Tarix ona işləyirmiş - Fəxri Uğurlu

Tarix ona işləyirmiş  - Fəxri Uğurlu

08 Fevral 2024 10:29 471


Adsız məzara işləyən tarix
Fəxri Uğurlu

Viktor Hüqonun “Səfillər” roman-epopeyası haqqında

Lev Tolstoy bu əsəri on doqquzuncu əsrin başlıca romanı saydığını demişdi, “Hərb və sülh”ün formasını da məhz ondan təsirlənib tapmışdı, üstəlik, Hüqonu Dikkenslə bir sırada “dini ruhu olan yazıçı” adlandırmışdı. Dostoyevski “Səfillər”dən bir neçə il sonra işıq üzü görən “Cinayət və cəza” romanını Hüqonun epopeyasından üstün tutanlara qarşı qəti etiraza qalxmışdı. Onu öz dövrünün nəinki ədəbi-mədəni, həm də ictimai-siyasi həyatının ən vacib məqamlarında, ən mühüm nöqtələrində iri planda görmək mümkündür. Viktor Hüqo təkcə sənət meydanında, ya eşq cəbhəsində yox, azadlıq uğrunda mübarizə barrikadalarında da özünü xalis cəngavər kimi aparırdı. Həyatını riskə atmaq bahasına dediyi cəsarətli fikirlər onun zülm-zillət çəkməsinə, vətənindən didərgin düşməsinə səbəb olmuşdusa da, böyük yazıçı ideallarından ölənəcən əl çəkməmişdi.

Ancaq onu yalnızca azadlıq mücahidi, demokratiya carçısı kimi qələmə vermək yarımçıq təqdimat olar. Viktor Hüqo ilk növbədə xristianlıq ideallarının daşıyıcısı, İsa Məsih divanəsi, Tanrı yolçusudur. Katolik mühitində tərbiyə almış olsa da, onun dini ayinlərə riayət elədiyini söyləməyə əlimizdə ciddi dəlil-sübut yoxdur. Əvəzində onun hansı ideallarla yaşadığını, hansı missiyanı daşıdığını ürəklə deyə bilərik, çünki qarşımızda təkzibolunmaz tutalğalar - onun əsərləri var. Viktor Hüqo, eləcə də baş qəhrəmanı Jan Valjan İsa peyğəmbərin on doqquzuncu

yüzillikdə zühura gəlmiş parlaq təcəllasıdır. Yəni dövrünün ictimai-siyasi proseslərinə müdaxiləsi, Fransa burjua inqilabının idealları (azadlıq, bərabərlik, qardaşlıq) uğrunda mübarizəsi, tiranlığa qarşı mücadiləsi Hüqonun həyatının son hədəfi, ali məqsədi deyil, o məqsədə - göylər səltənətinin yer üzündə bərqərar olunmasına, başqa sözlə, xristianlığın (eləcə də bütün başqa idealist təlimlərin, fəlsəfələrin) ideal, ruhani cəmiyyət arzusuna aparan yoldakı maneələri aradan qaldırmaq cəhdidir.

***

1862-ci ildə işıq üzü görmüş “Səfillər” epopeyasını müəllif fasilələrlə təqribən otuz ilə yazmışdı. 1848-ci ildə Parisdə baş verən inqilab, çaxnaşmalar ucbatından əsəri yarımçıq qoyan yazıçı roman üzərində işinə bir də üstündən on ildən də artıq vaxt keçəndən sonra, sürgündə olduğu zaman qayıda bilmişdi. Nəhayət, altmış yaşında o, yaradıcı həyatının başlıca məqsədinə yetmişdi.

Romanda hadisələr 1815-1833-cü illər arasında cərəyan eləyir. Əsər beş hissədən ibarətdir: “Fantina”, “Kozetta”, “Marius”, “Plüme küçəsinin idilliyası və Sen-Deni küçəsinin epopeyası”, bir də “Jan Valjan”. Hər hissə kitablara, hər kitab da fəsillərə bölünür. Kitablar, fəsillər arasında süjetdən kənara çıxmalar, haşiyə, ricət adlandıra biləcəyimiz parçalar da var. Məsələn, ikinci hissənin yeddinci kitabı “Mötərizə arasında” adlanır, bu, ayrıca bir dini-fəlsəfi traktatdır. Yaxud da üçüncü hissənin birinci kitabının sərlövhəsi belədir: “Parisin zərrə-zərrə gözdən keçirilməsi”. Adından göründüyü kimi, bu kitabda müəllif oxucunu Fransa paytaxtına ekskursiyaya aparır. İkinci hissənin “Vaterloo” başlıqlı birinci kitabında yazıçı Napoleon Bonapartın sonuncu ölüm-dirim savaşı olan məlum döyüşün tarixindən danışır. Beşinci hissənin ikinci kitabında (“Leviafanın bətni”) isə Hüqo Parisin yeraltı dünyasından - şeytanın bətninə bənzətdiyi kanalizasiya sistemindən yerli-yataqlı bəhs eləyir. Bu hissələri ixtisara salmaq üçün naşiri ona yalvarsa da, yazıçı inad göstərib üslubuna toxunulmasına imkan verməmişdi.

