Şüurumun pıçıltısını eşidə bilmirəm - Yeni şeirlər

Şüurumun pıçıltısını eşidə bilmirəm   - Yeni şeirlər

04 Oktyabr 2022 15:18 399

YeniYaz.Az şair Fuad Novruzlunun şeirlərini təqdim edir.

Tənhalıq

Mən tənhalığam.
Üfüqlər boyu uzandım,
Ulduzlar qədər yüksəldim,
İblistək lənətləndim.

Mən tənhalığam.
Qoşa çinartək şaxələndim,
Dalğatək ləpələndim,
Qızıl qumtək səpələndim.

Mən tənhalığam.
Qovuldum, təhqir olundum,
Mərmər baş daşından yonuldum.
Daxili tufanlarımın vıyıltısından yoruldum.

Mən tənhalığam.
Qəlblərdə möhürləndim,
Saflığımla qürrələndim,
Qoca səyyahın saçlarına ələndim.

Mən tənhalığam.
Neçə-neçə işıqlı zehnləri müşaiyət etdim,
Neçə igidin ruhuna, canına tərəddüd saldım.
Neçə qaranlıq mətləblərdən agah oldum.
Mən tənhalığam.

Onun son tapşırığı

O, valideyn qayğısından məhrum,
Günahsızlığına rəğmən cənnətini itirmiş gələcək.
Kəskin, yeni nəfəsli gələcək.
Bu həyata xilaskar mələklərini itirib gələcək.
İnternat qardaş-bacıları ilə çığırışıb qara pişikləri qovacaq.
Onun pak ürəyi əvvəl tərbiyəçisinə, sonra komandirinə "Oldu!" deyə biləcək.
O, həyatdaki yeganə səmimi sevgisini peşəkar qətl maşını olaraq icra edəcək.
O, cavan yaşından dünyanın ədalətinə, zamanın qisasına və sevginin safına bələd olacaq.
O, düşmən mövqelərinə sızıb bədnam, çürük qəlblərini deşəcək, cıracaq, yandıracaq, dişi-dırnağı ilə ədalət və qisas anlayışlarını onlara isbat edəcək.
O, son tapşırığına, "Vətən sağ olsun!" deyəcək.
O, yetim qalmış millətin mənəvi kimliyini və milli fəxarətini özünə qaytaracaq.
O, heç vaxt ölməyəcək.

Vətən nəğməsi

Uşaqlığın şirin təxəyyülündən
Yenicə oyanıb
Gözlərini ovuşduran
Yeniyetmə xəyallar.
Firavan gələcək vəd edən
Səkkizguşəli ulduzlar.
Gənc şüurun
Hələ kəşf etmədiyi
Neçə-neçə dünyalar.
Davaya çağıran ellərin
Münaqişəli sərhədi.
Cərəyan edən
Siyasi hadisələrin
Qaranlıq kölgəsi.
Ana ürəyində ilişmiş xeyir-duanın
Qızmar qəlpəsi.
Zirehli əjdahaların
Burulğanlı, odlu nəfəsi.
Nigaran “xudahafiz”lərin
Uzun atəş məsafəsi.
Tədricən səngiyən nəbzin bəstələdiyi
Vətən nəğməsi.
Guruldayan təbliğat-təşviqatın
Bir dəqiqəlik sükut fasiləsi.

Salam, doktor

Salam, doktor,
Qaranlığıma xoş gəldin.
Sağ ol ki, məni tanıdın,
Özüm güzgüdəki kölgəmi tanıya bilmirəm.
Sağ ol ki, məni tək qoymadın,
Özüm qara-dinməz ruhumla dil tapa bilmirəm.

Salam, doktor,
Bilmirəm necə oldu ki,
Zehnimin çırağının nəbzi belə zəiflədi.
Bir addım sonramı görə bilmirəm.

Bilmirəm necə oldu ki,
Ağır sükut
Fikirlərimin səs-küyünü
Tamam zəbt elədi,
Daha şüurumun pıçıltısını eşidə bilmirəm.

Bilmirəm necə oldu ki,
Göz işlədikcə uzanan üfüqlər
Daraldı, qaraldı,
Daha köçkün ruhuma yer tapa bilmirəm.

Bilmirəm necə oldu ki,
Şüurumun ucsuz-bucaqsız kainatı
Bu qaranlıq zindanla əvəzləndi,
Yuxarı baxanda bir ulduz belə görə bilmirəm...