Prototipini “şərləyən” yazıçı - Fəxri Uğurlu

Prototipini “şərləyən” yazıçı  - Fəxri Uğurlu

21 İyul 2023 09:49 240


Düşmənə ezam olunan qeyrət

Gi de Mopassanın “Gonbul” novellası haqqında

Fəxri Uğurlu

Təqribən on il ərzində Mopassan altı roman, üç yüzdən çox novella qələmə almışdı. Bir il içində 1500 çap vərəqi (!) nəsr yazmaqla Balzakın, Dümanın, Zolyanın rekordlarını geridə qoymuşdu. Bu cür dəlicəsinə məhsuldarlıq səhhətinə ziyansız ötüşməsə də, qısa zamanda onu bütün Fransaya, ardınca bütün Avropaya, dünyaya tanıtmışdı, ona məmur işindən əl çəkib sərbəst yaşamaq imkanı yaratmışdı. Dörd villası, iki yaxtası vardı, hamısına da məşhur romanının adını qoymuşdu – “Əziz dost”.

Onu novella janrının ən böyük ustası sayırlar. Yaradıcılığa erkən həvəs göstərsə də, haradan, necə başlamalı olduğunu bilmirdi. Sonra anası onu Floberlə tanış elədi, Mopassan ilk qələm təcrübələrini ustad yazıçıya göstərib onun dəyərli məsləhətlərindən yararlandı. Flober onu çox sıxışdırır, çap olunmağına rüsxət vermirdi. Nəhayət, Fransa-Prussiya müharibəsinin on illiyi münasibətilə 1880-ci ildə işıq üzü görən bir almanaxda Mopassanın “Gonbul” novellası da dərc olundu. Əlbəttə, Floberin xeyir-duasıyla – böyük yazıçı bu novellanı şedevr adlandırmışdı. Elə ilk həmlədəncə otuz yaşlı yazıçı ədiblərin ön sırasına keçdi, onun novellası topludakı əsərlərin ən yaxşısı sayıldı.

Həmin il Flober ədəbiyyat tanrısı qarşısında son missiyasını başa vurubmuş kimi dünyadan köçdü. Ancaq ölməmişdən həyata skeptik münasibətini, insanlara nifrətini ədəbi oğluna köçürə bildi. Söz gəzir ki, Flober Mopassanın təkcə mənəvi-ruhani yox, həm də cismani atasıdır. İndiyəcən doğrulmayan bu ehtimal indən sonra da təsdiqini tapmasa belə ustad sənətkar özündən az qala otuz yaş kiçik xələfinə yalnız sənətin sirlərini öyrətməmişdi, onu öz xasiyyətinə də yoluxdurmuşdu. Mopassan da ədəbi atası kimi sevgiyə, sədaqətə, etibara inanmırdı, həyata bayağı, gülünc faciələr silsiləsi kimi baxırdı. Flober ona “Biz hamımız bəşəriyyət adlı çirkab dənizində yaşayırıq… Həqiqət axtarma, belə bir şey olmayıb, olmayacaq da… Bu gördüyün insancıqlar da mərhəmətə yox, olsa-olsa nifrətə layiqdirlər…” kimi antitezislər təlqin eləməklə onun həyatsevərliyini zəhərləyir, onu həyata ayıq-sayıq baxmağa çağırırdı. Ustadı kimi o da ölənəcən subay yaşadı, qırx üç illik cismani ömrünü barsız-bəhərsiz başa vurdu, hərçənd öz şəhvətinə heç vaxt korluq verməmişdi.

***

XIX əsr yazıçılarını ucdantutma realist adlandırırlar. Metod baxımından bu yanaşmada bəlkə də bir həqiqət var, həmin dövrün yazıçıları həm özlərindən əvvəlki, həm də sonrakı yüzilliyin roman, novella ustalarına nisbətdə həyat gerçəkliyinə daha yaxındırlar, onların qurduğu süjetlər, yaratdığı obrazlar real hadisələrə, canlı insanlara çox uyğundur.

