Divana döşəli Budda - Fəxri Uğurlu

Divana döşəli Budda   - Fəxri Uğurlu

09 Martt 2023 15:35 361


İvan Aleksandroviç Qonçarovun “Oblomov” romanı haqqında

Gözdən-könüldən uzaq əyalət kəndi. İdillik məkan. Bu kənddə vaxt irəliləmir, zaman öz oxu ətrafında fırlanır. Bu kəndin insanı zəhmiylə əzən uca dağları, sərt qayaları yoxdur, əvəzində yazda yaşıl çəmənlə, qışda qarla örtülən alçaq, həlim təpələri var. Bu yerlərin cəhənnəm xofuyla dolu ucsuz-bucaqsız okeanları, dənizləri, vahiməli meşələri, meşəsində aslanları, ayıları, qurdları yoxdur. Burada göy də yerə başqa yerlərdə olduğundan daha yaxındır. Yaz da, qış da buralara vaxtında gəlir, buraların yazı tufansız, qışı çovğunsuz ötüşür. Burada insanlar yarıyuxulu ömür sürürlər, təbiətlə iç-içə, həmahəng, həm süst, həm də arxayın yaşayırlar. Onları alovlu ehtiraslar dingildətmir, qəhrəmanlıq, fədakarlıq arzusu həyəcanlandırmır. Həyat onların yanından sakit bir çay kimi axır, onlarsa bu çayın qırağında durub suyun-selin axışını təmkinlə seyr eləyirlər. Bu kənddə oğru, qatil, talançı yoxdur. Bura dinclik, sakitlik, rahatlıq məbədidir. Burada adamlar heç kəslə heç nəyin davasını çəkmirlər, bərəkətli torpağın verdiyi nemətlərdən yeyib-içib şirin yuxuya dalırlar. Onlar torpağı əkib-becərsələr də, gərgin, ağır əməyə Allahın cəzası kimi baxırlar. Bu kənddə uzun illər boyunca ölüm-itim də baş vermir, ölən də lap qocalıb əldən düşəndən, əriyib-itəndən sonra ölür, dinməzcə yoxa çıxır. Bu kəndin sakinləri bilirlər ki, haradasa uzaqlarda Moskva, Peterburq adlı böyük şəhərlər, onlardan da o yanda fransızların, almanların yaşadığı əcaib ölkələr var, ancaq onlar şəhərə dartınmırlar, əbədi sakini olduqları cənnətdən çıxmaq istəmirlər…

Peterburqun mərkəzi küçələrindən birində kirayələdiyi mənzildəki divanın üstündə yatan İlya İliç Oblomov uşaqlığının panteistik cənnətini yuxuda görür. Onun yuxusu dünya ədəbiyyatının ən parlaq səhifələrindən biridir.

***

On iki ildən bəri Peterburqda yaşayan Oblomov cənnətdən qovulmuş Adəm kimi nə əyyamdır öz kəndinə – dədə-baba mülkünə qayıda bilmir. Oblomovka adıyla tanınan bir neçə para kənddə onun atasından qalma üç yüz əlli təhkimli kəndlisi var. Şəhərdə o, çox yaxşı təhsil alıb, həvəssiz də olsa, bir müddət dövlət qulluğunda çalışıb, işində kobud səhvə yol verəndən sonra xəstəlik bəhanəsiylə qulluqdan uzaqlaşıb, kənddəki mülkündən gələn gəlirlə təvazökar dolanmağa alışıb. Artıq onun otuz üç yaşı var, yeyib-yatmaqdan, hərəkətsizlikdən xeyli kökəlib, demək olar, bütün gününü divanın üstündə, yataqda keçirir.

Piterdəki mənzilində o özünə Oblomovkadakına bənzər qapalı məkan yaradıb. Onun yaşadığı ev – evdən də çox Diogenin çəlləyinə bənzəyir. Eşikdə qaynayan həyat, işıqlı dünya çirkli pəncərələrdən, qalın pərdələrdən keçib onun kahasına yol tapa bilmir. Evi yüzillik toz basıb, hər künc-bucaqda hörümçək tor qurub. Burada divar saatından başqa vaxtın keçdiyini göstərən heç bir əlamət yoxdur. Oblomovu qıraq aləmə bağlayan arada dükan-bazara getməyə məcbur qalan nökəri Zaxar, bir də onu ziyarətə gələn köhnə tanışlarıdır.

