Seymur Baycandan yeni yazı: Elxan Elatlı haqqında

Seymur Baycandan yeni yazı:   Elxan Elatlı haqqında

12 Fevral 2024 13:55 1440


Elxan Elatlının beş kitabını ("Yeddinci mərtəbədə qətl", "Adsız tablo", "Seçilmiş cəza", "Niyə susursan, polkovnik?", "Qanbay Qasımlının xəfiyyələri") oxudum və yaxşı mənada xeyli təəccübləndim.

Birincisi, Elxan müəllimin çox güclü təxəyyülü var. Güclü təxəyyül Elxan müəllimə maraqlı, kəskin süjetlər qurmağa geniş imkan verir. Yuxarıda adlarını sadaladığım kitabları oxuyanda bir qram da darıxmadım. Əksinə, maraqlı süjetlər məni kitabları daha sürətlə oxumağa, kitabları gözümə təpməyə vadar edirdi. Hətta bəzən bir oxucu kimi sürət həddini aşdığımı hiss edirdim. Ona görə də süjetdən, kitablardan daha çox həzz almaq üçün sürəti azaltmağa, ayağımı əyləcə basmağa, belə demək mümkündürsə, sürətimi yavaşıtmağa məcbur olurdum.

Təxəyyül çox güclü silahdır. Şəxsən mən təxəyyül çatışmazlığından kəskin əziyyət çəkirəm. Təxəyyülü güclü olan, maraqlı, kəskin süjetlər qurmağı bacaran adamlara qibtə edirəm. Təxəyyülü güclü olan adamlar təxəyyülün qədrini bilməyəndə buna dərindən təəssüflənirəm. Elxan müəllimin kitabların oxuyanda öz-özümə deyirdim: "Kaş bu insanda olan təxəyyülün, çox yox cəmi iyirmicə faizi məndə olaydı. Əgər bu insanda olan təxəyyülün iyirmicə faizi məndə olsaydı, çox maraqlı əsərlər yaza bilərdim".

İkincisi, Elxan müəllimin kitablarında baş verən cinayət hadisələri azərbaycansayağıdır. Oxuyanda hiss edirsən ki, azərbaycanlılar bu cinayətləri törətməyə qadirdirlər. Bu cinayətləri məhz azərbaycanlılar törədə bilərlər. Milli olmaq yazıçı üçün çox vacib şərtdir. Milli olmayan adam bəşəri ola bilməz. Hətta nifrət etdiyin, yuxarıdan aşağı baxdığın cəmiyyətdən, xalqdan yazanda da milli olmalısan. Yəni bir özbək yazıçısının kitabını oxuyanda (janrından asılı olmayaraq) orda özbək naxışlarını, koloritini, məişətini hiss etməlisən.

Məsələn, "Gecəyarısı uşaqları"nı oxuyanda görürsən ki, hər şey sünidir, saxtadır, səthidir, kolorit yoxdur. Amma Taqorun əsərlərini oxuyanda görürsən ki, bu adam təpədən dırnağa kimi millidir. Yazdıqlarını həqiqətən görüb, hiss edib, yazdıqları bütün hüceyrələrindən keçib və bədii həllini tapıb. Xahiş edirəm, heç kim milliliklə millətçiliyi qarışıq salmasın. Millilik və millətçilik tamamilə başqa-başqa şeylərdir.

Üçüncüsü, Elxan Elatlının kitabları diridir, canlıdır.

Ədəbi mühitin bəzi ştatlı nümayəndələri ədəbi mühitdən kənar adamlara yeri gəldi-gəlmədi yuxarıdan aşağı baxırlar. Guya bunlar ciddi ədəbiyyatla məşğuldurlar, qıraqdakılar isə ədəbiyyatda təsadüfi adamlardır. Guya bunlar çox ciddidirlər, qıraqdakılar isə qeyri-ciddi.

Elxan Elatlıya da belə bir münasibət var. Ədəbi mühitin bəzi ştatlı nümayəndələri, hər fürsətdə özün gözə soxan, əl-ayağa dolaşan, yeri-gəldi gəlmədi Kafkadan, Marsel Prustan, nə bilim Umbeto Ekodan danışan adamlar çox vaxt Elxan Elatlıya yuxarıdan aşağı baxırlar. Bununla onlar həm də özlərinin guya ciddi yazıçı olduqlarını sübut etmək istəyirlər. Əslində isə Elxan Elatlının həmin adamlara yuxarıdan aşağı baxmağa daha çox haqqı var. Çünki Elxan Elatlının kitabları, mövzuları ona yuxarıdan aşağı baxan adamların kitablarından, mövzularından min dəfə diridir. Ədəbi mühitdə əl ayağa dolaşanlar isə ölü romanlar, hekayələr yazırlar.

Bu mənada Elxan Elatlının çox oxunması heç kimi cırnatmamalıdır. Elxan Elatlının çox oxunması heç kimi narahat etməməlidir. Elxan Elatlının çox oxunması təsadüfi deyil, tamamilə təbii və ədalətlidir. O, həqiqətən, maraqlı yazır. Tam qətiyyətlə və məsuliyyətlə bəyan edirəm ki, ədəbi mühitdə Elxan Elatlı kimi güclü təxəyyülə malik yazıçı yoxdur.

