Qədim mətnin avanqard olması haqqında - Yusif Yusifzadə

Qədim mətnin avanqard olması haqqında  - Yusif Yusifzadə

19 Sentyabr 2023 10:25 228


Homerin İliada eposunu ilk dəfə əlimə alanda tələbə idim. Onu haqqında hekayə yazdığım balaca qəsəbə kitabxanamızdan götürmüşdüm. O vaxtlar ədəbiyyata hələ məsafəli, sehrindən uzaq olduğum vaxtlar idi. Yəni, köhnə mətnlərin illiuziyası mənə gəlib çatmırdı, mən yolun hələ əvvəlində idim, allah bilir heç yola da çıxmamışdım.

İliadanı da bir neçə səhifə oxuyub balaca qəsəbə kitabxanamıza geri qaytarmışdım. Nə ilk sətirlərin eposa veridyi bənzərsiz xülasə,( Söylə söylə ey ilahə Peley oğlu Axillesin axeyləri min bəlayə düçar edən qəzəbindən) nə də dastan qəhrəmanların müasir ədəbi əsərlərdə yenidən zühuru faktı( Ceyms Cosysun Ulis romanında) məni dastanı sona qədər oxutdura bilmədi. İllər ötdü təhsilin yeni pilləsi üçün imtahana hazırlaşmalı oldum. Suallarımdan bir Yunan mifalogiyası idi. Balaca qəsəbə kitabxanasına üz tutudum. Çünki cavablar Homerdə idi, daha dəqiq, İliada və Odissey dastanlarında.

Avropa ədəbiyyatı və incəsənəti bu gün iki mədəniyyətdən Con Bartın dili ilə desək şirə çəkir. Roma və Yunan mədəniyyətləri. Fransız mərkəzli avropa roma mədəni irsinə sahiblənsə də, Hötenın avanqardlıq elədiyi alman incəsənəti həmişə antik yunan mədəniyyətini daha çox sahiblənmişdir. Əlbəttə, müasir kapitalist dünyada klasiszim reqressiv dəyərlərin məcmusudur. Elə Höte də “firtina və təzyiq” üsyankar ədəbi hərəkatına arxa çevirib, imperator sarayına gedəndə özünü əbəs yerə klassizim vurğunu adlandırmamışdır. Höte yunan mədəniyyətinin zirvəsinə meyl edərək, öz dövrünün həqiqətlərinə gözlərini yummuş, o günə dək dayandığı ədəbi zirvədən yerə yuvarlanmışdır. Bəlkə də antik yunan mədəniyyətinə vurğunluq Höteni də İtaka yolunda özünə xəyanət edən Odisseyin halına salmışdır. Bəlkə də yunan mədəniyyətinin durduğu zirvəyə adıcə bir baxış belə ədibin gözlərini Homer kimi kor etmişdir amma bu dəfə öz yaşadığı ictimai mövcudluğa qarşı. Hötedən bu qədər. Keçək daha geniş prespektivə. İliada niyə bu qədər uzun müddətdir ki, avropa üçün həm ədəbi mayak həm də bədii pasportdur?

Avropa müasir imicini ədəbi bədii mənada məhz Homer dastanlarına borcludu. Homerin eposlarındakı mədəni konteksdə özünü tənqid avropnin bu gün dünyaya təqdim etdiyi idealogiyasının məğzini təşkil edir. Avropa deyir ki, tənqiddən qorxmayın. Baxın biz öz əcdadlarımızı başdan sona necə var elə yaza bilirik, yazdığımız kimi də təqdim edirik. Bizim belə obyektiv şəkildə yazılmış salnaməmiz var. Biz Troyaya həyat yoldaşı Yelenanı geri qaytarmağa, təhqir olunumuş kişiliyinin intiqamını almağa gedən Menelayın qısa müddət ərzində işğalçı xislətinə büründüyünü çəkinmədən göstərə biliirk oxuculara, dövrünün cəngavəri Axillesin həm də payına düşən qadın qənimətinin Aqamemnon tərəfindən əlindən alınmasından ötrü uşaq kimi dəniz qırağında ağladığını da nəql edirik.Hətta bizim allahlarımız insanlarımızla eyni cərgə də dayanır, onlar səhv edir, tərəf tutur, ara qatır. Sizin qəhrəmanlarınız bu dərəcə həqiqidirmi? Allahlarınız bizimki kimi sərbəstdirmi?

Yox istənilən mədəniyyət və mifalogiyada tanrilar və qəhrəmanlar qüsurusuz və bənsəzsizdilər. Yalnız yunan tanrıları yunan qəhrəmanları həyatın məhsuldur.

Homer dastanları avropada bu gün kimlərəsə görə həm də burjua romanın atasıdır. Nədeməkdir bu?

İliadanın əsas bölmələrindən bir neçəsi, Odissey eposunun isə bütünü qivraq zəkalı, cənagəvər Odissey haqqındadır. Onun Axilleslə və Menelayla ümumi oxşarlığını çıxsaq, eposların ən orjinal protoqonisti kimi Odisseyi xüsusi vurğulamaq lazımdır. Odissey troya atının ixtirasından tutmuş, Penelopaya elçı düşən şəhərlilər qarşısında qrimlənməsinə kimi hər bir addımı məhz öz azadlığı və səadətini bərpa etmək uğrunda edir. Onu troya döyüşlərinə aparmaq da asan olmamışdır. Döyüşdən qaçmaq üçün dəli roluna girən Odissey döyüşlərdən canını qurtarmaq üçün də troya atının içində Priamın qalasına atılır. O itakaya qayıtmaq istəyir. Çünki Odissey hər şeydən əvvəl fəlsəfi terminlə desək epikürçüdür.

O əlində olanlardan razıdır, mənə dəyməyən ilan yüz il yaşasın deyir. Odisseyə özünə dəyməyən ilana, yəni Priam oğlu Parisə görə də İlionisə getmək, sahib olduğu sadə amma xoşbəxt həyatı, oğlu Telemaxı, həyat yoldaşı Penelopanı arxada qoymaq istəmir. Onun üçün axeylərin təhqir olunması kimi məsələ əhəmiyyətsizdir, Odissey metafizik sərhədləri olan anlayışların insan həyatının dəyərindən və həzzlərindən üstün tutulmasının əleyhinədir. Odissey bu gün məhz bu səbəbdən tez-tez müasir əsərlərdə peyda olur, çünki o heç kimə yad deyil, nə həyata kənardan baxan müəllifə nə də həyatın içində olan oxucuya.

İmtahan sualım olan Yunan mifalogiyasına cavab tapmaq üçün yenidən vərəqləyib, bu köhnə mətnin illiuziyasını iliklərimə kimi hiss edərkən yola başlaya bildiyimə görə sevindim. Homer dastanlarının həyatiliyi və bəşəri mənada avanqardlığı məni onun haqqında bu balaca yazını yazmağa sövq elədi. Qədim inanca görə Homer bildiyimiz mənada kor deyildi o Platonun ideayalar dünyasını görürdü, o yarımtanrı idi, bizim gördüklərimizi görmürdü, elə bu səbəbdən bizim yaza bilmədiklərimizi yaza bilmişdir. Homer kimi kor olmaq ümidilə.