Mifə əfsanələşdirilmiş dəyər gözü ilə baxmaq - Nizami Bayramlı yazır...

Mifə əfsanələşdirilmiş dəyər gözü ilə baxmaq  - Nizami Bayramlı yazır...

23 Yanvar 2023 13:27 230


YeniYaz saytı Nizami Bayramlının "Mifə zirvə yox, əfsanələşdirilmiş dəyər gözü ilə baxmaq" yazısını təqdim edir.


Estetika məsələsi çox ciddi bir anlayışdır. Həssas adamlar nə demək istədiyimi daha yaxşı anlayar. Estetik düşüncə ibtidai cəmiyyətin şüurunda yaranmış bir mifdir. Hərgah ki, indi "mif" deyəndə müəyyən bir toplum tərəfindən normal qarşılanmır, mif deyəndə ağıla mifi başqa cür tanıtdıran ikinci dərəcəli mənalar gəlir. Bu heç, onsuz da mifi öz əvvəlki mənasından yox, törəmə mənaları ilə qəbul edən birinə nə qədər bədii estetikanın mifoloji göstəricilərindən, mifologiya strukturundan danışsan da, anlayası deyil. Orta әsrlәrdə xristian Estetikası ilə bağlı maraqlı məqamlar var ki, onlardan biri də estetik hadisәlәrin spiritualist (ruhçuluq) anlamını әsaslandırır vә sәnәtin strukturunu simvolik ruhda şәrh edirdi (Avqustin, Foma Akvinalı vә b.).

Simvolik ruh deyərkən "Ata, oğul və müqəddəs ruh"dakı ruhu nəzərdə tuturam. Söhbət xristianların inancından gedir. Yəqin ki, "Pasxa" bayramı haqqında məlumatınız var, yoxdursa da, olmayanlar üçün yazıram. "Pasxa" bayramı İsanın çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibəti ilə qeyd edilən xristian bayramıdır. Bəzən buna cəmiyyət arasında "Qızıl yumurta bayramı" da deyirlər. Həmin bayramlar haqqında xristianların estetik görüşləri haqqında yazan rus müəlliflərindən biri qeyd edir ki, bu bayram yalnız xristianların deyil, ümumən dünyada yaşayan bütün İsaçıların estetik görüşlərini tərənnüm edir. Yeri gəlmişkən, bir maraqlı faktı da vurğulayım, təqvimdəki mövqeyinə və simvolikasına görə Pasxa, qədim yəhudi bayramlarından biri olan Pesaxa əsaslanır. Bunun da kökü birbaşa olaraq yəhudilərlə bağlıdır. Yəni xristianların orta əsrlərdən başladığı inanca yəhudilər tarix olaraq bir az da yaxındırlar. Amma məsələ orasındadır ki, bu bir estetika çərçivəsində yox, sadəcə xalqın yaddaşında qalan adət kimi formalaşmışdı. Yəni bir növ ənənəyə çevrilmiş məsələ olaraq çıxış edirdi. Xristianlar bunu estetikləşdirdikdən sonra yəhudilər də bunu mənəvi dəyər formasına salmağa başlayıb. Xüsusən də, həmin bayramlarda qədim dövrdəki inanca görə insanların bir çox qismi ailələri ilə bağlı dua edilərmiş...


Xristianların öz adətlərini estetik bir səviyyəyə qaldırması milli şüurun kökündən qaynaqlanan haldır. Yəni ənənə prinsipini pozmamaq şərti ilə xalq öz dəyərlərini mifoloji dərəcəyə qaldırmaqla bir daha onu sübut etmək istəyir ki, dəyər tək adət adı altında qəbul olunmasın. Bizdə isə əsas problemlərdən biri də odur ki, özümüzə doğma bildiyimiz dəyərlərə estetik görünüş vermək üçün onu mifləşdirə bilmirik. Əslində, bunun da xüsusi səbəbləri var. Məsələn, bizdə qeyd olunan bayramları dünyaya təqdimetmə bacarığı zəifdir. Məsələ o deyil ki, nəyisə təqdim edə bilmirik, əksinə, biz bunu ustalıqla bacaran millətik.
Fikrimin tam aydın olunması üçün qeyd:

Qədim dövrdən indiki tarixə qədər dəyər halında saxladığımız hadisələrə nəzər etsək, görərik ki, həmişə qarşımıza maneələr qoyulub. Buna səbəb olan ya hansısa müharibələr, ya da ki, sivilizasiyadan kənarlaşdırılmış öhdəliklərdir.

Mifə zirvə yox, əfsanələşdirilmiş dəyər gözü ilə baxmaq konsepsiyası əgər tamamilə sıradan çıxsa idi, bizə yetərincə yardımçı olardı. Günümüzün mifologiyasındakı kimi- mifologiya elminin əsas vəzifələrindən biri mifoloji mətnləri bərpa edib onu sistemləşdirmək lazımdır. Məndən olsa, bu sistemləşdirməni iki hissəyə ayırardım:

1. Mifoloji mətnləri bədii sistemləşdirmək.
2. Tarixi faktlara əsaslanmış sistemləşdirmələr

Bədii sistemləşdirmə çətin deyil, bunu hansısa yazarın köməyi vasitəsi ilə, bədii görkəm verməklə də həyata keçirmək olar. Tarixi sistemləşdirmələr isə bir xalqın yaşadığı keçmişə dəqiqlik vermək prinsipidir. Amma tarixi sistemləşdirmələrin kökündə dayanan aspekt fikir ayrılılığı salmamalıdır ki, bu da bir müqavilə standartıdır.

Belə, bu qədər...