Əlində “ağıllı telefon” - Şeirlər

Əlində “ağıllı telefon”   - Şeirlər

24 Avqust 2022 14:54 2227


Anar Əli Eldaroğlu

Çoxdandır yağış yağmır

Çoxdandır yağış yağmır, tutulmayıb göy üzü, –
Tut ucundan göyə çıx, görsün səni göy özü.
Döyəcləmir durmadan pəncərə və damları,
Təpədən dırnağadək islatmır adamları.
Çoxdandır yağış yağmır, sərinləyə duyğular,
Daha da şirin ola səhər-səhər uyğular.
Bir az qüssə bürüyə ürəyin bir guşəsin,
Düşən damcılar ala yanaqlardan busəsin.
Çoxdandır yağış yağmır şırıltılı səsilə,
Yayın hərarətini soyudub nəfəsilə.
Deyəsən, unudubdur o da bizi yamanca,
Hələ ki qonaq gedib dərə, düzə, yamaca.
Çoxdandır yağış yağmır gözəl şəhərimizə,
Xəzərin sahilində əntiq gövhərimizə.
Axmır küçələrilə damcılar selə dönüb,
Yığılıb çalalarda sonra da gölə dönüb.
Çoxdandır yağış yağmır sevənləri sınaya,
Görüşə tələsənlər onu da hey qınaya.
Yumur sevgidən axan qəmli göz yaşlarını,
Sevən könüllərdəki vüsal təlaşlarını.
Çoxdandır yağış yağmır, lap elə çiskinləyib,
Bəlkə, həzin yağmaqla bir az da küskünləyib.
Oyatmır könlümüzdə özü də bir həzinlik, –
Ürəyimiz sıxıldı, yordu bizi bezginlik.
Çoxdandır yağış yağmır, Allaha dua edəm,
Deyirlər, qəbul olur çünki dualar o dəm.
Amma mənim ürəyim nə vaxtdan yağışlıdır,
Deyəsən, o, əzəldən sevgilə qarğışlıdır.
Çoxdandır yağış yağmır şəhid məzarlarına,
Vətəndəki hüznlü cənnət gülzarlarına;
Əbədi səadətə çatmış qəhrəmanların,
Allah, Vətən yolunda fəda etmiş canların.
Çoxdandır yağış yağmır...

23-29.07.2022

Smartfon

Əlində “ağıllı telefon” – smartfon,
Sən mənim yanımda məndən uzaqsan.
İsinmək istərkən hərarətinə, –
Sanki zirvələrdə soyuq buzlaqsan.
Bilmirəm hardasan hiss-düşüncənlə,
Kiminlə danışıb söhbətləşirsən;
Doğmanı yanında tamam unudub,
Hansısa yad ilə hey dərdləşirsən.
Seyr edib mənasız hadisələri,
Gərəksiz mətnlər mənimsəyirsən.
Virtual aləmə köçərək tamam,
Ordaca yaşamaqmı istəyirsən?
Görürəm, yadına düşməyirəm heç,
Yanında var ikən, həm də yoxam mən.
Düşünüb özümdə, deyirəm, bəlkə,
Ta məndən doymusan – həddən çoxam mən?
Artıq şər qarışıb, gecə də düşüb,
Mən də bu vaxtacan səni özlədim.
Bir gün də beləcə səbirlə dözüb,
Sənin yanındaca səni gözlədim...

27.07.- 01.08.2022

Son xitab

Yenə də dolmuşam, qəhərlənmişəm,
Yenə gözlərimdən yaş axır mənim.
Sevginlə mən elə zəhərlənmişəm,
Üzümə Əzrayıl ta baxır mənim.

Nə ölə bilirəm, nə də diriyəm,
Çəkirəm əzabı səbr edə-edə.
Bəlkə, bəxtsizlərdən mən də biriyəm,
Könlümü sevgimə qəbr edə-edə.

