Təbəssüm qoxuyur körpə köynəkləri - Poetik Lövhələr

Təbəssüm qoxuyur körpə köynəkləri   - Poetik Lövhələr

26 May 2023 11:46 372


Məhsəti Musa

Solçu qadın olmur,
Bir solçu kişiyə olan sevgisindən
Solçuya çevrilir sadəcə...

***

Ən böyük ağrılar
qırmızı köynəklərin
altında gizlənər

***

Məzlumluq yetim uşaqların
Alın yazısı deyil,
göz yazısıdır.

***

Xatirələrdən yelləncək düzəldib
Hər gün üzü gəncliyinə tərəf
Yellənir Gülçöhrə nənə

***

Ruhsuzsan
Sifarişlə yazılmış
şeir kimi...

***

Sən qanadlarımı qırmadın
Amma elə sığal çəkdin ki,
Qollara çevrildi qanadlarım -
Bir ömür boyu
Sənə sarılacaq qollara...

***

Silkələmə məni,
Gözümdən gələr içimdəki üsyan.
Qərq olar dünyaï...
Aman!

***

Mən sevmədim ki,
İlmə - ilmə hörüldüm sənə.
Bu ilmələrdə
Tanrı barmağını görmürsənmi?

***

Mənim ürəyim
sevgim boyda,
Sevgim sükutum qədərdir...
Eeey, sükutum qarsar səni –
Geri dur !

***

Atamın saralmış
əsgərlik fotosu kimisən.
Uzaqsan...
əzizsən...

***

Deyirdim fərqlisən,
Kimsəyə bənzəmirsən.
Getdin,
hamı sənə oxşadı
İndi hər yerdəsən sən.

***

Mən sənin içində Allah axtardım,
Sən mənim içimdə qadın.
Və hərəmiz
İstəyimiz boyda dərk etdik dünyanı...

***

İçimizə çəkək ay işığını,
Bürünək buludlara
Və yumaq gözlərimizi...

***

Gündüzlər həyatın cibindən
oğurladığı təbəssümü
Gecələr qoşa çarpayıdakı
acgöz kədərə yedirər
Tənha qadın.

***

Təbəssüm qoxuyur
zivədən asılmış
bəyaz körpə köynəkləri.

***

Baharı hiss etmək üçün
Ümidlə baxma dodaqlarıma
Danışsam
sözlərimdən donarsan.

***

Bu gecə də
İş başındadır Ay yenə.
Nurdan yol çəkir
Gecənin
romantik sərnişinlərinə.

***

Buz qılıncını sıyırıb
Hücüm çəkdi dəli qış
Son yarpaqlarını ağladı ağaclar,
Can verdi payız.

***

Gedirəm
Gedirəm
Günəşə ilişib qalmış
arzularımın ardıyca ...

***

Səni öyrənməyə
Elə qarışıb ki başım,
İndi dördgöz axtarır
Məni dostum, tanışım.