Ayaqlar təkcə incəsənət faktı deyilmiş - Yeni şeirlər

Ayaqlar təkcə incəsənət faktı deyilmiş   - Yeni şeirlər

13 May 2023 15:01 284


Mehman Qaraxanoğlunun şeirləri

PARADOKSLARIN SONU

Anla,
Biryolluq anla,
Yoxdu paradoks, yoxdu;
Stalin şeir yazırdı,
Hitler rəsm çəkirdi,
Mao Tszedun isə
Yeni Mədəniyyət Hərəkatına qoşulmuşdu...
Fərqi yox,
Filmdə,
Ya da həyatda
Sən meymunların budaqdan-budağa
Necə hoppandığını görmüsənmi?!
Bax, incəsənət haman meymun işidi!
Hitler hoppananrkən Motsarta,
Stalin Salyeriyə
Mao da nəyə desən, çevrilirdi...
...Yaşlarına uyğun olmayan bir cəldliklə
İndi gör bizim ədəbiyyat adamları necə hoppanırlar?!
Və...
Bizə də yalnız
Onları alqışlamaq,
Əl çalmaq qalır...

PROKRUSTUN QARDAŞLARI

Ədəbiyyat səninçün
Ata-babandan qalan mifik bir çarpayıdı -
Bütün rejimlərə uyğunlaşaraq
Açıb yığa bilirsən ayaqlarını...
Məzələn,
Aldat oxucuları, aldat.
De ki,
Mən Neptunun oğlu deyiləm,
De ki,
Prokrust mənim qardaşın deyil...

NİKOLAS VAN DER VAAYIN “BALERİNALARIN ÜSYANI” RƏSMİ ÜZƏRİNDƏN

Ayaqlar təkcə incəsənət faktı deyilmiş,
Ayaqlarını başından yuxarı qaldır, balerina!
Ayaqların – Böyük İmtinanın təsdiqidi.
Bizimkilərin başlarısa
Yalan mətnlər altda -
Ayaqlar altındadır, balerina...
Gərəkən zaman başlarını
Dığırlada-dığırlada,
Və ya
Sancıb ayaq barmaqlarının ucuna,
İrişə-irişə,
Gedirlər oxucularla görüşə...

YUNAN MİFLƏRİNİN PERSONAJLARI ÇAĞIMIZDA...

1.
Sən deyirsən:
Çox əski zamanlardan gəlmişəm,
Qələm yerinə
Əlimdə həmişə müqəddəs quş lələyi olub.
Arqonavtlar yürüşündə iştirak etmişəm.
Qədimlik,
Sədaqət,
Və ləyaqət rəmziyəm.
Biz sənə necə inanaq ki,
Əlində məkrlə tutduğun mis lələk olmayıb?
Qələm dostlarını yaralamamısan çiyinlərindən?!

2.
Ey uydurulmuş müqəddəs ədəbiyyat,
Ey afinalı xanım -
Ey Perebiya,
Sən xərac kimi göndərilmisən Minosa...
Biz indi necə etməliyik ki,
Minos -
Yəni ədəbiyyat tiranı,
Hörmətli avtoritet
Sənə aşiq olsun?!
Bu, Minosdan daha çox
Bizə -
Biz zavallılara lazımdır...
(Nizaminin Afaqını da unutmayın...)

3.
Ədəbiyyat,
Oğlu Pelopsu Tanrılara qurban verən
Və ətini onlara yedirdən Tantal qədər qəddardı...
Get,
Başını qorumaq üçün get,
Fırlan Yamanlar dağı ətrafında...
Özünçün mövzular uydur:
Sevgi,
Həsrət,
Cənub...
Şuşa... mövzularını.
Bax da...
Sənə deməyə nə hacət?
Burax öz nəbzini,
Tut zaman nəbzini;
“Köhnəlib” yuxarıdakı üç mövzu–
Qaranəfəs Şuşa haqda yazdığın primitiv şeirini
Bağır Cıdır düzündən!
Və Vətənçün “əriyən” vücudunu
Sox kameranın gözünə!
Sox!
Çünki illərdir
Öz “müqəddəs” vücudunu bununçün hazırlayırsan!
Sənin Tantaldan bir fərqin oldumu?!
Fəqət unutma:
Tanrılar həqiqət naminə
Pelopsu yenidən dirildəcəklər...

4.
Ədəbiyyat Poseydon kimi
Quş cildindədir, Meduza!
Sənə hər an təcavüz edə bilər...
Özü də mədəniyyət məbədində -
Afinada...

5.
İndi bax,
Sənin bakirəliyini məkrlə alıblar əlindən,
Şərəfin ləkələnib...
Əvəzində sənə baxan nə varsa,
Onları daşa çevirmək qüdrətin vardır, Meduza.
Gözlərini ver mənə,
Ver mənə, Meduza...
Üzümə “gülən” yalanları
Daşa çevirib,
Yalansız yaşamaq istəyirəm, Meduza,
Yalansız...

04-12 may 2023