Elə qərq olmuşam, əzizim, sənə,
Ümmana qərq olmuş bir gəmi kimi.
Solğun görünmürmü bənizim sənə,
Mövsümdə saralmış bir zəmi kimi?

Dilim deyə bilmir, könlüm hayqırır,
Sənə sevgim sığmır sözə, kəlməyə.
Yorub ürəyimi, qəddimi qırır,
Çökmüşəm, taqətim yox dikəlməyə.

Bəsdir, ürəyimi daha dağlama,
Vaxtdır, edim sənə son xitabımı:
Nolar, əzizim, dilinlə bağlama,
Hüsnünlə açdığın eşq kitabımı.

04.08.2022

Səhər-səlamət!

Əziz və möhtərəm mömin ağsaqqallımız
Tağı dayıya ithafən

Salam, xoş gördük səni! Nə var, nə yox, necəsən?
Yaşayırsan dünyada de, ömrünü necə sən?
Aldınmı ondan zövqü, çəkdinmi səfasını,
Yoxsa elə, küskünsən hey çəkib cəfasını?
Çox da fikir eyləmə, həyat belə qurulub,
Hər şey çoxdan yazılıb, möhürü də vurulub.
Hərə öz taleyini yaşayır qədərindən,
Bu haqda düşünməyə əsla dəyməz dərindən.
Həyatı hikmətilə yaşamaq gərək, məncə,
Bu həqiqəti demiş aqillər xeyli öncə...
Dünyanı bir imtahan, sınaq yeri yaratmış,
Məhz bundan ötrü Tanrı bizi Dünyaya atmış.
Ona oyun-oyuncaq, əyləncə yeri deyir,
Amma, həm də yaxşı ol, əməlin olsun xeyir.
Etdiyin özünədir yaxşısıyla, pisiylə,
Hətta söz hesabdadır – yaxşı söylə, pis söylə.
Ağıl sahibləri də seçər yaxşılıq yolun,
Ta insan olmaq üçün keçər yaxşılıq yolun...
Daha çox uzatmayım, hər şey hamıya bəlli,
Həyat ibrətlə dolu neçə-neçə məsəlli.
Bağışla, yordum səni bu qısa moizəmlə,
Şairlərə ki xasdır söz söyləmək düzənlə.
Hə, dedin ki, dostlardan dünyasın dəyişən var,
Məndən də rəhmət dolu ona dualar apar!
İndi daha ayrılaq, ümidlə ki, görüşdük,
Olmasa da, eyb etməz, bir daha başa düşdük:
Nə vaxtsa qalmayacaq bizdən əsər-əlamət.
Kim tez getsə, yaxşı yol, ona səhər-səlamət!

01-03.07.2022

Kiməm?

Hərdən bilmirəm kiməm: görəsən, heç varammı,
Yaşamaq mənə halal, yoxsa ki yox – harammı?
Bu dünya özü nədir, nə işim vardı burda?
Heç elə işim də yox bu boyda vurhavurda.
Bəlkə, ta çıxıb gedim tapmadığım yerimdən,
Nə məhvərindən çıxar, nə Yer oynar yerindən.
Nə yoğurdum, nə yapdım, nə hazır kökə tapdım,
Nə bir ev tikə bildim, nə bir sərt qaya çapdım.
Varlığımla yoxluğum eyni oldu, deyəsən,
Beləsinə nə deyim, ya da sən nə deyəsən.
Nə yada salanım var, nə də yada düşənim,
Amma biri var, gedim ayağına döşənim.
Bəlkə, mənə yar olar o gözəllər gözəli,
Odur ki, durum onun mən yoluna düzəlim.
Görüm, o nə deyəcək bu fərsizin birinə,
Gəlib Yerdə yer tutan bu yersizin birinə...
Nəysə, sizi yormayım öz giley-güzarımla,
Gedim baş-başa qalım bir mənlik azarımla.

28.06.2022