İndi isə nöqsanlara keçək.

Yuxarıda qeyd etdiyim kimi Elxan Elatlının kitablarında baş verən cinayətlər azərbaycansayağıdır. Amma təəssüflər olsun ki, Elxan müəllimin qəhrəmanı, Qanbay Qasımlı obrazı bu azərbaycansayağı hadisələrə ciddi xələl gətirir. Mənim bu Qanbay Qasımlıya heç qanım qaynamadı. Ətiacı adamdır. Ən əsası Qambay Qasımlı maraqlı deyil, qurudur.

Azərbaycanlı xəfiyyə necə olmalıdır? Yeyən-içən, məclisləri sevən, qonaqlıq verən, qonaqlıq qoparan, xeyrə-şərə yarayan, ünsiyyətcil, hamıyla dil tapmağı bacaran, uşaqla uşaq, böyüklə böyük kimi danışan, şorgöz, arvadbaz, əsl qafqazlı, əsl şərqli...

Qanbay Qasımlı isə azərbaycansayağı cinayətlərin yanında çox süni, yamaq kimi görünür. Ümumi ahəngə uymur, xora qoşula bilmir. Elxan Elatlının Qanbay Qasımlı obrazı sanki hər zaman kimlərisə (əlbəttə, məşhur xəfiyyələri) yamsılayır. Milli deyil, orqanik deyil, orijinal deyil. Xülasə, “fastfood”dur.

"Qanbay Qasımlının xəfiyyələri" kitabında Sahib adında bir obraz var. Sahib Əlixanov cinayət-axtarış şöbəsinin rəisidir. Rütbəsi də mayordur. İstəyirəm, sizlərdə bu Sahib barəsində bir balaca təsəvvür yaradım.

Sahib Maral adlı bir qızı rüsvayçılıqdan xilas edir. Qız, Rusiyada bizneslə məşğul olan bir azərbaycanlıdan uşağa qalıb. Sahib isə başqa bir adamı narkotik ittihamıyla şərləyir, qızı almağa məcbur edir. Niyə? Çünki Maraldan kəsir. Məqsədi Maralı saxlamaqdı. Sahibin Yunis adlı oğlu da Maraldan kəsir. Ata-bala bir qızdan kəsirlər. Bəh, bəh, bəh! Bütün bunlar çox doğmadır, millidir, orqanikdir. Necə deyərlər, öz bağımızdır, öz bostanımızdır. Qanbay Qasımlının yerinə Elxan Elatlının qəhrəmanı Sahib Əlixanov kimi bir adam olmalı idi. Milli, doğma, koloritli, orqanik, şeiri, sazı sevən, Həcc ziyarətinə gedən və həm də əlbəttə ki, öz işində peşəkar.

Elxan müəllim kitablarında bəzən əxlaq və mentalitet polisi rolunda çıxış edir. Müəllifin əxlaq polisi, mentalitet polisi rolunda çıxış etməsi yolverilməzdir. Ola bilsin, bununla müəllif mühafizəkar oxucularının rəğbətini qazanmaq istəyir. Hansısa mühafizəkar obrazın dolmanı, xalçanı, Qarabağ atını, şəkərburanı, paxlavanı xarici və daxili düşmənlərdən qoruması, qızların qaş almasını, ailədaxili münaqişələri, boşanmaları qiyamət gününün əlamətləri kimi qiymətləndirməsi normaldır. Belə obrazlar və baxışlar olmalıdır. Belə obrazların olması əsərə rəngarənglik gətirir. Çünki həyatda, həqiqətən də belə adamlar var. Bir mühafizəkar obraz yaradırsan və bu mühafizəkar obraz öz həyat fəlsəfəsini, adət-ənənəyə, məişətə münasibətini ortaya qoyur. Qadınların, qızların saatlarla sosial şəbəkələrdə vaxt keçirməyindən ürəyi istəyən qədər şikayətlənir, gileylənir, deyinir. Amma müəllifin belə mövzularda ortaya mövqe qoyması, əxlaq polisi, mentalitet polisi, xalçanın, şəkərburanın, Qarabağ atının mühafizəçisi rolunda çıxış etməsi qeyri peşəkarlıqdır.

Elxan Elatlının dili dinamikdir, yüngüldür, adamı yormur. Lakin Elxan müəllimin dili Akop Martayan türkcəsinin kəskin təsirinə məruz qalmışdır.

Konkret misallar gətirək:

1. Tanrının ona verdiyi bu yetənəklə insanların daxili aləmini oxuyan Qasımlı kimləsə dost ola bilərdimi?

Yetənək nə deməkdi?

2. Sahib Diktəpə sahə müvəkkilinə bir daha telefon açdı.

Telefon qapı, qutu deyil ki, açasan. Telofonu açmırlar, telefonla zəng edirlər.

