Mən dostlarımı bir hərf də satmadım - Mehman Qaraxanoğludan şeirlər

Mən dostlarımı bir hərf də satmadım    - Mehman Qaraxanoğludan şeirlər

25 Martt 2023 12:49 387


Yolunu azmışlar

Bizdə
Həqiqətin yanında dayanmaq
Səfehlik,
Dəlilik,
Yolunu azmaq imiş...
Mən azmışam yolumu...
Bir az Hacı Nuruyam,
Bir az Kefli İsgəndər
Bir az da Mehman...

Mənim ağam

Bizdəki məmurların çoxu
Kiminsə xalası,
Əmisi
Bibisi uşaqlarıymış...
Bütün “izm”lərin ən əzizini –
Avtoritarizmi
Ürəklərinin başında
Qoruyurlar gizlicə.
İdarəçilikləri də belədir:
“Biz kimi düşünməyən bizdən deyil!”
Necə edim ki, sizin kimi düşünüm?!
Necə edim ki, gözümün rəngi,
Köynəyim,
Qalstukum sizinki kimi,
Beynimin çəkisi sizinki qədər olsun?!
Necə edim?!

Pusqu

“Başbilənlər”imiz pusquda durub gözləyir:
Biri İranı
Biri Turanı
Biri Rusiyanı...
Bəs Mirzə Məhəmmədəli,
Səməd Vahid
Və Rüstəm bəyin qardaş olduğunu
Nə tez unutdunuz, cənablar?!

“Zərərsiz”lər

Mən “zərərsiz” ziyalılar ölkəsində yaşayıram.
“Zərərsiz...”
Mətnlərimdə
“Millət! Vətən! Dil!” – deyə bağırıram!
Şüuraltımda rüşvət,
Dəbdəbəli ev-eşik,
Eyş-işrət,
Əyləncələr...
Ax, yazıq Vətən!
Ax, yazıq Mirzə Cəlil!

Çıx

Lənət olsun sənə də,
Yazdıqlarına da!
Nə olar,
Bir az da özün ol,
Bir az da yazdıqlarına oxşa,
Çıx qafiyənin altından!
Çıx!!!
Çıx!!!

Dur

Dur, yalan de, oğlum,
Dur!
Hamı yalan deyir.
Dur!
Yalansız ötüşmək olmur!
Dur!
Bu, Operadır –
Bütün rollarda sənsən,
Dur!

Məqsəd

Sən məni inandırırsan ki,
Dünya belədir,
Sən məni inandırırsan ki,
Həqiqəti deməklə heç nəyə çata bilməzsən!
Nəyə çatım ki?
Var-dövlətə, dəbdəbəyəmi?
Həqiqəti deməzdən əvvəl
Qarşıma məqsədmi qoyum?!

Xəyanət

Mən öz dostlarımı
Bir hərf də satmadım.
Məni isə
Söz-söz.
Cümlə-cümlə
Mətn-mətn satırlar...
İndi dur
Satılmış mətnlə
Onun əsli arasında
Yaşa,
Görüm necə yaşayırsan?!

Paqanininin ölümü
(Edvard Okunun “Paqanininin ölümü” rəsmi üzərindən)

Paqanini ölərkən
İblisin özü onun başı üstündə
Skripka çalır.
Özü də lümlüt...
İblis bilirdi,
Paqaninidən bir sadə geyim alıb gedəcək...
Əgər iblis o cür
Bizimkilərin yanına gəlsə
Ona ordenli-medallı nəsə verməliyik...
Görəsən, götürərmi iblis?!

Dərs

Sus!
Ağzına sua al, sus!
Fəqət
Ağzındakı su
Bütün dünya sularını çirkləndirə bilər,
Bilirsənmi?

22-25 mart 2023