Az sonra “Hərb və sülh”ü yazanda Tolstoy da buna bənzər üsullara əl atacaqdı. Roman-epopeya janrına aid olunan bu tip əsərləri tələm-tələsik, birnəfəsə oxumaq mümkün deyil. Belə kitabları gərək aram-aram, səbirlə, ruhuna hopdura-hopdura, beyninə yedirə-yedirə həftələrlə, bəlkə də aylar uzunu oxuyasan.

***

On doqquz il məhbus həyatı yaşayandan sonra Jan Valjan azadlığa buraxılır. Gün doğandan piyada yola çıxan katorqalı günbatan çağı kiçik Din şəhərinə çatır, axşama düşdüyündən qalmağa yer, yeməyə çörək axtarır. Onun kimliyindən duyuq düşən şəhər əhli katorqadan sağ çıxmış məhbusun üzünə qapı açmır, cibində pulu ola-ola Valjanı meyxanadan da, karvansaradan da qovurlar, sakinlər ona nəinki evdə, tövlədə belə yer vermirlər, yemək bir yana qalsın, bir içim suyu belə Allah qonağına qıymırlar.

Yolçu bütün ümidini itirəndə bir qarı ona kilsə qapısını göstərir. Yetmiş beş yaşlı mömin yepiskop Şarl Mirielin qapıları gecə-gündüz hər kəsin üzünə açıqdır. Jan Valjan Tanrı dərgahına ayaq basıb özünü təqdim eləyir, katorqadan buraxılandan sonra dörd gündür piyada yol gəldiyini deyir. Keşiş onu xoş üzlə dinləyib şam süfrəsi arxasına oturdur, keçmiş məhbusa isti yemək, rahat yatacaq verir. Jan Valjan bu lütfkarlıqdan riqqətə gəlsə də, gecəylə yepiskopun evindəki gümüş qab-qacağı götürüb aradan çıxır. Jandarmlar onu tutub keşişin yanına gətirirlər. Yepiskop onlara deyir ki, bahalı qab-qacağı keçmiş katorqa məhbusuna özü bağışlayıb, hətta Jan Valjanın ona peşkəş verilmiş bir cüt gümüş şamdanı unutduğunu söyləyib azı iki yüz frank dəyəri olan şamdanları da jandarmların gözü qarşısında ona verir. Polislər qandalları Valjanın qolundan açıb gedirlər.

Keşiş Mirielin comərdliyindən möhkəm sarsılan katorqalı bütün bunların səbəbini soruşanda yepiskop ona deyir ki, bununla mən sənin ruhunu satın alıb onu Şeytandan Allaha ötürürəm.

Əgər Faust öz ruhunu İblisə təhvil verirsə, burada tərsinədir, cəhənnəmin dibindən çıxmış, insanlıq simasını itirmiş bir məxluqun paslı ruhu Tanrıya təslim olunur. Bununla da Valjanın cəhənnəmdən cənnətə keçidinə körpü salınır.

***

Jan Valjan katorqa zülmünə hələ heç iyirmi yaşına çatmamış məhkum olunub. Onda onun ata-anası çoxdan köçünü dünyadan sürmüşdü, bacısı Jana analıq eləmişdi. Varı-yoxu bir bacısının əri də öləndən sonra yeddi körpənin yükü cavan dayının - odunçu oğlu odunçunun çiyninə düşmüşdü. İşinin dayandığı, gəlirinin olmadığı mövsümdə bacısı balalarının dözülməz aclıq çəkdiyini görən gənc dayı onları kiritmək üçün çörək dükanından oğurluq eləyir, buna görə tutulub beş il katorqa cəzası alır. Dörd dəfə həbsdən qaçmağa cəhd göstərdiyinə görə cəzası artırıldığından on doqquz ilini katorqada amansız işgəncələr altında keçirəsi olur.

Azadlığa buraxılan Jan Valjan tutulanda həyata yenicə vəsiqə almış gənc idisə, indi artıq günü keçmiş qocadır. Adam kimi yaşamağın, adamlarla adam kimi ünsiyyət qurmağın nə olduğunu yadırğayıb. Nə bacısından, nə də onun övladlarından xəbəri var, onların öldü-qaldısını belə bilmir. Yerlə göyün arasında kimsəsiz qalıb. Tək yolu hansısa cinayətə əl bulayıb yenidən o cəhənnəmə qayıtmaqdır. Cəmiyyətdə katorqalı haqqında daşlaşmış rəy formalaşıb: bu adamlar yüz il qala düzəlməzlər, onlara əsla etimad göstərmək olmaz. Polis xəfiyyəsi Javer də ona yenidən məhbəsə qayıtmaqdan başqa yolu qalmadığını, bir dəfə suça bulaşan canini islah eləməyin mümkün olmadığını qəddarcasına açıq mətnlə söyləyir.

