Hansı kitabları oxumamalıyıq? - Esse

Hansı kitabları oxumamalıyıq?  - Esse

20 Dekabr 2022 10:46 364


Yeniyaz.az Simran Qədimin “Kitabın kitabını bağlayaqmı?” silsiləsindən “Hansı kitabları oxumamalıyıq?” essesini təqdim edir.


“Mən buradayam, əziz oxucum, görəsən, sən haradasan?”
Oğuz Atay

Hər kitab öz səsiylə oxucunu çağırıb diqqət çəkməyə çalışır. İstər real aləmdə, istərsə də virtual dünyada – harada bir kitab varsa, sanki bir-birini itələyib sıxışdırır, fürsət düşən kimi, boylanıb gözə dəymək, insanların qəlbinə və beyninə yol tapmaq istəyir.

Tarixdə heç vaxt, hətta XV əsrdə inqilabi alman ixtiraçısı Yohan Qutenberqin çap dəzgahını icad etməsindən bu yana belə, bilik indiki qədər əlçatan, bol, bir çox hallarda isə təmənnasız, pulsuz olmamışdı. Bunun dəyərinin anlaşılmasından əlavə, kitabların doğru-düzgün seçilməsi də çox önəmlidir. Nəyi, niyə, hansı özəlliklərinə görə oxuduğumuza diqqət yetirməliyik. Milyonlarla əsərin, bunca zənginliyin, rəngarəngliyin, bəlkə də, xaotikliyin içində hər şey var: həddən artıq vacib, dəyərli kitablar da, kimsəyə fayda verməyən, mənasız, hətta zərərli, təhlükəli əsərlər də.

Bir çox hallarda uğursuz seçilən – keyfiyyətsiz, zəif, maraq dairəmizə, bilik səviyyəmizə uyğun gəlməyən, zamanına, məqamına görə yerinə düşməyən kitablar ruh düşkünlüyü yaradır. Daha mütaliədən soyuyub oxumaqdan boyun qaçırır, belə demək mümkünsə, kitabın kitabını bağlayırıq. Amma bir dəfə, hətta bir neçə dəfə də səhv seçim etməyimiz bunun həmişə təkrarlanacağı anlamına gəlmir. Digər tərəfdən, nə axtardığımızı aydınlaşdırmaqdan ötrü də geniş diapazonlu mütaliəyə, zamanla qazanılan təcrübəyə ehtiyac duyulur.

Saysız kitabların arasında hər kəsə gərək ola biləcək, səbirsizliklə oxucusunun yolunu gözləyən saysız kitablar var.

Bir vaxtlar hərfləri, yazıb-oxumağı öyrəndiyimiz, asan qavranılan, su kimi axıb-gedən nağılların, hekayələrin dünyasına baş vurduğumuz kimi, sanballı, ağır əsərlərə girişməmişdən öncə də sadə kitablarla özümüzü sınaya bilərik. Vaxt ötüşdürməyə hesablanan, yüngül bir dillə yazılıb maraqla oxunulan bu cür kitablar, adətən, mütaliə vərdişi yaradır, gələcəkdə daha mürəkkəb əsərlərin oxunmasına yol açır.

Kitablar kateqoriyalar, dövrlər, mövzular, janrlar kimi müəyyən şərtlərə görə bölünüb bir-birlərindən fərqlənirlər. Kateqoriyalara əsasən, ensiklopedik, bioqrafik, ixtisas, elmi, elmi-kütləvi, bədii kitabları misal göstərmək olar. Məsələn, söhbət ixtisas kitablarından gedirsə, onlar da öz növbəsində müxtəlif sahələrə ayrılır: müəllimlik, həkimlik, mühəndislik... Bəs nə müəllimi – ana dili, riyaziyyat, coğrafiya, ya tarix?.. Elm, ya elmi-kütləvi əsərlərdə də ucsuz-bucaqsız okeanlar var: kimya, fizika, biologiya, astronomiya, ya astrofizika... Yox, əgər ədəbiyyatdan danışırıqsa, yenə də seçim imkanı sonsuzdur. Şeir, yoxsa roman? Neçə il əvvəl, hansı janrda qələmə alınmış kitablar? Klassik, modern, postmodern? Detektiv, fantastik, antiutopik, ya tarixi əsərlər?..

Bundan başqa, hər kitabın öz təyinatı, məqsədi olur: vaxt öldürmək, mənəvi-estetik zövq vermək, cürbəcür emosional hallar – duyğu seli yaşatmaq, düşündürmək, maarrifləndirmək, bilik və bacarıqları artırmaq... Kitab var, pop musiqi, “fast food” kimidir, ayaqüstü, sürətli oxu üçün yazılıb. Kitab var, mütaliə zamanı böyük zəhmət, diqqət tələb edir, deyir ki, üstündə qeydlər aparıb stikerlər yapışdıraq, sətirlərini, abzaslarını işarələyib dönə-dönə təkrarlayaq.
Bütün bunları incəliklərinəcən araşdırıb saf-çürük etmək çox çətin, bəzənsə mümkünsüz olur, amma əvvəlcədən az-çox nə istədiyimizi, necə bir şey axtardığımızı müəyyənləşdirməliyik. Əgər zövqümüz, maraq dairəmiz hələ formalaşmayıbsa, yenə də boş dayanmağın mənası yoxdur.