3. Mövcud vəziyyət Sahibin erkək qürurunu, mənəmliyini, hakimiyyət duyğusunu oxşayaraq, ona fərqli, xüsusi bir həzz yaşadırdı.

Bu cümlə Azərbaycan dilində yazılmayıb. Ağsaqqal yazıçı belə cümlələr yazmamalıdır.

4. Xalidə Sudabə ilə müqaisədə daha duyğusal, daha kövrək biri idi.

Bu azərbaycan dili deyil. Bu Akop Martayan türkcəsini miskin tərzdə yamsılamaqdır.

5. Yunis yaşı qırxı ötmüş Şövkətlə cinsi ilişkidə ola bilərdimi.

Vüqar Van, Orxan Həsəni, Rəşad Səfər kimi gənclər və yeniyetmələr “türk” sözlərindən istifadə edəndə buna birtəhər tab gətirmək olur. Zamin Hacı, Elxan Elatlı kimi ağsaqqal müəlliflər “türk” sözlərindən istifadə edəndə adam həyata nifrət edir.

6. Qasımlı onları qırmayıb elə parkdaca bəzi suallarına cavab verdi.

Yeniyetmə səhvləri ağsaqqal adama yaraşmır.

7. Bunları eşidəndə Seldan çox üzüldü.

Sözüm yoxdur. Əslində, sözüm çoxdur, sadəcə Elxan müəllim məndən bir neçə bayram böyükdür. Ona görə dözümlü olmağa məcburam.

8. Yunis Sahib oğlunun ölümü 10 aprel tarixində saat 22:40-23:00 arasında gerçəkləşib.

Ölüm gerçəkləşmir, ölüm baş verir.

9. Söz misali dedim.

Söz misali demirlər, söz gəlişi deyirlər.

10. Eşitdiklərinin şokunu yaşayan Mustafa bir müddət heç nə deyə bilmir.

Eşitdiklərinin şokunu yaşayan yox, eşitdiklərindən şoka düşən, sarsılan olmalıdır.

11. Aydoğan dağındakı qətl polis şöbəsinə sıradan bir ölüm işi kimi görünürdü.

Sıradan yox, adi.

***

Göründüyü kimi Elxan müəllimin dili Akop Martayan türkcəsinin kəskin təsirinə məruz qalıb. Qəribədir ki, “Qanbay Qasımlının xəfiyyələri” kitabında bir qadının rusca danışması Elxan müəllimi əsəbiləşdirir. Afət adlı qadının rusca danışmasına əsəbiləşən müəllif Azərbaycan dilini Akop Martayanın yaratdığı saxta, süni “türkcə”nin ayağına verir. Elxan müəllim dilini Akop Martayan türkcəsinin təsirlərindən təmizləməli, dilini bərpa etməlidir. Dili təmizləməyin ən yaxşı, effektiv yolu sovet dövründə tərcümə olunmuş, yazılmış əsərləri oxumaqdır. Elxan müəllim sovet dövründə yazılmış, tərcümə edilmiş əsərləri oxusa, həm dilini təmizləyəcək, qaydaya salacaq, həm də dilin bədiilik dərəcəsi artacaq. Bir daşla iki quş vuracaq.

Elxan müəllimin kitablarında sosial problemlər görünmür. Cinayətlərin baş vermə səbəbləri, cəmiyyətdəki sosial problemlər göstərilmir. Ona görə də cinayətlər bir növ havadan asılı vəziyyətdə qalır. Elxan müəllim güclü təxəyyülünün qədrini, qiymətini bilməlidir. Əsərlərində sosial problemləri göstərə bilsə, dilin bədiilik dərəcəsini artırsa, Elxan Elatlı təxminən Drayzer səviyyəsində bir yazıçı ola bilər. Təxminən Drayzer səviyyəsində bir yazıçı olmaq üçün Elxan Elatlının hər cür potensialı var. Drayzerlə Elxan Elatlı arasında nəhəng uçurum yoxdur. Drayzerlə Elxan Elatlı arasındakı məsafə o qədər də böyük deyil. Əsas təxəyyüldür, o da Elxan müəllimdə kifayət qədər var. Qalır hadisələrin səbəblərini göstərmək, sosial problemləri qaldırmaq, yazıçı cəsarəti və iradəsi nümayiş etdirmək.

Yaşda məndən böyük olsa da, Elxan müəllimə “Amerika faciəsi”ni oxumağı tövsiyə edirəm. Yeri gəlmişkən, əsəri Azərbaycan dilinə Ənvər Məmmədxanlı tərcümə edib. Elxan müəllim əsəri oxuyubsa, təzədən oxusun. Həm dilini təmizləmək istiqamətində ilk addımlarını atsın, həm də hadisələrin, cinayətlərin əsl səbəblərini, sosial problemləri, təbəqələşməni, təbəqələr, siniflər arasındakı münasibətləri əsərdə göstərməyin nə qədər vacib, əhəmiyyətli olduğunu bir daha görsün və yenə də bir daşla iki quş vursun.

Elxan müəllimə həyat və yaradıcılığında uğurlar arzulayıram.