Belə bir çıxılmaz məqamda, çarəsiz durumda keşiş Miriel onun dadına çatır, onu batdığı cəhənnəm bataqlığından, Şeytanın caynağından qoparıb qəlbini xaç suyuna çəkir, çiyninə missiya qoyub onu qaranlıq dünyadan işıqlı dünyaya ezam eləyir. İblisin labirintində azıb itmiş cəhənnəm sakininin üzünə bu başdan baxanda o başı görünən aydın yol açılır. Keşişin bağışladığı bir cüt gümüş şamdanın işığında onun gecələri də gündüzə çevrilir.

Xeyirdən xeyir, şərdən də şər törəyər. Keşiş Miriel yaxşı bilir ki, yatmış ruhu yalnız sevgi, mərhəmətlə oyatmaq olar. Mövlananın təbirincə desək, bu görüşdə yanan şam yanmayan şama toxunur. Jan Valjanın İblisin emalatxanasında (katorqada) qartıyıb bərkimiş, sürtülmüş gövdəsi Tanrının laboratoriyasında (kilsədə) ilahi iksirin möcüzəsiylə yumşalıb muma dönür.

O, yeni ad-soyadla, başqa kimlik altında yeni həyata başlayır. Bacarıqlı iş adamı cənab Madlen dənizqırağı Monreyl şəhərini sənaye mərkəzinə çevirir, öz fəhlələrinə də, yoxsullara da qayğı göstərir. Qurduğu fabriklər ona külli gəlir gətirir. Kral onu xidmətlərinə görə həmin şəhərin meri təyin eləyir. İşlər, necə deyərlər, yağ kimi getməkdəykən Jan Valjanı hələ katorqadan tanıyan, bir zaman orada nəzarətçi işləmiş müfəttiş Javer şəhərə polis rəisi göndərilir.

***

Javer qanun-qaydaya sadiq dövlət məmurudur. O, Jan Valjanın antipodudur, sevgidən, mərhəmətdən məhrum ədalət, qanun keşikçisi, qanunçuluğu xurafata çevirmiş fanatikdir. Fəqət onun keşiyində durduğu ilahi ədalət deyil, toplumların yaratdığı, quruluşlar, hakimiyyətlər dəyişdikcə cildi, arşını, tərəzisi dəyişən ədalət anlayışı, sosial ədalətdir.

Javer rasional tipdir, o, ruhsuz bədən, əslində bədən də yox, ruhsuz-bədənsiz kəllədir, könüldən ayrı düşmüş başdır. O, dövlət, qanun qarşısında öhdəliklərini vicdanla, dəqiq yerinə yetirir, intəhası onun vicdanı xaç suyuna salınmayıb, onun vicdanı əxlaqdan, sevgidən, mərhəmətdən yox, rasional, dünyəvi məntiqdən, başqa sözlə, yalın, çılpaq, köksüz-köməksiz ağıldan güc alır. Di gəl, qəlbə dayanmayan, əxlaqdan güc almayan ağıl çox təhlükəli silahdır. Klassik ürfan ədəbiyyatında da ağıl eşqə, saf inama qarşı qoyulur. İnama söykənməyən ağıl kəsik başdır.

Javerə görə, qanun əxlaqdan, imandan həm ayrı, həm artıqdır. Beləsi əxlaqa köhnəliyin qalığı kimi baxar, qanunlar məcəlləsini müqəddəs kitabdan, sürüşkən ictimai normaları tərpənməz, topdağıtmaz minillik dəyərlərdən, öz rəisini İsa Məsihdən, kralı Allahdan üstün tutar. Ondan qanun dediyinin haradan alındığını soruşsan, cəfəng cavablar verər. Halbuki ən mükəmməl qanun da ilahi əxlaqa layiq olmağa, onun ucalığına çatmağa çalışır. Qədim kahinlər, peyğəmbərlər bir dağ başına çıxıb, ya bir mağaraya çəkilib Tanrıdan hökmlər, buyruqlar gətirərdilər. Hər biri öz dövrünə görə qanun sayılan ehkamlar saf qəlbin, ləkə götürməyən ruhun dövrün imkanlarına, reallıqlarına uyğun buyruqlarıdır. Hammurapi qanunlarından tutmuş millətlər birliyinin insan haqları deklarasiyasına qədər bütün proqressiv normalar əxlaqın, vicdanın çağırışlarıdır.