Ziyarətinə təşrif buyuranlara Oblomov soyuqdan gəldiklərinə görə əl vermir, üşüyüb azarlamaqdan qorxur. Əlbəttə, bu məqam rəmzi məna daşıyır, Oblomov yaxşı tanıdığı soyuq, amansız, qəddar Peterburq mühitiylə təmasa girməkdən çəkinir. Gün ərzində tanışları bir-bir ona dəyirlər, cürbəcür məsələləri onun parlaq zəkasının işığına tuturlar. Oblomov mənəvi dəyər verməkdə ustadır, bu məsələdə onu yanıltmaq, aldatmaq mümkün deyil. Adamlar onun timsalında həqiqətin, səmimiyyətin ziyarətinə gəlirlər, Günəş kimi tərpənməz olan Oblomov yatağından qalxmadan öz başına planetlər, peyklər toplayır.

O, Peterburq həyatının qaçhaqaçına, qovhaqovuna, puç, mənasız, yalançı dəyərlərinə, faydasız, səmərəsiz əziyyətinə mərhəmət qarışıq heyrətlə baxır: axı bütün bunlar nəyə gərəkdir? Yoldaşları onu divandan qaldırıb şəhər kənarındakı ənənəvi may gəzintisinə aparmağa çalışırlar, onu kübar cəmiyyətə qaynayıb-qarışmağa çağırırlar. Fəqət Oblomov həyata seyrçi mövqedən baxmağı üstün tutur: axı ömrü poçt atı kimi qovmağın nə mənası var?..

***

Nökəri Zaxar da ağası kimi tənbəldir, təmizlikdə əli yoxdur, qab-qacağı tez-tez salıb sındırır. O da düşünür ki, əmək – cənnətdən qovulmuş bəşərə Allahın cəzasıdır. Nə qədər deyingən olsa da, Zaxar Oblomova kölə sədaqətiylə bağlıdır, özündən iyirmi neçə yaş kiçik ağasını ta uşaqlıqdan qucağında böyüdüb, bacardığı qədər onun nazını çəkib. İlya İliçin məişətdə əli yoxdur, onun məişətdəki əli elə həmin Zaxardır, fəqət o da şikəst əldir. Nökəri ona ev yiyəsinin tələbini çatdıranda Oblomov dəhşətə gəlir: necə yəni evi boşaltmaq, adam da səkkiz il yaşadığı evdən çıxıb başqa yerə köçərmi?!

Bir yandan da kənddən bəd xəbər gəlir, iş icraçısı mənhus məktubunda quraqlıq üzündən qıtlıq yarandığını, gəlirin əvvəlki ilə nisbətən xeyli az olacağını bildirir. Oblomov gün ərzində nə qədər qıcansa da, ona cavab yazmağa özündə güc-qüdrət tapmır. Halbuki bir zaman o, kəndə qayıdıb orada islahat aparmağı, öz cənnətində əbədi məskunlaşmağı arzulayırdı. Ancaq daha iş-işdən keçib, Oblomov real həyatdan get-gedə bir az da uzaqlaşır, onun divandan düşə biləcəyinə ümid qalmayıb. Eşikdə qaynayan dünya daha onu heç nəylə cəlb eləmir, İlya İliç nə müddətdir qəzet-jurnal da oxumur, gündəlik həyatın puç, ötəri qayğıları, kübar cəmiyyətin miskin əyləncələri onu maraqlandırmır.

Uşaqlıq dostu Andrey Ştolts məhz belə bir ümidsiz, çarəsiz məqamda özünü ona yetirir. Dostlar bir zaman Andreyin atası İvan Ştoltsdan dərs alıblar, Andrey ev tapşırıqlarını yerinə yetirməkdə çətinlik çəkən İlyaya həmişə kömək göstərib.

Atası alman, anası rus olan Ştolts Oblomovun antipodu, hər mənada onun tərsidir. Dahi psixoloq, analitik psixologiya məktəbinin banisi Karl Yunqun təbirincə desək, Oblomov – introvert, Ştolts – ekstravert tipdir. Anası kimi pravoslav məzhəbinə mənsub olsa da, rusca dil açsa da, Andrey xaraktercə tam bir almandır. Müəllif onun qazancının mənbəyini oxucudan gizlətməyə çalışır, bununla belə məlumdur ki, Ştolts işgüzar adamdır, çox güman, roman müəllifinin özü kimi xarici ticarət departamentiylə sıx əlaqəsi var (bir dövrdə yaşadığı başqa məşhur rus ədiblərindən fərqli olaraq Qonçarov zadəgan deyildi, Simbirskdə çox varlı bir tacirin ailəsində dünyaya gəlmişdi), bir sözlə, ticarətlə məşğul olur. Onu hətta sosiologiyanın patriarxlarından sayılan Maks Veberin “protestant ruhu – kapitalist etikası” konsepsiyasına illüstrasiya da saymaq olar; eynən Veberin təsvir elədiyi tip kimi Ştolts da işləmək naminə işləyir, daim işgüzar səfərlərdə olur, bir yerdə qərar tutmur, Avropanı qarış-qarış dolaşır, bir sözlə, o, xalis əməl adamıdır.

