Vaqif Mustafayevin fərariliyi - Aqşin Yenisey yazır...

Vaqif Mustafayevin fərariliyi  - Aqşin Yenisey yazır...

30 Avqust 2023 09:36 173


Bir azərbaycanlının Qarabağ məsələsi üzərindən özünün beynəlmiləl, dünyəvi insan obrazını yaratma cəhdləri dərk olunmuş və əziyyət verən zehni tösmərəkliyin təzahürüdür.

Dünyaya ağlının, biliyinin, əsərinin gücü ilə çıxmaq üçün heç bir potensialının olmamasını dərk edən, amma iddialarına da yenilmək istəməyən yazıqantropumuz diqqət mərkəzinə gəlmək üçün özünü diqqət mərkəzində olana pərçimləyir.

Dünən rejissor Vaqif Mustafayevin yubiley gecəsinə və 44 günlük Qarabağ müharibəsindən çəkdiyi filmə baxası oldum. Mənə elə gəldi ki, Vaqif abi nəvəsinin yerinə film çəkib.

Nöşün ki, 44 gün davam edən və bu gün də şəhidləri gələn müharibəyə ironik (rejissorun öz təbirincə desək, tragikomik) yanaşmaq üçün Azərbaycanda ən azı iki nəsil dəyişməlidir. Müharibə tarixi kontekstdən çıxıb etik-estetik kontekstə daxil olmalıdır.

Özünün ölüm-dirim, ekzistensial məzmununu itirməlidir.

Troya müharibəsi haqqında müharibədən üç yüz il sonra əsər yazan Homer deyirdi ki, tanrılar ona görə xalqlar arasında müharibələr törədirlər ki, onların gələcək nəsillərinin oxumağa nəğmələri olsun. Müharibə haqqında nəğmə oxumağa (estetik yanaşmağa) yalnız gələcək nəsillərin haqqı və ixtiyarı var.

Ölkədə döyüş gedirsə, janrından və kimliyindən asılı olmayaraq sənət və sənətçinin nəğmə oxuması, yumşaq desəm, tarixi şüurdan fərarilikdir.

Yubiley gecəsinin özü isə bütün kültürəl görünüşü ilə Azərbaycan mədəniyyətində SSRİ-nin nəinki dağıldığının, əksinə, daha da çiçəkləndiyinin əyani sübutu idi.