Aşınma - Seymur Baycan

 Aşınma   - Seymur Baycan

06 İyun 2022 09:29 393


Yaxşı igid yaman etməz adını,
Çünki yaman addan ölüm yaxşıdı.

Xəstə Qasım

Dünən bir neçə dost-tanış baxmaq üçün mənə bir müsahibə göndərmişdi. Nə qədər əlləşsəm də, nə qədər cəhdlər etsəm də müsahibəyə axıra kimi baxa bilmədim. Ona görə yox ki, müsahibə çox uzun idi və müsahibədə gic-gic, sarsaq-sarsaq fikirlər səsləndirilmişdi. Qətiyyən!

Ona görə baxa bilmədim ki, insanın mənəvi-əqli cəhətdən aşınmaya məruz qalmasını görmək mənim üçün ağırdır. Bir vaxtlar bir masa arxasında oturub bir qısmat çörək yediyin, çay içdiyin adamın mənəvi-əqli aşınmaya məruz qalmasın görmək lap ağırdır. Vücudumu dillə deyilməsi mümkün olmayan ağır kədər bürüdü.

Dünəndən bəri düşünürəm, bəzi suallara cavablar axtarıram. Görəsən, bu insan niyə belə sərt şəkildə “çevrildi”? Elə əvvəldən mahiyyəti belə idi, yoxsa baş verən hansısa hadisələr ruhi müvazinətinin itməsinə, emosional stabilliyinin pozulmasına səbəb oldu?

Bütün hallarda sərt şəkildə “çevrilmə”, aşınma onun öz könüllü seçimidir. Heç nə edə bilmərik. Əlimizdən heç nə gəlmir. İndi o adama nəsə başa salmaq, ona nəsə izah etmək Avginin tövləsini peyindən təmizləməkdən daha çətindir.

Hər hansı bir insanın hətta sözün həqiqi mənasında dəli olması belə onun mənəvi-əqli cəhətdən aşınmaya məruz qalmasına qətiyyən bəraət qazandıra bilməz (bu mövzuda fikirlərimi “Dəli olmağın iki vacib şərti” adlı yazıda daha ətraflı yazmışam) . Elə bu an, bu dəm yadıma ibrətamiz bir söhbət düşdü.

Uzun illər əvvəl İsa Hüseynov verdiyi müsahibədə hakimiyyətə möhkəm yaltaqlanmışdı. Dostlarla bir məclisdə İsa Hüseynovun bu ifrat yaltaqlığını müzakirə edirdik. Məclisdə iştirak edən dostlardan biri dedi ki, əşi ona fikir verməyin, onun başı xarab olub, nə danışdığın özü də bilmir. Elnur Astanbəyli bu yersiz fikirə yaxşı cavab verdi: “Əgər doğurdan da başı xarab olubsa, hakimiyyəti tənqid etsin də, niyə hakimiyyətə yaltaqlanır?”

Mövcud imkandan bir daha istifadə edərək onu vurğulamaq istərdim ki, məişətində, həyatında nə baş versə də, insan fikirlərində, düşüncələrində, ictimai-siyasi mövqeyində sağlamlığını qətiyyətlə qorumalıdır. Yerdə qalanları lazımsız təfərrüatdı.

Vəssalam, bu mövzuda daha heç nə yazmaq istəmirəm. Buna ehtiyac görmürəm. Sadəcə, təəssüf edirəm.

Anadil