Müfəttiş Javer üçün keşiyində durduğu qanunlar aprioridir, dəyişilməzdir, pozulmazdır. İnqilabların qapını kəsdirdiyini, monarxiyanın müqəddəs saydığı qanunlarıyla birgə iflasa uğradığını Javer görmür, zamanın harayını, gələcəyin çağırışını eşitmir, ona görə də bir kölə sədaqətiylə tələbə hərəkatına qarşı var gücünü sərf eləyir, bu yolda canını riskə atmaqdan çəkinmir.

Sovet hakimiyyətinin xüsusən erkən çağlarında kommunistlər arasında da belə qanunpərəst tiplər az olmamışdı. Onlar dövlətin beş qəpiyini mənimsəməyi özlərinə qəbahət, cinayət bilər, ancaq əqidələrini bəyənməyən günahsız insanları güllədən keçirərdilər. Faşistlər, fundamentalistlər içində də bənzər tiplər çox olub, indi də var. Onlar başa düşmürlər ki, aprior olan əxlaqdır, qanun, məcəllə zamana görə dəyişkən, əxlaq isə əbədidir. Yer üzündə qanunlar ta ilahi əxlaqın əyninə kip oturanacan təkmilləşəcək.

Hüqo Jan Valjanla Javerin timsalında əbədi qanunlarla ötəri qanunları üz-üzə gətirir. Valjan əlində yüz faizlik imkan ola-ola ondan qisas almır, onu öldürmür. Əvəzində Javer özü özündən öc alır, öz canına özü qıyır. Eşqə təslim olmayan quru ağıl iflasa uğrayır.

***

Monreyl şəhərinin meri cənab Madlenin yaratdığı manufakturada çalışan toxucu qadınların arasında Fantina adlı biri də var. Fantina bir neçə il qabaq varlı bir tələbəylə sevişib, qızın hamilə olduğunu biləndə tələbə aradan çıxıb, ilim-ilim itib.

Körpəsini tək böyütməli olduğunu anlayanda gənc ana onu yedəyinə alıb Parisdən baş götürüb gedir, iş tapmaq ümidiylə doğma Monreyl şəhərciyinə üz tutur. Həm dincəlmək, həm də uşağını yedirmək üçün Monfermeyl qəsəbəsindəki “Vaterloo serjantı” adlı bir meyxanada yolüstü əylənən ana burada karvansara sahibi Tenardye ailəsiylə tanış olur. Cavan ailənin kiçik qızı var, qızlar tezcə balaca Kozettaya isinişirlər. Razılaşma əsasında Fantina uşağını Tenardye ailəsinə əmanət verir. Kozetta onların himayəsində qaldığı müddətdə gənc ana onlara hər ay haqq ödəyəcək. Fantinanın çarəsiz vəziyyətdə olduğunu görən acgöz, hiyləgər, ölüsoyan müsyö Tenardye onun boynuna ciddi məbləğ yükləyir.

Fabrikdə ağır zəhmətə qatlaşan Fantina olar-olmazını Tenardyelərə göndərir ki, qızına yaxşı baxsınlar. Əvəzində onlar beş yaşlı Kozettanı qulluqçu yerinə işlədir, onu ac-susuz qoyur, onunla yağı kimi davranır, qızlarının oyuncağına toxunmasına belə icazə vermirlər. Bir yandan da zavallı ananın xəracını cürbəcür bəhanələrlə gün-gündən artırırlar. Öz yükünü ölüm-zülüm daşıyan Fantina bir zərbə də fabrik nəzarətçisindən alır: qadın onun qıraqda bic uşaq böyütdüyündən xəbər tutanda Fantinanı işdən qovur. Zavallı ana əlacsız qalıb hər yerə əl atır - gah saçını, gah dişlərini satır, axırda da heç nəyə əli çatmadığından bədənini satmağa məcbur qalır. Bu yolda o hər əzaba düçar olur, həm fiziki, həm mənəvi zərbələr alır. Ananın dərdindən bixəbər qanunpərəst Javer onu həbsə atanda cənab Madlen məsələdən duyuq düşüb Fantinanı azad eləyir.

Mer vərəmə yoluxmuş qadını xəstəxanaya yerləşdirir, onun yığılmış borclarını ödəyir. Bu, ər-arvad Tenardyeləri daha da şirnikləndirir, onlar balaca Kozettaya böyük kapital kimi baxdıqlarından ondan bir az da bərk yapışırlar. Cənab Madlen Fantinaya söz verir ki, onu qızına qovuşduracaq.

***

Şəhərə rəis göndəriləndən müfəttiş Javer merdən şübhəlidir, onu keçmiş katorqa məhbusu Jan Valjana bənzədir. Mer ağır yüklü arabanı qaldırıb qoca arabaçını təkərin altından çıxaranda Javerin şübhələrinə son qoyulur: əlbəttə, bu, Jan Valjan özüdür, çünki o, həyatı boyu bunca ağır bir yükü yerindən dəbərdə biləsi ayrı Allah bəndəsi görməyib.

