Divardan asılan tüfəng... - Qorxmaz Quliyev

Divardan asılan tüfəng...   - Qorxmaz Quliyev

18 Yanvar 2022 09:38 362

Ədəbi-bədii nümunəyə müxtəlif nəzər nöqtələrindən yanaşmaq olar və hər dəfə yeni görmə bucağı düzgün müəyyən olunmuşsa, nümunənin gözlənilməz tərəfi açıqlanır.

Çexovun məşhur bir sözü var: əgər əsərdə divardan asılmış tüfəng təsvir olunmuşdursa, o, hadisələrin gedişi boyu mütləq atəş açmalıdır.

Lotman isə məsələyə fərqli yanaşaraq göstərirdi ki, məsələ heç də tüfəngin atəş açıb-açmaması ilə yox, bunun baş verib-verməyəcəyi ilə bağlıdır: oxucunun bundan xəbərsiz olub intizarla gözləməsi bədii intriqanın əsasını təşkil edir.

Çox qəribə də olsa, Lotman Çexovun fikrini təkzib etməyə cəhd göstərsə də, tüfəngə bu iki münasibət dialektik vəhdətdə bir-birini tamamlayır. Əgər tüfəng atəş açmırsa, yəni əsərin poetikasında gərəksiz bir şey təsiri bağışlayırsa, bu ədəbi nümunənin pərakəndəliyindən, müəllifin təsvir etdiyi detalları yığıb-yığışdıra bilməməsindən xəbər verir.

Lakin digər tərəfdən oxucu ən azı şüuraltı səviyyədə divardan asılmış tüfəngin atəş açmasını gözləyir və bu əsərin intriqasını təşkil edir.

"Hamlet"in intriqası şahzadənin əmisini öldürüb-öldürməyəcəyi, "Ölülər"də Şeyx Nəsrullahın ölüləri dirildib-diriltməyəcəyi (hətta apriori bunun mümkünsüz olmasını bilsə də!) ilə bağlıdır.

Fikrimcə, Lotman zahirən Çexovu təkzib etsə də, daxilən onu təsdiq edir: onlar əl-ələ verib ədəbi-bədii nümunənin zənginliyini açıqlamağa çalışırlar.