Məşədi İbad kimi hasarın bu tayında qalanlar - Fəxri Uğurlu

Məşədi İbad kimi  hasarın bu tayında qalanlar  - Fəxri Uğurlu

20 Fevral 2022 20:08 547


YaniYaz.Az Fəxri Uğurlunun “Dünyaya çıxmaq” essesini təqdim edir.

Son illər söhbətlərdə, diskussiyalarda, müsahibələrdə belə bir sualla tez-tez qarşılaşırıq: niyə bizim ədəbiyyatımız dünyaya çıxa bilmir, niyə bizim ölkəmizdə, tutalım, Markes, ya Pamuk yetişmir?

Dünyaya çıxmaq. İlk təmasda qəribə səslənir, hələ adamın gözünün qabağına başı dumanda-buludda görünməz olan bir sonsuz nərdivan da gəlir.

Heç markeslər, pamuklar da çölə tökülməyib. Guya hər ölkə Markes bitirib, Pamuk becərib, bir bizdən başqa.
“Bizdə nə varsa pisdir, onlarda olan hər şey yaxşıdır” düşüncəsi əyalətçi düşüncədir, geridəqalmışlıq, görməmişlik əlamətidir. Eynilə “biz hamıdan üstünük, dünyada bizdən yoxdur” düşüncəsi də əyalətçiliyin bir başqa təzahürü, yəni medalın o biri üzüdür. Adam əgər bahalı kostyum geyinib axşamlar “Torqovı”da gəzirsə, bərkgedən barda bahalı pivə içirsə, ya köçüb İstanbulda, Parisdə, Nyu-Yorkda yaşayırsa, bu, onun əyalətçilikdən qurtulduğuna, dünyanın mərkəzində qərar tutduğuna dəlalət eləməz, çünki hara getsə, öz təbiətini, zehnini də özüylə daşıyacaq. İnsan ucqar kənddə oturub da dünyanı ayağına gətirə bilər (qoca Tolstoyun Yasnaya Polyanadakı evi kainatın mənəvi paytaxtına, planetin dörd bir yanından axışıb yazıçını ziyarətə gələn zəvvarların qibləsinə çevrilmişdi), bir şərtlə ki, dünyanı, insanları Tanrı eşqiylə, eynən xəyalımızdakı Tanrı kimi (lap elə Tolstoy kimi) sevə bilsin. Özündən qırağa sevgi dalğaları ötürməyən kəsin sevilmək arzusu həmişə qısır qalacaq – eynən qısır inəkdən süd almaq istəyən naxırçının cəhdi kimi.

Dünyaya çıxmaq yox, bu iddiaya qapılan yaradıcı şəxs dünyanın üzünü özünə sarı çevirmək, xalqların, millətlərin diqqətini fəth eləmək, yer üzündə yaşayan hər bir fərdlə özünün ortaq diləklərini, ortaq maraqlarını tapmaq xəyalıyla yaşamalıdır. “Dünyaya çıxmaq”da bir miskinlik, atılmışlıq, unudulmuşluq, qısnanmışlıq çaları var – elə bil dünya dediyin hündür bir hasarın o üzündədir, sən də Məşədi İbad kimi hasarın bu tayında qalmısan, o taya yol tapmağa dəlmə-deşik axtarırsan… Tam bir əyalət təfəkkürü!

Xəyalla yaşamaq da işin hələ başlanğıcı, bəlkə də yarısıdır, ancaq bütün hallarda hamısı deyil. Əmələ çevrilməyən xəyal bəhrə verməz, hərçənd mayası xəyaldan tutulmayan əməl də ruhsuz bədən kimi ölüdür, ondan da bəşər övladına bir fayda gəlməz. Ta şüurlu insan növü meydana çıxdığı gündən dünyada mənəvi münasibətlər sistemi o qədər ədalətli, o qədər demokratik bir şəkil alıb ki, sən aləmlə, bəşərlə ünsiyyətə girməyi arzuladığın andan dünyaya “çıxmış” sayılırsan. Qalır o xəyalı əmələ çevirmək.

