Elmi-dialektik dəyərlər və onlarin konseptual sublimasiyasi

Elmi-dialektik dəyərlər və   onlarin konseptual sublimasiyasi

21 İyul 2022 09:39 573


Orxan Mehmanoğlu


Gerçək elm və irfan sahiblərinə ithaf edilir.

Xülasə: Məqalədə elmi-dialektik dəyərlərə olan yanaşmanın vahid konsepsiya fonunda təhlili həyata keçirilmişdir. Bu dəyərlər bilavasitə 2 prinsip - daxili intizam və zəhmət-sevgi sferasında analiz edilmiş, həmçinin sublimasiya (bir haldan başqa hala keçmə) prinsipinə uyğun olaraq psevdoteist və sxolastik faktorlu neqativ anlamlarla şərh edilmişdir. Çünki bəşəriyyətin zaman çarxı kontekstində elm və texniki proqresin təbəddülatları paralel olaraq mənəvi deqradasiya və kataklizmlərin də formalaşmasına səbəb olmuşdur.

Açar sözlər: Konsepsiya, sublimasiya, metamodel, sxolastika, daxili intizam

İnsan metamodelinin yaranmasının ilkin dövrlərindən başlayaraq bu anlamın dərki fonunda əmələ gələn referans (istinad) xarakterli suallar, sonrakı inkişaf mərhələlərində fərqli predmetlərə malik elm sahələrinin yaranmasına gətirib çıxartdı: Biz kimik və niyə yaranmışıq? Yaşam hədəfimiz nədən ibarətdir? Kainatın fəaliyyət mexanizmi hansı anlamları sərgiləyir? Göy cisimlərinin mövcudluğu hansı subliminal (təhtəlşüur) ismarıcları formalaşdırır? Homo sapiensin daxili və xarici təbəddülatlarının təməl prinsipləri nələrdən ibarətdir? və s. Bəşər övladının rasional (idraki) yanaşma tezislərinin püxtələşməsi isə bu tip suallar zəminində loqos (elm, bilik) anlamını təmərküzləşdirdi. Bu elm və bilgilərə sahiblənmək isə insanoğlunun fərdi mental məqsədindən asılı olaraq tədricən onun ən vacib yaşam kriteriyalarından birinə çevrildi. Fərdi mental məqsəd çoxmənalı ifadə anlamında özünü tanımaq, həqiqi kimliyini müəyyən etməyə çalışmaq, daha böyük resurs və hakimiyyətə sahiblənmək, intəhasız şöhrətpərəstlik və hakimiyyət duyğusu, bəşəri ideyalar uğrunda çalışmaq, gələcək nəsillərə hesablanmış faydalı aspektlərin müəyyənləşməsi və s. niyyətləri özündə birləşdirir. Bu yaşam meyarının təsviri isə hətta antik dövr ədəbiyyatında (daş və gil lövhələrdə olan təsvirlər, mixi yazılar, ehram mətnləri və s.) geniş vüsət almışdır. Qədim şumer ədəbiyyatına aid, həmçinin dünya tarixinin ən qədim yazılı dastanı hesab olunan “Gilqamış”ın ikinci adı məhz belə adlanır: “Hər şeyi bilən adamın dastanı”. Eradan əvvəl III minilliyə aid “Hər şeyi bilən adam” anlayışının çağdaş dövr alimləri üçün böyük bir mesaj olduğunu hesab edirik. Elmə olan vahid, konseptual yanaşma onun autentik (həqiqi) dərkinin yeganə formulasıdır. Gerçək alimlik mərtəbəsi məhz bu tip yanaşmanın real atributudur. Belə ki, Tanrının ən gözəl adları olan Əsmayi-Hüsnanın əlifba sıralamasında “alim”məfhumunun 7-ci sırada bərqərar olması hamımıza bəllidir. Əlbəttə, bütün elmlərə tamamilə sahib olmaq absurddur. Amma Tanrının sahib olduğu “Alim” adı məntiqi nəticə baxımından nominal olaraq bir şeyi deməyə əsas verir: Gerçək elmə sahib olma (alimlik) yalnız vahid bir kontekst fonunda mümkündür. Konseptual yanaşmanın özülü məhz bundan ibarətdir. Nümunə olaraq qədim yunan alimi Aristotelin dövrümüzə gəlib çatmış əsərlərinin hansı elm sahələrini əhatə etməsinə dair kiçicik bir araşdırma aparmaq kifayətdir. Təxmini nəticə isə belədir: Teologiya, fəlsəfə, məntiq, psixologiya, fizika, politologiya, kosmologiya, etika, zoologiya, botanika, ədəbiyyat və sair. Cümlənin sonunda olan “və sair” anlayışını belə tamamilə nisbi hesab edirik. Bunun üçün alimin portfoliosuna (həyat və yaradıcılıq məcmusuna) diqqət yetirmək zəruridir.