Oblomov dostundan soruşur: yəqin o, sərvətini ikiqat artırandan sonra rahatlıq tapacaq, eləmi? Ştolts cavabında deyir ki, qazancı dördqat çoxalsa belə işləməkdən vaz keçməyəcək, daim var üstünə var gətirməyə çalışacaq. Onda Oblomov heyrətə gəlir: əgər bütün bu əlləşib-vuruşmalar sonda rahatlığa, sükunətə, asudəliyə gətirib çıxarmayacaqsa, bunun nə mənası var?..

***

İlahi sakitlik, ruhani dinclik, apatiya, nirvana – Oblomovun ali arzusu, şah diləyi, idealı budur.

Onun yaşamaq iradəsi minimum həddəcən enib, onu həyata quruca nəfəsdən, yeməkdən-içməkdən başqa, demək olar, heç nə bağlamır. Maddi dünyanın verdiyi nəşələrin mənası, mahiyyəti, dəyəri ondan ötrü çoxdan əhəmiyyətini itirib, həyatın əlvan rəngləri onun gözündə çoxdan sönüb. Dünyəvi işlərdə Oblomovun bilmərrə əli yoxdur, təsərrüfatdan, alverdən başı çıxmır, bu məsələlərdə onu müdam aldadırlar. Ətalətdən, durğunluqdan, apatik ölümdən onu yalnız əziz dostu qurtara bilər. Onun sönük iradəsini yalnız həyat nəfəsiylə dolu Ştolts körükləyə bilər.

Andrey onu, nəhayət, evdən çıxarır, qəbullara, görüşlərə aparır, paslanmış mexanizmi yenidən hərəkətə gətirir. Günün birində dostu İlya İliçi Olqa İlyinskaya adlı gözəl, məlahətli qızla tanış eləyir. Soyadından göründüyü kimi, yazıçı bu qızın Oblomov üçün yarandığına, onun qisməti olduğuna işarə vurur. Ümumiyyətlə, romandakı, demək olar, bütün adlar-soyadlar həmin adı-soyadı daşıyan personajın xarakterindən doğur; məsələn, Ştolts alman dilində qürur, vüqar deməkdir.

Oblomov yavaş-yavaş gənc qıza aşiq olur. Sevgiylə bahəm oyanan duyğular, titrəşən həyəcanlar, qıvrılan, püskürən emosiyalar İlya İliçin dincliyini, rahatlığını pozur. Ştolts Olqanın əliylə dostunu sükunət bataqlığından çıxarmağa, onu fəal həyata qaytarmağa çalışır. Olqa bu işə həvəslə girişir, Oblomovu xəyalındakı kişiyə uyğunlaşdırmağa cəhd göstərir.

Eksperiment bir müddət uğurlu nəticə verir, Oblomovun gözlərində həyat bərq vurur, qəlbi həyəcanla döyünür. Fəqət nə qədər çalışsa da, Olqaya evlənmək üçün real addım atmağa, xəyaldan əmələ keçməyə cürəti çatmır, konkret iş görməyə qətiyyəti yetmir, yekun qərarı həmişə sabaha saxlayır. Sonda bu nəticəyə gəlir ki, o bu qızın sevgisinə, etimadına layiq deyil, bununla bağlı Olqaya məktub yazır. Bu minvalla İlya Oblomov idealı reala çevirə bilmir, Olqa İlyinskayanı özündən soyudur, özü də qaynayan qanını, şahə qalxmış emosiyalarını, çırpınan ürəyini yenidən dincə qoyur.

Sonda Olqa Andrey Ştoltsa qismət olur.

***

Əlbəttə, belə də olmalıydı, çünki Oblomov üstünə nazik dəri çəkilmiş ruhdur, Ştolts o ruhun bədənidir. Oblomov sevir, Ştolts alır, necə deyərlər, hərə öz matahını bazara çıxarır. Fəqət Oblomovun matahı, Füzuli demiş, dəhr bazarında kasiddir.

