Stalini sağlığında ələ salan hekayə - Mətn

Stalini sağlığında ələ salan hekayə   - Mətn

25 Martt 2022 11:44 999


Stalinin pis yuxusu*

Bertran Rassel

Amor Vincit Omnia**

Stalin, qırmızı istiot qatılmış araq içib kreslosunda yuxuya getmişdi. Molotov, Malenkov və Beriya barmaqlarını dodaqlarına sıxıb zəhlətökən xidmətçiləri kənara qovmuşdular ki, bu böyük insanın istirahətini pozmasınlar. Onlar Stalinin yuxusunun keşiyini çəkir, o isə bu vaxt belə bir yuxu görürdü.

Üçüncü dünya müharibəsi başlamış və uğursuzluqla qurtarmışdı. Qərb müttəfiqləri onu əsir götürmüşdülər. Müttəfiqlər, Nürnberq məhkəmə prosesinin nasistlərə qarşı mərhəmət hissi doğurduğunu nəzərə alaraq, bu dəfə başqa cür hərəkət etməyi qərara almışdılar: Stalini tanınmış kvaker*** komitəsinə təhvil vermişdilər; bu o kvakerlər idi ki, hətta Stalin kimi bir adamın da sevginin gücü ilə tövbə etməyə və ləyaqətli vətəndaşa çevrilməyə gəlib çıxa biləcəyini iddia edirdilər.

Onlar öz mənəvi-əxlaqi işlərini başa vurana kimi Stalinin bütün hərəkətləri nəzarət altında olsun və birdən ümidsizliyə qapılıb özünə qəsd etmək istəsə, bunun qarşısı vaxtında alına bilsin deyə, pəncərələrinə pərdə asılmamış mənzildə yaşayacaqdı; habelə, əlinin altında bıçaq olmamasına xüsusi diqqət yetirilirdi, çünki qeyzlənib özünün tərbiyəvi intibahı ilə məşğul olan adamlara xəsarət yetirə biləcəyindən ehtiyat edirdilər. Onu ikiotaqlı rahat bir kənd evində yerləşdirmişdilər; evin qapıları gün ərzində bağlı olurdu, yalnız gündüz vaxtı, bir saat ərzində qapını açır, dörd əzələli kvakerin müşayiəti ilə dustağı, təbiətin gözəlliyindən, quşların cəh-cəhindən həzz alaraq, ruhən kamilləşə bilsin deyə, açıq havada gəzməyə çıxarırdılar. Bütün qalan müddətdə ona yazmağa və oxumağa icazə verirdilər, ancaq insan hisslərini qızışdıran kitabları qadağan etmişdilər. Oxumaq üçün ona Bibliya, “Piliqrimə gedən yol” və “Tom dayının daxması” kitabları verilmişdi. Bəzən, qısa müddət üçün Şarlotta M. Yunqun romanlarını oxumağa da icazə verirdilər. Siqaret çəkmək, spirtli içki və qırmızı istiot qadağan idi. Bununla yanaşı o, gündüzün və gecənin istənilən vaxtı kakao içə bilərdi, belə ki, onun ən məşhur keşikçilərindən biri bu ziyansız içkinin istehsalı və satışıyla məşğul idi. Gecə istirahəti pozulmasın deyə çay və kofedən ölçüyə uyğun şəkildə istifadə etməsinə icazə verilirdi.

Stalinə keşik çəkən adamlar hər gün, bir saat səhər və bir saat axşam olmaqla, ona xristianlığın öz yaxınlarını sevmək prinsipini izah edir və bu müdrikliyi qəbul edəcəyi halda onu hansı xoşbəxtliyin gözlədiyindən danışırdılar. Təlimin ağırlığı onların arasında ən müdrik sayılan və Stalini həqiqət işığını görməyə gətirib çıxaracaqlarına ümid edən üç nəfərin çiyninə düşmüşdü. Bunlar Tobias Xasyaxşı, Semyuel Şipşirin və Uilbram Xeyirəməl idi.