Hira mağarasında olarkən İslam dünyasının qurucusu olan Məhəmməd Peyğəmbərə Tanrının mələkləri vasitəsilə verdiyi ilk göstəriş isə hamımıza əbədi bir örnək olmalıdır: “Oxu!”. Deməli, verilən əmr vahid elmin, biliyin, bütövlükdə konseptual yaşamın özüdür. Hamımızın utopiya adlandırdığı mücərrəd bir cəmiyyəti, dövləti, bilavasitə ensiklopedik insan faktorunu yalnız bu sözlə qurmaq, yaratmaq mümkündür: ”Oxu!”. Bu söz, fikrimizcə, bütün zahiri və batini elmlərin müqəddiməsidir.

İslam dininin müqəddəs kitabı olan Qurani-Kərimin müxtəlif surələrində də elmə, biliyə olan sonsuz tələbat dəfələrlə qeyd edilir. Elmin vacibliyi hətta Tanrıya olan minacatın belə tərkib hissəsidir. “Taha” surəsinin 114-cü ayəsində insanın Tanrıya olan niyazı “Ey rəbbim! Mənim elmimi artır!” formasında göstərilmişdir.

Elmi-dialektik dəyərlərə sahib olmanın, ona kompleks şəkildə yanaşmanın, nəticə etibarilə həqiqi alimlik mərtəbəsinə yüksəlməyin metodları müxtəlifdir. Bunlardan ikisinin invent analiz (hadisə və proseslərin inkişaf dinamikası) fonunda təhlilini daha məqsədəuyğun hesab edirik.

Daxili intizam. Gerçək elmi-dialektik prinsiplərə yiyələnmənin zəruri, ayrılmaz hissələrindən biridir. ABŞ-ın paytaxtı Vaşinqtondakı Konqres kitabxanasının tavanında yazılan müqəddəs istinad bu təbəddülatı daha konkret ifadə edir: “Nizam - göylərin birinci qanunudur.” [1,26]

Elm, incəsənət, yaradıcılıq və digər nəsnələrin rüşeymi məhz daxili intizamdan başlayır. İç dünyamızın mana (qədim tibetlilərdə mənəvi enerji) toplumu ilk növbədə bu nizama köklənməli, mütəşəkkil bir ideya formalaşdırmalıdır. Həzrəti Davud (ə) peyğəmbərə nazil olmuş müqəddəs Zəbur kitabında deyilir: “Qəlbinizi yaxşı-yaxşı axtarın, həyat çayları ordan başlayır.” [2, 33]

Daxili intizam məhz bu axtarışlarla bərqərar olur. Axtarışların epiloq və ya finalında isə bizi vacib bir həqiqət gözləyir: Həqiqi kimliyini tanıma. Qeyd etmək vacibdir ki, təhtəlşüurun dərinliklərinə enməklə həqiqi kimliyimizi müəyyənləşdirmək peşə və həyat tərzimizin bütün elementlərini ehtiva etməlidir. Belə ki, dünyanın ən məşhur hərbi traktatlarından biri olan U-Tszinin “Hərb sənəti”ndə deyilir: “Əgər özünü və onu tanıyırsansa, yüz dəfə döyüşsən də təhlükə yoxdur, əgər özünü tanıyır, onu tanımırsansa, onda bir dəfə qalib gəlib, bir dəfə məğlub olacaqsan, əgər nə özünü, nə də onu tanımırsansa, onda hər dəfə məğlubiyyətə uğrayacaqsan.” [3,182]

Özünü tanıma anlamı insanın məhz özü üzərində qələbəsinin mühüm şərtlərindən biridir. Bu baxımdan daxili intizamın təmərküzləşməsi prinsipləri də fərdin spesifik yanaşma tezislərindən asılıdır. Bu fərdi tezislər peşə fəaliyyəti, həyat tərzi, sosial-psixoloji mühit və digər faktorların reformları (islahatları) ilə düz mütənasibdir. ABŞ-ın ilk dövlət katibi, İstiqlal bəyannaməsinin əsas müəllifi, həmçinin ABŞ-ın prezidenti, bani atalarından biri olmuş Tomas Ceferson uğurlarını özünəməxsus bir qürurla bu cür şərh etmişdir: “Doğan günəş heç zaman məni çarpayımda tuta bilməmişdir.” [4, 230] Sitatda olan “heç zaman” kəlməsi daxili intizam fonunda həqiqi alimlik üşün rupor rolu oynadığını deməyə əsas verir.

Birinci dünya müharibəsi illərində ingilis zabiti olmuş leytenant Hünri Consunun qardaşına yazdığı məktubunu da yalnız daxili intizam fonunda analiz etmək mümkündür: “Mənim şəxsi vəziyyətimi soruşmaq istəyirsənsə, tez-tez müharibədə iştirak etdiyim üçün sevinirəm. Müharibə mənə həyatın nə qədər əhəmiyyətsiz olduğunu göstərdi. Məncə, müharibə hər kəsə “özündən qurtulmaq” fürsəti verir...” [5, 277]