Bunu da xatırladaq ki, ümumilikdə realizm (eləcə də naturalizm) adlanan metod məxməri keçidlə romantizmdən realizmə adlayan yazıçılarla (Stendal, Balzak, Hüqo, Dikkens…) yanaşı qismən də dövrün ən populyar fəlsəfi cərəyanı olan, hər bir məsələyə, fenomenə analitik elmi yanaşma tələb eləyən pozitivizmin təsiri altında formalaşmışdı. Fəqət küll halında realist adlanan yazıçıların reallığı interpretasiyası, gerçəkliyi yozması, həyata qoyduğu diaqnoz bir-birindən kəskin seçilirdi. Məsələn, Tolstoyun realizmi Turgenevin realizmindən, Dostoyevskinin realizmi Çernışevskinin realizmindən, Qonçarovun realizmi Qoqolun realizmindən çox fərqlənir, bu yazıçıları nə ideya-məzmun, nə də forma-üslub sarıdan bir dam altına yığmaq olmaz. Qoqolun “Ölü canlar”, Saltıkov-Şedrinin “Bir şəhərin tarixi”, Çernışevskinin “Nə etməli?” əsərləri dövrün ictimai-siyasi gerçəkliyinə güzgü tutan sosial, yaxud inqilabi xarakterli əsərlərdir, ancaq məsələn, onlarla eyni dövrdə yaşamış Qonçarovun, Turgenevin, Dostoyevskinin, Tolstoyun əsərlərini yalnız bu arşınla dəyərləndirmək bizi doğru nəticəyə aparıb çıxarmaz, hərçənd yuxarıda adı çəkilən əsərlərin bədii məziyyətlərini də qətiyyən dana bilmərik. Sadəcə, Tolstoyu Turgenevdən, Turgenevi Qoqoldan ayıran dünyagörüşlər onları həm ideoloji, həm də metodoloji baxımdan bir cərgəyə düzməmək üçün bizə çox ciddi əsaslar verir.

Mopassanı da realist yazıçı sayırlar. Üzdən baxanda burada qəribə heç nə yoxdur, onun əsərləri real həyat hadisələri üzərində qurulub. Fəqət o bu hadisələrin sadəcə üzünü köçürməyib, onlara bir ayrı yozum, fərqli quruluş verib, başqa sözlə, həyata öz pəncərəsindən baxıb. O pəncərədən baxanda həyat mənasız, insanlar etibarsız, kütlə qəddar, fərd çarəsiz, tənha görünür.

Bu təsəvvürün formalaşmasında yazıçını ömrü boyu qarabaqara izləyən dəli olmaq qorxusu (tək qardaşı da anadan psixi qüsurla doğulmuşdu), dərin depressiya, candidən mənəvi əzablar başlıca rol oynamışdı. Mopassan nə ailə xoşbəxtliyinə, nə sevginin sabitliyinə, nə də dəyərlərin mütləqliyinə inanırdı. Şopenhauerin təliminə dərin hörmət bəsləsə də, başının yaradıcılığa qarışdığı günlər-saatlar istisna olunmaqla sükunət nöqtəsində qərar tutmurdu. Kəpənək kimi güldən-gülə qonur, ancaq heç bir qadının qarşısında məsuliyyət daşımır, öhdəlik götürmürdü. Onun təqdimatında həyat bu qədər zalım, bunca amansız idi. Mopassanın realizmi mahiyyətcə cəmiyyətin oturuşmuş dəyərlərinə, kök atmış kanonlara, daşlaşmış təsəvvürlərə meydan oxuyan güzəştsiz, barışmaz anarxizmdir.

***

Elə işıq üzü görən ilk novellasındaca Mopassan həyatın behişt quşlarının, cənnət bulaqlarının rəsmi nəqş olunmuş bər-bəzəkli örtüyü altındakı cəhənnəm quyularını, ehtiras burulğanlarını, nəfs bataqlıqlarını, bir sözlə, həyatın şüur işləməyən zirzəmisini aşkara çıxarıb əlahəzrət oxucunun mühakiməsinə verdi. “Gonbul”dakı süjetin də arxasında Fransa-Prussiya müharibəsi zamanı baş vermis real hadisə durur. Bu hadisəni müəllifə bir qohumu – əsərdəki Kornüde obrazının prototipi danışmışdı. Yeri gəlmişkən, yüngül əxlaqlı baş qəhrəmanın da ruanlı prototipi vardı, ancaq novella qəhrəmanından fərqli olaraq o, Prussiya zabitinə təslim olmamışdı, buna görə də onu “şərləyən” Mopassandan möhkəm incimişdi. Yazıçı isə bəlli səbəbdən qohumundan eşitdiyi hadisənin surətini çıxarmamış, onu yaradıcı niyyətinin tələb elədiyi səmtə yönəltmişdi.