Ancaq vəziyyət qəfil dəyişir, vicdanlı Javer merdən xahiş eləyir ki, yuxarı yanlış məlumat verdiyinə görə onu vəzifəsindən qovsun; sən demə, gerçək Jan Valjan Arras şəhərində yaxalanıbmış. Bu da kim ola - Şanmatye adlı suçundan bixəbər bir qoca. Günahını boynuna alsa da, almasa da, onu ömürlük katorqa cəzası gözləyir.

Cənab Madlen uzun-uzadı düşünəndən sonra onun yerinə faktiki ölümə gedəsi miskin bir məxluqun milçək qədər dəyəri olmayan günahsız başını xilas eləməyi on minlərlə insanın rifahından, qurduğu cah-cəlaldan, dişiylə-dırnağıyla yetişdiyi məqamdan üstün tutur. Mer Fantinaya verdiyi vədin icrasını təxirə salıb təcili Arras şəhərinə yollanır, məhkəmə iclasında özünü nişan verib zavallı qocanı qurtarır. Onu yenidən həbsə atırlar. Fantina gözləri yolda canını tapşırır. Ardınca da Monreyl şəhərinin çöküşü başlanır, yüksəlişdə olan həyatın təkəri geri fırlanır.

Keçmiş mer məhbəsdən qaçır, Fantinanı heç olmasa ölümündən sonra əhdinə çatdırmaq üçün Monfermeyl qəsəbəsinə gedir. Onun səxavətindən vəcdə gələn Tenardyelər Jan Valjandan bacardıqca çox pul qoparmağa çalışırlar. Keçmiş fabrikant Kozettanı zalım ər-arvadın caynağından almaqdan ötrü onlara fantastik məbləğ təklif eləyir, elə bir məbləğ ki, tamahkar onun qarşısında duruş gətirə bilməz.

Beləliklə, Jan Valjan Kozettanı övladlığa götürür, onu Parisə aparıb monastır nəzdindəki qızlar pansionunda oxudur, özünü başqa ad altında bağban kimi qələmə verib qızı daim nəzarətdə saxlayır. Onlar iz azdırmaq üçün paytaxtda bir neçə ev dəyişirlər. Baron nəslinə mənsub Marius adlı tələbə gənc Kozettaya aşiq olur. Marius varlı deyil, çünki mühafizəkar babası inqilabi ideyalara meyli üzündən onu evindən qovub. Kirayə otaqda qalan tələbə əsasən ingilis, alman dillərindən tərcümə eləməklə dolanır.

***

Tamahı Tenardyenin başında çatlayır, qanunpərəst Javer onu da həbs eləyir. Ailə müflis olur, ata Tenardye türmədən çıxandan sonra ər-arvad iki qızıyla birgə səfil günündə Parisin bətninə soxulur. Onlar Mariusla qonşuluqda mənzil kirələyirlər, bütün günü küçələrdə dolaşıb oğurluqla, dilənçiliklə məşğul olurlar, xəbər daşıyır, böhtan danışır, ara vurur, könül bulandırırlar.

Ata Tenardye tezliklə kriminal aləmə yol tapır, həyatın dibində olan yarıminsanlarla ünsiyyətə girir. Hüqo onun Paris kanalizasiyasındakı fəaliyyətinə geniş yer ayırmaqla əslində, İsa Məsihin hökmünə tam zidd gedib Tanrı əmanətini - köməksiz bir uşağı incidən məxluqatın hər iki dünyada layiq olduğu məqamı bizə göstərir. Dolanışığı qaranlıq, üfunətli kanalizasiyadan çıxan Tenardyenin sığındığı cəhənnəm Dantenin cəhənnəmindən heç də abad, ondan heç də fərəhli deyil.

Əgər Jan Valjan romanda intuitiv-ruhani, Javer əqli-rasional xətti təmsil eləyirsə, Tenardye instinkt yumağı, yırtıcı ehtiraslar burulğanıdır (az sonra Dostoyevski də bənzər bədii sxemlərdən gen-bol yararlanacaq). Bir-birindən keyfiyyətcə seçilən hər iki şər təmsilçisi roman boyu keçmiş katorqalını qarabaqara izləyir. Jan Valjanın onlara ehtiyacı yoxdur, çünki xeyir özünə yetərlidir, şər olmadan daha yaxşı dolanır. Antipodları isə ona möhtacdırlar, onsuz keçinə bilməzlər, çünki şər orijinal deyil, orijinalın kölgəsidir. Xeyir şərsiz var ola bilər, şər xeyirsiz - yox.