İstinad mənbələrini istənilən qədər artırmaq olar. Bütün istinadlar isə bir nöqtədə cəmləşir: Daxili intizam fonunda həqiqi kimliyimizə sahib olma, elmə olan identifik yanaşmanın ilk pillələrindən biridir. Daxili intizamın (intizam sözünü ahəng, harmoniya, nirvana kimi sözlərlə də əvəz etmək mümkündür) bu mərtəbəsi özlüyündə bütün elmlərin kəsişmə nöqtələrindən biridir. Dünya tarixinin ən böyük ensiklopedik alimlərindən biri olan Qaliley demişdir: “Sən insana heç nəyi öyrədə bilməzsən. Yalnız ona öz içindəkini tapmağa kömək edə bilərsən.” [1, 178]

Zəhmət-sevgi tandemi. Elmə sahiblənmənin zəruri pillələrindən biri olduğunu hesab edirik. Hədsiz sinenergetik (bir-birini gücləndirən) xüsusiyyətə malikdir. Gündəlik həyat tərzimizin bu tandem üzərində qurulması fərdi uğur alqoritminin mahiyyəti olduğunu düşünürük. Tandem anlayışının leksik izahı isə bu cür anlaşılır: Bir-birini tamamlayan qarşılıqlı fəaliyyət toplumu. Psixoanalizin banisi Ziqmund Freyd xoşbəxtliyin sirrinin nə olduğu barədə ona ünvanlanan suala verdiyi cavabı da eyni qənaəti təsdiqləyir: “İşləmək və sevmək”. Xristianlığın müqəddəs kitabı olan İncildə də homoloji (bənzər) formula qəlibləşmişdir: “Çörəyini tərinə batırıb yeməlisən.” [6, 157]

Zəhmət-sevgi tandemi söz birləşməsinin ikinci tərəfi (“sevgi”ni nəzərdə tuturuq) daha spesifik xarakter daşıyır. Uca Tanrının Kainatı yaradarkən ifadə etdiyi “OL!” kəlməsinin özü belə tamamilə sevgiyə bürünmüşdür. Az qala sonsuzluq riyazi işarəsi ilə ölçülən günahlarımızın müqabilində Tanrının bizə olan sevgisi intəhasızdır (zaman və məkan prinsiplərindən ucadır). “Yunus” surəsinin 44-cü ayəsində deyilir: “Həqiqətən, Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər!” [7, 213]

Substratında (qayəsində) zəhmət-sevgi tandeminin komponentləri olmayan istənilən elmi düşüncə cahillikdən (nadan alim anlayışı) başqa bir şey deyil və ya mahiyyəti, predmeti bəlli olmayan, çətin sezilən bir element məfhumu təsiri bağışlayır. Məşhur alman filosofu Erix Fromm demişdir: “İnsanın dünya ilə ahəngdar yaşamaq tələbatını təmin edə biləcək və eyni zamanda da ona bütövlük və fərdilik hissiyyatı verə biləcək tək bir hiss var - sevgi. Sevgi - öz Məninin fərdiliyini və bütövlüyünü saxlamaq şərtilə özündən kənarda kimləsə və ya nə iləsə birləşməkdir.” [8, 35]

Çağdaş dövrdə insanoğlunun yaşadığı ən böyük problemlərdən biri də məhz “kimləsə və ya nə iləsə birləşmək” duyğusudur. Problem dedikdə biz, az qala gündəlik həyatımızın tərkib hissəsinə çevrilmiş elmi-texniki inkişaf komponentlərini (internet, texnoloji cihaz və avadanlıqlar və s.) nəzərdə tuturuq. Kütləvi-informasiya vasitələrində, müxtəlif məzmunlu xəbər manşetlərində bu komponentlərin insan həyatına, orqanizminə olan zərərləri haqqında geniş məlumatlar mövcuddur. Şübhəsiz ki , bu məlumatlar kifayət qədər əsaslı dəlillərə malikdir. Lakin bu komponentlərin istismar təməlinin sevgi, ahəngdarlıq, işgüzarlıq, harmoniya ilə sintezi tamamilə fərqli nəticələrə gətirib çıxarır. Texniki elm və avtomobil sənayesinə akademik ideyalar bəxş edən, Adolf Hitlerin belə böyük heyranlıq bəslədiyi (Hitler müəllifi olduğu “Mənim mübarizəm” əsərində onun adını böyük bir entuziazmla qeyd etmişdir) ixtiraçı – mühəndis Henri Ford (dünyada brend markalardan sayılan “Ford” avtomobilinın yaradıcısı) avtobioqrafik səciyyə daşıyan “Həyatım və işim” əsərində bu problemə dıqiq bir mövqe sərgiləmişdir: “İnanıram ki, biz texnika ilə dostlaşmayana, həyatımızın texniki hissəsinin mahiyyətini dəqiq dərk etməyənə qədər ağaclardan, quşlardan, gül-çıçəkdən və ümumilikdə, yaşıl çəmənlərdən zövq almağa nə vaxtımız, nə də imkanımız olacaqdır.” [9, 6]

