Mənəm, bu şəhərdi, bir də bu külək - Şeirlər

Mənəm, bu şəhərdi, bir də bu külək   - Şeirlər

20 Noyabr 2023 14:58 521


Qorxmaz Şıxalıoğlu

Gərək dözməyəydim o məclisdə mən,
Durub o alçağı söyüb gedəydim.
Yaltaq gülüşlərdən əriyib gedən,
Boşqabı, çəngəli qoyub gedəydim.

Kaş qoyub gedəydim ruhumu sıxan,
Mütrüf sifətləri, mütrüf sözləri.
Kaş qoyub gedəydim saxta sağlığa,
Qədəhə süzülən zəhər “yüz”ləri.

Hardan gəlib düşdüm mən o yığnağa,
Neynirdim, kim idim,nə idim orda?
Bir bəhanə ilə durub ayağa,
Gərək ilim-ilim itəydim ordan.

Gedib qaranlıqda sükuta dalan,
Bir küknar olaydım, söyüd olaydım.
Lap belə küçədə sahibsiz qalan,
Məni bağışlayın...bir it olaydım.

Göylərdən süzülən Ay işığını
O yağlı üzlərdə görməyəydim kaş...
O yığnaq cəhənnəm, gəl, indən belə
Gecə Aya baxmaq zülmünə qatlaş.

Gərək dözməyəydim o məclisdə mən,
Durub bu alçağı söyüb gedəydim.
Yaltaq gülüşlərdən əriyib gedən,
Boşqabı, çəngəli qoyub gedəydim.

2001

***

Darıxır, sinəmdə ürək darıxır,
Gündüzüm əzablı, gecəm narahat.
Sən məni hər axşam bir toya çağır,
Mən yenə tənhayam, tənhayam, heyhat...

...Məclisin şıdırğı yerində belə,
Tənhayam-ətrafım bir quru səhra.
Yanımda lap dağlar yallı gedələr,
Mən yenə tənhayam, tənhayam, tənha.

Ürəkdən sevinmək qorxudur məni,
Sevinc qəmi örtən pərdədir, pərdə.
Ağacda titrəyən son yarpaq kimi,
Tənhayam həmişə, hər vaxt, hər yerdə.

Nə sabah, nə bahar, nə xoş gələcək?
Heç doğma övladım yoxdur gözümdə.
Nə qədər ki, Allah enməyib göydən,
Tənha qalacağam bu yer üzündə.

10.09.2005
Aleksandr Bloka

Bir qadın köçmüşdü bizim binaya,
Təkcə yaşayardı, təkcə gəzərdi.
Bir qonum-qonşunu salmazdı saya,
Baxmazdı kim ona dodaq büzərdi.

Sevib yaşayardı öz həyatını,
Səhər evdən çıxıb, axşam gələrdi.
Tək-tənha ömrünün hər saatını,
Bir səadət dolu dünya bilərdi.

Külək yelləyərdi boş zivəsini,
Kimsə orda paltar görməzdi heç vaxt.
Eşitmək istərdi hamı səsini,
Ancaq o danışmaz, gülməzdi heç vaxt.

Əyni şux, baxışı inam saçardı,
Baharda sökülən dan yeri kimi.
Ona yaraşardı bütün paltarı,
Təzəcə dən düşən telləri kimi.

Nə yasa gedərdi, nə də bir toya,
Nə də bilinməzdi sevinci, dərdi.
Elə gəzərdi ki, sanki dünyaya,
Yüz dəfə, min dəfə gəlib-gedibdi.

Yayda həyətdəki tənha söyüdə,
Səhər tezdən durub su verərdi o,
Qəlbində közərən dərdini,bəlkə,
O tənha söyüdlə söndürərdi o.

Qonşular gizlində pıçıldaşardı:
“Söyüdün bəxtinin açılıb gözü”.
Hamı bir-birinə ürək açardı:
“Söyüdün söyüdlə düz tutar sözü”.

O qadın gələndən boz binamızın,
Tamam dəyişmişdi köhnə gərdişi-
Burda nə kasıbın, nə keçəl qızın,
Sanki düzəlmişdi hamının işi...

...Bir payız gecəsi silkələndi yer,
Töküldü həyətə bütün qonşular.
Hamı düşündü ki, o, indi gələr-
Yoxsa ölümlə də oynamaq olar?!

O gecə çoxunun baxışı dondu,
O qadının tənha pəncərəsində.
İşığı gəlsə də, özü gəlmədi,
Hamının istəyi qaldı gözündə...

...Bir axşam eşitdim, köçüb gedib o,
Çoxları heç xəbər tutmayıb bundan.
Deyirlər, bir qoca görübdür onu-
Evdən çıxıbdır o, dan qızaranda.

Qonşuda yaşayan tələbə qıza,
Şəhərdən əbədi gedir, deyibmiş.
Bir də “həyətdəki tənha söyüdə,
Arada vaxt tapıb, su ver”,-deyibmiş.

İlk günlər qonşular gen gəzərdilər,
Çoxu utanardı sanki söyüddən.
Sonra elə bil ki, dəyişdi aləm,
Söyüd doğmalaşdı hamıya birdən.

İndi, su verməyə söyüdə, hərdən,
Az qala qonşular növbəyə durur.
Hamı düşünür ki, qayıdacaq o,
Yenə şux geyimdə, üzündə qürur.

2008

***

Dostum, gecə qatarla,
Yol gedəndə, bilirəm.
Fikir tutub yaxandan,
Çəkir səni min yerə.

Dəmir çarxların səsi,
Qüssə, soyuq gətirir.
Ən şirin xatirə də
Qəlbində qəm bitirir.

Kədərli düşüncələr,
Səndən əl çəksin deyə,
Arabir pəncərədən
Boylanırsan gecəyə.

Bir gün ölüm, bilirsən,
Son qoyacaq ömrünə.
Səndən sonra qatarlar
Gəlib-gedəcək yenə.

Bu fikir ürəyinə,
Qoy qara xal salmasın.
Şaxta vuran çiçəktək,
Ümidlərin solmasın.

Dostum,qoy ürəyini
Bürüməsin duman, çən .
Elə bil,bu dünyaya,
Yüz yol gəlib-getmisən.

Elə bil, başlamısan,
Təzəcə bir ömür sən;
İlk dəfədir qatarla,
Sən gecə yol gedirsən.

2012

***

Bəlkə də, qırx ildi yola getmirik,
Mənəm, bu şəhərdi, bir də bu külək.
Bizə çatan olmaz, tərslikdə birik.
Mənəm,bu şəhərdi, bir də bu külək.

Çox vaxt bir-birində qüsur axtaran,
Ayağında nöqsan, kəsir axtaran,
Elə dostunu da gəzib axtaran,
Mənəm, bu şəhərdi, bir də bu külək.

Bircə gün olmadım darıxar şəhər,
Küləyi dalımca kəndə göndərər.
Bir-birini qıran, yenə də səhər,
Mənəm,bu şəhərdi, bir də bu külək.

Ahıllıq başımın üstünü alıb,
İndi də oğlumla şəhər dost olub.
Evimdə bir köhnə şəkil asılıb -
Mənəm, bu şəhərdi, bir də bu külək.

2014