Hüqo Tenardye ailəsinə qurtuluş üçün şans tanımır, yalnız onların böyük qızı Eponinanın barrikada üzərində qarşıdurma zamanı özünü Mariusa tuşlanmış güllənin qabağına atması, oğlanı Kozettaya qısqandığına görə ona yalan söylədiyini boynuna alması, son nəfəsində dilə gətirdiyi başqa etirafları bu qızın xilasına ümid bəsləməyə imkan verir.

Eponinanın etirafı bir vacib həqiqətə işıq salır. Buna qədər Marius Vaterloo döyüşündə ağır yaralanmış atasının - Napoleon ordusunun polkovniki baron Ponmersinin vəsiyyətinə əsasən onun xilaskarını axtarırdı ki, adamın borcundan çıxsın. Mərhum polkovnik onu Tenardye adlı bir serjantın qurtardığını söyləmişdi. Eponinanın dediyindən isə məlum olur ki, atası baronu xilas eləmək yox, soymaq niyyətiylə ona yaxınlaşıbmış, fəqət polkovnikin sağ olduğunu görəndən sonra özünü xilaskar kimi qələmə verib, çünki o vaxt qarətçiləri yerindəcə güllələyirdilər.

***

Jan Valjan Kozettaya aşiq olmuş Mariusdan əvvəl-əvvəl xoşlanmır, qızlığını bu oğlana qısqanır. Sonralar qızın da Mariusu sevdiyini gördükcə yavaş-yavaş yumşalır. Üstəlik, saxta adlar altında gizlənmək, Kozettanı da bu saxtakarlığa şərik eləmək onu bezdirib, fəqət həqiqəti açıb söyləsə, gənclərin xoşbəxtliyinə haram qatmış olar, çünki heç kim katorqa məhbusunun qızını zadəgan evinə buraxmaz. Fəqət bu müəmma, bu kələf gec-tez hansısa şəkildə çözülməlidir.

Marius artıq yaşlanmış zəngin burjuy Jilnormanın kiçik qızından olan nəvəsidir. Babası onu baron atasından qalma mirasla birlikdə mənimsəyib. Bu dövrün burjuyları on səkkizinci əsrin Fransasındakı burjua sinfinə bənzəməzlər - o zamankı burjua monarxiyaya, tiranlığa, feodalizmə, aristokratiyaya, bir sözlə, köhnəliyə qarşıydı, inqilabın avanqardı, respublika tərəfdarıydı; indikilərsə artıq, belə demək olarsa, aristokratlaşmış, mühafizəkarlaşmış burjuylardır, hətta özlərinə Lui Filipp adlı “burjua kralı” da seçiblər ki, tarixdə bundan absurd bir gedişat tapılmaz. Respublikaçıların çiynində hakimiyyətə gəlmiş burjua sinfi indi respublika quruluşunu bəyənmir.

Odur ki, varlı Jilnorman baba respublikaçı nəvəsi Mariusu çölə atıb. Marius barrikada döyüşlərində ölümcül yaralananda onu kürəyinə alıb aradan çıxaran da Jan Valjan olur. Valjan hadisələrin qaynar nöqtəsinə inqilaba rəğbətinə görə yox, gələcək kürəkəninin sorağıyla dürtülür. Kozettanı gözüyaşlı qoymamaq xatirinə o, Mariusu paytaxtın yeraltı yollarıyla, Tenardyenin yiyələndiyi cəhənnəm tunelləri - Parisin bağırsağıyla aparır. Tunelin sonunda kanalizasiyanın darvazasını da onların üzünə (əlbəttə, pul müqabilində!) şeytan nökəri, cəhənnəm qarovulçusu açır. Tenardye onları tanımır, o, Jan Valjanın kimisə öldürdüyünü, bu yolu da meyidi Sena çayında batırmaq üçün gəldiyini düşünür, iki daşın arasında cinayət faktını qazanc mənbəyinə çevirməyə çalışır. Ümumiyyətlə, insanın sevincindən, xoşbəxtliyindən, rifahından, şadlığından faydalanmaq onun xislətinə yaddır, o yalnız dərddən, bədbəxtlikdən, faciədən, fəlakətdən pul qırtır.

Mariusu Parisin cəhənnəmindən keçirib aydınlığa çıxarmaqla Hüqo bizə nə demək istəyir? Dantenin dediyinimi? Ki, cənnətə, xoşbəxtliyə gedən yol mütləq əzab-əziyyətdən, işgəncədən keçməlidir? Bəlkə də...

