Payız... Qarğa... Soyuq... - Yeni şeirlər

Payız... Qarğa... Soyuq...   - Yeni şeirlər

23 Noyabr 2022 11:38 384


Sevinc Elsevər
Payız tabloları

Qarğa ömrü

qarğaların üç yüz il yaşadığına
inanıb heyfsilənənlər var:
niyə qarğalar, niyə onlar yox?...
nə olsun ki, qar üstündə yem axtarırlar
uzun qış boyunca
nə olsun ki, pişiklərdən qaçırlar
elə hey...
nə olsun ki, qozu zülmlə qırırlar...

tısbağaların ömrünə-gününə
qibtə edənlər var
nə olsun ki, əziyyətləri çoxdur ömür yolunda
nə olsun ki, köməksiz qalxa bilmirlər
kürəkləri üstə aşanda
nə olsun ki, mənzilbaşına çatmaq üçün
elə bütöv bir ömrü qoyurlar...

yüz otuz iki yaşlı qadın yaşayırmış ölkəmdə
bir mənası olmalı
o qadının bunca ömür sürməyinin
o qadının uzun yaşamağı
böyük təsəllidir
hələ səksəni aşmayanlara
doxsanı ötməyənlərə
hətta yüzünü haqlayanlara...

xəyal edin
bəlli bir zamana qədər yaşayır insan
hamı ovcunun içi kimi bilir
nə qədər yaşayacağını
dünya lap ümidsiz bir yer olardı
hər günü heç bitməyəcək
yolun sonu heç gəlməyəcək kimi
hiss etdirir insana
kiminsə yüz otuz iki yaşında olmağı

uşaq başı aldadan kimi
bizi belə ovundurur Tanrı
belə arxayın salır...
günü sabah öləcək olan
özünə təzə başmaqlar alır.

Musiqi məktəbində

musiqi məktəbində
sinif otaqlarından dəhlizə gələn səslər
yeni bir simfoniya kimi səslənməkdə
xor dərsinin uşaqları oxumaqda
hansısa bir otaqda
başqa otaqlarda bir neçə piano
və skripka
xoru müşayiət eləməkdə
kamançanın yanıqlı səsi qoşulur onlara
Şərqlə Qərbin musiqisi qoşalaşır...
bir yox, birdən çox dirijoru var
bu qəribə orkestrin
həm də səssiz deyil onlar
əllərində qələmləri var
dirijor çubuqlarının yerinə
yaman tələbkardırlar
bəzisi ucadan sayır notları
bəzisi tələsdirir ifa edən uşaqları
bəzisi asta çalmağa çağırır onları

dinləyirəm bu qəribə konserti
dizimdə kitabım
qırx beş dəqiqə və pulsuz
hər həftənin eyni günü
eyni saatlarda
alıb aparır orkestr məni qanadlarında
oğlumun piano dərsi bitənədək

Payız... Qarğa... Soyuq...

qarıldayır qarğa
“qarr-qarrr-qa-qa-qa!”
hardasa buralarda

dili gileyli
başları qara yaylıqlı
çoxbilmiş yaşlı qarıları xatırladır qarğalar
soyuqdan
zəmanədən
bahalıqdan
qocalıqdan
şikayət edib
qar-qar qarıldayırlar
kədərlənir adam nədənsə
bir yandan da soyuqdur
üşüyürsə...

***

bu evdən çıxıb gedə bilərəm
kitablarımı hara aparım bilmirəm
onları yağışın altında qoya bilmərəm
pişiyimi
dibçəkdəki kaktusumu
qəfəsdəki quşumu
qoya bilmərəm yağışın altında
balalarımı
qoya bilmərəm yağışın altında

bu evdən çıxıb gedərəm
bu ölkədən çıxıb gedərəm hətta
dura bilərəm
qala bilərəm
ölə bilərəm
bir ömür boyu
yağışın altında...

***

məzarlıqlardakı
güllərdən də eyni şövqlə
şirə çəkir arılar
bir məzardan pərvazlanıb
başqasına qonurlar

Şəhər-kənd

fəvvarədə çimişən quşlara baxıb
deyirəm öz-özümə:
şəhərli quşların da günü
şəhər kənarında yaşayan quşların
güzəranından yaxşıdır
necə ki
mərkəzdə yaşayan adamların günü yaxşıdır
kənar məhəllələrdə yaşayan
uzun-uzun tıxaclarda qalan adamların günündən

tez-tez mədəni
mehriban adamlar öz simitlərini
bölüşür şəhərli quşlarla
şəlalə misallı fontanlarda çimişirlər
teatrların damlarında yuva qururlar
adlı-sanlı kişilərin heykəllərinin çiyinlərinə
qorxusuzca qonurlar
halbuki bostan müqəvvalarıyla alınıb
kənd quşlarının gözünün odu
nadinc uşaqların sapandlarından atılan
daşlarla
xoruzların, pişiklərin hücumundan
cana doyublar
qonub dən oğurladıqları həyətlərdə

yəqin şəhərli quşlar da
azıb-tazıb yolu şəhərə düşən
yad quşlara yuxarıdan aşağı baxır
necə ki
kənddən şəhərə gələnlərə yuxarıdan aşağı baxır
şəhər adamları...

Göy-yer

göyərçinlər yerə həsrət
necə ki bizlər göyə həsrətik
onların yarımçıq ayaqları var
bizim yarımçıq qanadlarımız...
yerdə təkcə yem axtarmır onlar
bizlərdən qorxa-qorxa
torpaqdan güc alıb
qanadlanır quşlar
qonurlar
yenidən uçurlar

güvənmirlər axıradək
ürkəkdirlər torpaqda
asfalt döşəmələr üstündə gəzəndə
yuvalarını əlimiz çatmayan yerlərdə qururlar
yer sakinlərinə etibar etmir
səma sakinləri

yeri qısqanır onlara bəzən adamlar
göyə əllərinin çatmamağının əvəzini
bu uçan məxluqlardan alırlar
onları tez-tez qovub uçurtmaqdan həzz alırlar
ziyanxor böyüklər
nadinc uşaqlar
bu canlı müqəvvalar

Ancaq torpağın üstünü
səxavətlə bölüşənlər də var
ovuclarında quşlara dən gətirənlər
gözləri yüksəkliklərdə olmayanlar
ana yurdun səması kimi
zəmisini də quşlarla bölüşənlər
uçmasalar da qanadı olanlar
yer üzü o vaxt cənnət olacaq:
heç bir quş heç bir adamdan qorxub uçmayacaq...