Çıxıb gedəcəyəm səhər o başdan - Yeni şeirlər

Çıxıb gedəcəyəm səhər o başdan   - Yeni şeirlər

21 May 2024 12:27 225


Cavanşir
Quba rayonu

Allah da qoşulub bizə ağlayır

Günlərim boz, bəyaz, qara, ağ, sarı
Çəkirdim qurtara qəm-qubarları
Dərdimizdən keçir Allahın yolu
Allah da qoşulub bizə ağlayır

Qarışıb, bulaşıb son günahlara
Qoşulub gedirəm qopan ahlara
Allahmı batacaq bu allahlara
Allah da qoşulub bizə ağlayır

Fikrimin, duyğumun bu da son qatı
Bilinmir dünyanın doğru düz dadı
Göm-göy əllərini üzünə tutub
Allah da qoşulub bizə ağlayır

Xoş gəlir saçımı tutub yolduğum
Bildim yaşamağın günah olduğun
Ağlayır unudub Allah olduğun
Allah da qoşulub bizə ağlayır...

Bu gecə tanrıya şeir oxuyurdum

Bu gecə tanrıya şeir oxuyurdum
Dayanıb baxırdım üzü tanrıya
Susub dayanmışdı elə, bilmirdim –
Xoş gəlir, gəlməyir sözüm tanrıya

Dedim, birdən dönər ayrı şey olar
Hamı tək mənim də sonum ölümmüş !
Kül olub qurtuldum dərddən, zülümdən
Sovrulan bu sənə sarı küllümmüş...

Bu dünya hər kəsi kefdə azdırır
Hər kəsi yoluna qaytarır ölüm
Qalmışam heç nədə aza bilmirəm
Heç nədə mən aza bilmirəm neçün . .

Mənim göz yaşlarım ağlamaq deyil

Dəryanı , havanı , yeri yandırır
Hara düşdü diri, ölü yandırır
Tozları, tüstünü, külü yandırır
Mənim göz yaşlarım ağlamaq deyil

Tükənib bitirəm bu gün, bu sabah
Dözmədim namusu arı atdım ah!
Bu qədər Allaha neylər bir Allah
Mənim göz yaşlarım ağlamaq deyil

Hər kəsi bir cür gətirir dilə
Yozulur taleyim, günüm yüz yerə
Vətəndən savayı hər şeyəm elə
Mənim göz yaşlarım ağlamaq deyil

Ağlamağı günah, gülməyi günah
Torpağı gedən də yaşayırmış ah!
Susur cavabımı veribdi Allah
Mənim göz yaşlarım ağlamaq deyil...

***

Məni güldürəcək yönü varmı yox?
Dünyanın başqa bir donu varmı yox?
Uzanır axırı, sonu varmı yox?
Çıxıb gedəcəyəm səhər o başdan

O gözəl gözləri görüb qurtarıb
Gözlərim sevinci gülüb qurtarıb
Nə vardı başıma gəlib qurtarıb
Çıxıb gedəcəyəm səhər o başdan

Daha bu yollarda hey qalmayıb ki,
Zirvəyə çatmağa səy qalmayıb ki,
Dünyanı düşünüb qurtarıbdılar
Bizə düşünməyə pay qalmayıb ki,
Çıxıb gedəcəyəm səhər o başdan

Çiçəklər təravət, ətir vəd etmir
Ömür başqa duyğu , fikir vəd etmir
Dünya qəribəlik , sehr vəd etmir
Çıxıb gedəcəyəm səhər o başdan

Nənəmin ömürdə yaşı qurtarıb
Nəvə əzizləmək işi qurtarıb
Nadanlar, nankorlar başına salmağa
Fələyin göylərdə daşı qurtarıb
Çıxıb gedəcəyəm səhər o başdan...