Hər kitaba ağız büzüb heç nə oxumamaqdansa bir yerdən başlamaq yaxşıdır.

Tsundoku – kitab alıb oxumama sindromu.

Kitab seçimində bir çox amil rol oynayır: reklam, üz qapağı, oxucuların, blogerlərin, dostların fikirləri, resenziyalar, sevimli yazıçının növbəti əsəri, savadına, intellektinə əmin olduğumuz adamların tövsiyələri, kitabın “Top kitablar”, bestsellerlər, lonqsellerlər siyahısına düşməsi, nəşriyyat, tərcüməçi, redaktor... Bunlar beyində səs-küy salır, ən böyük motivasiya olan şəxsi istəyə, marağa uyğun şəkildə seçim etməyə köməklik göstərir.

Mütaliə fərdi xarakter daşıdığından hər kəsin özünəməxsus tələbatı, prioriteti ola bilər. Həkimə, mühəndisə, iqtisadçıya, ya yazıçıya, filosofa lazım olan kitablar, təbii ki, bir-birindən fərqlənəcək. Ancaq hamının, heç olmasa, ibtidai səviyyədə bilməli olduğu ortaq mövzular, təməl bilgilər var: din, fəlsəfə, elm, tarix, siyasət, sənət, ədəbiyyat... Bu sahələrdə müəyyən anlayışlara yiyələnsək, fərqli mədəniyyətlərlə tanış olub, çağdaş dövrün problemlərini öyrənsək, həyata qlobal yanaşar, bütöv mənzərəni daha rahat görərik. Hansısa sahəylə qısa tanışlığı əsasən ümumiləşdirilmiş kitablar, antologiyalar verir. Fəlsəfə haqda anlayış almadan Kantın “Saf ağılın tənqidi”ni, Hegelin “Ruhun fenomenologiyası”nı, ya Nitsşenin “Zərdüşt belə söylədi”sini necə başa düşmək olar?

Bu gün internetdə yazılı və video formatda həm yerli, həm də xarici yazıçıların kitablarını tanıdan, cürbəcür kriteriyalara görə, qarşımıza siyahılar çıxaran saysız materiallar var. Mütəxəssislərdən qiymət almış, “Nobel”, “Buker”, “Pulitser” kimi beynəlxalq mükafatlara layiq görülmüş, dünya səviyyəsində tanınıb zamanın, əsrlərin sınağından çıxmış kitabların oxunması yanılma ehtimalını azaldar. Daim yeni nəşrlərlə, müxtəlif kataloqlarla maraqlansaq, “bax bu mənim kitabımdır, mütləq oxumalıyam bunu!” deyəcəyimiz əsərləri gec-tez taparıq.

Axtardığını tapa bilməmək onun mövcud olmadığı anlamına gəlmir.

Konkret kitab məsləhətlərinə etimad etməyənlər isə belə bir üsula əl ata bilərlər. Diqqətinizi çəkən iki kitab götürüb, hərəsindən təqribən 30-50 səhifə oxuyun. Ardınca üçüncü kitaba girişib, ondan da 30-50 səhifə oxuyandan sonra müqayisə edin, hansı kitabı bəyənsəniz, onun üzərində dayanın. Kitabları ayrı-ayrılıqda da araşdırmaq olar: qısa məzmununu, annotasiyasını oxumaq, mündəricatına, başlıqlarına baxmaq, təsadüfi bir səhifə açıb müəllifin dilini, üslubunu nəzərdən keçirmək... Beləliklə, istədiyimiz kitabı daha tez tapar, ən qiymətli resursa – vaxta qənaət edərik.

Mətnin ad-sanından asılı olmayaraq, zorakılığı, dini, irqi, cinsi ayrı-seçkiliyi təbliğ edən, xeyirin libasında şərə xidmət göstərib beyinləri zəhərləyən kitablar da çoxdur. Fikrini çatdıra bilməyən, bəsit şeyləri təkrar-təkrar vurğulamaqla oxucusunu da bəsitləşdirən, başqalarının düşüncələrinə təhqiramiz yanaşıb, əsassız arqumentlərlə, manipulyativ nümunələrlə özünün daim haqlı olduğunda israr edən müəllifləri ciddiyə almağa dəyməz. Bu cür əsərlərin çoxluğu adamı “bütün kitablar dəyərlidir!” ifadəsinin klişeliyi, şablonluğu barədə düşündürür.

Bəlkə də, “Hansı kitabları oxumamalıyıq?” sualı “Hansı kitabları oxumalıyıq?” sualından daha vacibdir, kim bilir?