Daha dönüb gedirəm, buracanmış bizimki - Yeni şeirlər

Daha dönüb gedirəm, buracanmış bizimki   - Yeni şeirlər

06 Yanvar 2024 15:08 349


Anar Əli Eldaroğlu

Mən orda olmayacam

Mən öləndə ağlama düyün vurub qaşlarına,
Onsuz da əcəl baxmır kimsənin göz yaşlarına.
O nə sevən anadır, nə şəfqətli bir dayə,
Fəqət can almaqdır onun işində tək qayə.
Dirilən ki deyiləm hər nə qədər nalə də et,
Bu səbəbdən səbir et, hüzurlu bir hala ta yet.
Tərk etdi cismimi canım ilə həm son nəfəsim,
Daha geri dönməyə də, əzizim, yox həvəsim.
Dünya məndən doymamışdan dünyadan doydum,
Ağlama ki, üzümü soyuq torpağa qoydum.
Get öz gününə ağla, həm özünə gün ağla,
Bağışla ki, başqa söz gəlmədi indi ağıla.
Çünki hələ yaşayırsan, həyatda sən varsan,
Davam edir yolçuluğun, piyada-süvarsan.
Zəhmət çəkib məzarım üstünə də gəlmə sən heç,
Rahat həyatını sür, bu boş-puç işdən vaz keç:
Mən orda olmayacam – məzarlıqda torpaq altda,
Mən Allahın yanındayam ən uca, ulu qatda.

Yuxu

Gecə düşüb, yuxu qovur yatağa,
Röyaların gözlədiyi otağa.
Girib ağuşuna yorğan-döşəyin,
Sirli yuxu aləminə düşəyin.
Sönsün hisslərimiz, duyğularımız,
İtsin dərdlərimiz, qayğılarımız.
Qəlbimizlə beynimiz də dincəlsin,
Sabahadək hər ikisi güncəlsin.
Bir gecəlik bu dünyanı tərk edək
Ki, qayıdıb yerimizi bərk edək.
Səhər durub davam edək həyata,
Həm həqiqət, həm də cəfəngiyata.
Xoş niyyətə dünyamızı bürüyək,
Arzuların arxasınca yürüyək.
Ömrümüzlə bəzək vuraq, rəng qataq,
Bu məramla gecələr rahat yataq.
Və hər dəfə döndükcə biz həyata,
Qoy deməyə, kaş bu, əbədi yata.

Yol

Avtobusda gözləri yol çəkən bir xanım gördüm...

Gözlərin yol çəkir gözündən hara?
Getmək istəyirsən özündən hara?
Bəlkə gələn vardır uzaqdan sənə,
Bəlkə də çıxıb o, sözündən hara.

Gözlərin yol çəkir, de, nə yoldu o?
Yaş olub, gözünə yenə doldu o.
Kədərdən döşənib xəyallarına,
Gəlib bənizində tamam soldu o.

Gözlərin yol çəkir, ümidlə çəksin,
Arzuya ümidlə çatılır şəksiz.
Ömür yollarında hər arzuna çat,
Gözünün yolları olsun gərəksiz.

Geri dön

"Geri dönmə" mahnısını dinlədikdənn sonra...

Vidalaşıb gedirsən,
Son dəfə dur, geri dön.
Düşün, düzmü edirsən,
Var dönüşün yeri, dön.

Son dəfə gəl baxışaq,
Daşa dönmüş ürəklə.
Nə vaxtsa yanan qoşa,
Daha sönmüş ürəklə.

Bəlkə də, bir köz qalıb,
İşartısı sönməmiş.
Bəlkə də, son söz qalıb,
Deyilməyən dönməmiş.

Geri dön qürurundan
Sevginin ağuşuna;
Könlündə qürubundan
Yenidən doğuşuna.

Geri dön, inad etmə,
Fürsətlərin dolmamış.
Mən gəlim, sən də getmə, -
Sanki heç nə olmamış.


Oxu


Təzə kitab yazmışam,
Kitabımı al, oxu.
Nə var, nə yox gör orda,
Hər sətrinə dal, oxu.
Lap xoşuna gələrsə,
Gecə oyaq qal, oxu.
Qəlbin feyzə büründü,
Bəlkə, aldın hal oxu;
Qonaraq çiçəklərə
Yığdın hər dad bal, oxu.
Orda sevən ürəyim,
Ona nəzər sal, oxu.
Orda elə sevgi var,
Yox ona misal, oxu.
Oxu, elə oxu ki,
Yetişsin vüsal, oxu!

Səninlə

Daha dönüb gedirəm, buracanmış bizimki.
Mən özümdən küsürəm, səndən niyə küsüm ki?
Minnətdaram həm sənə elə özünə görə,
İpək saç, ay camalın, qara gözünə görə.
Əlindən hər gələni etdin, buna sözüm yox.
Amma mən aciz oldum, danışmağa üzüm yox.
Ürəyimdə olanı baxışlarla söylədim,
Sən məndən söz gözlədin, mən isə gör neylədim.
Çəkdiyim əzablar da çox əfsus ki, hədərmiş,
Sənə doğru yolum da elə bura qədərmiş.
Taleyimə yazılmış ən doğmam oldun mənim,
Mən kim oldum səninçün, heyif, bunu bilmədim.
Artıq zaman yetişdi, daha güzəşt etməyir,
Gedən ayaqlarımdır, ürəyimsə getməyir.
Səndən uzaqlaşıram varlığımda səninlə -
Yoxluğum da səninlə, varlığım da səninlə.

Sən varsan

Yenə qaşqabaqlısan, üzündə də "zəhrimar",
Sərt baxışlarının da ruhu saran zəhmi var.
İnan, yaraşdırmıram bunu gözəl çöhrənə,
Deyim, şikayətçidir bundan mənə çöhrən, hə!
Yoxdur o təbəssümün - hüsnündə hər gördüyüm,
Onunla səni təzə, həmişə tər gördüyüm.
Günəştək parladığın, ay kimi nur saçdığın,
Baharın ilk çağında qönçələnib açdığın...
Bilmirəm qəlbindəki bu qəzəbin nədənin,
Bəlkə elə yalandır, - bu, dilidir bədənin.
Yoxsa bir günahım var, mənə cəza verirsən,
Çəkdiyim əzab üstdən yenə əzab verirsən.
Yox, belə etmə, gülüm, məni başqa cür sına,
Günahımı de, bilim, varsa, tənbeh et, qına.
Amma gülər üzündən məhrum etmə heç məni,
Nə yanlışım olubsa, günahımdan keç mənim.
Qaytar təbəssümünü gözlərinə, çöhrənə,
Düşüm yenə mən onun ecazına, sehrinə.
Könlüm hey fərəhlənsin, gördükcə ay simanı,
Ruhum uçub dolansın sevincdən asimanı.
Yenə min bir həvəslə qənşərinə mən çıxım,
Gülər üzlə görməyə sevincimlə şən çıxım.
Bağışla, belə oldu bir diqqətsiz səhvimdən,
Məndən inciməyin də mənə betər məhvimdən.
Umuram, öz xətrinə məni bağışlayarsan,
Çünki axı, əzizim, axı məndə sən varsan.