Kozettanı Mariusa qısqansa da, Jan Valjan qızlığının qismətini çiyinlərində daşıyır, onu babasına çatdırıb ad vermədən uzaqlaşır. Yarası sağalandan sonra Marius Kozettaya elçi düşür. Kozetta saxta soyadla nikaha girir. Əslində qoca Valjana da elə bu lazımdır - bundan sonra baronessa Kozetta Ponmersi qondarma tərcümeyi-halını arxivə atıb gerçək soyadıyla yaşayacaq, atalığının saxta ömür dəftərindən adını siləcək, onun zalım taleyinin hökmü altından çıxacaq.

***

Jan Valjan bir bəhanəylə toydan yarımçıq gedir. O indi içindəkiləri kimləsə bölüşməyə, insan oğlu insanın qarşısında tövbə eləməyə dəhşətli ehtiyac duyur. Ertəsi gün Mariusla görüşüb ürəyini boşaldır, əsl adını, gerçək kimliyini ona açır, Kozettanı çox sevdiyini, onsuz yaşaya bilmədiyini deyir. Marius onun etiraflarından sarsılır, Kozetta ilə atalığının əlaqəsini kəsmək barədə düşünür.

Jan Valjan Kozettanın xoşbəxtliyinə kölgə salmamaq üçün bir müddət sonra özü onlardan aralanmaq qərarına gəlir. Yenə də hücrəsində təkbaşına, kimsəsiz gün keçirir. Bu ara Tenardye Mariusu tapır, onun səadətinə zəhər qatmağa, qayınatasını gənc baronun gözündən salmağa çalışır. Fəqət onun satmağa, daha doğrusu, sırımağa cəhd elədiyi qiymətli məlumatlar barona artıq bəllidir. Söhbət əsnasında Tenardye özü də bilmədən ona gerçəkdən dəyərli bir məlumat verir. Marius anlayır ki, ölümcül yaralandığı zaman onu Valjan xilas eləyib. O, Tenardyenin “haqqını” ödəyib onu qapıdan qovur (Tenardye onun verdiyi pulla Amerikada qul alverinə girişəcək), özü isə Kozetta ilə birlikdə Jan Valjanın görüşünə tələsir...

Əgər Jan Valjanın Fantinaya münasibəti İncildəki Mariya Maqdalina rəvayətinə işarədirsə, onun Kozettaya sevgisi Piqmalion haqqında qədim yunan mifini xatırladır. Əfsanəvi heykəltəraş fil sümüyündən düzəldib Qalateya adı verdiyi qadın fiquruna - öz yaratdığına aşiq olur. Jan Valjan da Kozettanın Piqmalionudur, bu qızı Tanrıdan sonra ikinci dəfə yaradandır. Onun Kozettaya sevgisi nə atalıq istəyi, nə də erotik həvəsdir; bu hissin adı platonik məhəbbətdir. Jan Valjan Kozettaya bəslədiyi duyğudan baş çıxarmasa da, onu Tanrının Məryəmi sevdiyi kimi sevir: Kozetta onun həm övladı, həm anası, həm də sevgilisidir. Kozettanın Mariusdan doğacağı oğlan onun həm nəvəsi, həm qardaşı, həm də oğlu olacaq.

Jan Valjan özü isə yepiskop Mirielin bağışladığı şamdanların işığında bu dünyadan Məsih kimi bakir, məsum gedəcək...

***

Viktor Hüqo monastır həyat tərzinin, rahib əxlaqının tərəfdarı deyildi, çünki monastırda bərabərlik, ruhani dinclik olsa da, azadlıq yoxdur, eşq yoxdur. Monastır başqa, kilsə başqa. Kant deyirdi ki, inanclı xristianların bir yerə toplaşdığı istənilən məkan kilsədir. Monastır tənhalıq, kilsə vəhdət məkanıdır. Monastır daha çox buddizm əxlaqına, buddist düşüncəsinə uyğun bir yerdir. Budda deyir ki, hər bir fərd ayrıca ada, ayrıca bir ulduzdur. Məsih isə insanları birliyə, qardaşlığa səsləyir. Stendalın “Parma monastırı” romanının qəhrəmanı ehtiraslar, intriqalar, savaşlarla dolu cəhənnəmdən sağ qurtarandan sonra monastıra pənah aparır. Hüqonun “Paris Notr-Dam kilsəsi” romanının qəhrəmanları isə kilsəni eşq məbədinə, dinin, dövlətin şərindən qaçanların sığınacaq yerinə çevirirlər.

Monastır başqa, kilsə başqa. Hüqo kilsə əhlindəndir, ümumbəşəri birlik, sufi təbirincə desək, vəhdəti-vücud təşnəsidir. Baş rahibənin dirənişinə baxmayaraq Kozettanın monastırda ömürlük qalmasına nə müəllif, nə Jan Valjan, nə qız özü razı olur. Hər cür idealist əxlaqa, o cümlədən xristian əxlaqına görə, insan başqaları üçün yaşamalı, başqalarında təcəlla eləməlidir, qalan bütün hallarda həyat puç, mənasızdır. İnsan insanlığa aşiq olmalı, özünü sevdiklərində əritməlidir. Sevdiklərində, yəni Tanrıda, çünki Tanrı dediyin məxluqatın cəmidir, sən o cəmliyi duyanda Allaha qovuşmuş olursan. Hər halda dini-mistik təlimlərə görə belədir.

