Sevinc Elsevər
Şərif Ağayarın endirimli kitab yarmarkasında iki manata əldə elədiyim “Ağ göl” romanının həqiqətən qiymətli bir əsər olduğunu fərq edəndə endirimdən yararlandığıma əvvəl sevindim. Amma sonra kədərləndim...
Kədərləndim, ona görə ki, çox vaxt endirimdə olan kitablarımızı belə satıb oxutdura bilmirik. Yazıçının salfetka qiymətinə satılan kitabından özünün cibinə bəzən bir qəpik də girmir.
“Ağ göl” romanı deyərdim ki, dostumuz Şərifin bu günə qədər oxuduğum romanları içərisində ən yaxşısıdır. Yazıçının özünün dediyinə görə, romanı birnəfəsə, şeir kimi yazıb. Bunu kitabı oxuyanda da hiss etməmək mümkün deyil. Hətta “Arzulardan sonrakı şəhər” romanının üzərində işlədiyi vaxt romanın ideyası Şərifin ağlına gəlir, birinci kitabı məhz buna görə bitirməyə tələsir.
“Ağ göl” simvolik vətəndir, Adəmin itirməkdə olduğu cənnətidir. Gecələr ayın rənginə boyanan göl Pircahan qəsəbəsinin sakinlərinin hər şeyidir. Onların ümid təknəsi, yaşam mənbəyidir. Ancaq Pircahanlılar Ağ gölü itirmək təhlükəsiylə üz-üzə qalanda, Ağ gölün yolunda başını qoymağa razı olanlar olduğu kimi, onu satmağa hazır olanlar da tapılır.
Saleh Qəbzəliyev kimi adamlar Ağ gölü alman şirkətinə peşkəş çəkməyə hazır olduğu vaxt, Camal ata “itə ataram, yada satmaram” deyir və Pircahanı atəşə verir.
Oğlu Pirməmməd Ağ gölün sularında qərq olub. Camal ata oğlunun meyitini də olsa tapmaq arzusundadır. Yazıçının əzizləməsiylə desək, su üzlü Pirməmməd tapılmır ki tapılmır. Pirməmmədlə bağlı hissələri böyük kədərlə oxudum. Şərifin “Cəfər əmimin yolları” hekayəsinin təəssüratını aldım Pirməmmədlə bağlı əhvalatdan. Mənə elə gəlir, Şərif uşaqlıqda yaşadığı o itkininin ağrısıyla axtarırdı Pirməmmədi də Ağ gölün sularında.
Pirməmməd nə qədər ki tapılmır, qəbri açıq qalır. El arasında mövcud olan inanca görə, boş qəbir açıq saxlanılmaz, bədbəxtlik gətirər.
İtkinlər tapılmadıqca hüzur, rahatlıq, sevinc yoxdur.
Magik realizm formasında yazılan əsərdə hadisələr köhnə bir mifdə deyildiyi kimi inkişaf edir. Amma Camal atanın başına gələnlər yüz faiz özünü doğrultmur. Əfsanəyə görə Camal atanın oğlunun meyiti tapılmalıydı, tapılmır. Amma arvadı doğrudan da ona yenidən bir oğul doğur, özü də doğuş vaxtı ölür. Pircahanlılar nəticədə Camal atanın övliya olduğuna gah inanırlar, gah inanmırlar. Burda yazıçınln güclü sarkazmını görməmək mümkün deyil.
Bir adı da Hörümçək olan Camal ata təmənnasız şəkildə qonşularının, qəsəbə sakinlərinin hasarlarını hörür. Məşhur “Hörümçək adam” obrazının oxşarıdır Camal ata. Onun kimi fədakar, yeri gələndə cəsur, özünü oda-közə vuran. Hətta barmaqlarını bu yolda itirib. Camal atanın bəzən hətta məqsədsiz kimi görünən cəfakeşliyi axırda özünün karına gəlir. O, öz əliylə hördüyü hasara od vurub yandırır. Beləliklə, bütün əziyyətini hədər edir. Sanki bu işi əvvəldən bunun üçün görürmüş.
Əsərin sonunda hər şeydən bezən Camal ata diri-diri məzara uzanır.
“Ağ göl” romanı da Şərifin digər romanları, eləcə də hekayələri kimi birnəfəsə oxunur. Əsər ədəbi detallarla, gözəl cümlələrlə zəngindir. Baxmayaraq, tez-tez ağır səhnələr əlini saxlamağa, bir hovur nəfəs almağa vadar edir adamı. Çünki insanda belə xüsusiyyət var, nə həzzin, nə əzabın dozası artanda dözə bilir. Bəzən hekayətin elə məqamlarında elə dərindən ağrı hiss edirsən, kitabı əlindən qoyub ağrını həzm etməyə çalışırsan. “Ağrı keçsin, oxuyaram”- düşüncəsiylə. Hətta bəlkə bu ağrı özünün də xoşuna gəlir. Axı hər adamda mazoxizm əlamətləri də var. Yoxsa, bilə-bilə ki, filan əsər ağrılıdır, filan film qorxuludur, niyə oxuyaq, niyə baxaq ki? Görünür, insanın həzzə ehtiyacı olduğu qədər ağrı ehtiyacı da var. Ən azından “katarsis” (“təmizlənmə”) üçün. Şair necə sual etmişdi:- “Gözdən yaş çıxarmı, ürək yanmasa?!”.
Bəli, ürəyin yanmağına, gözdən yaş çıxmağına ehtiyacı var hər insanın. Şərifin hekayələrində, romanlarında həmin yanğını tapmaq olur.
Əsərin sonunda oxucu başa düşür ki, əslində əsərdəki əhvalatları danışan Camal atanın göldə batmış oğlunun ruhudur. Oxucu çaşıb qalır.
Camal ata oğlunu qurban verib. Müəllif burda bəlkə də yüzlərlə şəhid atasını nəzərdə tutub. Bəlkə tutmayıb. Amma əsəri oxuyanda, onun ağır itkisi ilə sarsılan valideynlərini düşünəndə övlad itkisi ilə yanıb-qovrulan o insanların ağrısını-acısını da xatırlamaya bilmirsən.
Camal atanın bir başqa xüsusiyyəti də təbiəti dərin həssaslıqla duymağı, təbiətlə iç-içə, onu hiss edərək, duyaraq yaşamağıdır.
Roman kiçik həcmdə olsa da, özündə böyük mətləbləri daşıyır.
Əsər sirrlə doludur. Mamır basmış qəbir daşlarına həkk olmuş yazı, hörümçək ləqəbli Camal atanın barmağını ilanın çalmağı, ilan çalan yeri baltayla kəsməyi...
Gizli işarələrlə zəngin əsərin haqqında çox danışıb əsərin sehrini pozmaq istəmirəm, oxuculara şad xəbər vermək istəyirəm. Şiddətlə tövsiyyə elədiyim “Ağ göl” ün müəllifindən yeni kitab gəlir. Bu günlərdə Libraf Kitab Mağazasında təqdimatı anşlaqla keçən “Rəng mühəndisi” roman da bildiyimə görə, magik realist əsərdir, müəllifinin beş illik zəhmətinin bəhrəsidir. Əsərin annotasiyası ilə tanışam, şifahi xəbərim var və böyük səbrsizliklə alıb oxuyacam. İnanıram ki, dostumuz Şərif Ağayar bu dəfə də oxucularını heyrətləndirməyi, düşündürməyi və güldürməyi bacarıb.