Rəsul Rza və Nigar Rəfibəylinin yeni kitabları təqdim olundu

Rəsul Rza və Nigar Rəfibəylinin yeni kitabları təqdim olundu

26 May 2025 13:55 59


Mayın 24-də “Qanun” nəşriyyatında Xalq şairi Rəsul Rzanın və Nigar Rəfibəylinin yeni çapdan çıxmış “Azərbaycan poeziyası. Seçmə şeirlər” kitablarının təqdimat mərasimi keçirildi.

Rəsul Rzanən 115 illik yubileyini həsr olunmuş tədbir şairlə bağlı göstərilən bir neçə dəqiqəlik video-roliklə açıldı.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Rəsul Rza yaradıcılığından və nəşr olunan yeni kitabların əhəmiyyətindən danışdı.

Daha sonra kitabın tərtibçisi və redaktoru Şərif Ağayar, ön söz müəllifi, filologiya elmlər doktoru Cavanşir Yusifli, yazıçı, Rəsul Rza yaradıcılığının tədqiqatçısı Pərvin, yazıçı Həcər Paşayev çıxış edərək həm kitab, həm də hər iki şairin həyat və yaradıcılığı barədə fikirlər söylədilər.

Çıxışların arasında aktrisa-qiraətçi Zülfiyyə Eldarqızı kitablardan nümunələr səsləndirdi.

Sonda tədbirin aparıcısı, yazıçı Əyyub Qiyas sözü Rəsul Rza və Nigar Rəfibəyliyinin övladı,
AYB sədri, Xalq yazıçısı Anara verdi.

Anar müəllim yeni layihə üçün “Qanun” nəşriyyatına xüsusi təşəkkürünü bildirdi.

O, valideynlərindən yaddaqalan xatirələr danışdı, onlardan şeir oxudu.

Xatırladaq ki, “Qanun” nəşriyyatı “Azərbaycan poeziyası. Seçmə şeirlər” seriyasından Füzuli, Xətai, Vaqif, Vidadi, Qasım bəy Zakir, Məhəmməd Hadi, Əhməd Cavad, Səməd Vurğun, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Cabir Novruz, Nəbi Xəzri, Məmməd Aslan, Vaqif Səmədoğlu, Nüsrət Kəsəmənli, Zəlimxan Yaqub kimi görkəmli Azərbaycan şairlərinin kitablarını nəşr edib.

Növbəti mərhələdə digər tanınmış şairlərin kitablarının çapı nəzərdə tutulur.