Yuxarıda sadaladığımız bütün ümumiləşdirilmələrə rəğmən elm tarixinin inkişaf mərhələlərində kifayət qədər neqativ əsaslara malik ziddiyyətlərin də mövcudluğu labüd olmuşdur. Bu labüdlük plagiatlıq, paxıllıq, təhqiramiz ifadələr, həsəd və bunlardan qaynaqlanan fərqli meyarları əhatə edir. Məqalənin başlanğıcında aydınlıq gətirməyə çalışdığımız “Fərdi mental məqsəd” fonunda elmə olan yanaşma bu tip ziddiyyətləri əmələ gətirən əsas faktorlardan biridir. Qeyd etmək vacibdir ki, bu faktorlar ən azından daxili intizam və zəhmət-sevgi tandemindən tamamilə uzaqdır. Həmin “məqsəd”in neqativ təzahürlərinə aydınlıq gətirmək üçün iki mühüm faktoru göstərmək daha məqsədəuyğundur.

Psevdoteist faktor. Psevdoteist termini “saxta, yalançı inanc və rəyə sahib olma” kontekstində izah olunur. Terminin izahında saxtalıq sözünün özü belə tamamilə kifayətdir. Bu faktorun mərkəzi nüvəsi paxıllıq və təkəbbbürdən qaynaqlanır. Bu qaynaqlanma isə tədricən periferik xarakter daşıyaraq böyük neqativ şəbəkə yaradır. Bizim eradan əvvəlki dövrə aid qədim Misirin poetik mətnlərində deyilir:

Coşub dalğalanma bilgiliyinlə,
Demə ki, hər şeyin sənsən biləni.
Təkcə bilginlərdən öyüd götürmə,
Nabələd görsən də məsləhət istə.
Sənət dedikləri sərhədsiz olar,
Rəssamlıq yüksələr sənət taxtına.
Müdrik söz zümrüdtək gizlində qalar,
Dən çəkən qulun da düşər baxtına. [10, 8]

Hələ orta əsrlərdə məşhur ensiklopedik azərbaycanlı alim kimi tanınan Nəsirəddin Tusi demişdir: “Paxıllığın ən murdar və təhlükəli növü alimlər arasındakıdır.” [11, 126] Bu aksiomatik (isbata ehtiyacı olmayan) sitat tarixin bütün dövrlərində aktuallığını qoruyub saxlamış, hətta əsrlər boyu yüksələn xətt boyu təkamül etmişdir. Praqmatik nümunə olaraq macar əsilli həkim - cərrah İqnass Filipp Zemmelveysi göstərmək olar. Çağımızda tibb elminin bütün sahələrində yekdilliklə tətbiq olunan aseptika elminin əsas yaradıcılarından biri olmaqla bərabər, hələ o dövrdə çoxsaylı ölümlərlə nəticələnən doğuş qızdırmasının səbəblərini aşkar etdiyinə, uğurlu müalicəsinə görə “anaların xilaskarı” statusunu almışdır. Hətta mühazirələrində belə müəllifi olduğu ideyaların təbliğinə çalışmış, alturist mövqe sərgiləyərək insan tələfatının qarşısının alınması üçün daha geniş sferada tətbiqinə səsləmişdir. Lakin ideyaları o dövrün bir çox “alim”ləri tərəfindən heç bir səbəb olmadan qəbul edilməmiş, məsxərəyə qoyulmuş, hətta alimin özünə belə təhqir dolu məktub yazmaqdan çəkinməmişlər. Nəticədə Zemmelveys güclü psixi sarsıntı keçirmiş, bu gərginlik alimin səhhətinə təsirsiz ötüşməmişdir. Alim zorla (bəzi mənbələrdə hətta aldadılaraq) dəlixanaya (müasir dillə desək, psixiatrik xəstəxanaya) salınmışdır. Əsl faciə isə bu nəhəng alim üçün hələ bundan sonra başlayacaqdı. Guya qayda-qanunlara tabe olmadığına görə Zemmelveys burada vəhşicəsinə döyülmüş və aldığı zədələrdən iki həftə sonra dünyasını dəyişmişdir.