Əxlaq da pul kimidir, gərək daim dövriyyədə olsun, bir küncdə yatıb qalanda dəyəri-qiyməti bilinmir. Monastır, zahid əxlaqı da dövriyyədən çıxarılmış, yaxud dövriyyəyə buraxılmamış puldur, ona bir kibrit çöpü də verməzlər. Kilsə insanı dünyaya ezam eləyir (eynən keşiş Miriel Jan Valjanı göndərdiyi kimi), onun çiyninə missiya qoyur, monastır insanı dünyadan geri çağırır. Monastır təklik, kilsə cəmlik evidir.

Jan Valjan Tanrı yürüşünə kilsədən çıxmışdı, nəticədə özünü insanlara fəda eləməkdən, öz ömrünü, istəklərini, sərvətini, Şeytandan sələmlə aldığı xislətini qurban verməkdən çəkinmədi. Cəmi bəşərə nur yağdıran Allah eşqi qarşısında bütün bunlar onun gözündə bir çürük qozdan baha getmədi. Odur ki, bu gün adsız məzarda yatdığına baxmayaraq onu bütün bəşər tanıyır, onun qəziyyəsi bütün dünyaya bəllidir. Onu uşaq da, böyük də, qadın da, kişi də sevir. Müəllifiylə birgə onun yeri peyğəmbərlər panteonudur.

***

“Səfillər” epopeyası çoxplanlı, çoxşaxəli, çoxqatlı əsərdir. Romanın kompozisiyası mürəkkəb, üslubu unikal, oxunub qavranması çətindir. Bununla belə bir dahiyanə əsərdən alınan zövq yüz min ortabab əsərin verdiyi həzzdən daha dolğun, daha dərin, daha güclüdür. Bir güclü əsəri yüz dəfə təkrar oxumaq yüz zəif əsər oxumaqdan yüz qat faydalıdır.

Hüqonun ən böyük ustalıqlarından biri də budur ki, o, tarixi kataklizmlərlə, həm sənət, həm elm sahəsində ixtiralarla, qəhrəmanlarla, dahilərlə zəngin bir əsrdə sadə insanı tarixin, kainatın mərkəzinə çəkir. Şairlərin, filosofların, sərkərdələrin, ixtiraçıların yox, sadə bir katorqa məhbusunun timsalında (sonralar Tolstoyun, Dostoyevskinin də eləyəcəyi kimi) İsa peyğəmbəri öz dövrünə gətirir, onun təlimini on doqquzuncu yüzilliyin Fransasında sınaqdan keçirir.

Hadisələrin qaynaşdığı, süjet xətlərinin Parisdən vurub kənddən çıxdığı, təsadüflərin saga-sola at oynatdığı romanda ən xırda adamların fərdi taleləriylə tarixin oxunu fırlayan savaşlar, inqilablar elə ustalıqla bir araya gətirilib ki, elə bil bu əhvalatlar, bu qəziyyələr insan fantaziyasının gücüylə yox, Tanrı iradəsiylə yazılıb, sanki təsadüflər də təsadüf deyil, fatum, qəzavü-qədər, ilahi zərurətdir. Elə bil bütün bunlar Jan Valjanın ruhani səfərə çıxması, Kozettanı tapması, onu xoşbəxt sonluğa çatdırması yolunda qurulmuş bir oyundur.

Sağda monarxiya, solda respublika, sağda müharibələr, solda inqilablar, sağda din, solda ateizm, sağda keçmiş, solda gələcək... Adama elə gəlir, tarix yalnız bunlar deməkdir. Ancaq yerin tarazlığını saxlayan bu iki qütbün arasından üzüyuxarı bir yol da gedir. O yol Viktor Hüqo yolu, o yol Jan Valjan yoludur. O yolun yolçularını yalnız bəsirət gözünlə görə bilərsən. Görəndə anlayırsan ki, krallar da, inqilabçılar da, rahiblər də, generallar da, ordular da, barrikadalar da, keçmiş də, gələcək də, sağ da, sol da yalnız dekorasiya, yalnız fon imiş. Anlayırsan ki, tarix krallara yox, inqilabçılara yox, Jan Valjana işləyirmiş.

Bunu anlamağa nə var - geriyə baxaq görək hansı imperator, hansı cəngavər, hansı ixtiraçı Qərb sivilizasiyasının tarixinə İsa peyğəmbərdən artıq təsir göstərib. Hansı?..

"Yeni Azərbaycan" qəzeti