Əlbəttə, ədəbi əsəri başqa ölkələrdə, başqa xalqlara tanıtmağın bəlli çətinlikləri var – musiqidən, təsviri sənətdən fərqli olaraq söz sənəti araçıya möhtacdır, həm də bədii əsər hər dildə yenidən doğulmalıdır. Ancaq buna qədər şeirin, hekayənin, romanın öz doğma dilində doğulması gərəkdir. Bu doğuluşu “notarial qaydada” təsdiqləyən bir “münsiflər heyəti”, yəni sanballı, ədalətli söz yiyələrinin ədəbi-ictimai rəyin formalaşmasına yön verdiyi bir camiə, mətə, instansiya olmasa, o doğuluşun da sənət hadisəsinə çevrilməsi baş tutmayacaq. Ədəbiyyat dəqiq elmə bənzəməz, burada hansısa əsəri qiymətləndirməyin şəksiz bir düsturu, formulu, resepti yoxdur. Hər bir ədəbi yenilik keçilmiş universal təcrübə, yüz illərlə formalaşmış fəlsəfi-estetik dəyərlər əsasında, sənət tarixində iz qoymuş örnəklərə nəzərən, nəhayət, nüfuzlu çağdaş sənətkarların münasibəti, rəyi sayəsində qiymətləndirilir, hörmətə minir. Məsələn, bilənlər bilir ki, ötən əsrin azman söz ustalarından olan Uilyam Folkner çağdaşlarını tərifləməkdə o qədər də səxavətli deyildi. Mən onun özündən gənc ədəbi nəslin yalnız bir nümayəndəsi haqqında xoş söz dediyini xatırlayıram – o da başqa bir dünya şöhrətli Amerika yazıçısı Selincer idi. Folknerin vaxtında çox dəqiq qiymətləndirdiyi “Çovdarlıqda uçurumdan qoruyan” romanı yetmiş ildən çoxdur vətənində hər il yenidən, özü də yüz min tirajlarla çap olunur. Bax, buna deyərəm yazıçı fəhmi, ustad mərdliyi, sənətkar uzaqgörənliyi!

Hələ məktəbli yaşlarından redaksiya, nəşriyyat qapıları döymüş biri kimi yaxşı xatırlayıram: o dəhlizlər boyu yeriyəndə dizlərimiz titrəyərdi, çünki bizim yazılarımıza “Azərbaycan” jurnalının redaksiyasında Mövlud Süleymanlı, Məmməd Oruc, İsa İsmayılzadə, “Ulduz”da Seyran Səxavət, Yusif Səmədoğlu, “Ədəbiyyat və incəsənət” qəzetində Sabir Əhmədli, “Gənclik” jurnalında əvvəl Səfər Alışarlı, sonra Məmməd İsmayıl baxacaqdı. Onların bədii senzurasından keçmək ədəbiyyat qatarına bilet almaq kimi bir xoşbəxtlik idi. Biz gənclər də özümüzdən yaşlı sənətkarlara baxıb düzlənməyə, sələflərimizin saldığı bünövrənin üstündə, həm də onların ədəbi zəhmi altında boy göstərməyə, ucalmağa çalışırdıq.
Əlbəttə, mən senzuradan, süründürməçilikdən, yazımızın çap olunacağı günü aylarla, illərlə gözlədiyimiz əyyamdan ötrü darıxmamışam.

Çağdaş texnologiyaların həyatımızda oynadığı rolu da çox yüksək qiymətləndirirəm. Ancaq hər bir yeniliyin ayrı-ayrı insanlara, ictimai həyata faydası olduğu kimi fəsadları, yan təsirləri də olur. İndinin gənc yazarı axşam oturub birnəfəsə hekayə yazır, səhər ertə yazdığını eləcə “qanı qurumamış” yerləşdirir ya özünün, ya da dostunun saytına. Tam məsuliyyətlə, həm də bu yaxınlarda keçirilmiş hekayə müsabiqəsinin 200-dən artıq yazı oxumuş münsifi kimi əminliklə deyirəm: kompüterin, internetin, saytın, smartfonun hələ dünyaya gəlmədiyi o zamanlarda indi işıq üzünə çıxarılan yazıların mütləq əksəriyyətini qəzet-jurnalların nəinki qapısından, heç dəhlizinə buraxmazdılar. Bunlarlamı çıxacaqsan dünya arenasına?!

Sovet dönəmində bizim ədəbiyyatın dünyaya pəncərəsi Moskvadan açılırdı. Rus dilinə peşəkar səviyyədə çevrilən dəyərli əsərlərimiz bəzən indi fantastik sayılacaq qədər böyük tirajla çap olunur, bəxti gətirənlərin oradan o yana da yolu düşürdü. İmperiya dağılandan sonra bu mexanizm də qırıldı. Məntiqlə ondan sonra ədəbiyyatımızı Türkiyə, Avropa, Amerika bazarlarına aparan yeni yollar çəkilməli, yeni marşrutlar cızılmalıydı. Bundan ötrüsə dünya standartlarına uyğun iş quran nəşriyyatlar işə salınmalı, bədii əsərləri həm dilimizə, həm də dilimizdən yüksək səviyyədə çevirə bilən tərcüməçi nəsli yetişdirilməliydi. Fəqət biz bunların hamısını qırağa qoyub, həmişəki sayaq gözə kül üfürmək, şapalaqla üz qızartmaq, hamını, bundan da betəri özümüzü aldatmaq yolu tutduq. Dəbdə olan beş-altı kitabı tələm-tələsik gözdən keçirib, “yeni dünya standartlarına uyğun” yazmağa başladıq. Bu cür konyunktur yanaşma nəticəsində də ən yaxşı halda üçüncü, dördüncü əl ədəbiyyatı yaratmaq olar. Bununla hansı dünya nəşriyyatını şirnikləndirə bilərik?

