Enn Karsın daha çox minimalist şeirlər yazır. Kanada kimi geniş, ucsuz-bucaqsız coğrafiyada bu tipli deyimlər icad etmək təbiidir. Qar yağdıqca o ərazi gözlə görüləsi deyil; uzanır, böyüyür və gözdən “itir” (ağarır – !), ona görə, o sonusluqdan “qurtulmağın” yolu minimalist şeirlər yazmaqdır. Bir şeirində elə belə deyir:
Yaz buralarada qəfil bıçaq kimi açılır...
Bu, möhtəşəm duyğudur...
Enn Karsın bütün ömrü boyu ciddi klassikanı təırcümə edib. Klassikanı tərcümə həım də şərh deməkdir, klassikaya ciddi münasibət deməkdir. Bu halda iki yolun qalır: ya bədii mətn yazmağı tərgitməli, ya da səndən gözləniləni yazmalısan.
Enn Karsın nəhəng ədəbiyyat adamıdır.
Onu oxuduqca düşünür və... yenə düşünürsən.
Daşın içindəki səs
Bir daşı ovcumda tutdum
Sıxdım onu, sıxdım ovcumda
Gücüm çatınca... uzun-uzun
Susdu, susdu,
Ancaq ağırlığını bildirdi
İnandım ki,
İçində batıq bir səs var,
Çünki səssizlik qapımı döymüşdü
Daşı əlimdən buraxdım
Off, torpaq sən demə onu
məndən daha yaxşı duyurmuş,
Mənsə ovcumdakı boşluğa baxıb
bir başlanğıc sandım onu...
Kiçik bir xəritənin küncündə
Şəhərin adı silinmişdi xəritədən
Amma yollar bir-birini tanıyırdı hələ.
Bir qapı qapandığında
Uzaq bir dənizi düşündü.
Mən sənə çatmaq
Sənin olmaq üçün deyil
Məsafəni anlamaq üçün yürüdüm.
Ayaqqabılarıma qonmuş toz
Keçmişin kiçik və səbirli sübutuydu.
***
Gecə masamın üzərinə əyildi,
Cavab əvəzinə kölgələri çoxaltdı.
Bir finacanın içindəki soyuqluq
Unutmanın ilk şəkliydi.
Sənə sormağımı pəncərəyə yolladım
Səhər açılanda sual hələ ordaydı.
Amma... otaq dəyişmişdi...
Şüşə esse
Yuxumun içində xırda tıqqıltılar eşidirəm aydınca
Vaxt damcılayır
Keçmişə doğru...
Axıb tpökülür
Səhər saat 4-də oyanıram.
Sentyabrda
atıb gedən adamı düşünürəm...
Law idi onun adı
Hamam güzgüsündə əksimin üstündən
ağ zolaqlar keçir.
Üzümü yuyub yenidən yatağa qayıdıram.
Sabah anamı ziyarət etməyə gedəcəm...
O
Şimalda bir bataqlıq ərazidə yaşayır.
Təkbaşına, təkcənə...
Orada yaz bir bıçaq kimi açılır.
Bütün günü qatarlarla yol gedirəm və çoxlu kitab gətirirəm —
anam üçün, özüm üçün,
Hə, baxın, Emily Brontënin Bütün Əsərləri.
Ən sevdiyim müəllifdir Emily.
Həm də rastlaşmaqniyyətində olduğum əsas qorxum.
Hər dəfə anamı ziyarət edəndə
özümü Emily Bronteyə çevrilirmiş kimi hiss edirəm,
tənha həyatım yan-yörəsində bir bataqlıq ərazisi kimi,
yöndəmsiz bədənim palçıqlı düzənliklər üzərində
kələ-kötür addımlarla irəliləyir, üzümə çevrilmənin ifadəsi qonur,
amma mətbəxin qapısından içəri girəndə bu ifadə yox olur.
Emily, bizə hansı ət lazımdır?
Tufan fırtınası
Bir quş qəfil şimşək kimi ötüb keçdi, sanki yanılmışdı,
sonra yenidən qanad çaldı
Biz bəzən həyatın sürəti haqqında düşünmürük.
Niyə İezavelaya nifrət edirik, bunu da
düşünmürük. Düşünürük ki, evin damına ağacları
dayanmadan, şiddətlə çırpan
kimdir belə? İezavela finikiyalı idi.
Finikiya tufanları quru və
qorxuludur, biri digərinin içindən
burulmuş ellipslər şəklində keçir(1).
Bahar şəhəri
“Bahar həmişə əvvəlki kimi olur”,
– deyə ixtiyar bir çinli kişi söylədi.
Yağış pəncərələrə fışıltı ilə çırpılırdı.
Uzaq-uzaq yerlərdən axıb gələn həsrətlər
Bizə çatıb nəfəs dərdi...
Pəncərə şüşələrindən süzülüb getdi...
Bruklində otaq
Bu
ləng
gün
otaq boyunca
irəliləyir.
Mən
onun
oxlarının
fırlanmasını
eşidirəm.
Tavana
tədricən
çökən bir parıltı
mənə o
coşqulu,
mavi-sarı
hissi
bəxş edir.
Saatlar
Ötüb keçdikcə
geniş bir yol ilə
aşağı,
mənim günortamın
içinə şırrannan axır...
Tərcümə və təqdimat : Cavanşir Yusifli