Hər qönçə bir gülün uşaqlığıdı - Yeni şeirlər

Hər qönçə bir gülün uşaqlığıdı   - Yeni şeirlər

04 İyul 2023 10:54 435


Əlizadə Nuri
Payız notları

1.
Yuxusunda azadlığını görürdü
çərçivəyə salınmış şəkil.

2.
Gül əkmişəm əllərinin ətrinə…

3.
Bəlkə də bir qızın təbəssümüdür
Sonradan böyüdüb günəş ediblər…

4.
Ölümdən qorunmaq üçün
hamı öz həyatında gizlənib.

5.
Asta- asta yeriyirdi -
qorxurdu ki, yer kürəsi qurtara.

6.
Tanrı bu dünyanı sənə həsr edib…

7.
Adını gülə qoydular -
Gülü bəxtəvər etdilər..

8.
Mən səni bu axan çaydan
bir damla sutək götürdüm…

9.
Sənə bir sirr açım, allah
Ancaq aramızda qalsın…

10.
Üzündə ay doğan qız
O ayın neçəsidi?

11.
Korun gözündə də açılır səhər…

12.
Dünyanın siyasi xəritəsində
Sizin evi küçə-küçə gəzirəm…

13.
Balası sularda batan ana
qəbir kimi qucaqlamışdı dənizi.

14.
Bir qədəh xatirədən
Sərxoş olmaq olurmuş…

15.
Bir ağ göl kimidi göy üzündə ay…

16.
Bir misra yağışda neçə heca var?..

17.
Payızı kim qorxudub -
Heyva-heyva saralıb?

18.
İçinə bir gül budağı düşmüşdü -
bahar gəlmişdi suya...

19.
Hərdən oxuyuram məktublarını -
Yolunu tapmışam diri qalmağın…

20.
Çox adam itirdim bu təklik üçün…

21.
Hər qönçə bir gülün uşaqlığıdı…

22.
Bənövşə boynunu elə büküb ki,
Elə bil onun da atası yoxdu…