Qanadları bala yapışan milçəkdir insan - Modern şeirlər

Qanadları bala yapışan milçəkdir insan   - Modern şeirlər

13 Fevral 2024 08:43 815


YeniYaz.Az şair-yazıçı İmir Məmmədlinin yeni şeirlərini təqdim edir.

KÖLGƏ

Ağac da yox idi həyəyətlərində,
Zəhmətkeş atanın alt köynəyini
Yuyub da kəndirə sərəndə ana
Onun kölgəsində oynayırdılar
Uşaqlar yayda.

GÖLMƏÇƏDƏKİ GÜNƏŞ

Adi bir gündü,
Duru gölməçədən göyə zillənən
Göydəki gündü.

ANAMIN HEYKƏLİ

Qəbrinin üstündə incə bir lalə --
Anama gül heykəl qoyubdu bahar.
Elə bil, qəflətən-ay ana!-desəm,
Bu çiçək çevrilib üzümə baxar.

ETİBAR

Bıçaq boğazına dirənəndə
Heç tərpənmədi,
Elə zənn etdi ki,
Boyunundakı kəndiri kəsib
Azadllığa buraxacaqlar.

AZADLIQ VƏ ACLIQ

Tələyə düşmüşdü,
Ayağını gəmirib qurtardı ordan.
Amma həmin axşam yaman acanda
Qayıdıb yedi öz ayağını.

PARADOKS

Metro qatarının basabasında
Dostunun yasına tələsirdi o.
Dostuna qazılan qəbrin altından
Keçirdi metro.

İLAHİ DAİRƏ

Torpaqdan yaratdı,
Sonra baxdı, baxdı yaratdığının əməllərinə,
Yenidən torpağa çevirdi onu,
Istədi yoğurub
Bu dəfə daha da təkmilləşdirsin.

HARA GEDİRSƏN

İnsan qocalanda torpağa gedir,
Torpaqdan çıxırlar əlvan çiçəklər.
Görəsən, yolda bir-birinə rast gəlirlərmi
Gedib-gələnlər,
Bir-birindən soruşurlrmı:
-Hara gedirsən?

GÜLLƏR

Yazda çəmənləri bəzəyən güllər,
Dünyalarını dəyişənlərin son sözləridir.
Burada qalan sevimlilərə
Gül göndərirlər yerin altından.

İKİÜZLÜ DÜNYA

Dünyanın da iki üzü var,-
Evin pəncərəsindən baxdıq,
Baxdıq qatarın pəncərəsindən,
Birində dururdu məğrurcasına,
Digərində qaçırdı hündür ağaclar...

ÜÇÜNCÜ RƏNG

Gecə gündüz kimi,
ağ-qara kimi
Iki yerə bölünmüşdü o kənd, o oba.
Ortada uzun bir təpə var idi
Gecəylə gündüzün,
Ağla qaranın arasındakı
Məchul rəng kimi.

KƏNDİN TƏPƏLƏRİ

Kəndin təpələri təpələr deyil,
Torpaq dikəlib ki,
Üstündə açan əlvan çiçəklər
Yaxşı görünsün,
Qışda qar yağanda
Eniş boyu sürüşə bilsin
Taxta xizəklər,
Yayda günəşin al şəfəqləri
Sancılsın yerə nizələr kimi.
Kəndin təpələri təpələr deyil.

KƏPƏNƏK ÖMRÜ

Yaşamalı idi kəpənək bir gün,
Həmin gün şıdırğı yağışlar yağdı,
Səhər asimana gün çıxdı, amma
Artıq qurtarmışdı kəpənək ömrü.

BAĞLI QAPI

Qapı döyüləndə,
Evdə heç kəs yox idi deyə
Xəcalət hissi keçirdi kilid.

QIŞIN PAPAĞI

Fevralın sonunda qış geri döndü,
Ətrafa boylandı,
Güzeydə qalan ağ papağını
götürüb getdi.

ZƏLZƏLƏ

Evlərlə birlikdə xəyallar uçdu ,
Dağıntılar altında qaldı arzular.
Aləm silkələnəndə
Quşlar pırıldaşdı, göylərə uçdu,
Asimandan asılı qaldı durnalar.

QAPALI MƏKANDA

Qəflətən otağa girən sərçə tək
Hərdən yol gəzirdi çıxmağa, amma
Kişinin qəlbinin aynalarına
Dəyib qalırdı.

SİÇANLARIN OYLAĞI

Pişiklər yatanda
Siçanlar çıxırlar yuvalarından.
Səhərə qədər veyillənirlər
Pişiklərin yuxularında.

İSMARIC

Bir zaman Tiflisdə ismarıcımı
demişdim Kürə,
O da çatdırmışdı Azərbaycana.
Xəzər eşidəndə demişdi gəlsin.

DALANDAR

Dalandar süpürür xəzəli, amma
Bircə yol başını qaldırıb baxmır
Hündür ağacların buluda toxunan
zirvələrinə.

TÜSTÜ

Avtobus gəlirdi,
O minib gedirdi,
Sən ötürürdün baxışlarınla,
Amma təkərlərin izi itirdi
Göz işləməyən uzaq çöllərdə,
Lakin tüstü... tüstü göyə yayılıb
Hər gün piltə-piltə bulud olurdu.

TƏZƏ PALTAR

Təzə paltarıma mübarək demə,
Təzə libasın altında bəzən
Köhnə yaralar gizlənir, gülüm.