Təxminən iyirmi il bundan qabaq Orxan Pamuk əsərlərinin ölkəmizdə populyarlaşması, bunun ardınca yazıçının Nobel mükafatına layiq görülməsi də yeni dövr ədəbiyyatımızı yaratmağa iddialı olan bir xeyli gənci coşdurdu. Sadə cümlə yazmağı sınamayan bir çoxu qələmə sarılıb mürəkkəb romanlar yazmağa girişdi, nəticədə (barmaqla sayılası istisnaları nəzərə almasaq) ortaya nə roman çıxdı, nə də romançı. Axı bir şöhrətli müəllifin dalınca qaçmamışdan gərək onun gəldiyi yola, keçdiyi məktəbə, oxuduğu kitablara diqqət yetirəsən. Dünya ədəbiyyatının, fəlsəfəsinin mərhələlərindən xəbərdar olmayan adam necə “dünya səviyyəli” əsərlər yaza bilər? Yer üzündə bir nəfər belə böyük yazıçı tapa bilməzsiniz. Əlbəttə, mən demək istəmirəm ki, böyük yazıçı ən savadlı adamdan çıxır (çünki yazıçını savadından çox fəhmi yönəldir), ancaq bir məsələ dəqiqdir: biliksiz, təcrübəsiz ağıl qəlbin dərinliklərində külçə halında yatan istedadı cilalayıb gün işığına çıxara bilməz.

Axundovdan üzübəri ötən iki əsrdə yeniləşən ədəbiyyatımız “cavanlaşma reseptini” Avropadan əxz eləyib. Təkcə biz yox, türk, rus, hind, çin, yapon, Afrika, hətta Amerika ədəbiyyatı da eyni mənbədən qidalanıb. Hərə Avropadan aldığı libasa öz varlığını büküb sərgiləyib. Belə olmasaydı, Taqor, Kavabata kimi “milli” yazıçılar adını “dünya” qoyduğumuz Avropada başa keçirilib Nobel mükafatına layiq görülməzdilər. Modern romançılığın fəndlərini ustalıqla mənimsəmiş Orxan Pamuk müasir Qərbdən aldığı formanı klassik Şərqdən aldığı məzmunla doldurmasaydı, Avropada icad olunmuş cihazla öz ölkəsinin insanına diaqnoz qoymasaydı, ölkəsindən kənarda maraqla qarşılanmaz, Nobel komitəsinin, “dünya”nın diqqətini çəkməzdi. Eləcə də orijinalı tarixin arxivinə gömülmüş “Əli və Nino” romanımız – Azərbaycanın, Güney Qafqazın taleyini parlaq obrazların timsalında sosial-fəlsəfi dərinliklə ifadə eləməsəydi, Azərbaycandan, Qafqazdan uzaq qitələrdə bestsellerə çevrilməzdi. Ötən əsrin 60-cı illərindən bütün planetə ün salmış Latın Amerikası nəsri yarandığı materikin sintetik mədəniyyətini, magik-mifik gerçəkliyini gün işığına çıxarmasaydı, dünya ədəbiyyatı tarixində yeni bir dalğa da yaranmazdı. Bəs biz necə, üstündə bəsləndiyimiz torpağın təkindən, ayağımızın altındakı layların alt qatından neftdən başqa nə çıxarıb “dünya”ya göstərmişik? Hansı ədəbi kəşflə, hansı bədii ixtirayla “dünya”nı heyrətləndirmişik? “Dünya”ya hansı yeni məzmun, hansı təzə forma təklif eləmişik?..

Latın Amerikası dedim, yadıma şöhrətli Peru yazıçısı, 2010-cu ilin ədəbiyyat üzrə Nobel mükafatı laureatı Varqas Lyosanın bir söhbəti düşdü. Deyir, 60-lara qədər bizi dünyada heç kim tanımırdı, nəinki dünya, heç Latın Amerikası oxucuları da bizi oxumurdular, ingilis, fransız romanlarıyla maraqlanırdılar. Kitablarımızı bir neçə yüz tirajla öz hesabımıza çap elətdirirdik, onu da dost-tanışa paylayırdıq. Özümüz də bir-birimizi düz-əməlli tanımırdıq, deyir, məsələn, mən Markesin “Polkovnikə məktub yoxdur” əsərini ilk dəfə Parisin Latın məhəlləsindəki bir kitab dükanının tozanağı içindən tapıb fransızca oxumuşdum. Ancaq günlərin birində yaşı 60-ı keçmiş Borxes o vaxtın şəriksiz mədəniyyət mərkəzi olan Parisdə mühazirələr söylədi, Parisin ədəbiyyat generallarını, azman tənqidçilərini, filosoflarını mat qoydu. O vaxtdan Avropanın diqqəti bizə yönəldi, əsərlərimiz qoca qitədə kütləvi tirajla yayılmağa, oxunmağa başladı. Avropa bizə qiymət qoyandan sonra, deyir, öz yerlilərimiz də bizlə maraqlanmağa, kitablarımızı almağa başladılar…

Özü də bunu kim deyir – yüz milyonlarla oxucu potensialı olan ispandilli ədəbiyyatın nümayəndəsi! Məncə, yaxşı təsəllidir.