Dünya fəlsəfi fikir tarixinin Oşo kimi tanıdığı məşhur hind filosofu Çandra Mohan Racnişin həyatı isə daha faciəvidir. Əleyhdarları haqsız olaraq onu “provokativ mistik” adlandırmışlar. Mühazirələri tələbələri tərəfindən qeydə alınaraq audiokaset, kitab və digər formatlarda yayılmaqla dünyanın 30-dan çox dilinə tərcümə olunmuşdur. O, formalaşdırdığı ideyalarla, tövsiyə etdiyi yaşam tərzi ilə böyük bir kütləni sanki hipnotik bir təsirlə ətrafına cəmləyə bilmişdir. Əbəs yerə deyil ki, məşhur amerikalı yazıçı Tom Robins Oşonu Həzrəti İsadan (ə) sonra dünyanın ən “təhlükəli” adamı qismində təqdim etmişdir. Qədəm basdığı əksər əyalətlərdə, hətta dövlətlərdə belə kanonik (cəmiyyət tərəfindən qəbul ounmuş vahid ideyalar) qəliblər yaratdı. Nominal olaraq “Sadəcə özün ol!” düşüncəsi ətrafında dini inanclara meydan oxuyaraq daxili buxovlardan azad olma metodlarını böyük bir əminliklə təqdim etdi. Hər şey məhz bundan sonra başladı. Mərhum Zimmelveysdən fərqli olaraq nəinki alimlər, hətta suveren dövlətlər belə Oşoya qarşı birləşdi. Hələ sağlığında 20-dən çox ölkə alimi onu “persona non qrata” elan etmişdir. Hadisələrin sonrakı gedişatı isə daha iyrənc və məkrli ssenari üzərində qurulmuşdur. Ümumiləşdirilmiş formada Oşonun siyasi don geyindirilmiş həyat və yaradıcılığı təxminən belədir: Silah alverçisi, narkotika aludəçisi, terrorçu, mafiya başçısı, dövlətin sütunlarını dağıtmağa çalışan radikal siyasətçi, cadugər və s. Qısaca desək, elmdən başqa hər şey. Onu da qeyd etməyi vacib bilirik ki, bu sifətlərdən hansıların Oşoda olub-olmaması haqqında mənbələr dəqiq informasiya verə bilmir. Sadəcə, Oşonun mütaliəçisi kimi kiçicik əlavələr etmək istərdik: Bizin üçün o, filosof olaraq Şərq və Qərbin koqnitiv düşüncə tərzini vahid fəlsəfi fonda göstərən nəhəng analitik təhlilçi, yaratdığı ideyalar ətrafında müxtəlif elm sahələrini bir nöqtəyə cəmləşdirməyə çalışan ensiklopedik alim, insanın hiss və düşüncələrini müfəssəl təsvir edən, hətta böyük ustalıqla lətifələri belə yaradıcılıq menyusuna daxil edən əvəzsiz bir psixoloq, iç dünyamızın hüzur tapması üçün modern tipli meditasiya texikalarını təqdim edən böyük novator və meditatordur. Ən maraqlısı isə “ssenari”nin kulminasiya nöqtəsidir; Oşo qısa bir müddət ərzində həbsxanaya salınır və 58 yaşında ürək çatışmazlığı (bəzi mənbələrdə qəsdən zəhərlənmə) səbəbindən dünyasını dəyişir. Əsərlərində kifayət qədər təzadlı mühakimələrin olmasına baxmayaraq (daha çox ailə və əxlaq mövzularında), psevdoteist elm və din xadimləri Oşo ilə hər hansı bir mövzuda polemikaya girməyə qətiyyən cəsarət etməmişlər. Və bir şeyi də unutmayaq: Eyib və nöqsanlardan uzaq və pak olan tək Tanrının özüdür!

Sxolastik faktor. Elmə sahiblənmənin fəlsəfi-teoloji (dini) prinsiplərini özündə birləşdirir. Minilliklər boyu loqos anlayışına qeyri adekvat mövqe sərgiləmiş, elmi proqres prinsiplərinə qarşı dəhşətli müqavimət göstərmişdir. Bu neqativ mövqe tədricən təkmilləşdirilərək inkvizisiyaya çevrilmişdir. Bu düşmənçilik fəaliyyəti zaman-zaman tarixin bizə bəxş etdiyi nəhəng alimlərin qətli, təbliğ etdikləri mütərəqqi ideyalarina görə tonqalda yandırma, şaqqalanma, edam, çarmıxa çəkilmə, ev dustağı və ən “yaxşı hal”da həbsi ilə nəticələndi. Ümumən, bəzi din təmsilçilərinin (kahin, molla, keşiş, ravvin və s.) elmə olan bu cür küdurətli və qərəzli yanaşmasının vahid səbəblərini təxminən bu cür ümumiləşdirmək olar:

- Cəmiyyəti, bütövlükdə dövləti əbədi olaraq ehkamçiliq buxovunda saxlayıb, təsir rıçaqlarına məruz qoymaqla idarəçilik və hakimiyyət yanğısı
- Elmin sürətli inkişaf tempi ilə ayaqlaşa bilməməsi və nəticədə nüfuzdan düşmə fobiyası
- Sahib olduqları siyasi populizmi var gücü ilə əldə saxlamaq, cəmiyyətin savadsız, fanatik formatında inkişafını dəstəkləmək arzusu
- Din pərdəsi altında var-dövlətə sahib olma, dövlət strukturunun bütün iqtisadi və korporativ dəyərlərini mənimsəmək ehtirası
- Elmi dəyərlərin tədricən idarəçiliyə nüfuz edib elm adamlarının hakimiyyətə keçməsindən daimi narahatçılıq və rüsvayçılıq qorxusu

Tarixin inkişaf trayektoriyasına diqqət yetirsək, yuxarıda sadalanan səbəblərə kifayət qədər əlavələr etmək mümkündür. Qədim atalar sözünə nəzər yetirmək kifayətdir: “Doğul, xaç suyuna çəkil, evlən, öl - hamısında da keşişə pul ver.” [12, 175]

