Rejissorluq çox qəliz peşədir. Bir az kobud çıxsa da, səbəbini sadalayacam. Ona görə qəlizdir ki, istər film, istər veriliş, istərsə də tamaşa olsun hamısı rejissorun məhsuludur. Sadaladığım yaradıcı işlərin hamısının uğurlu olması üçün rejissorun zəhməti çox vacibdir. Təbii ki, istedadlı və talantlı rejissordan söhbət gedir.
Məsələn, film uğurlu olanda onu hansısa aktyorun adına yazırlar. Məsələn, filan aktyorun çəkildiyi film. Amma demirlər, filan rejissorun çəkdiyi film. Yaxud tamaşa və televiziya verilişi olsun. Nəticə dəyişmir... Çox vaxt yaradıcı iş uğursuz olanda deyirlər ki, filan rejissor zəif iş ortaya qoyub. Yəni, belə məlum olur ki, rejissorun işi zəif olanda özünün olur, uğurlu olanda “başqalarının”...
Sosial şəbəkələrin həyatımızı zəbt elədiyi dövrdə çox az adam var ki, televiziyaya baxır. Mən şəxsən belə adamlardanam. ən sevdiyim kanallardan biri də “Mədənniyyət” kanalıdır. Bu kanalda haçan çevirsəm orda mütləq mənim zövqümə oxşayan bir veriliş tapmaq olur. Danmaq olmaz ki, Azərbaycan Televiziyasının yetişdiriyi yaradıcı adamların “Mədəniyyət” kanalında zəhmətləri böyükdür. Belə şəxlərdən biri də Gülüstan Əkbərdir.
Gülüstan xanım haqqında yazmaq mənə həm asandır, həm də çətin. Ona görə asandır ki, onu yaxından tanıyıram. Adam tanıdığı biri haqqında yazı yazanda orda əhatəli məsələlərə toxuna bilir. Ona görə çətindir ki, yazını haradan başlayıb, harada bitirəcəyimi bilmirəm. Amma bir yerdən başlamalıyam...
Gülüstan xanım əslən şəkilidir. Bütün şəkililər kimi duzlu-məzəli, xoşxasiyyət və mehriban insandır. Onun insanpərvərliyi haqqında yalnız tanıdığı adamlar yaxşı bilər. Həyatda ehtiyacı olan bütün insanlara təmənnasız yaxşılıqlar edib. Mən şəsxən bilirəm ki, o, xeyli insanı işlə təmin etmək üçün addımlar atıb, xəstə olan insanları müalicə etmək üçün nə qədər zəhmmət çəkib. Hətta elə qadınlar olub ki, onlara öz evində yer verib, çarəsiz insanlara qucaq açıb. Onun insanlardan əlavə dilsiz-ağızsız heyvanlara etdikləri də bir başqa yazının mövzusudur. İtlərə və pişiklərə etdiyi qulluqlar yəqin ki, Yaradan tərəfindən xüsusi mükafatlandırılacaq məsələdir. Heyvanlarla bağlı sosial şəbəkələrdə olan səhifələrdə olan insanlar buna şahiddir. Bütün bunlar bir yana. Amma biz onun gözəl insanlığından çox, gözəl rejisor olmağından da danışmalıyıq. Çünki bəzən insanlar Gülüstan xanımın gözəl insan olduğunu bildiyi halda, gözəl rejissor olduğunun fərqinə varmırlar. Burada yəqin ki, özünün də günahı var. Çünki o, heç zaman üzdə olmayıb. Hər zaman gözəl verilişlər ərsəyə gətirdiyi halda, həmişə kənarda qalmağı üstün tutub. Təvəzökar davranışları onu kənarda saxlayıb. Amma Azərbaycan televiziyasında çalışan hər kəs onu yaxşı tanıyır...
Gülüstan xanın İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib. 1993-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışır. Düz 36 ildir. Bir insanın ömrü qədər... Müxtəlif şöbələrdə, müxtəlif redaksiyalarda (xüsusən “Xəbərlər” redaksiyasında, “Mədəniyyət tv-də) yorulmadan, sevərək, məsuliyyətli şəkildə çalışıb, can qoyub. Bir-birindən müxtəlif sənədli filmlər, verilişlər, konsertlər, xəbərlər çəkib. Onun televiziya fəaliyyəti haqqında yazmaq üçün həm gərək sənətşünas olasan, həm də bunlardan ibarət qalın bir kitab yazasan. Mən isə bu sahələrdən uzaq adamam. Sadəcə, onu tanıyan insan kimi ürək sözlərimi yazıya çevirmək istədim...
Sonda belə bir qənaətə gəldim... Gülüstan xanım bəlkə də ona görə rejissorluğu ilə insanların gözünə girməyib ki, yaxşı rejissor olmaq yeri gələndə asandır, düzdür heç bir peşə asan deyil. Amma zəhmətlə istənilən peşəyə sahib olmaq olar. Amma yaxşı insan olmaq çətindir, hətta çox çətindir. Ona görə də, Gülüstan xanım haqqında yazımın adını belə qoydum...