Soyuq, qarlı qış günündə on nəfər böyük bir karetayla yola çıxır. Onlar Prussiya ordusunun zəbt elədiyi Ruan şəhərindən baş götürüb qaçırlar. Bunlardan üç cütü kübar zümrəyə mənsub ər-arvad, bir cütü rahibə, biri demokrat Kornüde, biri də qədim peşə sahibi – Gonbul ləqəbli Elizabet Russedir. Müəllif burada o zamankı fransız cəmiyyətinin mikromodelini yaradıb.

Luazo soyadlı cütlük fırıldaqla varlanmış aşağı keyfiyyətli şərab alverçisidir. Cənab Karre-Lamadonun üç kağız fabriki var. Onun özündən xeyli gənc arvadı yaraşıqlı zabitlərin pərəstiş obyektidir. Yol yoldaşlarına, ekipajdakı şəraitə üstdən-aşağı baxan bu xanım öz məğrur gözəlliyindən xudbin zövq alır. Qraf Yuber de Brevil əsilli-nəsilli aristokratdır. Arvadı aşağı təbəqədən olsa da, ağıllı, götürümlü qadındır, zadəgan həyatına tez uyğunlaşıb. İndi onların mahalda böyük sərvəti, elə bir o qədər də böyük nüfuzu var. Biri yaşlı, o biri cavan rahibələr tez-tez dodaqlarının altında dua eləyib xaç çevirirlər. Onlar yaralı fransız əsgərlərinin yardımına tələsirlər. Respublikanın müdafiəsinə qalxmış demokrat Kornüde orada-burada səngərlər qazdırıb dava-dava oynayandan sonra çarəni qaçmaqda bulub. O da yığdığı sərvətin qayğısına qalmaq məcburiyyətindədir. Nəhayət, Gonbul ləqəbli Elizabet Russe. Açıq könüllü bu madmuazel həyatın dadını bilən epikürçü tipdir. Qalan sərnişinlərdən fərqli olaraq Gonbul öz sərvətini daim özüylə gəzdirir.

***

Sərnişinlər yola azuqəsiz çıxıblar. Bircə Gonbulun səbəti cürbəcür ləziz təamlarla doludur – kolbasa, paştet, toyuq çığırtması, daha nələr, nələr… Gonbul səbətini açanda qarnı da, gözü də ac ağalar, xanımlar ona quduz bir iştahayla baxırlar. Madmuazel Elizabet onu həqarətlə süzən kübar yol yoldaşlarına təklifdə bulunmağa cəsarət eləmir. Handan-hana onlar özləri buna şərait yaradırlar. Ekipaj əhli Gonbulun səbətinin dibinə daş atır.

Axşamı onlar Tot adlı kiçik şəhərdəki mehmanxanada ləngiyəsi olurlar. Şam yeməyi zamanı mehmanxana sahibi qonaqlara yanaşıb, alman zabitinin Elizabet Russe adlı xanımı öz kabinetinə çağırdığını bildirir. Aydın məsələdir ki, komendant Gonbula gecəni onunla keçirməyi təklif eləyir. Gonbul bundan hiddətlənib ona sərt cavab verir. Səhəri məlum olur ki, komendant ekipaj əhlinə yola çıxmağı yasaqlayıb, madmuazel Russe ona razılıq verməyincə kareta yerindən tərpənməyəcək.

Ən gərgin anlar da elə bundan sonra başlanır. Zabit dirəşdikcə Gonbul dirənir. Yol yoldaşları Gonbula olunan təklifdən əvvəlcə hiddətlənsələr də, ertəsi gün qəzəb oxları nəzakətsiz alman zabitindən yayınıb, özünü namuslu qadın kimi aparmağa çalışan qədim peşə sahibinə yönəlir. Kübar sərnişinlərə bu qədər vaxt itirmək qətiyyən sərf eləmir, onların işi-gücü var, varidatlarına ziyan dəyir, malları-pulları batır. Üstəlik, onlar ölkə əhəmiyyətli işgüzar adamlardırlar, belə xırda, gülünc səbəb üzündən yolda ilişib qalmaq onların şəstinə xələl gətirir. Vətənin, cəmiyyətin məsuliyyətini çiynində daşıyan bu mötəbər insanlar, əgər Fransada işləmək üçün şərait tapmasalar, İngiltərəyə adlayacaqlar. Plan belədir, vaxtsa gedir. Dağ boyda kişilər bir küçə qadınının inadına ilişib qalıblar.