Səbəblərə paradoksal yanaşmamız tamamilə fərqli nəticələrə gətirib çıxarır. Bütün demokratik teoloji istiqamətlərdə və səmavi kitablarda elmə, alimə verilən dəyər qətiyyən trivial (önəmsiz) xarakter daşımır. Əksinə, bu kitablar gerçək elmi tamamilə vahid konsepsiyada təqdim edirlər. Məntiqi mahiyyət baxımından bu o deməkdir ki, istənilən gerçək teoloji istiqaməti, həqiqi dini birmənalı şəkildə elmi nöqteyi-nəzərdən təhlil etmək mümkündür. Deməli, tarixdə bu ziddiyyət və natamamlıq anlayışı sxolastikada deyil, onu təmsil və təbliğ edən nümayəndələrində olmuşdur. Amma müxtəlif din inkvizisiyalarının yaratdığı süni problemlər çox keçmədən elm sferasında ateizm adı altında dəhşətli bir qisasa çevrildi. Məşhur alim Çarlz Darvinin “Növlərin mənşəyi” əsəri, o cümlədən gəldiyi qənaətlər güclü və sarsıdıcı zərbə olaraq bütün dünyaya yayıldı. Əksər inkişaf etmiş dünya dövlətləri təkamül nəzəriyyəsinin tezislərini rəhbər tutmaqla gələcək nəsillərin “təbii seçmə” ruhunda inkişafına böyük dəstək göstərdi. Darvinin özü sağlığında ideyalarının bu cür sürətlə yayılmasında təəccübünü gizlətməmişdi. Təkamül nəzəriyyəsi fonunda elm-din qarşıdurmasının ümumiləşdirilmiş təhlilini aşağıdakı qaydada bir neçə variantlar üzrə təsnifləşdirmək mümkündür:

1. Ateizmin fundamental ideyalarından biri olan “təbii seçmə” anlayışı elm-din dualizmində siyasi xarakter daşıyan vintcik rolunu oynayır. “Elm” adamlarının tapındığı, az qala müqəddəsləşdirdiyi “Növlərin mənşəyi” əsərində nədənsə Darvin kimi gerçək alimin istinad etdiyi, hətta yekun qənaətə gəldiyi fikirləri görmək istəməmişlər: “Tanrının başlanğıcda həyatı müxtəlif təzahürləri ilə bir və ya məhdud sayda formalarda oyatması və planetimizin dəyişilməz cazibə qüvvəsinə əsasən dövr etməsində bir əzəmət var. Belə sadə başlanğıcdan sonsuz sayda möhtəşəm formalar inkişaf edib və etməkdə davam edir.” [13, 93]

Darvin Tanrı əzəmətinə olan sevgi və heyranlığını konkret şəkildə ifadə etmişdir. Sadə başlanğıcdan olan inkişaf isə (Ol! kəlməsi) özlüyündə dinamik xarakter daşımışdır. Bundan başqa dinin təməl prinsiplərini Darvin bir ilahiyyatçı olaraq çox yaxşı bilirdi. Zənnimizcə, alim məhz buna görə də “Növlərin mənşəyi” kitabının nəşrini 25 ilə yaxın bir müddətdə ləngitmiş, hiss və düşüncələrində ağır tərəddüdlər keçirmişdir.

2. Tarixin müxtəlif dövrlərində ziddiyyətli xarakter daşıyan elm-din qarşıdurmasının mahiyyətində elm və bilik anlayışı sanki pərdəarxasına keçirilmiş, siyasi məqsəd və şəxsi mənafe prinsipləri qabardılaraq ön sırada bərqərar olmuşdur. Reallıqda isə elm və din tamamilə vahid bir kontekstdə təhlil olunmalı, birgə araşdırmalar müştərək səylə həyata keçirilməlidir. Çağdaş dövrdə müxtəlif elmi ixtira və kəşflərin, tədqiqatların nəticə etibarilə hələ on beş əsr bundan əvvəl nazil olmuş müqəddəs Qurani-Kərimdə istinad formatında göstərilməsi məhz bəşəri tərəqqinin əsas sütunlarından biri olaraq elm-din müştərəkliyi kontekstində zəruriliyinin sübutudur.

Yekun olaraq təhlilllərimizdə elmi-dialektik dəyərlərin malik olduğu ekvivalensiya (məzmunlu məntiqi nəticə) prinsiplərini aşağıdakı qaydada təsnifləşdirmək mümkündür:

- Yaradılış proloqundan başlayaraq insanın özünü və ətrafı dərk etmə imkanlarının genişlənməsi paralel olaraq elmi təbəddülatların inkişafına təkan verdi. Bu təkan həm də elm adamları üçün böyük bir motivasiya olmuşdur. Müasir nəzəri fizikanın yaradıcılarından biri olan Nobel mükafatçısı Albert Eynşteyn demişdir: “Mən Tanrının fikrini bilmək istəyirəm...qalanları təfərrüatdır.” [14, 74]