Olqa İlyinskaya Oblomovdan Ştolts düzəltmək istəyir, onu özü arzuladığı, sevə biləcəyi şəklə salmaq istəyir, ancaq bu, mümkün deyil – ruhdan bədən, bədəndən də ruh olmaz. Olqanın sevgisi xudbin istəkdir, o, Lev Tolstoyun ideal qadın qəhrəmanları kimi sevdiyi kişidə özünü əritməyə can atmır, tam tərsinə, bəyəndiyi kişini özündə əritməyə çalışır. Olqaya bağlılıq Oblomova rahatlıq, dinclik gətirmir, əksinə, onun müvazinətini, təşnəsi olduğu sakitliyini pozur. Bir başqası bəlkə də bu münasibəti göylərə qaldırar, xoşbəxt, ya tragik sonluğacan aparıb çıxarardı, ancaq Qonçarov o başqalarından deyil, onun qəhrəmanı Budda kimi sakitliyi, sükunəti hər şeydən üstün tutur. Sevgi kimə dərman olsa da, onun dərdinə çarə deyil. Məsələn, bir xristian üçün sevgi Tanrıya aparan yoldur, bir buddist üçünsə bu, ehtiras, emosiya fırtınasından başqa bir şey deyil.

Ömrünün son illərini Oblomov Aqafya Pşenitsına adlı dul qadının evində keçirir. Soyadından göründüyü kimi, bu qadın xeyir-bərəkət rəmzidir, gözəl əl qabiliyyəti var, dadlı təamlar bişirir, işgüzardır, təmizlik, sakitlik sevəndir. Aqafya İlya İliçə kölə sədaqətiylə bağlanır, onun qulluğunda canla-başla durur. Zadəgan törəməsi Olqadan fərqli olaraq meşşan Aqafyanın təmtəraqsız məhəbbətində heç bir iddia yoxdur. Ümumiyyətlə, Oblomovla Pşenitsınanın münasibətində ikilik, qarşıdurma yoxdur. Qadın tezliklə İlya İliçin bədəninin bir parçasına, onun gövdəsinin uzantısına çevrilir.

Əgər Olqa İlyinskaya ilə münasibət Oblomovun dincliyini, ruhi müvazinətini pozurdusa, Pşenitsına ilə evlilik İlya İliçə rahatlıq, sakitlik gətirir. Oblomov bu itaətkar qadının qolları arasında çoxdan həsrət qaldığı ana nəvazişinə yenidən qovuşur. Yaşadığı fırtınalı dönəmdən sonra yorğun canını yenidən Pşenitsınanın divanı üstündə dincə qoyur, sevmədiyi, ancaq yanında rahatlıq tapdığı qadının xəfif, ehtiyatlı hərəkətlərini, çılpaq ağ biləklərini, yumru dirsəklərini dünyanın ən gözəl mənzərəsi kimi heyranlıqla seyrə dalır. Mərhum ərindən iki uşağı olan Aqafya bir oğlan da Oblomovdan doğur, uşağın adını Ştoltsun şərəfinə Andrey qoyurlar.

Son görüşlərində Oblomov oğlunu dostuna tapşırır. Onun real dünyadakı elçisi, təcəllası, bir sözlə, bədəni olan Ştolts dostunun bu xahişini, daha doğrusu, bu vəsiyyətini də mərdi-mərdanə yerinə yetirir, Oblomovun ölümündən sonra onun tək övladını himayəsinə götürür…

***

Qonçarovun şah əsəri dünya ədəbiyyatı tarixinə iz salmış ən dərin, sirli, çoxyozumlu kitablardan biridir. Sovet ədəbiyyatşünaslığı bu romanın təhlilində əsasən Dobrolyubovun məşhur “Oblomovçuluq nədir?” məqaləsinə istinad eləyirdi. Bu yozuma inansaq, Oblomov mənəvi tənəzzülə uğramış rus zadəgan sinfinin tipik nümayəndəsi, hətta timsalıdır.

Fəqət belə dərin əsərləri bu cür bəsit vulqar-sosioloji prizmadan dəyərləndirmək yaramaz. Əvvəla, əsərin özündə də dönə-dönə vurğulandığı kimi, Oblomov saf ruhlu insan, büllur könül, qızıl ürək yiyəsidir. Onda şərdən əsər-əlamət yoxdur, sadəcə, bu adam əməl adamı deyil, dünyaya da ən incə tellərlə bağlıdır. İkincisi, əgər Dobrolyubovun sosial-siyasi kontekstdə şərhi gerçək yozum olsaydı, çoxdan aktuallığını itirmiş bir problemlə birgə Qonçarovun romanı da arxivə atılardı. Ancaq bu əsər indiyədək aktuallığını nəinki itirməyib, tərsinə, getdikcə dünya ədəbiyyatşünaslarının marağını, diqqətini daha çox çəkir, ona yeni yozumlar, yeni şərhlər verilir, yeni açarlar tapılır.

