daşlarının üzərində quraşdırılmış oturacaqlar, yağışdan, günəşdən qorunmaq üçün şəhid ailələri üçün nəzərdə tutulmuş çardaqlar harmonik bir gözəllik yaratmışdı. Şəhidlər Xiyabanı, bəlkə də, tək bu qəsəbənin yox, həm də dünyanın ən gözəl guşəsi kimi görünürdü Elşənə.

Tədbir başlamazdan öncə məzar daşlarına güllər qoyuldu. Bu dəfə Elşən təəccübündən az qala bayılmışdı. Rayon rəhbəri hər şəhid məzarına gülləri diz çöküb baş əyərək qoyurdu, qalxanda da üstünü təmizləmirdi.

Tədbirdə müharibədən, hərb və zəfərdən mükəmməl danışa bilməsi Elşəndə rəhbərin keçmiş döyüşçü olması fikrini yaratdı. Bunu sonra Eyvaz kişidən soruşacaqdı. Rəhbərin çıxışının sonlarına yaxın işlətdiyi ifadələr Elşənin başının tüklərini qabartdı. "Gəlirsiz, burda papiros çəkib kötüklərini yerə atırsız, sonra onları biz yerdən yığırıq!.." Gördüklərinin və eşitdiklərinin yuxu olmadığını aydınlaşdırmaq üçün sağ əli ilə sol əlinin üstünü çimdiklədi Elşən. Bir azdan Eyvaz kişinin dediklərini eşidəndə nə duyğular keçirəcəyindən hələ xəbərsizdi.

Xiyabandan qəsəbəyə qayıdanda Eyvaz kişi gedişi ilə qaydışı iki kilometrdən artıq olan yolu göstərərək dedi:

- Hər gün adaşım iş otağına girməmiş bu yolu piyada gəlib şəhidləri ziyarət edir, sonra işə qayıdır. Son vaxtlar ayaqlarında ağrı olmasına baxmayaraq adətini dəyişmir.

Bu dəfə Elşən təəccüblənmək yerinə, xəyalında şəhid atası Əvəz kişinin oğlu üçün hazırladığı ev muzeyində gördüklərini və eşitdiklərini canlandırmağa başladı.

Əvəz kişi şəhidə aid əşyaları, digər şəhidlərin şəkilləri ilə yanaşı qoyulmuş səliqəli albomu göstərərək söhbətə başlamışdı:

- Bu albomdan rayon rəhbərliyi hər bir şəhid ailəsi üçün hazırlayıb. Hər zaman rəhbər yanımızda olub, balalarımızın dəfnində axıracan iştirak edib, şəhid cənazələrini bizimlə bərabər çiynində aparıb, üç, yeddi, qırx və il mərasimlərini təşkil elətdirib, şəhidlərin ad günlərində, anım günlərində tədbirlər keçirib, evimizi ziyarət edib. O bizlərlə nəfəs alır, onun həyat tərzi belədir.

Eyvaz kişinin səsi Elşəni xəyaldan ayırdı:

- Yaman fikrə getdin, bəlkə, inanmadın hər gün bu yolu piyada getməyinə?

Elşən suala sualla cavab verdi:

- Müəllim döyüşdə olub?

Eyvaz kişi öz sualının cavabsız qaldığını unudub, Elşənin sualını cavablandırmağa başladı:

-Birinci Qarabağ müharibəsində rayonumuzda özünümüdafiə batalyonu yaranmışdı. Dörd qardaş o batalyonun tərkibində döyüşürdü. Komandir olan qardaşları Milli Qəhrəmandır. Rayonumuz işğal olunandan sonra da döyüşdülər.

Sözünü bitirdikdən sonra Eyvaz kişi öz sualına cavab istədi:

- Hər, nə oldu? İndi inandın?

Elşən bir qədər duruxdu. Sonra söhbətə başladı:

- Eyvaz kişi, mənim köçkün olmayan rayonların birində rəhbər olan həmyerlimin şəhid cənazəsini çiyinlərinə götürənlər arasında ən ön cərgədə çəkilmiş şəklini saytların birində görmüşdüm. Onun vətənpərvər olduğunu bilirdim. Ancaq sənin adaşın məni təəccübləndirdi. Gördüklərimi, sizdən və Əvəz kişidən eşitdiklərimi hamı etməsə də, normalda hər bir azərbaycanlının vətəndaşlıq borcudur - Ali Baş Komandanın məmurlar qarşısında qoyduğu vəzifəni layiqincə yerinə yetirməkdir. Ancaq hər gün şəhidlərin ziyarətinə tələsmək mənim üçün tapıntıdır. Elə bir tapıntı ki, orta məktəb dərsliklərinə salınmalı, sabahkı gənclərimizə öyrədilməli və təbliğ olunmalıdır. Bizim inkişafımız, dünyaya inteqrasiyamız, ərazi bütövlüyümüzün qorunması və ikili standartlar qarşısında duruş gətirib söz sahibi ola bilməyimizin yolu şəhid məzarlarından başlayır.