Elmi-dialektik anlamlara kompleks formada yanaşılmalı, vahid bir konsepsiya şəklində dəyərləndirilməlidir. Məhz bu kompleks dəyərləri biz antik təsvirlərdə, qədim mixi yazılarında, lövhəcik və ehram mətnlərində, antik dövr alimlərinin əsərlərində oxuyur və heyranı oluruq. Hind filosofu Oşo iki yol göstərir: “Həyatı 2 cür yaşamaq mümkündü. Ya özünü tamamilə elmə həsr edərək - kimyaçı , fizik, riyaziyyatçı və s. olmaqla, ya da həyatı poeziya kimi qəbul edərək - özünü sənətə, yaradıcılığa, musiqiyə, sevgiyə, təbiətə, gözəlliyə verməklə.......” [15, 5]

- Daxili intizam və zəhmət-sevgi tandeminin vəhdəti, nəinki elmdən, o cümlədən əxlaqi-mənəvi dəyərlər sistemindən bəhrələnməklə, ümumi yaşam tərzimizin alqoritminə çevrilməlidir. İstənilən elm sahəsinin tədqiqat mahiyyətində əxlaqi-mənəvi dəyərlər mövcuddur və bu proses elmin inkişafı ilə paralel olaraq addımlayır. Nümunə olaraq modern biotexnologiya və tibbi nailiyyətlərin əxlaqi aspektlərini öyrənən bioetika elmini misal göstərmək mümkündür. Mənəvi-əxlaqi aspektlər nəhəng alimlərin belə prioritet vəzifəsi olmuşdur: “Poliomielitin vaksinini kəşf etmiş Conas Salkanı bu xəstəliyə düçar olmuş insanları dəhşətli iztirabdan xilas etmək arzusu ruhlandırırdı. Böyük alim və Nobel mükafatı laureatı Mariya Küri radiumun kəşfi üzərində işləyərkən bəşəriyyətə xidmət arzusundan ruhlanırdı.” [16, 41]

Daxili intizam və zəhmət-sevgi tandemi müasir texnoəsr dövrünün yaratdığı problemləri mükəmməl bir ahəngə çevrilir. Əsas məsələ bu problemlərə yanaşma tərzimizdir. Vençur iqtisadiyyatın fundamental prinsiplərinin yaradıcılarından biri olan Gay Kavasaki demişdir: “Mikrofona da insan hərarəti və nəvazişi lazımdır.” [17, 268]

Dünyanın ən varlı adamları siyahısına başçılıq edən İlon Maskın həmişə özünə ünvanladığı sual da məhz bu kateqoriyaya daxildir: “Yaxın gələcəkdə bütün bəşəriyyətə ən güclü effektiv təsir göstərmək ehtimalı olan hansı texnologiyadır?” [18, 20] Məhz bu vəhdət (daxili intizam və zəhmət-sevgi tandemi) İlon Maskı texnologiya sahəsində biliklərini təkmilləşdirməyə yardımçı olur. Hətta mütaliə etdiyi kitablar fonunda heyranlıq bəslədiyi müəlliflərlə dostlaşır, ona vaxt ayıran alimlərin zaman haqqını ödəmək üçün razılıq almağa çalışır. Maskın əldə etdiyi heyrətamiz nəticələr isə heç kimə sirr deyil.

- Psevdoteist yanaşma elmin həqiqi nümayəndələrinə qarşı düşünülmüş neqativlər məcmusudur. Plagiatlıqdan tutmuş paxıllıq, təkəbbür, həsəd və digər obrazlarla qidalanan bu “alim”lər böyük bir təhlükə mənbəyidir. Yapon xalqına aid qədim atalar sözündə deyilir: “İstedadlı adam az yaşayar.” [12, 255]

Atalar sözündəki məntiqi hikmət məhz bu təhlükə mənbəyinin tam ciddiliyindən xəbər verən tragik bir siqnaldır. Bu siqnalın fəsadları da tarixi mənbələrdə gerçək bir həqiqətdir. Özlərini süni surətdə böyüdərək və ya kiçildərək “alim” obrazı yaratmaq istəyi Prokrust yatağından (qədim yunan mifologiyasında nəhəng quldur Prokrustun yolçuları məcburən uzandırdığı yataq: kimə yataq qısa olurmuş, ayaqlarını kəsirmiş; kimə uzun olurmuş, dartıb ayaqlarını uzadırmış) başqa bir şey deyil.