Mənə qalsa, peşəkar ədəbiyyatşünas olmasam da, demək istəyirəm ki, mən Qonçarovun “Oblomov” romanıyla Artur Şopenhauerin fəlsəfəsi arasında bir qohumluq görürəm. Məlumdur ki, təqribən iki yüz il bundan qabaq Avropada Şərq fəlsəfəsinə, xüsusən də buddizmə böyük maraq yaranmışdı. Şopenhauerin “Dünya iradə və təsəvvür kimi” traktatı məhz bu dünyagörüşün təsiri altında meydana gəlmişdi – dahi filosofun “Qərbin Buddası” adlandırılması heç də təsadüf deyil. Qonçarov dövrünün bir çox ziyalısı kimi çox savadlı adam idi, ingilis, fransız, alman dillərini mükəmməl bilirdi, tərcüməçi işləmişdi. Onun yaşadığı zamanın populyar fəlsəfi təlimlərindən, o cümlədən buddizmin həm qədim, həm də yeni versiyasından xəbərsiz olması qətiyyən ağlabatan deyil. İlya İliç Oblomov XIX əsr Rusiyasında zühura gəlmiş Budda, Şopenhauerin “həyat iradəsi”ni, demək olar, söndürmüş, mayya örtüyünü üzündən atmış zahiddir.

Bu kitabın ruhuyla antik dövrün stoisizm fəlsəfəsi arasında da əlaqə tapmaq olar. Xatırladım ki, asket stoyaçılar insanın ideal ruhi vəziyyətini “apatiya” adlandırırdılar. Bu baxımdan Oblomovu stoiklərin ideal qəhrəmanı da saymaq olar.

Əlbəttə, mən Qonçarovun buddizmdən, stoisizmdən, yaxud da Şopenhauer fəlsəfəsindən ilhamlanıb roman yazdığını, bu təlimlərə bədii illüstrasiya yaratmağı qarşısına məqsəd qoyduğunu iddia eləmirəm – belə bir iddia irəli sürmək gülünc olardı. “Oblomov” rus xalqının həyatına, rus folkloruna, ümumən rus ruhuna dərindən bağlı əsərdir. Sadəcə demək istəyirəm ki, məsələn, bundan əvvəl haqqında danışdığımız “İdiot” romanı İncilə, İsa Məsih təliminə, “Don Kixot” kimi sələflərinə nə qədər bağlıdırsa, “Oblomov” da Budda təliminə, Şopenhauer fəlsəfəsinə bir o qədər bağlıdır. “İdiot” da, “Oblomov” da adi realist romanlar deyil, fəlsəfi pritçalar, mənəviyyat dastanlarıdır. Şübhəsiz, bu romanların müəllifləri aləmə car çəkdikləri həqiqətlərə kiminsə diktəsi altında yox, olsa-olsa təsiri altında, amma öz ayaqlarıyla gəlib çıxıblar. Bu mənada yer üzündə təsirə uğramayan yazıçı yoxdur – kimi təsirlərin dağıntıları altında qalıb özünü-sözünü itirir, kimi də öz yolunu tapıb ədəbiyyatda yeni cığır açır.

Konkret “Oblomov”a gələndə onu da nəzərə almaq lazımdır ki, bu əsərin baş qəhrəmanında bir xeyli avtobioqrafik cizgilər, nişanələr var – Qonçarov özü də evlənməkdən qaçıb, qırx üç yaşına qədər heç bir qadınla sıx ünsiyyət qurmayıb, uzun ömrünü subay-salıq başa vurub; onun da yuxulu gözləri, canında tənbəllik olub, hətta dostları zarafatla onu “Markiz de Tənbəl” adlandırırmışlar. Ancaq bu o demək deyil ki, hər tənbəldən Qonçarov, hər tənbəlin yazdığından da “Oblomov” çıxar. Tənbəlliyi ədəbi-fəlsəfi kateqoriya səviyyəsinə qaldırmaq romançılar arasında yalnız ona qismət olub.

“Yeni Azərbaycan” qəzeti