Stalin onları hakimiyyət zirvəsində olduğu vaxtlardan tanıyırdı. Üçüncü dünya müharibəsinin başlanmasına az qalmış bu üç nəfər Moskvaya, Stalinin qəbuluna gəlmiş, onu seçdiyi yolun yanlışlığına inandırmağa çalışmış, ümumbəşəri sevgidən, xristianlığın sevgi prinsipindən danışmış, ən barışdırıcı və yumşaq terminlərdən istifadə edərək, sevginin köməyi ilə, qorxuya nisbətən daha böyük səadət tapmağın mümkünlüyünü təlqin etməyə çalışmışdılar. O, bir müddət onları səbirlə və təəccüblə dinləmiş, ancaq sonra dözməyib özündən çıxmışdı:

“Cənablar, siz həyatın sevincləri barədə nə bilirsiniz axı? Siz bütöv bir xalqı terror vasitəsi ilə hakimiyyət altına almağın gətirdiyi sərməstliyi heç cür anlamırsınız, bu vaxt, hamı sənin ölümünü arzulasa da, heç kim səni öldürməyi ağlına belə gətirə bilmir, bütün dünyadakı düşmənlərin həyəcanla baş sındırıb, sənin gizli düşüncələrinin nədən ibarət olduğunu tapmağa çalışır, sənin hakimiyyətin isə, nəinki düşmənlərini, hətta dostlarını da məhv etmək hesabına yaşamağa davam edir! Yox, cənablar, sizin təbliğ etdiyiniz həyat tərzi mənim üçün qətiyyən cazibədar deyil. Öz qazanc uğrunda mübarizənizə və yalançı dindarlığınıza qayıdın və mənim daha böyük qəhrəmanlıqlar göstərə bilmək hüququma toxunmayın”.

Heysiyyətləri alçaldılmış və sarsılmış kvakerlər çıxıb getmiş və daha münasib bir vaxta kimi gözləmək qərarına gəlmişdilər. İndisə, məğlub olub onların hökmü altına düşmüş Stalinlə, düşdüyü bu yeni şəraitdə daha asan dil tapa biləcəklərinə ümid edirdilər. Kvakerlərin yetkinlik yaşına çatmayan qanun pozucuları ilə işləməkdə, onların natamamlıq komplekslərini müəyyən etməkdə və onlara dürüstlüyün ən yaxşı siyasət olduğunu aşılamaqda böyük təcrübələri vardı.

–Cənab Stalin, – Tobias Xasyaxşı danışmağa başladı, – ümid edirik, siz indi bu vaxtadək necə bir məntiqsiz və mənasız həyat tərzi keçirdiyinizi anlayırsınız. Bütün dünyada törətdiyiniz fəlakətləri sadalamaq fikrim yoxdur, çünki siz indi bunların heç bir əhəmiyyəti olmadığını deyə bilərsiniz. Ancaq bir anlığına düşünün, öz başınıza hansı oyunu açmısınız! Qalxdığınız ən uca zirvədən yıxılmış, aciz bir əsirə çevrilmisiniz və yalnız, sizi həbs edənlər prinsiplərinizi inkar etdiyi üçün indi belə bir rahat şəraitdə yaşayırsınız. Hakimiyyətdə olanda, bizimlə görüşdə danışdığınız o yırtıcılıq sevinci artıq arxada qalıb. Mənasız məğrurluğunuzu bir kənara atıb tövbə etsəniz, öz xoşbəxtliyinizi başqalarının xoşbəxtliyində tapmağı bacarsanız, bəlkə, qalan həyatınızda hansısa bir məqsədə çata və əsil insani həzz alaraq yaşaya bilərsiniz.

