Konfusi atasına qarşı - Etimad Başkeçid

Konfusi atasına qarşı   - Etimad Başkeçid

04 Avqust 2022 12:20 236


İnsanlar məni başa düşməyəndə məyus olmuram, mən insanları başa düşməyəndə məyus oluram! (Konfutsi)

Bu günlərdə çinlilər və Konfutsi haqqında bir yazı oxudum. İronik tərzdə də olsa, Konfusi və Konfusiçiliyin mahiyyəti dürüst göstərilirdi. Lakin Konfusi ilə bağlı əsl ironiyanın nədən ibarət olduğunu bilməyimiz heç də pis olmazdı.

Deməli, Konfusi və yaxud, Kun-tszı (hərfən: Kun müəllim) eramızdan əvvəl 551-ci ildə dünyaya gəlib. Onu Çin tərəflərdə «ləyaqətli həyatın normativ proqramı»nı insanlığa bəxş etmiş adam adlandırırlar. İnsafən, bu yöndə az iş görməyib. Məsələn, Avropa mədəni ənənəsindəki əxlaq və ədəbin qızıl qaydasını – özünə rəva bilmədiyini başqasına da rəva görmə – məhz Konfusi formalaşdırıb. Bu prinsip bütün müqəddəs kitablarda öz layiqli yerini tutub.

Çin xalqının mənəvi atası sayılan Konfusinin təlimi «Mülahizələr və söhbətlər» adlı kiçik bir kitabçada toplanıb. Onun bütün təlimi ritualın etikası kimi də qəbul olunur. «İnsansevərlik – hər zaman ritualın tələblərinə uyğun hərəkət etməkdir» - Konfutsi belə deyir. Onun çağdaş nöqteyi-nəzərdən son dərəcə ziddiyyətli müddəaları atalar və oğullar məsələsində birmənalı olaraq ataların tərəfini tutur. O deyirdi ki, insanlardakı dəyişiklik həvəsi və şövqü əcdad kultuna xələl gətirməməlidir.

Konfusi ritualının normalarına görə, atanın evdə qoyduğu qayda-qanunu uşaqlar onun ölümündən yalnız üç il keçəndən sonra dəyişdirə bilərdilər. O belə hesab edirdi ki, insan daim ideal keçmişin səviyyəsinə yüksəlmək istiqamətində mənəvi, əxlaqi səylər göstərməlidir: «İnsanpərvərliyin əsasını ata-anaya ehtiram, böyük qardaşlara hörmət təşkil edir». Ata övlad üçün son əxlaqi və mənəvi instansiyadır.

Konfusinin təliminə uyğun olaraq: «Hökmdar - hökmdar, əyan - əyan, ata - ata, oğul da - oğul olmalıdır», yəni hər kəs öz yerini bilməli, cızığından çıxmamalı, mərifətli-qanacaqlı adam olmalıdır. Sözü uzatmamaq üçün bir şeyi də qeyd edim ki, Konfusi müəllimin sözlərinə görə insan zadəgan zümrəsinə aiddirsə, onun işi xeyli yüngülləşmiş olur. Sıradan, adi insan həyatı yaşayan adamların «yaxşı kişi» olmamaq şansı isə çox yüksəkdir.

İndi gəlin görək Konfusi ilə bağlı ironiya nədədir?

Konfusinin atası Şulyan Xe şöhrətli bir savaşçı imiş, hamı ona hörmət edir, yolunu gözləyirmiş. Ancaq o dövrlər (əslində bütün Şərq) Çin cəmiyyətindəki təsəvvürlərə görə Şulyan az qala bədbəxt adam sayılırmış, belə ki, onun çoxsaylı övladlarının hamısı qız uşağı imiş. Doqquzuncu qızdan sonra Şulyan artıq hər şeyə tüpürüb öz kənizi ilə evlənir. Onun kənizdən bir oğlu olur, lakin bədbəxtçilikdən bu uşaq çox xəstə və şikəst doğulur.

66 yaşlı döyüşçü yenidən evlənmək qərarına gəlir və bu dəfə 20 yaşlı bir qızla evlənir. Deyə bilərsiniz, nə olsun? O olsun ki, həmin dövrün qayda-qanunlarına və mütləq mənada gözlənilməli olan rituallara görə Şulyanın öz kənizi ilə evlənməsi, sonra onu boşayıb cavan bir qız alması (bu nikah ikiqat barbarlıq sayılırdı, çünki əvvəla, ər-arvadın yaş fərqi 10 ili keçməməli idi, ikincisi isə 64 yaşdan sonra evlənmək böyük ədəbsizlik hesab olunurdu). Beləcə, Konfusi bütün həyatını qoyduğu ritual normaların böyük pozuntusu nəticəsində bu dünyaya gəlmiş olur.
Yəni əgər dədəsi Konfusinin sözüylə oturub-durmuş olsaydı, o zaman dünyada Konfusi adında adam olmayacaqdı.

Bu, taleyin ironiyası deyilsə, nədir?

Bəlkə, doğrudan da, qaydalar onları pozmaq üçün qoyulur…

Və yaxud Konfutsi bu dünyaya gəlməsindən çox peşmanmış, odur ki, gələcəkdə belə halların baş verməməsi üçün belə bir təlim fikirləşib, ərsəyə gətirib.