TORAĞAY

Bizi görən kimi uçan torağay
Cəh-cəh vura-vura göylərə qalxır.
Görəsən gedib haqqımızda
Nələr söyləyir uca Allaha?

İNSAN

Qanadları bala yapışıb qalan
milçəkdir insan.
Bal boldu, içində bata da bilər,
Üzərinə yayxanıb yata da bilər,
Amma artıq heç vaxt o uça bilməz.

ÇƏTİN MƏTN

Mən xeyli tərcümə etmişəm, amma
Hələ belə çətin mətnim olmayıb, -
Özümü sənə sevdirim deyə,
Eşqimi çevirirəm sənin dilinə.

DAĞA DÖNƏN TƏPƏ

Burada bir təpə vardı,
Həmin təpə dönüb dağa,
Aha, bildim,
Nənəm ölüb, babam ölüb,
Qarışıbdı bu torpağa.

YAXIN QOHUMLAR

Yaxın qohumlardan xəbərin varmı?
Bakıda sənsən,
Yaşıl çöllərdə – zərif lalələr.
Onlar səni bilməz, sən də - onları.

AYAQQABILAR

Ana bir gün küsüb evdən çıxanda
Qucağında gedən balaca qızın
Ayaqqabıları dəhlizdə qaldı.

...Ana qayıtdı,
Qızın ayağına olmur həmin ayaqqabılar,
Sıxır ayağını, amma geyinib
Axsaya-axsaya gəzir qızcığaz.
Necə də xoş imiş ayağı sıxan
Ayaqqabının
Verdiyi əzab, verdiyi ağrı.

DƏNİZ

Necəsən, soruşdum,
Dalğanı elə çırpdı üzümə,
Elə bil, şəst ilə bağlandı qapı.
Sən demə, dəniz də insan kimidir,
Nə bir dincliyi var, nə də cavabı.

BURAX... BURAXIM...

Burax məni, çıxım gedim,
Düşünmə ki, darıxaram.
Burax məni, əvəzində
Mən də səni buraxaram.

***

Əlvida demədən getdin, gözəlim,
Gözümdə əridi üzün qar kimi.
Arxanca çırpındı ayaq izlərim
Sahilə atılan balıqlar kimi.

MƏSAFƏ

Məsafə nədir,
Səni məndən uzaqlaşdıran,
Yoxsa
Məni sənə yaxınlaşdıran yol?

QƏRİBİN XƏYALI

Qürbətdə meydanı tam daralanda,
Qəribin yadına ölkəsi düşdü.
Elə bil həmin an körpə uşağın
Üzünə ananın kölgəsi düşdü.

TANRI VƏ İNSAN

Tanrının yanından insan həmişə
Yan keçib gedir.
Tanrıdan anrıda
Tanrı axtarır.
Tanrısa gedənin dalınca baxıb
Köks ötürəndə
Göy guruldayır...

QƏRİBİN QAZANCI

Gözümüz yol çəkə-çəkə,
Yurd həsrəti çəkə-çəkə,
Yuva bizi çəkə-çəkə
Qayıdırıq...

GÜNƏŞLİ VƏ KÜLƏKLİ GÜN

Şəfəq sınır qarışqanın
Parıltılı kürəyində...
Niyyət qalır,
Yön dəyişir
Günün tozlu küləyində...

GÜLSATAN QADIN

Piştaxta dalında duran bir pəri
Məftun eləyirdi, inan, hər kimi.
Yan-yana düzmüşdü yasəmənləri
Axşamdan kəsilmiş fərələr kimi.

***

Nəğmənin bir ucu qalınca səndə
Tellər tək çəkilən yollar kiridi.
Sən öz ürəyinin
Açarını
Mənə versən də
Həmin gün dəyişdin köhnə kilidi.

***

İnanma izdiham kədəri yenə,
Tək qəlbdə cücərir nisgilin dəni...
Bağışla, ilahi, bu səhər yenə
Ah çəkib narahat elədim səni.

KİT-KAT KAĞIZI

Hələ qış deyildi,
Hələ çağı idi sərin payızın.
Birdən külək sədi,
Ördək balası cücələrə qarışan kimi
Sarı yarpaqlara qarışıb getdi
Kit-kat kağızı.

CAVAB

Dedilər sənin gəzdiyin cavab
Gizlin saxlanılan bir şüşədədir.
Həmin şüşə isə sal qayalıqda
Bir kahadadır.
Mən tapdım şüşəni
Divin canı çıxdı həmin şüşədən,
Cavab çıxmadı.

ŞƏKİLLƏR

Mənə külək şəkli çəkmək istəsən,
Əyilmiş bir ağac şəkili bəsdir,
Dağılmış telləri bir gözəl qızın,
Ya da bir oğlanın kəkili bəsdir.
Əgər sevgi şəkli çəkmək istəsən,
Çiçəkli kolların şəkili bəsdi.
Tənhalıq şəkili çəkmək istəsən,
Ot basmış yolların şəkili bəsdi.
Həyatın şəklini çəkmək istəsən,
Ağır bir ömürün şəkili bəsdi,
Yəni ağac kimi qəddi bükülmüş
Qocalmış İmirin şəkili bəsdi.

YAZMIRAM DAHA
Sevgi şeirləri yazmıram daha
Qənaət edirəm ağ vərəqlərə.
Harda kağız, vərəq düşsə əlimə
Təyyarə düzəldirəm,
Gəmi düzəldirəm
Nəvələrimə.

manera.az