Stalin bu sözləri eşidəndə yerindən sıçrayıb qışqırdı:

–Səni görüm cəhənnəm odunda yanasan, burnufırtıqlı riyakar! Danışığından yalnız məndən yuxarıda dayandığını və sənin hakimiyyətin altına düşdüyümü anlayıram; sən indi yaranmış bu vəziyyətdən vasitə kimi istifadə edib məni təhqir etməyə, əzablarımı daha da dözülməz və alçaldıcı hala salmağa çalışırsan, ancaq bütün bu kimi vasitələri hakimiyyətdə olanda apardığım “təmizləmələr” zamanı şəxsən mənim ixtira etdiyimi unudursan.

–Ah, cənab Stalin, – bu dəfə Şipşirin söhbətə qarışdı, – niyə belə ədalətsiz və bədxah olmağı seçirsiniz? Məgər, sizə necə bir saf niyyətlə yanaşdığımızı görmürsünüzmü? Başa düşün, biz ruhunuzu xilas etməyə çalışır, düşmənlərinizə və dostlarınıza qarşı törətdiyiniz zorakılıq və nifrətə görə acı təəssüf hissi keçiririk. Sizi təhqir etmək kimi bir fikrimiz yoxdur. Əgər yer üzündəki şeylərin böyüklüyünü onların həqiqi dəyərlərinə görə qiymətləndirsəydiniz, sizə alçalmaqdan xilas olmağı təklif etdiyimizi görərdiniz.

–Bu lap ağ oldu! – Stalin qışqırdı. – Mən uşaq olanda, Gürcüstanda oxuduğum ruhani seminariyasında belə boşboğazlıqlara dözmüşəm, ancaq yaşlı bir insan belə bir cəfəngiyata heç cür dözə bilməz. Təəssüf ki, mən cəhənnəmin varlığına inanmıram, yoxsa sizin kimi yaramazların cəhənnəm odunda yanmasına baxıb həzz ala bilməyi çox arzulardım!

–Pü-üf, əziz Stalin, – Xeyirəməl sanki pis qoxu duyubmuş kimi üz-gözünü qırışdırdı. – Qızışmayın, qəzəblənməyin, sizə çatdırmaq istədiyimiz müdrikliyi anlamağınıza yalnız sakitliyiniz kömək edərdi.

Stalin cavab verməyə tapmamış Xasyaxşı yenidən danışmağa başladı:

–Mən tamamilə əminəm, cənab Stalin, sizin kimi böyük bir ağıl yiyəsi olan adamın, həmişə həqiqət işığına göz yumması mümkün deyil, sadəcə, hələ bunun üçün yetişməmisiniz. Hesab edirəm, insanı həyəcanlandıran bu bir fincan çaydansa kakao içməyinizin sizə daha çox faydası toxunardı.

Stalin daha dözə bilmədi. Qarşısındakı qaynar çay dolu fincanı götürüb Xasyaxşının başına əndərdi. O isə üzündən axan qaynar mayeyə əhəmiyyət vermədən sakit səslə dedi:

–Özünüzü ələ alın, cənab Stalin, bu arqument deyil.

Hiddətdən boğulmaq dərəcəsinə çatmış Stalin bu anda yuxudan ayıldı, bir müddət gözlərini qarşısında tir-tir əsən Molotova, Malenkova və Beriyaya dikib, baxışlarından yağan hiddəti onların üstünə tökdü. Ancaq tədricən yuxunun təsirindən qurtardı, hirsi soyudu və təskinlik tapmaq üçün qırmızı istiotlu araqdan böyük bir qurtum aldı.

* Hekayə Stalinin sağlığında yazılıb.
** Sevgi hər şeyə qalib gəlir (latıncadır).
*** Kvaker – XVII əsrin ortalarında İngiltərədə yaranmış xristian məzhəbi olub, insanlar arasında sevgini və şərə qarşı dözümlülüyü daha qabarıq təbliğ etməsi ilə seçilir.

Tərcümə Araz Gündüzündür.