Beləcə, onlar Gonbulu dilə tutmağa başlayırlar, onu asta-asta, ehmal-ehmal yumşaldırlar, tarixə iz salmış fədakarlıq örnəklərindən ona misallar çəkirlər. Madmuazel Elizabetin naz-qəmzə satmağı kübar xanımların hikkəsinə od vurur. Onların hər biri yaraşıqlı alman zabitinin yatağına girməyə canla-başla hazırdır, sadəcə, sosial statusları, ictimai normalar (on doqquzuncu əsrdə hətta müharibə şəraitində də bu qaydalara riayət olunurdu) buna imkan vermir, necə ki, komendant özü də onlara təklif göndərməyi ağlına gətirmir. Nəhayət, işə mömin xanımlar qarışır, yaşlı rahibə Gonbula başqalarının xilası naminə öz bədənini qurban verən müqəddəslərdən danışır, onu inandırır ki, xoş niyyətlə işlənən günah əməllər Allah yanında nəinki bağışlanır, hətta təqdir olunur. Rahibə deyir ki, burada ləngidikləri müddətdə onlar neçə-neçə yaralının həyatını xilas eləyə bilərdilər.

Bütün bu təzyiqlərə davam gətirməyən Gonbul axırda alman zabitinin qoynuna girməyə razılıq verir. Ertəsi gün vətənpərvər yol yoldaşları ona əvvəlkindən betər bir həqarətlə baxmağa başlayırlar, ondan üz döndərirlər. Bu səfər ekipajı ləngitməmək üçün tələsiyə düşən Gonbuldan savayı hər kəs yol azuqəsi götürüb. Fəqət özünü qurban vermək hesabına onları girovluqdan qurtarmış zavallıya heç kəs bir tikə quru çörək belə uzatmır. Əsər fışqırıqla “Marselyeza” (respublikanın simvolu, indiki Fransanın himni) çalan Kornüdenin nikbin sədaları altında Gonbulun hönkürtüləriylə başa çatır.

***

Bəzi araşdırmaçılar bu novellaya vətənpərvərlik prizmasından baxmağa çalışırlar; guya müəllif Gonbulu kübarlara, burjuylara, tacirlərə, demokratlara, dindarlara qarşı qoymaqla ondan patriot örnəyi yaratmaq niyyəti güdüb. Əslində isə Mopassan fransız patriotizmini, milli qeyrəti yüngül əxlaqlı qadına etibar eləməklə onun nə qədər dəyərsiz, nə qədər puç, saxta, qəlp olduğunu göstərmək istəyib. Əlbəttə, Gonbulun müsbət qəhrəman kimi təqdimatından söhbət gedə bilməz, müəllif onu ətrafındakı insanlar üçün ölçü vahidi seçib. Ayrı-ayrı silkləri, təbəqələri təmsil eləyən müxtəlif əqidəli, dünyagörüşlü şəxsləri bir karetaya yığmaqla yazıçı Gonbulu arşın kimi onların boyuna tutur, onları qədim peşə sahibinin fonunda göstərir, demək istəyir ki, siz bədənini piştaxtaya çıxaran fahişədən də betərsiniz, eləcə bahalı libasınızın, ağ dərinizin altında gizlənmisiniz.

Gonbulun imtinası düşünülmüş patriotizm aktı deyil; o, siftəcə öz ekzistensiyasının, azad iradəsinin diktəsiylə davranır, vətəninə qoşun çəkmiş azğın yadellidən ürəyini bulandıran səmimi bir ikrahla diksinir – bundan otuz il qabaq erməni təcavüzünə məruz qalmamaq üçün özünü qayadan atan bizim qızlar, gəlinlər kimi (müqayisə uğursuz olduğuna görə ruhlarından min qat üzr diləyirəm). Di gəl, onu təkləyib küncə qısnayan cəmiyyət Gonbula vücudunun istəyilə davranmağa rüsxət vermir, onun gerçək mənini içindən sümürüb atıb yerinə özünü – öz saxta normalarını, öz qondarma əxlaqını, öz riyakar varlığını, öz abdal iradəsini doldurur, onu ondan uzaqlaşdırır, onu ona yadlaşdırır. Demək, bədəninin içində yadelli işğalçının yatağına daşıdığı Gonbulun özü deyil, həmin təkəbbürlü ağalar, qürurlu xanımlar, məsum dindarlardır. Bu mənada Mopassan ekzistensializm fəlsəfəsini azı əlli il qabaqlayıb.

