Daha çox kişi əlləridir avqust - Qəndabdan yeni şeirlər

Daha çox kişi əlləridir avqust  - Qəndabdan yeni şeirlər

21 Sentyabr 2022 09:33 314


Qəndab Əliyeva



Bir gün gizli pıçıltıyla
Qabığı soyulan qovaq ağacının
Hündürlüyündən üşənib
Titrəyən çiyinlərini
Hələ çırtdamamış səhərin
Ayazlı üzünə söykəyib
Dualar pıçıldamış
Əllərinin abdəsti
Palçıq suvanmış divarların lallığı
Qaranlığı qoynunda gizləyən sübhün
Ala-toranında
Tanrının boyuna çatan boylarıyla
Qovaq ağacına çevrilmişdi
Tanrını sevməyim
Qovaq ağacını sevə bilməyimmiş.


***

Səsin
Yarımçıq cümlənin
Kəsik ahəngiylə davam etmək istədiyi
Tamlığı,
Əslində yarımçıq cümlə
Bütöv cümləymiş
Bu gün Şənbə
Hava günəşli,
Yağmursuz olacaq.
İstəsən qısaqol,
Nazik yay donunu geyin,
Həyata qarış.
Səsini götür apar kafenin bir küncünə.
Pürrəngi çay sifariş ver
Zoğal mürəbbəsi
Dördkünc masanın
Plastmas qıraqlarından
Sallanan pintiliyə
Gözucu qımışıb
İsti iyun günlərinin
Asfalt üzərində buraxdığı
Bürkünün damarlarına
Dolduğunu hiss edirsən
Gözləmə zalındakı
Dilsiz adamların
Ölü səssizliyi
Səsinin vəhşi xilasolmaları
Qıcolmalar başlayır sonra
Sonra sonra dərin boşluq
Özünəqətlin təlqini
Güzgü qarşısında vacib prosedur
Geyinib səsini əyninə
Hamarlayırsan qırışlarını
Xilasolma çabalarını
Bağrına basırsan.
İkicə kəlmə pıçıldayırsan:
Sən azadsan!


***

Orda tək-tənha duran
Heykələ and olsun ki,
Yuxu qədər məsumam
Yuxu qədər günahsız...
İntizar havasında biləklərim
Saçlarım hazırlaşır yuxuya dalmağa
Qərib dağ başındakı ağacın
Quru budaqları tək
Qollarım yuxuya təslim.


***

Daha çox kişi əlləridir avqust
Saralmış zəmilərin
Üzərini cəhcəhlərilə
Dolduran quşların
Üfüqi uçmasıdır.
Kobud, qaba əkinçidir
Günəşin tarlalara enib
Sünbüllərlə oynaması
Bürkülü üfüqün
Alovdan alışıb-yanmasıdır.
Kürən, dəli,
Qızmar kürə körükdədir.
Daha çox kişi əlləridir avqust.