***

Elə darıxdırıb bu ömür onu
Uça-uça gedir ölümə yarpaq
Bu nəmli yağışlar, bu tutqun səma
Hissimə, duyğuma toxunmayacaq

Yaşanıb qurtardı bu da son həvəs
Nəyi yaşayacaq ömürüm sabah
Nə gülə bilirəm, nə də ağlaya
İndi bu dünyada mən nəyəm, Allah!

Mavi sevincində rahat deyil göy
Toran sabahından ətraf nigaran
Ötməyə çalışıb yarpaq yarpağı
Ölümə atılır bir-bir bayaqdan

Ölmədi budaüdan qopduğu anda
Yaşadı ömrümdə bir az da yarpaü
Dünyada dolaşıb gəzən bir heçəm
Bu payız dərdimdən qubarlanacaq...

***

Ağacdələn döy qapımı ...
Məmməd İsmayil

“Gələn var” söyləmir cırıltı dili
Susub lal dayanöb bağlı darvaza
Xəbərsiz övladlar qeyrətindən o
Yol gözlər itirib ağlın darvaza

Nə vaxtdır eləcə durub qalmısan
Yoxdur dindirənin qərib dərbəçə
Qonağa, qapıya baxıb hürərdi
Bu it boşluqlara hürər hər gecə

Həyətin bu ölü səssizliyində
Çiçəklər bir ağı başlar gizlicə
Elə yorğun-arğın görünür bulud,
Yerə səriləcək sanki indicə

Burda tənhalıqdan çıxa bilməyir
Qapıya zillənib tək tutun gözü
Buradan getməyə gücü çatmayıb
Qapının ağzında son addım izi

Başını səmanın qoyub köksünə
Həsrətdən sızlayar, kövrələr çinar
Bu yel uzaq-uzaq ellərdən gəlib
Bu evə, həyətə çatıb ağlayar...

Dəymir yaşamağa, Məmməd İsmayıl

Hələ yaşamağa deyər bir az da
Məmməd İsmayıl

Nə edim duadan, zikrdən özgə
Allah nə verəcək səbirdən özgə
Bir rahat yer yoxdur qəbirdən özgə
Dəymir yaşamağa, Məmməd İsmayıl

Ağla qızım, anam, ağla bacım oy!
Ağla gözəlləşir çölüm, işim oy!
Ölüm başqalaşıb mənim üçün oy!
Dəymir yaşamağa, Məmməd İsmayıl

Bu yurddan başlanır zülümün başı
Zülümsüz qalanda bu millət çaşır
Qurtulub, dirçəlib, mayallaq aşır
Dəymir yaşamağa, Məmməd İsmayıl

Ağladım düzəlmir, güldüm düzəlmir
Yaşadım düzəlmir, öldüm düzəlmir
Bu millət nə üçün bildim düzəlmir
Dəymir yaşamağa, Məmməd İsmayıl...

Tənhayam bu tutqun payız axşamı

Ən gözəl seir də düşdü gözümdən
Ən xoş səfaya da salmadım tamah
Tənhayam bu tutqun payız axşamı
Etmədiyim fəna, etdiyim günah

Qara geyinməyə tələsirdi vaxt
Yerə dalğın-dalğın baxırdı göylər
Nəzərim boyunca uzanıb gedib
Gedib bu dünyadan çıxırdı göylər

Arzumun hər yerdən üzülmüş əli
Uçar eşitməzlər durnalar məni
Səni burayacan gətirdim arzum
Buradan o yana sən apar məni

Burda olum ölüm dumanlığında
Getdiyim qarşıda taleyim aydın
Sonuncu arzuma yetişəcəyəm
Atsam irəliyə daha bir addım...

Bu yol bu dünyanın ən uzun yolu
Yorğun gedişimin dadı yadımda
Həsrətdən savayı heç nə görmədim
Həsrətin sönməyən odu yadımda

Ölümdən o yana başlana ömrüm
Burada qurtarır başladığım iş
Dayaz göl yanında , lal çay yanında
Dərinlik dənizə, ümmana dərdmiş...