***

1892-ci ili birgə qarşılamaq üçün Gi de Mopassan anasını ziyarətə getdi. Həmin günlərdə onun ruhi vəziyyəti olduqca ağır idi, əsəbləri qırılmaq həddinə qədər gərilmişdi. Yanvarın 1-də yazıçının anasıyla çox gərgin söhbəti oldu. O, qəlbindəki coşqun həyat eşqini zəhərləyən şeytani düşüncələrə, canına müsəllət olmuş şübhələrə, qorxulara görə doğma anasını, bir də mənəvi atası Floberi qınayırdı. Biri onun cismində, o biri də ruhunda silinməz izlər qoymuşdu. Mopassan gödək ömründə cismani anasıyla ruhani atasının yükünü boynunda daşımışdı – hər halda özü belə düşünürdü. Həyatın dadını itirmişdi, dünya gözündə zülmətə bürünmüşdü, açılan səhərə, doğan günəşə sevinə bilmirdi.

Ertəsi gün – yanvarın 2-də Fransanın, eləcə də külli Avropanın ən populyar, ən varlı, ən xoşbəxt yazıçısı özünə qəsd eləməyə cəhd göstərdi. Boğazına sancdığı bıçaq necə oldusa onu öldürmədi, Mopassan bir də ruhi xəstəxanada gözünü açdı. Amma artıq gec idi, o gözlərlə dünyanın gözəllikləri arasına qalın bir qara pərdə çəkilmişdi. Onun qalan ilyarımlıq ömrü bu xəstəxananın divarları arasında keçəcəkdi.

1893-cü ilin 6 iyulunda – 43 yaşının tamam olmağına bir ay qalmış böyük yazıçının tükü tükdən seçən gözləri biryolluq yumuldu. Torpaq onun vücudunu yeyən zəhəri canına çəkib Mopassanın ağrılarına məlhəm sürtdü.

***

Dövrünün başqa böyük yazıçıları da onun haqqında yüksək fikirdə olublar. Bunlardan biri naturalizm ədəbi-fəlsəfi cərəyanının banisi, iyirmi kitablıq “Ruqon-Makkar” epopeyasının müəllifi Emil Zolyadır. Xeyirxah, xoşniyyət, fransız ədəbi mühitində ustad kimi ad çıxarmış İvan Turgenev əvvəlcə onun istedadına, qabiliyyətinə skeptik yanaşsa da, ona müsbət duyğular, fikirlər aşılamışdı. Mopassan iki novella toplusunu Turgenevə həsr eləmişdi. Bəzi əsərlərinə tənqidi münasibətinə, üstəlik aralarındakı dərin əqidə uçurumuna baxmayaraq Lev Tolstoy da Mopassanın bədii yaradıcılığını yüksək qiymətləndirirdi, hətta onun “Min bir gecə” nağıllarına bənzər novellalarının üslubunda, ona nəzirə kimi bir ibrətamiz novella da yazmışdı.

Nəhayət, Çexov – XIX əsər dünya ədəbiyyatının Mopassanla yanaşı iki azman hekayə ustasından biri. “Arvad səltənəti” adlı hekayəsində Çexov bir personajın diliylə Mopassanın yazı manerasına, həyata ayıq-sayıq baxan dünyagörüşünə təmtəraqlı tərif vurur.

Bilmirəm buna təsadüf, yoxsa nə demək olar, Anton Pavloviç dəlixana həyatına güzgü tutan dünya şöhrətli, elə bir o qədər də dəhşətli “6 nömrəli palata” povestini də Mopassan dəlixanaya düşəndən dərhal sonra – hələ qışdan çıxmamış yazmağa başlamışdı. Ola bilsin, Mopassanın aqibəti Çexova təsirsiz ötüşməyib. Bu iki hadisə arasında bağlantı axtarmaq bəlkə də yerinə düşmür, ancaq bu əlaqəni təkzib eləyən fakt ortada olmadıqca gümanımızın yaşamaq haqqı da əlindən alına bilməz. Böyük yazıçılar başqa böyük yazıçıların təkcə əsərlərindən yox, həyatından, yaşayışından da təsirlənir, bəzən hətta onların ömür yolunu qələmə alırlar. Stefan Sveyqin, Andre Moruanın, Lion Feyxtvangerin möhtəşəm bioqrafik şedevrləri buna parlaq misaldır.

“Yeni Azərbaycan” qəzeti