Xordan qorxan peşəkarlar - Mətanət Vahid yazır...

Xordan qorxan peşəkarlar   - Mətanət Vahid yazır...

09 İyun 2025 11:09 44


Çağdaş ədəbiyyat estetik faktorlarla bazar iqtisadiyyatı mexanizmini özündə cəmləşdirir və beləliklə, son onilliklərin ədəbi inkişafının getdiyi cığır özünəməxsusluğu, fərqliliyi ilə bizi təəccübləndirir və bir az da qorxudur.

Nəticədə ədəbi tənqid öz mahiyyətindən uzaqlaşır: gerçək ədəbiyyat haqqında misqal-misqal yazılarkən, əksərən məhz saxtalar xorla təriflənir. Zəif əsərlər şedevr kimi təqdim olunarkən peşəkarlar mütəşəkkilliklə susur.

Çünki heç kim ağrımayan başına yaylıq bağlamaq, çoxluq içərisində “ağ qarğa” olmaq, oxları öz üzərinə çəkmək istəmir. Bu sahədə yenicə addım atan gənclərə daha yaşlı və təcrübəli əməkdaşları “Don Kixotluq zəmanəsi deyil” deyə, öyüd-nəsihət verir və yeni gələnlər də “qarışır yüz ilin ölüsünə.”

Səbəbini araşdırsaq, bəlkə də, heç kimi qınamayacağıq – sosial qayğılar, məişət problemləri, müxtəlif səbəblərdən ədəbiyyat adamlarının ədəbi vicdan anlayışını unutması, özlərinə, əqidələrinə xəyanət etməsi, çox vaxt bilərəkdən dəyərsizi “başda oturtması” və s. Belə olduğu halda, istisnalar da istisna olmaqdan usanır və çıxış yolunu susmaqda, geri çəkilməkdə görürlər.

Dünyaya başqa gözlə baxmağın, sözlə həyatın rəsmini çəkməyin bir “cəzası” var – amma kimsə ömürlük bu cəzaya məhkum olmaq istəmir və seçimlər dəyişir. “Ya sənət, ya şöhrət” seçimi qarşısında qalan yazar ikisini də birdən istəyir və oxucudan yazdıqlarının əvəzini gözləyir: diqqət, sevgi, hörmət, qayğı, maddi qazanc...

“Ədəbi avtoritet” olmanın yolu digər ədəbi avtoritet(lər)in təqdimatından keçir. Təbii ki, burada müəllifin əlaqələri, ictimai statusu əsas əhəmiyyətə malikdir. Oxucu nəyin yaxşı, nəyin pis olduğunu bilə bilmir. Ona bəh-bəhlə təqdim olunanı seçir və seçdiyi həm də zövqünə uyğun gəlirsə, sevir. Belə olan halda, oxucu zövqünü, əsasən, “kitab bazarı” formalaşdırmış olur.

Heç bir bədii əsər, ədəbi hadisə ədəbiyyatətrafı söz-söhbətlər qədər oxucu marağı doğurmur, diqqət çəkmir. Bu gün kütləvi oxucu üçün yazıçı statusu mətnin keyfiyyətindən daha artıq müəllifin yazar imici ilə bağlıdır. Kimsə dinini dəyişməsi, kimsə bir neçə dəfə ailə qurması, kimsə intiharı, kimsə havalanması ilə yadda qalır. Müəllifdən söz düşəndə oxucu onun əsərlərindən əvvəl bioqrafiyası ilə bağlı hər hansı maraqlı, diqqətçəkən nüansı xatırlayır.

Gündəmi istənilən yolla zəbt etməyi bacaran müəllif mətnin necəliyindən asılı olmayaraq, oxunaqlı yazara çevrilir. Bunun üçün klassikləri daşlamaqdan tutmuş, çağdaşları ilə savaş elan etməyə qədər hər cür vasitəni sınaqdan keçirənlər var.

Hətta klassik müəlliflər belə müasir oxucu üçün əsərlərindən daha çox şəxsi həyatının gizlinləri ilə daha maraqlıdır. Bu, günümüzün reallığı və tələbidir. Bu reallığı qəbul edib onun qaydaları ilə “oynayan” bu oyunda qalır, qəbul etməyən isə izləyici rolunu seçir...