- Sxolastik faktorun daha çox siyasi polyarizasiya (qütbləşmə) fonunda elmi-dialektik dəyərləri rədd etməsi və ya tamamilə imtina etməsi analmını daşıyır. Elm və din qarşıdurması, qarşılıqlı qisas duyğuları hər iki kontekstə nəticə etibarilə heç nə bəxş etmir. Çünki din anlayışının özü də böyük bir elmdir. Elmdə olan şaxələnmə ideyaları dində də paralel olaraq gedir. Elmin yeni sahələrinin, loqoslarının yaranması prosesi bu gün də davam edir. Paralel olaraq digər elm sahələrinə nüfuz etmə heç də diletatnt (səthi) bilik anlamına gəlməməlidir. Misal olaraq dünya şöhrətli təbib, qərbin Avisenna kimi tanıdığı İbn Sinanı göstərmək olar. O da Aristotel kimi elmi harmoniyaya sahiblənmişdir. Təbabətdən əlavə alimin məşğul olduğu elm sahələri təxminən belədir: Fəlsəfə, poeziya, musiqi, riyaziyyat, geologiya, məntiq, fizika, kimya, astronomiya, din, mexanika və s. (bax: https://az.wikipedia.org/wiki/%C4%B0bn_Sina) Mövcud məsələyə paradoksal sualla da müraciət etmək olar: Məgər İbn Sinanı nəhəng edən onun elmə olan konseptual yanaşması deyilmi? Sxolastik faktor baxımından məsələnin məntiqə əsaslanan mahiyyətli tərəfi də odur ki, orta əsrlər dövründə dünyanın elm ensiklopediyasına töhfələr bəxş etmiş Şərq mütəfəkkirlərinin yaradıcılıq portofoliosunun əksəriyyətində biz Qurani-Kərimin subliminal istinad olaraq mövcudluğunun şahidi oluruq (İbn Sina, Nəsirəddin Tusi, ensiklopedik yaradıcılığına görə dünyada “İkinci Aristotel” kimi tanınan Fərabi, İbn Rüşd və s.)

Həyat, davranış, hətta düşüncə tərzimizin konseptual yanaşma baxımından elmi-didaktik prinsiplər üzərində qurulması harmoniyanın təməl xüsusiyyətlərindən biridir. Çünki kainatın yaradılış və mövcudluğu da məhz ahəngdarlıq prinsipləri üzərində qurulmuşdur. Nəhayətdə hətta ölümün özü belə müqəddəs bir harmonik dəyərə çevrilir. Eramızdan əvvəl III minilliyə məxsus Qədim Misir poeziyasında deyildiyi kimi:

Ölüm indi mənə başqa cürə görünür-
Ağaran yollarla
Səfərdən qayıdan kimi.
Ölüm indi mənə başqa cürə görünür-
Göylərin açılıb
Həqiqətlərin aşkar olması kimi.
Ölüm indi mənə başqa cürə görünür-
Uzun həbsdən sonra
Qayıtdığım ev kimi. [10, 106]

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:

1. Deyl Karnegi. HƏYATDAN VƏ İŞDƏN NECƏ HƏZZ ALMALI? Qanun nəşriyyatı. Bakı - 2018, 256 səh.
2. STİVEN KOVİ. YÜKSƏK EFFEKTLİ İNSANLARIN YEDDİ VƏRDİŞİ Qanun nəşriyyatı, Bakı - 2014, 484 səh.
3. U-TSZİN. HƏRB SƏNƏTİ. (Qədim çinin yeddi hərb qanunu) ”Zəkioğlu”, Bakı - 2009, 620 səh.
4. Brayan Treysi. MƏQSƏDLƏR. Qanun nəşriyyatı, Bakı - 2018, 256 səh.
5. Yuval Noah Harari. HOMO DEUS: SABAHIN QISA TARİXİ. Qanun nəşriyyatı, Bakı- 2018, 432 səh.
6. Mumin Sekman. FƏRDİ ƏTALƏTLƏ MÜBARİZƏ. Qanun nəşriyyatı, Bakı- 2018, 160 səh.
7. QURANİ KƏRİM. Ərəb dilindən tərcümə edənlər: Z.M.Bünyadov və V.M.Məmmədəliyev.
8. Erich Fromm. SAĞLAM CƏMİYYƏT. Qanun Nəşriyyatı, Bakı-2019, 368 səh.
9. Henri Ford. Həyatım və işim. Qanun nəşriyyatı, Bakı-2019, 360 səh.
10. Qədim Şərq ədəbiyyatı müntəxəbatı. “Şərq-Qərb”, Bakı-2007, 672 səh.
11. Ağababa Rzayev. NƏSİRƏDDİN TUSİ : həyatı, elmi, dünyagörüşü. Kitab klubu, Bakı-2015, 296 səh.
12. Dünya xalqlarının atalar sözləri. kitabklubu.org, Bakı-2015, 264 səh.
13. Frensis Kollins. TANRININ DİLİ. “Qədim Qala” Nəşriyyat evi, Bakı-2019, 248 səh.
14. Dipak Çopra. UĞURUN YEDDİ MƏNƏVİ QANUNU. Qanun nəşriyyatı, Bakı- 2018, 80 səh.
15. OSHO. “KİŞİLƏRİN KİTABI”. Qanun nəşriyyatı, Bakı-2014, 248 səh.
16. Robin Şarma. SƏN ÖLƏNDƏ KİM AĞLAYACAQ? Qanun nəşriyyatı, Bakı- 2018, 224 səh.
17. GUY KAWASAKİ. STARTAP SƏNƏTİ 2.0: İşə başlayan hər kəsə vacib olan bələdçi kitabı. Qanun nəşriyyatı, Bakı-2019, 392 səh.
18. İlon Mask. İlon Maskın həyat,biznes, uğur və sahibkarlıq dərsləri. Qanun nəşriyyatı, Bakı-2018, 112 səh.